53
QAZAXISTAN RESPUBLİKASINA
YOLA DÜŞMƏZDƏN ƏVVƏL
BİNƏ BEYNƏLXALQ HAVA LİMANINDA
JURNALİSTLƏRƏ MÜSAHİBƏ
1 mart 2004-cü il
S u a l:
Cənab Prezident, Qazaxıstana səfəriniz zamanı danışıqlar, əsasən, hansı məsələlər ətrafında
aparılacaqdır?
C a v a b: Əlbəttə, ikitərəfli münasibətlər haqqında danışıqlar gedəcəkdir. Bilirsiniz ki, iqtisadi əməkdaşlıq
ildən-ilə artır. Azərbaycan Qazaxıstan üçün, Qazaxıstan da Azərbaycan üçün vacib ölkələrdir. Energetika
sahəsində əməkdaşlıq, regionda vəziyyət haqqında da söhbət aparılacaqdır. Ümumiyyətlə, orada geniş səpkidə
müzakirələr gedəcəkdir.
S u a l:
Cənab Prezident, Qazaxıstanın Bakı–Tbilisi–Ceyhana qoşulmasının 2010-cu ilə qədər
ləngiyəcəyi barədə bu ölkənin rəsmiləri məlumatlar vermişdilər. Bu məsələ müzakirə olunacaqmı,
ümumiyyətlə, Qazaxıstanın bu layihəyə qoşulmasının perspektivləri necədir?
C a v a b: Hesab edirəm, əlbəttə, müzakirə olunacaqdır.
Çünki bilirsiniz ki, son illər ərzində bu məsələ çox
müzakirə edilir. Halbuki biz dəfələrlə bildirmişdik ki, Bakı–Tbilisi–Ceyhanı ancaq Azərbaycan neftinin
daşınması üçün inşa edirik. Buna baxmayaraq, regionun coğrafi vəziyyəti, əlbəttə, belə müzakirələri ortaya
çıxarır. Şübhəsiz ki, səfər zamanı bu məsələ də müzakirə olunacaqdır.
Biz istərdik ki, digər ölkələrin nefti Azərbaycan ərazisi ilə nəql edilsin və Azərbaycan bu baxımdan
tranzit
ölkəyə çevrilsin. Ancaq eyni zamanda, əminik ki, Bakı–Tbilisi–Ceyhanın səmərəli fəaliyyəti üçün
Azərbaycanda hasil olunan neft kifayət edəcəkdir.
Bilirsiniz ki, yeni yataqlar kəşf olunur. Gələcəkdə böyük həcmdə neft hasilatı gözlənilir. Ancaq hesab
edirəm, əlbəttə, Qazaxıstan üçün də mühüm olardı ki, onun da alternativ ixrac marşrutları olsun. Artıq bizim iki
marşrutumuz var. Üçüncüsü inşa edilir və hamımız görürük ki, bunun nə qədər böyük önəmi var.
S u a l:
Cənab Prezident, Xəzərin hüquqi statusu ilə bağlı söhbət aparılacaqmı?
C a v a b: Xəzərin statusu məsələsi iki ölkə arasında həll olunub, Qazaxıstanla Azərbaycan arasında saziş
bağlanıbdır. Amma biz hamımız
istəyirik ki, məsələnin hərtərəfli həlli mümkün olsun. Bu məsələ ilə bağlı
Qazaxıstanın, Azərbaycanın və Rusiyanın mövqeyi üst-üstə düşür. Biz bu məsələdə müttəfiqik. Əlbəttə, bu
məsələyə də toxunulacaqdır.
S u a l:
Cənab Prezident, vaxtilə prezident Nursultan Nazarbayev OPEK-ə alternativ bir təşkilat
yaradılması haqqında təklif irəli sürmüşdü. Buna Sizin münasibətiniz necədir?
C a v a b: Buna baxmaq lazımdır. Əgər Xəzər hövzəsindən çıxarılan və çıxarılacaq neftin həcminə nəzər
yetirsək, görərik ki, bu, OPEK-lə rəqabət aparmaq səviyyəsində deyildir. Amma gələcəkdə yeni yataqlar kəşf
olunarsa, hasilatın həcmi artarsa, yəqin Xəzər regionu ölkələri də dünya neft bazarına təsir göstərə bilərlər.
S u a l:
Cənab Prezident, Cenevrədə mühüm beynəlxalq təşkilatlar yerləşir. Amma orada bir
müddətdir Azərbaycanın nümayəndəsi yoxdur. Yaxın vaxtlarda təyinat gözlənilirmi?
C a v a b: Bəli, gözlənilir.
