92
Məlum olduğu kimi, lamaizmin Tuvaya nüfuz etdiyi dövrdə yerli əhalidən
olan rahiblərə Tibet dili və Tibet əlifbası öyrədilirdi. Təkcə belə bir faktı qeyd
etmək kifayətdir ki, lamaizm rahibləri arasında Tibet dilini və əlifbasını bilənlər
əski monqol dilini və yazısını bilənlərdən çox idi. Məsələn, buddist qurultayında
Tuvadan olan 33 nümayəndənin hamısı Tibet dilini və əlifbasını bildiyi halda,
onlardan yalnız 7-i əski monqol dilini və əlifbasını bilirdi (9). Tuvada Tibet
yazısından istifadə olunması, eləcə də Tibet əlifbası ilə yazılmış türkcə mətnlər
problemləri araşdırılmadığından bu barədə qəti fikir söyləmək çətindir.
Müasir dövrdə Tuvada lamaizm yenidən özünün çiçəklənmə dövrünü
yaşayır. 1990-cı illərdən Hindistandakı buddist məbədlərində dini təhsil almaq
üçün göndərilmiş gənclər təhsil aldıqdan sonra Tuvaya qayıtmışlar. Bu dövrdə
Tibetdən Tuvaya dəvət olunmuş bir qrup tibetli lama Tuva arxivlərdə Tibet əlifbası
ilə yazılmış əlyazmaların inventarlaşdırılması ilə məşğuldurlar. Tibetli lama
Lobsan Tubtenə görə, bu əlyazmaların böyük qismi Tibet dilini bilən tuvalılar
tərəfindən yazılmışdır (28, s. 19). Çünki həmin əlyazmalarda müasir Tuva
Respublikası ərazisində yerləşən, lamaizm dini baxımından müqəddəs hesab edilən
bir sıra yerlərin adları qeyd olunmuşdur. Əgər bu əlyazmalar Tuva
Respublikasından kənarda yazılsaydı, onda bu müqəddəs yer adları əlyazmaya
düşə bilməzdi. Güman etmək olar ki, gələcək araşdırmalar Tuva dilində Tibet
əlifbası ilə yazılmış abidələrin varlığı haqqında müəyyən bir fikir söyləməyə imkan
verəcək.
Lamaizmə tapınan türk xalqlarından biri də sarı uyğurlardır. Onlar Çinin
Qansu vilayətində məskunlaşmışlar (19; 25). Son statistik məlumatlara görə,
onların sayı 13 min nəfərdən çoxdur. Sarı uyğurlrın yalnız bir qismi öz doğma
dillərində - türk dilində danışır. Onların bir qismi Çin, bir qismi Tibet, bir qismi isə
monqol dilində danışır. Sarı uyğurların hamısı Çin dilini bilir. Monqol dilində
danışan sarı uyğurların dili Ə.R.Tenişev və B.X.Todayeva tərəfindən tədqiq
olunmuşdur (26).
Qeyd etmək lazımdır ki, sarı uyğurların ulu babaları bu bölgədə hun
dövründən bəri yaşamaqdadır. 840-cı ildə qırğızlar Uyğur xaqanlığına son
qoyduqda Yağlakar soyundan olan uyğurlar Qansuya köç etmiş, buradakı yerli
uyğurlarla qarışmışlar. 870-ci ildə onlar Qansuda öz dövlətlərini qururlar. Çin
tarixçiləri bu dövləti Qançjou uyğur dövləti adlandırır. Bu dövlət 1035-ci ilə qədər
mövcud olmuşdur. Onun mövcudluğuna tanqutlar son qoymuşdur. Tanqutlara
məğlub olan uyğurların bir qismi qərbə köç edir və Koço uyğur dövlətinə sığınır.
Onların digər bir qismi Tibetə üz tutur, Kukunor gölü ətrafında məskunlaşır.
Müasir sarı uyğurların əcdadları tanqutların hakimiyyətini qəbul edən uyğurlar
hesab olunur (5). Güman etmək olar ki, Tibet əlifbasından istifadə edən uyğurlar da
məhz onlardır.
Qədim türklərlə tibetlilər arasındakı münasibətlər qədim türk yazılı
abidələrində də öz əksini tapmışdır. Buna nümunə kimi II Altıngöl abidəsini
göstərmək olar. Abidə Ərən Uluğun şərəfinə qoyulmuşdur (1, II, s. 89-93). Bu
93
abidənin sağ tərəfindəki mətnin 2-ci sətrində mərhumun Tibetə elçi (səfir) getməsi
barədə məlumat verilir: Ərdəm üçün Tüpüt kanka yalabaç bardım, kəlürtim “İgid
olduğum üçün Tibet xaqanının yanına elçi (səfir) getdim, cavab gətirdim”. Bu,
qədim türklərlə Tibet arasında mövcud olmuş diplomatik münasibətlərin izi hesab
oluna bilər.
