122
prioritet məsələdir. Bu məsələyə daim diqqət göstəriləcək və qısa
müddətdə, növbəti beş il ərzində, – mən bunu
artıq bir neçə dəfə bəyan etmişəm, bir də demək istəyirəm, – 600 min yeni iş yeri açılacaqdır. Bu çox böyük
rəqəmdir. Bəzilərinə elə gələ bilər ki, bu qeyri-realdır. Amma mən sizə deyə bilərəm ki, bütün iqtisadi
hesablamalar aparılmışdır və bir daha mən bu rəqəmi sizin nəzərinizə çatdırıram. Belə olan halda, Azərbaycanda
işsizlik problemi, demək olar ki, tamamilə aradan qaldırılacaqdır. Bu da Azərbaycanın qarşısında duran ən
mühüm problemlərdən biridir. İşsizliyin qarşısı alınmalıdır, eyni zamanda, yoxsulluqla mübarizə aparılmalıdır
və aparılır.
Bu məqsədlə Azərbaycan dünyanın aparıcı maliyyə qurumları ilə birlikdə xüsusi proqram həyata keçirir.
Əminəm ki, bu proqramın həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə yoxsulluğun azaldılması mümkün
olacaqdır.
Azərbaycanda sahibkarlıq, özəl sektor inkişaf edir. Ümumi daxili məhsulda özəl sektorun payı 70 faizdən
yuxarıdır. Bu onu göstərir ki, Azərbaycanda tam mənada bazar iqtisadiyyatı prinsipləri mövcuddur və işləyir.
Bu gün başqa
bir infrastruktur obyekti, yeni bir mehmanxana da açılıbdır. Mən onun açılışında da iştirak
etmişəm. Çox sevindirici haldır ki, bu mehmanxana ən yüksək standartlara uyğun şəkildə tikilibdir. Lənkərana,
lənkəranlılara layiq olan bir yerdir. Əminəm ki, buraya gələn hər bir qonaq orada rahat yaşaya bilər. Bu da çox
sevindiricidir. Çünki indi belə səviyyəli mehmanxanalar, adətən, Bakıda tikilir. Mən Azərbaycanın bölgələrində
hələ ki, belə mehmanxanaya rast gəlməmişəm. Çox şadam ki, bu ilk təcrübə məhz burada, Lənkəranda baş
veribdir. Bu da öz növbəsində, Azərbaycanın dilbər guşəsi olan Lənkəranda turizmin inkişafına böyük kömək
göstərəcəkdir. Burada turizmin inkişafı üçün hər bir şərait – gözəl iqlim var, gözəl təbiət var. Ən önəmlisi isə,
Lənkəranın ən böyük sərvəti olan əməksevər, vətənpərvər insanları vardır. Mən sizi, əziz, doğma bacılarımızı,
qardaşlarımızı bir daha salamlayıram və sizin dəstəyinizə arxalanıram. Biz bu dəstəklə,
sizinlə birlikdə
Azərbaycanı inkişaf etdirəcəyik.
Azərbaycan yaxın vaxtlarda zəngin dövlətə çevriləcəkdir. Son on il ərzində Heydər Əliyevin Azərbaycanda
apardığı siyasət artıq öz əyani nəticələrini verməkdədir. Azərbaycanda neft strategiyası həyata keçirilir. Bunun
hesabına böyük həcmdə valyuta ehtiyatları yaranıbdır. Bu isə Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməyə
imkan verəcəkdir.
İndi İqtisadi İnkişaf Nazirliyi tərəfindən xüsusi proqram hazırlanıbdır. Bu proqramda Azərbaycanın bölgələri
haq-qında ayrıca bir bölmə var. Orada Azərbaycanın bütün bölgələrinin inkişafı, iqtisadi perspektivləri öz əksini
tapır. Mən əminəm ki, seçkilərdən sonra bu proqramın həyata keçirilməsinə başlayacağıq. Azərbaycanın hər bir
vətəndaşı onun xeyrini görəcəkdir.
2001-ci ildə burada olarkən mən başqa bir vəd də vermişdim. Mən vəd verməyi xoşlamıram. Bəzi müxalifət
liderlərindən fərqli olaraq, mən daha çox əməli işlərə üstünlük verirəm. Yalnız o vaxt vəd verirəm ki, onun
yerinə yetirilməsinə nail olacağımı bilirəm. Mənə müraciət olunmuşdu və söyləmişdilər ki, Lənkəranın ən
böyük problemlərindən biri buraya təbii qazın verilməsinin dayandırılmasıdır. Şəhərə uzun illər təbii qaz
verilməmişdir.
Mən o vaxt Bakıya qayıdarkən bu məsələni ciddi araşdırdım. Biz xüsusi tədbirlər planı hazırlayıb həyata
keçirdik və bunun nəticəsində Azərbaycanın bir neçə rayonuna, o cümlədən Lənkərana təbii qazın
verilməsi
bərpa olundu. İndi mənə verilən məlumata görə, şəhərin 85 faizi qazla təmin edilmişdir. Məqsədimiz isə budur
ki, lənkəranlılar təbii qazla yüz faiz təmin olunsunlar. Mən söz verirəm ki, biz buna nail olacağıq.
