129
SİYƏZƏNDƏ KƏRPİC ZAVODUNUN
İSTİFADƏYƏ VERİLMƏSİNƏ
HƏSR OLUNMUŞ MƏRASİMDƏ ÇIXIŞ
11 oktyabr 2003-cü il
Əziz siyəzənlilər!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl zavodun açılışı münasibətilə ürəkdən təbrik
edirəm.
Siyəzəndə bu zavodun yaranması həm rayonun, həm də Azərbaycanın gələcək iqtisadi inkişafı üçün çox
mühüm bir hadisədir. Son illər ərzində Heydər Əliyevin apardığı iqtisadi siyasət burada da öz əksini tapıbdır.
Bu siyasət çoxşaxəlidir, bir neçə istiqamətdən ibarətdir. Bütün bu istiqamətlər bu zavodun yaranmasında öz
əksini tapır. Buraya həm sərmayə qoyulubdur, həm yeni iş yerləri açılıbdır, yerli istehsal sahələri yaradılıbdır.
Eyni zamanda rayonun inkişafı da təmin olunur. Heydər Əliyevin iqtisadi siyasəti məhz bu amillərə söykənir.
Son illər ərzində aparılan işlər nəticəsində Azərbaycanın bir neçə bölgəsində belə gözəl, müasir standartlara
cavab verən müəssisələr yaranır. Çox sevindirici haldır ki, bu müəssisədə də yeni iş yerləri açılır. İlkin
mərhələdə 170 nəfər işlə təmin edilibdir. Gələcəkdə isə burada iş yerlərinin sayı 300-dən yuxarı olacaqdır. Bu
bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycanın hər bir bölgəsində, hər bir yerində yeni iş
yerlərinin açılması zəruridir və bu istiqamətdə tədbirlər davam edir. Mən bu barədə dəfələrlə demişəm. Bir daha
demək istəyirəm ki, gələcək hökumətin də siyasətinin öncül istiqaməti məhz iş yerlərinin açılması ilə bağlı
olacaqdır.
Zavod bütün beynəlxalq standartlara cavab verir. Müasir avadanlıqla təchiz olunubdur. Eşitdiyimə görə, bu
zavodun inşasında da yerli şirkətlər iştirak ediblər. Bu da bizi çox sevindirir. Çünki, əgər xatırlayırsınızsa,
keçmişdə, 7-8 il bundan əvvəl Azərbaycanda tikilən binaların, obyektlərin inşasında
xarici şirkətlər iştirak
edirdi. Yerli şirkətlərdə belə bir təcrübə yox idi. Amma bu illər ərzində Azərbaycan hərtərəfli inkişaf edir, o
cümlədən inşaat sektoru da. Bu inkişafın nəticəsində bizim yerli şirkətlərimiz gözəl binalar, müasir zavodlar
tikirlər.
Siyəzənin gələcək inkişafında bu müəssisə mühüm rol oynayacaqdır. Mən bilirəm ki, rayonda son illər
ərzində böyük quruculuq, abadlıq işləri aparılıbdır. Bu da çox sevindirici haldır. Azərbaycanın hər bir bölgəsi,
rayonu gərək abadlaşsın, orada quruculuq işləri aparılsın. Bunu etmək üçün imkan da, niyyət də var. Mən çox
sevinirəm ki, Siyəzəndə də bu proses uğurla davam edir.
Siyəzən rayonunun iqtisadi inkişafı üçün digər tədbirlər də görülübdür. Uzun illər fəaliyyəti dayanmış
Siyəzən broyler fabriki öz fəaliyyətini bərpa edibdir. İndi mənə verilən məlumata görə, fabrikdə 1300 nəfər
işləyir. Bu bir daha onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan siyasət,
Heydər Əliyevin siyasəti öz
gözəl nəticələrini verməkdədir.
Ötən əsrin 80-ci illərində bu fabrik məhz Heydər Əliyevin təşəbbüsü ilə yaranmışdır. Mən o günləri çox
yaxşı xatırlayıram. O vaxt Heydər Əliyev Macarıstanda olarkən, buna bənzər fabriklə tanış olmuşdu. Ondan
sonra, Bakıya qayıdarkən mərkəzi hökumətə, SSRİ-nin o vaxtkı rəhbərliyinə müraciət etmişdi ki, belə bir fabrik
alınsın və Azərbaycana gətirilsin.
Siz bilirsiniz ki, o vaxt Azərbaycan müstəqil dövlət deyildi və bütün belə böyük miqyaslı işlər, layihələr
gərək mərkəzdən həll olunaydı. Onun təkidi ilə bu məsələ öz müsbət həllini tapdı, fabrik Azərbaycana gətirildi.
Məhz o vaxt Heydər Əliyevin göstərişləri əsasında bu fabrik Siyəzəndə quruldu.
