71
Qara Yusif döyüşdə əsir olmuş oyrat əmirlərini, ərəb rəislərini və digərlərini Şah Məhəmmədin mü-
lazimi edib İraqi-Ərəbə göndərdi. Qara Yusif sultana dedi:
- Əhdi pozmağına və mənim qəsdimə gəldiyinə baxmayaraq, səni öldürmürəm.
Əmir Bistam, sultana dedi:
- Sultan Üveysin xanədanını xarab etdin, onun davamçılarını və dövlət ərkanını öldürdün. Səndən
dövlətə layiq heç bir iş baş vermədi və verməyəcək.
O, qılıncını belindən sıyırıb, Qara Yusifin önünə ataraq dedi:
- Bu şəxsin həyatı şər və qalmaqal ehtiva etməkdədir və fitnə-fəsada səbəb olmaqdadır. Əgər o, ölü-
mün çəngindən xilas olarsa, böyük bir fitnə törədəcəkdir.
İraq əmirlərinin hamısı birlikdə dedilər:
- Sultan Əhmədə aman vermək məsləhət deyil.
Qara Yusif dedi:
- Əgər mənim ordumda onun kimi lap min adam olsa belə, yenə də əsla narahatlığım olmaz.
Nəzm
“Yetişməz könlümə heç vəchlə təlaş,
Onun kimi əgər min nəfər olsa ordumda”.
Mən and içmişdim ki, onu öldürməyim.
Əmir Bistam dedi:
- Sultan Əhməd çoxlu nahaq qanlar axıtmışdır və onun düşmənləri hazırdırlar. Əgər siz ona qəsd et-
mirsinizsə, heç olmasa himayə də etməyin.
Qara Yusif susdu. İraq əmirləri onu Qazı Şeyx Əli mədrəsəsinə apardılar. Xoca Cəfər Təbrizi diz çö-
küb ərz etdi ki, “Sultan Əhməd mənim qardaşımı nahaqdan qətlə yetirmişdir”. Əmir Bistam şahidlik etdi.
İraqlıların təkidi ilə Qara Yusif onun qətlinə fərman verdi. Xoca Cəfər, Satılmışın evində məhbus olan Sultan
Əhmədi həlak etdi.
Nəzm
“Əcəl onun vücud evini yıxdı,
Onu taxtdan sonra taxtanın üstünə atdı.
Cahan bu cürə çox işlər gördü,
Bu, zəmanənin etdiyi ilk iş deyildi”.
Ertəsi gün əmirlər Qara Yusifin yanına gedib dedilər:
- Sultanı qətlə yetirməyimizə baxmayaraq, camaat güman edir ki, sultan həyatdadır.
Əmir Bistamın məsləhəti ilə sultanın cəsədini Xoca Şeyx Keçəçi mədrəsəsində qoyub üzərinə qara
yun [parça] örtdülər. İnsanlar üç gün boyunca ona tamaşa etdilər. Daha sonra onu qardaşının yanında, Də-
məşqiyyədə dəfn etdilər
366
. Sultanın döyüşdə iştirak etmiş bəzi oğulları da ölüm şərbəti içdilər
367
. Adilcevaz
qalasında məhbus olan Əlaüddövlə də sultanın ardınca yola düşdü
368
.
Rum diyarında baş vermiş hadisələr haqqında söhbət
Bu il Rum padşahı Əmir Süleyman yaxşı nitq qabiliyyətinə malik elçilərini Məhəmməd bəy Qara-
manoğlunun yanına yolladı və ona “qardaşım Musa Çələbini tutub [yanıma] göndər!” deyə öz ismarışını çat-
dırdı. Musa Çələbi bu məktubun məzmunundan agah olduqda, tamamilə kədər içində Qaraman vilayətindən
fərar edib Kastamonu (Qəstəmoniyyə)
369
hakimi İsfəndiyarın yanına getdi. Əmir Süleyman Bursadan çoxlu
366
Qardaşı Sultan Hüseyn ibn Sultan Üveysdir. O, 784 / 1382-ci ildə Sultan Əhmədin əmri ilə öldürülmüş və Təbrizin Dəməşqiyyə
məzarlığında dəfn edilmişdir. Onun anası da orada torpağa tapşırılmışdır
(Ə.Nəvai, şərhlər, s.181).