Azərbaycan vahid ölkədir. Azərbaycanın hər bir vətəndaşı eyni şəraitdə yaşamalıdır. Əgər Bakıda elektrik
enerjisi, təbii qaz varsa, deməli, hər yerdə, o cümlədən Lənkəranda da elektrik enerjisi də, qaz da olmalıdır. Biz
bunu təmin edirik və bundan sonra da edəcəyik.
Siz bilirsiniz ki, möhtərəm cənab Prezident Lənkərana, bu zonada yerləşən digər rayonlara daim diqqət və
hörmətlə yanaşmışdır. Siz hamınız bu diqqəti hiss etmisiniz. Cənab Prezident dəfələrlə burada olmuşdur,
insanlarla görüşmüşdür, problemlərin həlli istiqamətində öz köməyini göstərmişdir. İndi cənab Prezident
səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməyəcəkdir. Mən iştirak edəcəyəm. Sizi əmin
etmək
istəyirəm ki, onun siyasətini davam etdirəcəyəm. Biz daim birlikdə olacağıq və mən sizə daim diqqət
göstərəcəyəm.
Azərbaycanda Heydər Əliyevin siyasətinə alternativ siyasət yoxdur. Alternativ siyasət Azərbaycanı uçuruma
apara bilər. Azərbaycan xalqı 1992–1993-cü illərdə o çox ağır günləri yaşayıbdır. O vaxt Azərbaycan demək olar ki,
dağılırdı, ölkəmiz böhran içində idi, anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Ölkədə qanunsuz silahlı dəstələr,
quldur dəstələri meydan sulayırdılar. Belə olan halda Azərbaycanın gələcəyi, ümumiyyətlə, sual altında idi. 1993-cü
ildə Azərbaycan xalqı öz müdrikliyini nümayiş etdirərək Heydər Əliyevi Bakıya dəvət etdi. Ondan sonra bütün bu
xoşagəlməz halların qarşısı alındı. Azərbaycanı bu çətin vəziyyətə salan o vaxtkı iqtidar, indiki müxalifət qaçıb
gizləndi və bir neçə il ərzində onlar gizlənmişdilər, xalqın qarşısına çıxmağa cəsarət etmirdilər. Özlərini biabır edən,
Azərbaycan dövlətçiliyinə xəyanət edən şəxslər indi yalnız Heydər Əliyevin həyata keçirdiyi demokratik proseslərin
nəticəsində yenidən siyasətə qayıdıblar. İndi onlar sizə müxtəlif yalan vədlər verirlər, fantaziya danışırlar. Mən
123
bilirəm ki, Azərbaycan xalqı onların vədlərinə inanmır, çünki əgər onlarda belə bir niyyət olsaydı, elə hakimiyyətdə
olduqları dövrdə bunu həyata keçirərdilər.
İndi Azərbaycan bütün bəlalardan qurtarıbdır. Azərbaycanda müharibə dayanıbdır. Artıq Azərbaycanda
iqtisadi tənəzzül yoxdur, əksinə, inkişaf var. Başqa qonşu ölkələrlə müqayisədə Azərbaycan birinci yerdədir.
Adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan
nəinki MDB ölkələrini, hətta bəzi Şərqi Avropa
ölkələrini də qabaqlayır. Azərbaycan ümumi daxili məhsulun artım səviyyəsinə görə dünyanın aparıcı
ölkələrinin sırasındadır. İnflyasiyanın səviyyəsinə görə də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin
sırasındadır.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində iki neft kəməri tikilib istifadəyə
verilibdir. Bakı–Tbilisi–Ceyhan kimi nəhəng, bütün dünya üçün əhəmiyyətli, ilk növbədə, Azərbaycan xalqının
milli maraqlarına cavab verən neft kəməri inşa edilir. İnşallah, 2005-ci ildə biz hamımız birlikdə onun istismara
verilməsini qeyd edəcəyik.
Azərbaycanda Heydər Əliyevin sərəncamı əsasında Neft Fondu yaradılıbdır. İndi Azərbaycanın 1 milyard
400 milyon dollar valyuta ehtiyatı var. Halbuki 1993-cü ildə bu rəqəm sıfıra bərabər idi. Nə var idisə, onu da
indi sizdən səs istəyən İsa Qəmbərov, Etibar Məmmədov və onlar kimiləri dağıtmışdılar, aparıb xarici banklarda
öz hesablarına yerləşdirmişdilər.
Azərbaycan neft strategiyasının həyata keçirilməsini davam etdirəcəkdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri
istismara veriləndən sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac etmək iqtidarında
olacaq və bu da təkcə
növbəti beş il ərzində ölkəyə 5 milyard dollar vəsait gətirəcəkdir. Əlbəttə ki, bu vəsaitlə Azərbaycanı hərtərəfli
inkişaf etdirmək mümkün olacaq, yeni zavodlar, fabriklər, məktəblər, xəstəxanalar tikiləcək, yeni iş yerləri
açılacaqdır. Yaxşı, müxalifətdən soruşmaq lazımdır ki, axı siz bu ölkəni dağıdırdınız, siz vətəndaş müharibəsini
başlamışdınız, siz Bakıda hakimiyyət uğrunda mübarizə apararkən Dağlıq Qarabağda torpaqlarımız əldən
gedirdi. Heydər Əliyev sizə indiki bütün bu şəraiti yaratdı. Nəyə görə yaratdı? Yaratdı ki, siz yenidən gəlib
dağıdasınız?! Heç vaxt bu olmayacaq, Azərbaycan xalqı öz seçimini edib və bu seçimə də sadiq qalacaqdır.
