108
Günəş saatlarına görə vaxtı dəqiq müəyyənləşdirənlərin birincisi idi.
Və sonda qeyd edək ki, qarşıdan quraq, qeyri-məhsuldar ilin gəldiyini
qabaqcadan görərək, Fales malik olduğu zeytun yağını sərfəli bir
məqamda satmış və varlanmışdı.
Əsərləri. Onun əsərləri barədə çox az şey söyləmək
mümkündür, onların hamısı bizə başqalarının sözləri vasitəsi ilə gəlib
çatmışdır. Elə buna görə də, onların şərhi zamanı biz digər
müəlliflərin onun haqqında söylədiklərinə diqqət yetirməyə məcburuq.
Aristotel öz Metafizikasında deyir ki, Fales o növ fəlsəfənin banisi idi
ki, burada başlanğıc haqqında, hər bir şeyin nədən yarandığı və nəyə
döndüyü barədə məsələlər qoyulur. Aristotel həmçinin deyir ki, Fales
güman edirdi ki, belə bir başlanğıc sudur (və ya mayedir). Lakin
dəqiq məlum deyildir ki, əgər Fales həqiqətən bunu təsdiq edibsə, o,
nəyi nəzərdə tuturdu? Bu qeyd-şərti nəzərə alaraq, biz "Fales
fəlsəfəsinin" rekonstruktiv şərhini verməyə çalışaq.
Beləliklə, deyirlər ki, Fales təsdiq etmişdir ki, "hər bir şey
sudur". Və belə hesab edilir ki, fəlsəfə elə bu müddəadan başlayır.
Təcrübəsiz oxucu düşünə bilər ki, fəlsəfə üçün bundan daha uğursuz
olan bir başlanğıc tapmaq çətindir. O, bu müddəanın tam mənasızlıq
olduğunu düşünərdi. Onda, məsələn, bu kitab və bu divar da borunun
içərisində olduğu kimi sudur. Lakin gəlin Falesi anlamağa səy edək.
"Hər bir şey sudur" müddəasını ona hərfi mənada aid etmək aşkar bir
ağılsızlıqdır. Amma bu halda Fales nəyi nəzərdə tuta bilərdi?
Biz Falesə verdiyimiz şərhi təsvir etməzdən öncə bəzi şeyləri
qeyd edək, o şeyləri ki, fəlsəfənin öyrənilməsi zamanı onları
xatırlamaq həmişə faydalıdır. Fəlsəfi "cavablar" ya trivial, ya da
absurd ola bilirlər. Əgər fəlsəfəyə giriş olaraq təbiət haqqında və
mövcudluğun başlanğıcı barədə verilən suallara müxtəlif cavabları
oxusaq və öyrənsək, onda fəlsəfə nəsə qəribə görünə bilər. Lakin
"cavabı" anlamaq üçün, əlbəttə ki, cavabını verməyə səy etdiyimiz
sualı bilmək gərəkdir. Bizə həmçinin cavabın əsaslandırılması üçün
hansı dəlillərin və ya arqumentlərin mövcud olduğunu da bilmək
zəruridir.
İllüstrasiya məqsədi ilə kifayət qədər şərti hesab etdiyimiz
aşağıdakı paraleldən istifadə edək. Fizikanı öyrənən zaman alınmış
nəticələrin anlaşılması üçün cavabların təsdiqinə yönələn hansı
arqumentlərin və hansı sualların mövcudluğunu daimi olaraq
aydınlaşdırmaq heç də zəruri deyildir. Fizikanın mənimsənilməsi
əsasən bütövlükdə bu elm üçün hansı sualların və hansı arqumentlərin
başlıca əhəmiyyət kəsb etməsi ilə tanış olmanı nəzərdə tutur. Tələbə-
fizik sualları və arqumentləri mənimsədiyi anda, sualların cavablarını
109
da öyrənə bilir. Dərsliklərdə məhz belə cavablar-nəticələr şərh olunur.
Bu nöqteyi-nəzərdən fəlsəfə fizikaya bənzəmir. Burada sualların və
arqumentlərin müxtəlif tipləri mövcuddur. Elə buna görə də, biz hər
bir xüsusi halda anlamağa çalışmalıyıq ki, bizim öyrəndiyimiz filosof
hansı məsələləri qoyur, bu və ya cavabdan ötəri hansı arqumentlərdən
istifadə edir. Yalnız bu halda biz "cavabları" anlamağa başlaya bilərik.
Bu da kifayət deyildir. Fizikada da həmçinin məlumdur ki,
alınmış nəticələr və ya cavablar hansı qaydada tətbiq oluna bilərlər.
Belə ki, onlar bizi təbiətin müəyyən hadisələrini idarə etmək imkanları
ilə silahlandırır, məsələn, körpülərin tikintisi zamanı. Amma fəlsəfi
cavab nə üçün istifadə oluna bilər? Məsələn, əlbəttə ki, siyasi
nəzəriyyəni cəmiyyətdə islahatların bir modeli kimi tətbiq etmək olar.
Bununla belə, fəlsəfi cavabdan necə "istifadə etmək" lazım gəldiyini
göstərmək bir o qədər də asan deyildir. Əslində, fəlsəfi cavabların
təyinatı heç də onda deyildir ki, onlar "istifadə oluna bilər", onların
təyinatı ondadır ki, onlar bir sıra reallıqların daha yaxşı anlaşılmasına
kömək edir
28
. İstənilən halda biz müxtəlif nəticələrə malik olan
müxtəlif cavablar haqqında danışa bilərik. Elə buna görə də, yalnız
fəlsəfi suallara bizim hansı cavabları verməyimiz prinsipial əhəmiyyət
daşıyır. Məsələn, siyasi nəzəriyyə özünün çıxış nöqtəsi kimi fərdin və
ya cəmiyyətin götürməsindən asılı olaraq müxtəlif nəticələrə malik ola
bilər. Deməli, fəlsəfi cavabın hansı nəticələrə malik ola biləcəyini
dərk etmək vacibdir.
Fəlsəfi sualları və cavabları nəzərdən keçirərkən, dörd faktorun
mövcudluğunu da dərk etmək zəruridir:
1. Sual (məsələ) 3. Cavab
2. Arqument(lər) 4. Nəticə(lər).
Onların ən mühümü cavabdır! Ən azı, o mənada ki, cavab
yalnız qalan üç faktorun işığında mənalandırılır.
Buna görə də, Falesin "hər şey sudur" müddəası sadə bir cavab
olaraq çətin ki özündə çoxlu qiymətli informasiyanı daşımış olsun.
Hərfi mənada bu absurddur. Lakin biz uyğun sualı, arqumenti və
nəticələri bərpa (rekonstruksiya) etmək yolu ilə onun mənasının nə
olduğunu anlamağa səy edə bilərik.
Təsəvvür etmək olar ki, Fales təxminən bu qəbildən olan
suallar qarşısında qalmışdı ki, dəyişiklər zamanı daimi qalan nədir və
müxtəliflikdə vəhdətin mənbəyi nədədir. Güman etmək olar ki, Fales
ondan çıxış edirdi ki, dəyişikliklər mövcuddur və elə bir element də
mövcuddur ki bütün dəyişikliklər zamanı daimi olaraq dəyişməz qalır.
28
Əksinə, Skirbekkin bu fikri ilə razılaşmaq çətindir. Fəlsəfə mənalı həyat
sürmə işində insanın ən böyük yardımçısıdır.