34
qanunları”nı fərqləndirməyi önə çəkir. Onun bu mövqeyi, əslində ədəbiyyatı
ideoloji təsir vasitəsinə çevirməyin düzgün olmaması və həm də bunu axıra qədər
reallaşdırmağın mümkünsüzlüyü ideyasını qabardır. Belə məlum olur ki, sənətkar
“tabe olduğu qanunlar” çərçivəsində, misal üçün, yaşadığı siyasi – ideoloji və s.
mühitin təsiri ilə hadisələrin təbii inkişafına təsir edə, ona başqa bir təfsir verə
bilər, lakin sənət “öz təbii qanunları” ilə buna həmişə müqavimət göstərir.
B.Çobanzadə həqiqi ədəbiyyatşünaslıq təhlilinin dəyərini, bədii əsərin daxili
qanunlarını kəşf edə bilməkdə görür. Sənətə bu cür baxış sistemində artıq əsəri
ideolojidən gələnlər, mövzunun aktuallığının “diktələr”i ilə qiymətləndirmək
tendensiyasına yer yoxdur. Burda söhbət bədii əsəri mükəmməl sənət nümunəsi
kimi ərsəyə gətirən mündəricə və şəkil vəhdətindən, ideya – bədii bütövlüyün üzvi
sintezindən gedə bilər. B.Çobanzadə bədii əsərin “daxili qanunları”nı aşkarlamaq
baxımından əhəmiyyətlilik dərəcəsinə görə ilk yeri üsluba verir. Görkəmli
ədəbiyyatşünasın elmi dərkində üslub, ilk növbədə, yazıçı üslubu – fərdi üslub
mənasında başa düşülür. Onun sənətkar üslubuna verdiyi xarakteristika çağdaş
ədəbiyyatşünaslıq səviyyəsində belə tamamilə dəqiq və elmi səslənir: “İndi bu söz
altında, ümumiyyətlə, bu, yaxud digər sənətkar əsərinə əsliyyət, xarakter verən
təsviri ünsürlərin yekunu, heyəti – məcmuəsini anlayırlar... Üslubu əsərin yalnız
zahiri əlamətləri olaraq almaq icab etməz. Üslub həm mündəricədə, həm də şəkildə
özünü göstərir. Nə söyləmək və necə söyləmək məsələləri bir – birindən ayrılamaz.
Öz fikir və duyğusuna sahib olmayan mühərririn üslubu da olmur. Müəllifi hər
şeydən ziyadə onun üslubu göstərir” (4, 309).
İkinci halda, B.Çobanzadə ədəbi cərəyanların keçdiyi tarixi inkişaf yoluna
üslub cərəyanları kontekstində yanaşır. Başqa sözlə, o, ədəbi cərəyanları bədii
ədəbiyyatın tarixi inkişaf yolunda meydana çıxan üslublar kimi təqdim edir. Bizə
elə gəlir ki, bu zaman B.Çobanzadə üslubla bədii metod anlayışını eyniləşdirir.
Çünki sənətkarlar eyni bir ədəbi cərəyanda həyatı inikas üsulunun xarakterindəki
yaxınlığa görə birləşirlər ki, bu da mahiyyət etibarı ilə üslub yox, metod anlayışını
üzə çıxarır.
Onun ədəbi cərəyanı “ədəbiyyat tədqiqlərinin verə biləcəyi ən ümumi
qanunlar” kimi izah etməsi bu anlayış altında sənətkarın həyatı inikas üsullarını
nəzərdə tutduğunu və beləliklə, ədəbi cərəyan - üslub paralelizmindən yox, ədəbi
cərəyan - bədii metod paralelizmindən söz açdığını göstərir.
B.Çobanzadə bədii ədəbiyyatı təhlil və tədqiq zamanı
onun həm daxili, həm də
ən ümumi qanunlarını meydana çıxarmaq və düzgün elmi nəticələrə gəlməyin bir
yolunu da ədəbi məktəb və cərəyanların tarixinə, spesifikasına yaxşı
bələd olmaqda
görür. Klassizm, romantizm, sentimentalizm, naturalizm, impressionizm, kubizm,
ekspressionizm, futurizm ədəbi cərəyanları haqqında yığcam, lakin zamanın
ədəbiyyatşünaslıq görüşlərinin səviyyəsinə uyğun məlumat verən alim bu ədəbi
cərəyanların rus və dünya ədəbi təcrübəsinə daha çox aid olduğunu, rus və dünya
ədəbi praktikasında meydana çıxdığını yaxşı bilir. B.Çobanzadəyə görə, dünya