174
Türkiyə prezidenti Əhməd Necdət Sezərin çıxışı
Dəyərli mətbuat nümayəndələri!
Dost və qardaş Azərbaycanın çox hörmətli prezidenti İlham Əliyev ilə keçirdiyimiz təkbətək və heyətlərarası
görüşlərdə ikitərəfli əlaqələrimizin bütün sahələrini müzakirə etdik. Siyasi və iqtisadi əlaqələr
başda olmaqla,
yüksək səviyyədə davam edən işbirliyimizin hər sahədə daha da inkişaf etdirilməsinin yollarını araşdırdıq.
Az öncə imzalanan birgə bəyanat və dəyərli sənədlər ölkələrimiz arasındakı yaxın əlaqələri daha da yüksək
nöqtələrə çatdırmaq arzusunda olduğumuzun ən gözəl göstəricisidir. Sarsılmaz təməllərə dayanan Türkiyə–
Azərbaycan əlaqələri günbəgün inkişaf edərək daha da sağlamlaşmaqdadır.
Hörmətli İlham Əliyev ilə keçirdiyimiz görüşlərdə ölkələrimizi yaxından maraqlandıran regional məsələlər
gündəmə gəlmiş, bu çərçivədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Cənubi Qafqaz
bölgəsində azərbaycanlı qardaşlarımıza böyük acılar çəkdirən məsələnin sülh yolu ilə çözülməsi üçün atıla biləcək
addımlar müzakirə olunmuşdur. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ probleminin
beynəlxalq hüquq
normalarına uyğun sülh yolu ilə həlli üçün əlimizdən gələn hər cür köməyi göstərməyə hazır olduğumuzu azər-
baycanlı qardaşlarımıza bir daha çatdırmaq istəyirəm.
Cənubi Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizlik və işbirliyinin qurulması sahəsində hörmətli İlham
Əliyev ilə eyni fikirdə olduğumu görməkdən məmnunam.
Görüşlərimizdə ölkələrimiz arasındakı işbirliyinin ən gözəl nümunəsini göstərən Bakı–Tbilisi–Ceyhan neft
kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri haqqında fikir mübadiləsi apardıq. Bakı–Tbilisi–Ceyhan
xəttinin inşasındakı irəliləmələrdən və ilk neftin 2005-ci ildə Ceyhana çatdırılacağından məmnunluğumuzu dilə
gətirdik. Bütün dünyanın yaxından izlədiyi bu layihələrlə əlaqədar birgə çalışmalarımız ölkələrimiz arasında
mövcud olan əlaqələri inkişaf etdirərək, bölgəmizi güclü və təhlükəsiz bir gələcəyə aparacaqdır.
Hörmətli İlham Əliyevin ölkəmizə prezident kimi gerçəkləşdirdiyi bu ilk ziyarət Türkiyə ilə Azərbaycan
arasındakı yaxın dostluq əlaqələrinin daha da inkişafına və Cənubi Qafqaz bölgəsinin sülhə qovuşmasına təkan
verəcəyinə inanıram. Bir daha təşəkkür edirəm.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli xanımlar və cənablar!
Hörmətli mətbuat nümayəndələri!
Azərbaycan Respublikasının prezidenti kimi mən Türkiyəyə ilk səfərə gəlmişəm. Bu səfər
çox uğurla həyata
keçirilir. İlk növbədə, Türkiyə Respublikasının cümhurbaşqanı, qardaşım Əhməd Necdət Sezərə məni Türkiyəyə
rəsmi səfərə dəvət etdiyinə görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Mənə, bizim nümayəndə heyətimizə
göstərilən diqqətə və qonaqpərvərliyə görə bütün türk qardaşlarıma minnətdaram.