1990-cı illərin əvvəlində Azərbaycan çox çətin dövrlərini yaşayırdı. Azərbaycanda hakimiyyətə gəlmiş
insanların, ümumiyyətlə, iqtisadiyyatdan xəbəri yox idi, bu məsələ onları maraqlandırmırdı. Onları
maraqlandıran bu idi ki, Azərbaycanda mövcud olan, pis-yaxşı işləyən obyektləri dağıtsınlar, özəlləşdirsinlər,
avadanlığı xaricə satsınlar. Hamımız xatırlayırıq ki, zavodlarda qurulan, demək olar, bütün avadanlıq
xaricə
satılmışdı. Eyni zamanda trolleybus xətləri də kəsilib xaricə satılmışdı. Çünki onun tərkibində mis var idi.
Biz o günləri xatırlayırıq. Məhz o hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanda zavodlar, fabriklər
dayandı, iqtisadiyyat tənəzzülə uğradı, inflyasiyanın səviyyəsi 1600 faizə qalxdı. Amma indi inflyasiyanın
səviyyəsi 2 faizdir. Azərbaycanın iqtisadiyyatı məhvə doğru gedirdi. Əlbəttə, o illərdə bu fabrikin də fəaliyyəti
dayanmışdı. Məhz Azərbaycana sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasətin nəticəsində,
sərmayəçilərə əlverişli şəraitin yaradılması, özəlləşdirmənin həyata keçirilməsi nəticəsində bu fabrikə vəsait
qoyuldu, o, öz fəaliyyətini bərpa etdi.
Bayaq dediyim kimi, həm 1300 nəfər işlə təmin olunub, yaxşı maaş alır, həm də bu fabrikin məhsulları Azər-
baycanda satılır. Nə üçün bizdə ola-ola, gündəlik tələbat məhsullarını xaricdən almalıyıq? Biz bunu
130
Azərbaycanda istehsal etməliyik. Siyəzəndəki broyler fabriki də, kərpic zavodu da məhz bu məqsədlərə xidmət
edir. Yerli istehsal yaranmalıdır ki, camaat burada buraxılan məhsulları alsın və istifadə etsin.
Xüsusilə nəzərə
alsaq ki, bu məhsullar ən yüksək dünya standartlarına cavab verir.
Azərbaycanda iqtisadi inkişafla yanaşı, sosial məsələlərə də böyük önəm verilir. Hökumət bu istiqamətdə
əlindən gələni edir. Bilirsiniz ki, imkan yaranan kimi, ilk növbədə, sosial məsələlər həll edilir. Azərbaycan
əhalisinin, demək olar ki, böyük əksəriyyəti təbii qazla təmin olunur. Elektrik enerjisinin verilməsində fasilələr,
demək olar, ləğv edilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcək, Azərbaycanda növbəti beş ildə yeni elektrik
stansiyaları tikiləcəkdir. Beləliklə, elektrik enerjisinin verilməsində heç bir problem olmayacaqdır. Təbii qazın
da verilməsi tam təmin olunacaq və iki il bundan əvvəl başlanan proses davam etdiriləcəkdir.
Siyəzən rayonunda da sosial məsələlərin həlli istiqamətində işlər görülür. Qeyd olundu ki,
uzun illər tikintisi
dayandırılmış xəstəxanada Dövlət Neft Şirkətinin vəsaiti hesabına təmir-bərpa işləri, demək olar, başa çatıbdır.
İndi yeni müasir avadanlıqla təmin ediləcəkdir. Üçmərtəbəli binadır və siyəzənlilərə yaxşı xidmət göstərəcəkdir.
Biz bu sahəyə də böyük diqqət göstərməliyik.
Azərbaycan iqtisadi cəhətdən güclənir və yaxın gələcəkdə öz iqtisadi potensialına görə nəinki regionda, eyni
zamanda daha böyük miqyasda aparıcı ölkəyə çevriləcəkdir. Bizdə bütün imkanlar var. Amma bununla yanaşı,
gərək insanlarımızın, vətəndaşlarımızın həyat səviyyəsi də yaxşılaşsın. İlk növbədə, təhsil, səhiyyə
sistemlərində, insanların gündəlik təmasda olduğu sahələrdə yaxşı nəticələr olsun. İndi bu nəticələri görürük və
burada istifadəyə veriləcək xəstəxana da məhz bu məqsədlərə xidmət edəcəkdir.
