35
ədəbiyyatının tarixi inkişaf yolunu bu cərəyanlardan kənarda düzgün başa düşmək,
qavramq mümkün deyildir.
Eyni zamanda o, belə hesab edirdi ki, bu ədəbi cərəyanlar türkdilli xalqların, o
cümlədən Azərbaycan ədəbiyyatının tarixi estetikasını və müasir inkişaf yollarını
da müəyyənləşdirmək üçün nəzəri baza ola bilər. Birincisi, ona görə ki, “türk –
tatar ədəbiyyatında da buna bənzər ictimai siniflər, ədəbi məktəblər doğmamış
deyildir”. İkincisi, B.Çobanzadəyə görə, çağdaş türk–tatar ədəbiyyatında rus və
Avropa ədəbiyyatının müəyyən təsiri özünü göstərməkdədir. Buna görə də, müasir
ədəbiyyatın “ideolojik, şəkli və mündəricəvi əsaslarını”meydana çıxarmaq üçün bu
ədəbi cərəyanların estetik prinsiplərini bilmək vacib şərtlərdəndir: “Bütün bu ədəbi
cərəyanların məktəblərimizdə bilxassə ideoloji və şəkil, mündəricə cəhətindən
tədqiqləri ya Qərb ədəbiyyatı nümunələri ilə bağlı olaraq, yaxud bu məktəblərin
son dövr şairlərimizə təsiri etibarilə tədqiqi vacibdir. Avropa ədəbi cərəyanları
üzərində çalışmağı öyrənən ədəbiyyat müəllimimiz öz ədəbiyyatının ideolojik,
şəkli və mündəricəvi əsaslarını da asanlıqla kəşf edə bilər” (4, 328). Bədii əsəri və
yaxud hər hansı bir sənətkarın yaradıcılığını mənsub olduğu ədəbi cərəyanın və
metodun tələbləri, estetik prinsipləri əsasında tədqiq etməyin zəruriliyi ideyasının
irəli sürülməsi zamanı üçün olduqca aktual bir məsələ idi. Burada böyük alimin
Azərbaycan ədəbiyyatı tarixinin yazılması, yaradılması prosesində hər bir
sənətkarın yaradıcılığına onun mənsub olduğu ədəbi məktəb və yaxud cərəyanın
estetik prinsipləri əsasında təhlil verilib verilməyəcəyi ilə bağlı narahatçılığı da
ifadə olunurdu. Bu narahatçılığın obyektiv əsasları var idi. B.Çobanzadə “ədəbi
məktəblər və onların mahiyyət və mənşəyi haqqında” “ədəbiyyat dərsliklərimizdə”
məlumatların çox az olmasından narahat olurdu. 30–cu illərin tənqid və
ədəbiyyatşünaslığında istər tarixi, istərsə də çağdaş ədəbi prosesin
qiymətləndirilməsində yol verilən elmi – metodoloji qüsurlar böyük alimin haqlı
olduğunu göstərdi. Ən müxtəlif ədəbi cərəyanlara məxsus sənətkarların
yaradıcılığına realist sənət qanunuları ilə yanaşma (ən yaxşı halda) 20–ci illərin
sonu, 30–cu illərdə saysız–hesabsız elmi–metodoloji yanlışlıqlara yol açdı.
B.Çobanzadənin sənəti mənsub olduğu ədəbi cərəyanın estetikasına uyğun təhlil
ideyası indi də öz müasirliyini saxlayır. Bu gün də, misal üçün, postmodernist
estetikanın prinsipləri ilə yazılan əsərlərə realizmin (və hətta az qala sosrealizmin)
prinsipləri ilə yanaşma təcrübələrinə kifayət qədər rast gəlirik.
“Türk dili və ədəbiyyatının tədris üsulu” kitabında B.Çobanzadə bədii
ədəbiyyatı tədqiq və öyrənmənin dünya ədəbiyyatşünaslığında mövcud olan
üsulları haqqında da müfəssəl məlumat verir (Bədii üsul (estetik metod), əxlaqi
üsul, publisist üsulu, tarixi – siyasi üsul, tarixi üsul, tarixi – ruhi üsul, müqayisəli –
tarixi üsul, təkamül üsulu, filoloji üsul, təbii üsul, şəkli üsul (formal metod), ictimai
üsul (sosioloji metod) və yazır: “Bu bəhsdə zikr olunan üsulların bir çoxu gərək
ədəbiyyat tarixinə dair tədqiqlər yapılırkən, gərəksə bu xüsusda yazılmış hazır
tədqiqlərdən tənqid gözilə faydalanırkən oxucunun işinə yarayacaqdır” (4, 243).