Bu gün biz Türkiyə–Azərbaycan münasibətlərinin gələcək perspektivlərini ətraflı müzakirə etdik. Bir daha
əmin olduq ki, ölkələrimiz arasında əlaqələr, münasibətlər uğurla inkişaf edir. Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən sonra onu ilk tanıyan Türkiyə olmuşdur. O illərdən bu vaxta qədər ölkələrimiz arasında əlaqələr
ilbəil güclənir, inkişaf edir. Ölkələrimiz bütün sahələrdə uğurlu işbirliyi aparır və bu,
təkcə ölkələrimiz üçün
deyil, bütün bölgə üçün önəm daşıyır.
Türkiyə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla daim
birlikdə olubdur, Azərbaycanın yanında olubdur. Bugünkü görüşlər, danışıqlar bunu bir daha göstərir. Bu
münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini
tapmalıdır. Yəni, hörmətli cümhurbaşqanın qeyd etdiyi kimi, mərhələli yolla öz həllini tapa bilər. Çox şadıq ki,
artıq beynəlxalq ictimaiyyət də məsələyə bu prizmadan yanaşmağa başlayıbdır. Əminik ki, əgər bu məsələ ilə
məşğul olan qurumlar, beynəlxalq təşkilatlar da
bu nöqteyi-nəzərdən yanaşsalar, problem tezliklə öz həllini tapa
bilər.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişafı göz önündədir. Mən burada qeyd elədim
ki, üç gün bundan əvvəl Bakıda Atatürk Mərkəzi açılmışdır. Prezident Heydər Əliyev tərəfindən qərar
verilmişdi ki, bu Mərkəz açılsın. Çox şadam, xoşbəxtəm, bəxtiyaram ki, bunun açılışını etmək
mənə nəsib
olmuşdur. Türkiyədən gələn heyətlə birlikdə biz bu Mərkəzi açdıq. Bütün türk dünyasının ulu öndəri Mustafa
Kamal Atatürkün tarixi irsi orada öyrəniləcək və təbliğ ediləcəkdir.
İqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Türkiyə ilə Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Ölkələrimiz
son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə etmişdir. Azərbaycanın iqtisadiyyatı hər il orta hesabla 10
faiz artır. Türkiyə iqtisadiyyatının da artımı bizi çox sevindirir. Bu, deməyə əsas verir ki, ölkələrimizin iqtisadi
potensialı gücləndikcə, iqtisadi əlaqələrimiz də güclənəcək, mal dövriyyəsinin həcmi artacaqdır.
Beləliklə,
ölkələrimiz daha da səmərəli işbirliyi, əməkdaşlıq edəcəkdir.
175
Əlbəttə, bu məsələdə Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi-Ərzurum qaz kəmərlərinin uğurla tikilib
istifadəyə verilməsi böyük önəm daşıyır. Bu təkcə iqtisadi məsələ deyil, həm də bölgədə yeni bir mühit
yaradacaqdır. Bölgəyə sülh,
təhlükəsizlik, əmin-amanlıq gətirəcəkdir. Biz hamımız səbirsizliklə o günü
gözləyirik ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin və Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin açılışında iştirak
edək. Bu günlər uzaqda deyildir. Əminəm ki, yaxın zamanlarda biz buna nail olacağıq.
Bir daha qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında heç bir problem yoxdur. Həll olunmayan məsələ
yoxdur. Biz Türkiyə tərəfindən daim dəstək, yardım, diqqət görmüşük. Münasibətlərimiz daim qardaşlıq,
dostluq prinsiplərinə söykənibdir. Biz bu prinsiplərə sadiqik.
Hörmətli Cümhurbaşqanı, mən Sizi və bütün qardaşlarımızı bir daha ürəkdən salamlayır
və nümayəndə
heyətimizə göstərilən diqqətə, məhəbbətə, qonaqpərvərliyə görə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sağ
olun.
* * *
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 13-də onun üçün ayrılmış iqamətgahda – Camlı
köşkdə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkökü qəbul
etmişdir.
Söhbət zamanı ölkələrimizi maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.