Biz imkan verməməliyik ki, səriştəsiz, bacarıqsız insanlar, Vətənə xəyanət etmiş insanlar yenidən
hakimiyyətə gəlsinlər və mən əminəm ki, Azərbaycan xalqı buna
imkan verməyəcək, Heydər Əliyevin siyasətini
dəstəkləyəcək və oktyabrın 15-də bu siyasətə səs verəcəkdir.
Bizim planlarımız genişdir, çoxdur. Qarşıda duran məsələlər həll olunmalıdır. Mən qeyd elədim ki,
Azərbaycan çox sürətlə inkişaf edir. Azərbaycanda sosial məsələlər öz həllini tapır, o cümlədən əhalinin təbii
qazla, elektrik enerjisi ilə təminatı yaxşılaşmışdır. Bundan sonra daha da yaxşı olacaqdır. Növbəti beş il ərzində
hər biri 400 meqavat gücündə iki elektrik stansiyası tikilib istifadəyə veriləcəkdir. Ondan sonra respublikada,
ümumiyyətlə, elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaqdır. Əksinə, Azərbaycan elektrik enerjisini
ixrac edə biləcəkdir.
Təbii qazın idxalı davam edəcəkdir. Biz bu məqsədlər üçün böyük həcmdə vəsait xərcləyirik. Amma bunu
etməliyik ki, bu sahədə də heç bir problem olmasın. Digər məsələlər də öz həllini tapmalıdır. Amma bütün bu
görülən işlərlə, qazanılan uğurlarla yanaşı, əlbəttə ki, Azərbaycanda böyük problemlər də var. Biz bunu bilirik.
Mən demək istəmirəm ki, Azərbaycanda hər şey öz qaydasındadır. İlk növbədə, qeyd etdiyim kimi, biz sosial
məsələlərə daha çox diqqət göstərməliyik. İnsanlara daha böyük diqqət göstərməliyik. Bəzi hallarda müxtəlif
məmurlar bu işdə lazımi səviyyədə fəaliyyət göstərmirlər, müraciətlərə, ərizələrə biganə yanaşırlar. Mən
dəfələrlə bunu demişəm. Son on gün ərzində respublikanın müxtəlif bölgələrində olarkən
çoxlu sayda ərizələr,
məktublar almışam. Deyə bilərəm ki, keçmişdə də belə olubdur. Keçmişdə həm Azərbaycan Dövlət Neft
Şirkətinə, Milli Məclisə, Milli Olimpiya Komitəsinə mənim adıma yüzlərlə, bəlkə də minlərlə ərizə və
məktublar göndərilmişdir. Hər bir məktuba reaksiya verilmiş, hər bir məktuba cavab göndərilmiş, aidiyyəti
orqanlara göstərişlər verilmişdir. Bu proses davam edir.
Son 8-10 gün ərzində bölgələrdə mənə verilən bütün ərizələrə operativ qaydada baxılır və deyə bilərəm ki,
onların 90 faizi öz müsbət həllini tapacaqdır. Bunu ona görə deyirəm ki, burada da mənə ərizələr verilibdir. Mən
sizi əmin edirəm ki, bunlara da baxılacaqdır. Əgər bu ərizə mənə verilirsə, o deməkdir ki, yerlərdə bu məsələ öz
həllini tapmır. Düzdür, ola bilər ki, bu məsələ yerli orqanlar tərəfindən həll oluna bilməz. Bunu mərkəzi orqanlar
həll edə bilərlər. Ərizələrin əksəriyyəti də bu məzmundadır. Amma bununla yanaşı,
mən Azərbaycanda vəzifədə
çalışan, işləyən insanlara müraciət edib demək istəyirəm ki, daha diqqətli olmaq lazımdır. Biz vəzifədə ona görə
oturmuşuq ki, xalqa xidmət edək.
Misal üçün, mən öz vəzifəmi belə başa düşürəm. Bunu mənə, nəinki mənə, bütün Azərbaycan xalqına
Heydər Əliyev öz nümunəsi ilə göstəribdir. Biz hamımız, vəzifədə olan şəxslər, dövlət orqanlarında çalışan
şəxslər ilk növbədə, insanların problemləri ilə məşğul olmalıyıq. Mən şəxsən bu yoldayam və bütün dövlət
orqanlarında, hakimiyyət orqanlarında işləyən insanları bu yola dəvət edirəm. Əgər hamımız belə hərəkət etsək,
Azərbaycanda heç bir problem qalmayacaq, insanlarımız daha rahat, firavan yaşayacaqlar.