Siyəzən neft rayonudur. Siz məndən yaxşı bilirsiniz ki, Siyəzən rayonunun iqtisadiyyatının əsasını təşkil
edən neft sənayesidir və onun inkişafına da diqqət göstərilir. Ümumiyyətlə, neft sənayemizin inkişafı hamımızın
gözünün qabağındadır. 1994-cü ildə imzalanan ilk neft müqaviləsi bizə imkan verib ki, Azərbaycan öz
strategiyasını uğurla irəliyə aparsın. Bu strategiyanın nəticəsində Azərbaycana milyardlarla sərmayə
qoyulubdur. Adambaşına düşən xarici sərmayəyə görə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. Bir
neçə Şərqi Avropa ölkəsini qabaqlayır.
Neft sektoruna qoyulan böyük həcmdə sərmayələr Azərbaycanda bu sahədə fəaliyyət göstərən insanlarımızın
həyat səviyyəsini qaldırıbdır. 10 minlərlə yeni iş yerləri açılıbdır. Azərbaycanda yeni neft infrastrukturu
yaradılıbdır. Qazma qurğuları,
platformalar, neft kəmərləri və s. Bakı–Tbilisi–Ceyhan neft ixrac kəməri inşa
edilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, Heydər Əliyevin cəsarəti, siyasəti bu neft kəmərinin
tikilməsini də təmin edibdir. Yaxın gələcəkdə o, istifadəyə veriləcəkdir. Beləliklə, bu mərhələdə Azərbaycanın
qarşısında duran bütün məsələlər öz həllini tapacaqdır.
Bu siyasəti Azərbaycanda Heydər Əliyev aparıbdır və aparır. Ona görə yaşasın Azərbaycanın əbədi
Prezidenti, milli lideri Heydər Əliyev!
Biz, bu işlərlə məşğul olan şəxslər, sadəcə, bu siyasətin həyata keçirilməsində ona kömək göstərmişik, onun
yanında olmuşuq, bizə tapşırılan bütün vəzifələrdə çalışmışıq ki, onun etimadını doğruldaq. Çox şadam ki, biz
buna müvəffəq olduq. Bizə tapşırılan bütün vəzifələri ləyaqətlə yerinə yetirdik və görülən
işlər də göz
qabağındadır.
Azərbaycanı çox gözəl gələcək gözləyir. Azərbaycanda yeni iş yerləri açılacaqdır. Bu gün mənə məlumat
verildi ki, bu məsələ Siyəzən rayonunda həllini tapıbdır. İş yerlərinin açılmasına daha ehtiyac varmı? Bir az var.
Lakin mənə verilən məlumata görə, artıq burada bu problem o qədər də ciddi deyildir. Amma başqa regionlarda
bu problem mövcuddur və insanlarımızı incidir. Biz bu istiqamətdə işlərimizi aparacağıq və əminəm ki,
Azərbaycan xalqı yaxın gələcəkdə bunun nəticələrini görəcəkdir.
Böyük planlarımız var, böyük perspektivlərimiz, gələcəyimiz var. Bunu həyata keçirmək üçün, qarşımızda
duran planları reallaşdırmaq üçün Azərbaycanda Heydər Əliyevin siyasəti davam etməlidir. Azərbaycan xalqı
öz seçimini edibdir. 1993-cü ildə bu siyasətə öz səsini veribdir. Əminəm ki, növbəti seçkilərdə də bu siyasətə
səs verəcəkdir. İndi bu siyasətə alternativ yoxdur, ola da bilməz. Hər bir alternativ siyasət Azərbaycana böyük
faciələr gətirə bilər. Azərbaycanda yenə vətəndaş müharibəsi təhlükəsi yarada bilər,
ölkəmiz yenə xaosa,
anarxiyaya düçar ola bilər. Biz buna imkan verməməliyik. Azərbaycan xalqı buna imkan verməyəcəkdir.
Azərbaycan xalqı yaxşını pisdən çox gözəl ayıra bilir.
Bu gün bəzi tədbirlərdə Azərbaycan xalqına müraciət edib yalan vədlər verənlərə də, təbii ki, heç bir inam
yoxdur. Ona görə inam yoxdur ki, onların sözləri də yalandır, əməlləri də yalandır. Hakimiyyətdə olan dövrdə
məhz bu adamlar Azərbaycanı dağıdırdılar, talan edirdilər, qardaş qanı tökürdülər. Ona görə Azərbaycan xalqı
onlara "Yox!" deyib. Onların bir daha hakimiyyətə gəlməsi mümkünsüzdür. Azərbaycan xalqı Heydər Əliyevi
dəstəkləyir, onun siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.
Biz Heydər Əliyevin siyasətini davam etdirəcəyik, Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Bizdə
bütün imkanlar var. Bu gün burada istifadəyə verilən bu zavod bir daha göstərir ki, bizim əsas məqsədimiz
Azərbaycanın hər bir rayonunu, hər bir bölgəsini inkişaf etdirməkdir.
Keçid dövrünü yaşayan ölkələrin hansında inkişaf varsa –deyə bilərəm ki, bizimlə qonşu
olan bir çox ölkədə