367
Həmçinin Sultan Əhmədin qardaşı oğlu Şahvələd ibn Şeyx Əli ibn Sultan Üveys də öz əmisi ilə birlikdə Təbrizə gəlmiş və qətlə
yetirilərək Dəməşqiyyə məzarlığında dəfn edilmişdi (Ə.Nəvai, şərhlər, s.181).
368
O da Dəməşqiyyədə dəfn edildi (Ə.Nəvai, şərhlər, s.182).
369
Kastamonu – Türkiyədə, Ankaradan şimal-şərqdə və Sinopdan cənub-qərbdə yerləşən şəhər. Kastamonu, XIV əsrin əvvəllərində
qurulan Candaroğulları bəyliyinin mərkəzi idi. İsfəndiyar bəy bu bəyliyin ən önəmli bəylərindən olmuşdur. Candaroğulları bəyliyinə
1461-ci ildə Fateh Sultan Məhəmməd tərəfindən son qoyulmuşdur. Bu bəylik bəzən İsfəndiyar və ya İsfəndiyaroğulları bəyliyi də ad-
landırılmışdır (Y.Yücel. Candaroğulları // TDVİA, cilt: 7, yıl: 1993, s.146-149; C.Yakupoğlu. İsfendiyar Bey ve zamanı. Gazi Üniver-
sitesi Sosyal Bilimler Enstitüsü, Yayınlanmamış Yüksek Lisans Tezi, Ankara, 1999).
72
qoşunlarla İsfəndiyarın vilayətinə doğru yola çıxdı və insanın ruhunu oxşayan bir yerdə eyş-işrət bayrağını
qaldırıb, vaxtının çoxunu gül rəngli şərab içməklə, ud və çəng
370
nəğməsini dinləməklə keçirdi. O, bu beytlə-
rin məzmunundan xəbərsiz idi:
Nəzm
“Sultanın başı şərabın təsirindən sallanarsa,
Özündən xəbərsiz şahlıq tacı başından düşər.
Yuxuya aludə olan şahların hamısının işi,
Əndazə bilməməkdən oldu xarab”.
Əlahəzrət əmirlər və dövlət ərkanı onun əhvalının səhifələri üzərində uğurun zavala uğramasının və
uğursuzluğun imarətinin yüksəlməsinin əlamətlərini müşahidə etdilər və onun xidmətindən uzaqlaşıb,
Əli pa-
şanın və İsfəndiyarın məsləhəti ilə Musa Çələbini gəmiyə mindirərək Əflaqa
371
yola saldılar. O diyarın Mirçe
adlı hakimi xeyli peşkəşlə Musa Çələbinin yanına gəlib onu çoxlu qoşunla və saysız yaraqla Ədirnə şəhərinə
tərəf göndərdi. Əmir Süleyman da Ədirnəyə getdi. O əsnada Musa Çələbi cəsurluq yolunun yolçularından
ibarət bir dəstə ilə qəflətən onun üzərinə töküldü. O, naçar şəkildə fərar yolunu tutdu. Yolu bir kəndə düşdü.
O kəndin camaatı onu qətlə yetirdi. Səltənət Musa Çələbinin əlində qərar tutdu. O, vəzirliyi
372
Kor Məlikşaha
həvalə etdi, əmirülüməralığı Mixaloğlu bəyə tapşırdı, Qazı Bədrəddini qazı-əsgər
373
[təyin] etdi və bütün
Rum əmirlərini əmirlikdən azad etdi.