Tibet tarixi salnamələrində də ayrı-ayrı türk xaqanlıqlarından Tibetə elçi
gəlmiş şəxslərin adları qorunub qalmışdır. Bundan başqa, son illərdə Tibetdə
qədim türk (run) əlifbası ilə yazılmış abidələr də aşkar edilmişdir. 2000-2001-ci
illərdə “Lena-Avrasiya” fondu Tibetə ekspedisiya təşkil edir. Ekspedisiyanın
məqsədlərindən biri də Tibetdə run əlifbası ilə yazılmış abidələrin öyrənilməsi olur
(18). Ekspedisiya Tibetdə run əlifbası ilə yazılmış bir neçə abidə aşkar edir. Yaxşı
qorunmuş abidələrdən biri Potalada – Dalay-lamanın iqamətgahı yerləşən sarayda
(Dalay-lamanın iqamətgahı Tibetin paytaxtı Lxasa şəhərindədir) üzə çıxarılmışdır.
Ümumən, sarayın mərkəzi pilləkəninin (Bu pilləkənin uzunluğu 100 m-dir) aşağı
hissəsində 6 fraqmentar mətn və 20-ə qədər runik işarə var. Bu mətnlər bir-birinə
yaxın məsafədə yerləşir. Pilləkəndəki daş pilətələrin üzərində təkcə run əlifbası ilə
deyil, eləcə də arami, hananey və soqd əlifbası ilə yazılmış abidələrə də təsadüf
olunur. Verilən məlumata görə, daş plitələrin böyük qismi saray tikilərkən Qərbi
Tibetdəki naməlum məzarlıqlardan gətirilmişdir.
Qədim türk (run) əlifbası ilə yazılmış abidələr Tibetdə Şiqadze şəhəri
yaxınlığında, Tibet çarlarının məzarlığında da aşkar edilmişdir. Çində mədəni
inqilab dövründə Tibet çarlarının məzarlığı dağıdıldığından bu bölgədə yalnız bir
abidə aşkar edilmişdir.
Tibetdə qədim türk (run) əlifbası ilə yazılmış abidələri üzə çıxaran və
oxumağa cəhd edən Q.Q.Levin Potaladan tapılmış abidələri b.e. VIII əsrinə aid
edir. Onun fikrincə, Tibet çarlarının məzarlığından tapılan abidələr isə daha sonrakı
əsrlərə aiddir və paleoqrafik baximdan Turfandan tapılan abidələrlə uyğun gəlir
(18). Görkəmli türkoloq Ə.R.Tenişev bu abidələrin yazılması ilə bağlı fərqli
fikirdədir. O, abidələrin qədim uyğurlara aid olduğunu, monqol istilasından sonra
(XIII-XIV əsrlər) Tibetə köç etmiş uyğurlar tərəfindən yazıldlğını söyləyir. Bu
mülahizələrdən hansının (yəni Tibetdən tapılan abidələrin VIII, yaxud XIII-XIV
əsrlərə aid olması) daha düzgün olması sonrakı tədqiqatlar vasitəsi ilə
müəyyənləşdirilə bilər və prinsipial əhəmiyyət kəsb etmir.
Ümumən, qədim türk yazılı abidələrində Tüpüt (Tibet) sözünün dəfələrlə
işlənməsi, eləcə də Tibetdə qədim türk (run) əlifbası ilə yazılmış abidələrin üzə
çıxarılması türklərlə tibetlilər arasında tarixən mövcud olmuş mədəni, siyasi,
iqtisadi əlaqələrdən xəbər verir.
Tibet əlifbası ilə yazılmış türkcə mətnlər türk mədəniyyətinin ayrılmaz bir
hissəsidir və bu abidələrin araşdırılması müasir türkologiyanın aktual
problemlərindən biridir. Aşağıda Tibet əlifbasının cədvəlini veririk. Həmin cədvəl
K.Faulmanın "Yazı Kitabı. Tüm Yerkürenin, Tüm Zamanların Yazı Göstergeleri
ve Alfabeleri, İstanbul, 2005" kitabından götürülmüşdür.
Dostları ilə paylaş: |