Əlbəttə, Avropa və rus ədəbiyyatşünaslığında irəli sürülən bu təhlil metodlarının
36
hamısı bədii əsəri elmi qiymətləndirmədə eyni dərəcədə effektli deyil və bunların
əksəriyyəti tarixi nöqteyi-nəzərdən əhəmiyyətlidir. Lakin məsələ bunda deyil.
B.Çobanzadə milli ədəbiyyat tarixçiliyinə bədii əsərə yanaşmanın, ona təhlil
verməyin müxtəlif üsullarını təklif edirdi. Dünya ədəbiyyatşünaslığında bədii əsərə
müxtəlif baxış bucaqlarından nəzər salındığına diqqət çəkirdi. B.Çobanzadə sübut
edirdi ki, bədii əsərə hansı metodla yanaşmanın zəruriliyini bədii materialın
xarakteri “diktə” edir. Bu bir növ bədii materiala fərdi yanaşmadır. O, fikrini
professor N.Sakulinin “Ədəbiyyatşünaslıqda sosioloji metod”əsərindən gətirdiyi
sitatla əsaslandırır: “Əvvəldən üsul öyrənmək, təyin etmək olmaz. Üsul özbaşına
nə yaxşı, nə pisdir. Bütün məsələ üsulun nəyə, hansı mövzuya tətbiq
olunacağındadır. Hər tədqiq mövzusu əsas etibarilə öz üsulunu tələb edir. Yaxşı ola
bilmək üçün üsul tədqiq olunacaq materialın sinif və mahiyyətinə uyğun
olmalıdır... Yaxud başqa dürlü deyəcək olursaq, üsul tədqiq olunacaq mövzunun
xarakteri və mahiyyətindən nəşət edən çalışma yollarının heyəti – məcmuəsidir”
(4, 230).
Alimin bədii ədəbiyyata və onun tarixinə elmi – nəzəri baxış sistemində
ədəbiyyatı tarixi dövrlərə və mərhələlərə ayırmağın mükəmməl prinsiplərini
müəyyənləşdirmək əhəmiyyətli yer tutur. Alimə görə, ədəbiyyatı tarixi dövrlərə
bölmədən, ümumi halda ona elmi münasibət bildirmək heç bir səmərəli nəticə verə
bilməz. Ədəbiyyatın tarixi dövr və mərhələ prinsiplərini aydınlaşdırmaq istəyərkən
o, Riçard Meyer, Fridrix Kummer, Sakulin, F.Köprülüzadə və b. məşhur Avropa,
rus və türk alimlərinin təklif etdiyi və əsaslandırdığı təsnifat prinsiplərini gözdən
keçirir. Lakin B.Çobanzadə heç bir dövrləşdirmə prinsipinə aludəçilik göstərmir.
Bu prinsipləri elmi – analitik və tənqidi yanaşma ilə təhlil edərək öz qənaətlərini
irəli sürür. B.Çobanzadə tarixi dövr anlayışına R.Meyerin verdiyi xarakteristika ilə
razılaşır: “ Elmi və bilxassə tarixi əsərlərdə “dövr” namı altında müəyyən bir
vəhdət altına alına bilən və müəyyən vəsflərlə gərək özündən əvvəl və gərəksə
sonra gələn dövrlərdən ayrılan zaman parçasını anlayırıq” (4, 250). Tədqiqatçıya
görə, dövr anlayışının mahiyyəti izah edildikdən və başa düşüldükdən sonra,
ədəbiyyatı dövrlərə ayırmanın məna və mahiyyəti üzərində düşünmək lazım gəlir.
“Ədəbiyyatın məntiqi və elmi bir tərzdə dövrlərə bölünməsi onun inkişaf və
təkamül cəhətindən asanca anlaşılmasını və tədris edilməsini intac edir” qənaətinə
gələn alim mükəmməl dövrləşdirmədə əsas götürülən zaman kəsiyi, onu
xarakterizə edən cəhətləri və estetik xüsusiyyətləri meydana çıxarmağa imkan
verən prinsipləri ortaya qoymağı ən mühüm məsələ hesab edir.
B.Çobanzadə xronoloji üsuldan tarixi dövrləşdirmənin ən geniş yayılmış
üsullarından biri kimi söz açır. Rus və Avropa ədəbiyyatşünaslığında tam məqbul
bir üsul kimi qəbul olunmasa da, hər halda bu üsula kifayət qədər müraciət
olunması onun diqqətindən yayınmır: “Məsələn, rus ədəbiyyatında “otuzuncu
illər”, “qırxıncı illər” kimi təbirlərə hər zaman rast gəlirik... Əgər rus ədəbiyyatında
otuzuncu, qırxıncı... illərdən bəhs olunursa, bu illər içində onun müəyyən şəkli və
mövzusu, vəsflərə malik olduğu qeyd olunmaq istənilər” (4, 251).
Dostları ilə paylaş: |