Mən bu barədə demişdim, bir neçə ölkədə, o cümlədən beynəlxalq təşkilatlarda
Azərbaycan nümayəndəlikləri açılacaqdır. Bu, xarici siyasətimizin uğurla aparılması üçün lazımdır. O
cümlədən, Cenevrədə, digər beynəlxalq təşkilatlarda nümayəndəliklər, eləcə də başqa ölkələrdə, ola bilər ki,
səfirliklər açılsın.
S u a l:
Cənab Prezident, Terri Devis Azərbaycanda səfərdə olanda parlamentdəki çıxışında belə bir
ifadə işlətdi ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olarkən üzərinə öhdəlik götürdüyünə
görə müharibə variantı istisnadır. Bu doğrudanmı belədir?
C a v a b: Belə bir öhdəlik var və bu öhdəliyi Azərbaycan və Ermənistan hökumətləri, eyni zamanda, bu
ölkələrdə fəaliyyət göstərən bütün siyasi partiyalar da öz üzərinə götürmüşdülər. Bu həqiqətdir və ölkələrimizin
Avropa Şurasına qəbul olunması üçün şərt idi.
Bizim də mövqeyimiz belədir və dəfələrlə bildirmişik, biz məsələni sülh yolu ilə həll etmək niyyətindəyik.
Amma, əlbəttə, bunun müəyyən müddəti olmalıdır. Yəni biz istəməzdik ki, bu proses əbədi xarakter daşısın. Hər
bir danışıqların aparılmasının həddi var. Ümid edirik ki, yaxın zamanlarda yeni
təkliflər olacaq və biz bu
məsələni ədalətli, beynəlxalq normalara əsaslanaraq həll edə biləcəyik.
S u a l:
Cənab Prezident, Terri Devis Sizinlə söhbətində bunun qurumda müzakirəyə nə vaxt
çıxarılacağı barədə bir söz dedimi?
54
C a v a b: Xeyr, demədi. Hətta biz soruşduq ki, məruzə nə vaxt hazır olacaqdır. Çünki bilirsiniz ki, bu məsələyə,
ilk növbədə, Avropa Şurasının Siyasi Komitəsində baxılmalıdır, ondan sonra sessiyaya çıxarılmalıdır. Bu barədə bir
söz demədi.
S u a l:
Cənab Prezident, Böyük İpək yolu dəhlizində yük daşımalarının həcmində azalma müşahidə
olunur. Amma alternativ yollarda, məsələn, İranda və digər yollarda artım müşahidə olunur. Bunun
səbəbi nədir, bu məsələyə baxılacaqmı?
C a v a b: Ola bilər azalmalar olsun. Amma inanmıram ki, bu belə bir ənənə xarakteri alsın. Çünki son illərin
təhlili göstərir ki, daşınan yüklərin həcmi ildən-ilə artır. O da deməyə əsas verir ki, bu dəhliz səmərəli işləyir.
Ancaq, əlbəttə, istərdik, daha da səmərəli işləsin, potensial da böyükdür. Azərbaycanın coğrafi-siyasi vəziyyəti
də bizə əlverişli imkanlar yaradır.
Hər halda, bir ilin göstəricisinə görə hansısa nəticə çıxarmaq düzgün
olmazdı. Amma təhlil etmək lazımdır ki, hansı səbəblərə görə bu azalma müşahidə olunur.
Əgər digər dəhlizlər işə salınarsa, inanıram ki, Azərbaycan bunlardan da kənarda qalmayacaqdır. Biz indi
çalışırıq ki, Şimal–Cənub dəhlizinə də qoşulaq. Ümidvaram ki, belə də olacaqdır. Bu halda, Azərbaycan üçün
bəlkə də böyük bir fərq etməz ki, yüklər hansı dəhlizlə daşınsın. Təki Azərbaycan ərazisindən daşınsın.
S u a l: Cənab Prezident, son zamanlar bir neçə kadr dəyişikliyi etdiniz. Bunlar hansı zərurətdən irəli
gəlirdi və belə bir nəticə çıxarmaq mümkündürmü ki, onlar həqiqətən də işlərinin öhdəsindən
gəlmirdilər?
C a v a b: Hesab edirəm, bu dəyişikliklər lazım idi.
Çünki ölkə yeniləşir, qarşımıza yeni vəzifələr çıxır. Yeni
sahələr yaranır və o sahələrdə gərək Azərbaycan mövqelərini gücləndirsin. Amma, eyni zamanda, çoxlu
vakansiyalar da var idi. O vakansiyalar çoxdandır boş qalmışdı və kadrların təyin edilməsi lazım idi. Mən də
bunu etdim. Əlbəttə, gələcəkdə zərurət yaranarsa, bu proses gedəcəkdir. Sağ olun.