Əmir Süleymanın qətli xəbəri qardaşı Sultan Məhəmmədə çatdıqda Amasya şəhərində öz adına xüt-
bə oxudub sikkə vurdurdu. Ondan sonra çoxlu ordu və hədsiz bir qələbəlik və təntənə ilə hərəkət bayrağını
Bursa tərəfə qaldırdı. O hüduda gəldikdən sonra böyüklər, əyan-əşrəflər, sənətkarlar və əsnaflar
374
onu qarşı-
lamağa tələsib qala açarlarını təslim etdilər. Sultan Məhəmməd o şəhəri darülmülk (paytaxt) edib orada qışla-
dı.
Mavəraünnəhrdə baş vermiş hadisələr və Şahrux padşahın Əmir Şeyx Nurəddinlə müharibə etməsi
haqqında söhbət
Bu il savaş dənizinin nəhəngi Sarı Buğanın oğlu Əmir Şeyx Nurəddin hərəkət bayrağını Səmərqəndə
doğru qaldırdı. Əmir Şahməlik, Bəhram kimi qəhredici bir ordu ilə şəhərdən çıxıb döyüşə və vuruşa hazır ol-
du. Qızıl-Ribatda o iki qoşun qarşılaşdı. Şeyx Nurəddinin tərəfində çoxlu təpələr vardı və onun ordusu tam
olaraq görünmürdü. Əmir Şeyx Nurəddin sol və sağ cinahları mərkəzə birləşdirib bir anda hücuma atıldı. Sə-
mərqənd qoşunları o həmləyə tab gətirməyib qaçış yolunu tutdular. Əmir Şeyx Nurəddinin ordusu onları tə-
qib edib Əmir Vəfadarı əsir tutdu. Əmir Şahməlik Keş və Səmərqənd arasında yerləşən Alaqısraq dağına sı-
ğındı.
Əmir Şeyx Nurəddin belə bir qələbədən sonra zilhiccə ayının 16-da (11.04.1411)
375
Səmərqənd ətra-
fında məskən saldı. Şəhərlilər onun mülazimlərindən çoxunu ox zərbəsi ilə gedər-gəlməzə göndərdilər. Əmir
Şeyx Nurəddin, Əmir Toğay Buğanı Buxaraya hakim [təyin edib] göndərdi, Çingiz-oğlanı isə Keş tərəfə yol-
ladı. O zaman Əmir Xudadad Hüseyninin oğlu, Əmir Şeyx Nurəddindən icazəsiz öz ölkəsinə getdi. Əmir
Şeyx Nurəddinin müxalifliyinin xəbəri Heratda müzəffər padşahın qulağına çatdıqda ali fərman verildi ki,
Əmir Mizrab Bahadır, Əmir Təvəkkül Barlas, Əmir Yadigarşah Orlat, Məhəmməd Sufi Tərxan, Əmir Yusif
Xoca, Əmir Əcəbşir və Əmir Nuşirəvan Barlas müzəffər qoşunların hərəkətindən öncə Mavəraünnəhrə yö-
nəlsinlər və Əmir Şeyx Nurəddini bəla toruna giriftar etsinlər. Əmirlər buyruğa uyğun olaraq yola düşdülər
370
Çəng – qədim simli çalğı aləti. Müasir arfanın “əcdadı” hesab edilir (A.İ.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti,
s.60-61).
371
Əflaq – Valaxiya (Rumıniyada tarixi bir vilayət).
372
Vəzir – mülki bürokratiyanın başçısı.
373
Qazı-əsgər – orduda şəriət qanunlarını icra edən şəxs.
374
Əsnaf – ərəbcə “siniflər” deməkdir. Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən də Azərbaycanda sənətkarların
birləşdikləri sex təşkilatları və onların üzvləri əsnaf adlanırdı (daha ətraflı bax: М.Х.Гейдаров. Социально-экономические отноше-
ния, c.45-87).
375
Bəlkə də, burada söhbət 812-ci ilin zilhiccə ayının 16-dan (21.04.1410) gedir.