112
söylənilən arqumentləri irəli sürərək, Fales əsaslandığından daha çox
şeyi təsdiq edir. Arqumentlər və mülahizələr arasındakı bu
uyğunsuzluq ümumiyyətlə yunan naturfilosofları üçün xarakterikdir.
Hətta əgər ən əlverişli şərhdə dayansaq belə, aşkar olur ki,
Fales tərəfindən yerinə yetirildiyi güman olunan düzgün müşahidələr
belə, birmənalı olaraq onun verdiyi cavaba gətirib çıxarmamışdır.
Buna baxmayaraq onun təbiət fəlsəfəsinin əhəmiyyətini danmaq da
mümkün deyildir. Həqiqətən də, əgər hər bir şey müxtəlif formalarda
ifadə olunmuş sudursa, baş verən bütün dəyişikliklər suyun tabe
olduğu qanunların köməyi ilə izah olunmalıdır. Su nəsə mistik bir şey
deyildir. O, hiss olunandır və bizə tanışdır, biz onu görürük, hiss
edirik və istifadə edirik. Su və onun necə deyərlər davranışı bizim
üçün tamamilə əlyetəndir. Burada biz müşahidə oluna bilən bir çox
fenomenlərlə təmasda oluruq. (Müasir nöqteyi-nəzərdən, biz deyə
bilərik ki, bu, elmi tədqiqatlar üçün yol açır. Belə ki, suyun müəyyən
şəraitdə özünü necə aparması barədə bir hipotez irəli sürmək və suyun
bu şəraitdə özünü həqiqətən belə aparmasını yoxlamaq olar. Beləliklə
biz hipotezin gerçəkliyə uyğunluğunu sınaqdan çıxarmış olarıq. Başqa
sözlə, su ilə bağlı bu hal eksperimental elmi tədqiqatlar üçün də əsas
verə bilir).
Deyilənlərdən o məna alınır ki, təbiətdə hər bir şey, özü də
mütləq mənada hər bir şey, insan təfəkkürü vasitəsi ilə dərk oluna
biləndir. Oxşar nəticə, şübhəsiz ki, inqilabi xarakter daşıyır. Su dəqiq
dərk olunduğu kimi, hər bir şey də dəqiq dərk olunur. Təbiət, özünün
dərin fenomenlərinə qədər insani təfəkkürə yatımlıdır. Bu fikir mənfi
formada ifadə olunduqda isə vurğulayır ki, heç nə mistik və ya
dərkolunmaz deyildir. Təbiətdə dərkolunmaz tanrılar və ya ruhlar
üçün yer yoxdur. Məhz bu fikir təbiətin insan tərəfindən intellektual
fəthinin başlanğıcı oldu.
Elə buna görə də, biz Falesi birinci filosof və ya ilk alim hesab
edirik. Ondan başlayaraq təfəkkür də özünü təkmilləşdirməyə başladı.
Mif çərçivəsində olan təfəkkürdən (mifoloji təfəkkürdən) loqos
çərçivəsində olan təfəkkür (məntiqi təfəkkür) formalaşdı. Fales,
təfəkkürü həm mifoloji ənənədən, həm də onu bilavasitə hissi
təəssüratlara bağlayan zəncirlərdən azad etdi.
Əlbəttə ki, biz həddindən artıq sadələşdirilmiş sxemi təqdim
etdik. Mifdən loqosa keçid tarixin müəyyən mərhələlərində və ya,
daha konkret deyilsə, ilk filosoflar zamanında baş verən analoqu
olmayan bir hadisə deyildi. Mifoloji və məntiqi məqamlar həm
bəşəriyyətin tarixində, həm də ayrı-ayrı fərdlərin həyatında daimi
olaraq bir-birini əvəzləyir. Mifdən loqosa keçid o vəzifələrə aiddir ki,
onlar hər bir dövr və hər bir şəxsiyyət qarşısında daimi olaraq yaranır.
113
Çoxları hətta indi də təsdiq edirlər ki, mif yalnız ibtidai təfəkkürün dəf
edilməli olan forması deyildir, əksinə, məhz mif, düzgün olaraq şərh
olunmuş mif - idrakın həqiqi formasıdır.
Falesin ilk alim olduğunu və elmin yunanlar tərəfindən bina
edildiyini güman edərkən, biz təsdiq etmirik ki, Fales və ya digər
yunan müdrikləri ayrı-ayrı faktları qədim dünyanın təhsilli
babillilərinə və ya misirlilərinə nisbətən daha çox (həcm göstəricisinə
görə) bilirdilər. Məsələnin məğzi ondadır ki, rasional sübut və
nəzəriyyə anlayışlarını işləyib-hazırlamaq məhz yunanlara nəsib oldu.
Nəzəriyyə ümumiləşdirici həqiqətin əldə olunmasını iddia edir və bu,
sadəcə olaraq qeyri-məlum bir mövqedən bəyan olunmur,
arqumentasiya yolu ilə üzə çıxarılır. Bu halda həm nəzəriyyə, həm də
onun köməyi ilə alınmış həqiqət kontrarqumentlərin açıq sınağına
davam gətirməlidir. Belə bir dahiyanə ideya yunanlar içərisində
yaranmışdı ki, biliyin yalnız bir-birindən təcrid olunmuş
fraqmentlərini axtarmaq lazım deyildir. Bu, Babilistanda və Misirdə
mifik əsasda olsa da, artıq edilmişdi. Yunanlar ümumi və sistematik
nəzəriyyələrin axtarışlarına başladılar və konkret bilikləri ümumi
əhəmiyyətə malik olan prinsiplərdən çıxış edərək izah etdilər. Bu
nəzəriyyələr biliyin ayrı-ayrı fraqmentlərini universal prinsiplər
nöqteyi-nəzərindən əsaslandırdı. Konkret biliklərin oxşar qaydada
alınmasının nümunəsi olaraq Pifaqor teoremi göstərilə bilər.
Falesin və onun təliminin müzakirəsini biz bununla da
qurtaraq. Buraya yalnız onu əlavə edək ki, Falesin təlimi, ola bilsin ki,
mifoloji təfəkkürdən tamamilə azad olunmamışdı. O, suyu bir canlı
olaraq və ruha malik olan bir varlıq olaraq da nəzərdən keçirə bildi.
Bizə məlum olduğu dərəcədə, o, qüvvə və maddə arasında da fərq
qoymamışdır. Təbiət (physis) onun üçün öz-özünə hərəkət edən
("yaşayan") bir varlıq idi. O, ruhu və maddəni də bir-birindən
fərqləndirməmişdir. Fales üçün, "təbiət", physis anlayışı, görünür ki,
çox geniş idi və daha çox müasir "varlıq" anlayışına uyğun gəlirdi.
Beləliklə, biz fəlsəfi sorğunun yuxarıda qeyd olunmuş dörd
amilinin belə bir konkretləşməsinə nail olduq.
Müqəddəm şərt
Dəyişiklik mövcuddur
1 Sual
Bütün dəyişikliklərin daimi elementi nədir
2 Arqumentlər
Su və onun davranışı üzərində müşahidə
3 Cavab
Su bütün dəyişikliklərin daimi elementidir
4 Nəticə
Hər şey dərk olunandır