49
suların yatan vədəsi olmurdu. Dalğalar Qoca «Muğan» gəmisinin həmişə burnuna döyürdü elə
bil qəsdi vardı, onu həmişə gecikdirirdi. «Muğan» hərdən, Xəzərin şimalında, ala çalpo ilə
üzləşirdi. Dənizin başında qış gülür, ortasında payız ağlayır, ayağında hələ də keçməmiş yay
istiliyi yandırırdı. Cavanşirin üzü üç mövsümdən keçən səfərlərin heç birində gülmürdü.
Əvvəllər ev-ailə dərdini ürəyində çəkən, gəmidə hamını kefiköklər, damağıçağlar təki dindirən
kişinin səsi indi ancaq əmrlərdə, göstərişlərdə, iclaslarda eşidilirdi. Hamı hiss edirdi ki, bu da bir
vəzifə borcudur. Yerinə yetirir, məcburiyyətdir, rəsmiyyət xatirinə deyilən sözdür, edilən
tələbdir. Dilində, səsində acılıq vardı, qəzəb vardı, üsyankarlıq vardı, amma «bir təsbehin» üç
qara muncuğunun bu yağ şaqqıltısı çətin duyulurdu. Kapitanın niyə belə dinib-danışdığı, niyə
belə oturub-durduğu barədə heç kim bir-birindən soruşmurdu, söhbət salmırdılar, sanki hamının
xəbəri vardı, bilirdilər. Ancaq Tosunun yadından çıxmırdı, sanırdı ki, yəqin, Həlimətin vəziyyəti
ağırlaşıb, hörümçəkdən can diləyən Peykan da xəstələnib, bir gözü ağlayan, bir gözü gülən
Cavanşirin «bacı piri», «övlad piri» olmayacaqdı. O, kimsəsiz evə necə gedəcəkdi? Haçansa
güləcəyini, sevinəcəyini gözlədiyi evdə necə dayanacaq, necə duruş gətirəcəkdi? «Bacısının»,
«qardaş» deyib onu çağıran səsinə, balasının «Ata!» harayına – divarlarda qalan, o gələndən
gələnə dillənən sədalara necə qulaq asacaqdı, necə dözəcəkdi? Gecə yarıdan da keçmişdi, Tosu
hələ də yatmamışdı. Divandaca geyinəcəkli uzanmışdı. Onu gah divanın söykənəcəyinə sınan,
gah da yerə-döşəməyə atmaq istəyən ləngərdə də çisəkli payız gecəsinin zülmətində də, küləyin
ulartısında da, antenaların vıyıltısında da elə bil inadkar bir aqilin qabilin təkidi vardı, Tosuya
deyirdi ki, nə olsun o böyükdür, səninlə könül söhbəti eləyən deyil, dərdini sənə danışıb
yüngülləşmək istəmir, Cavanşir kişini tanımırsanmı? Bilirsənmi öz yükünü özü götürəndir, o acı
«paydan pay» verib heç kimin əhvalını pozan deyil. Dur yanına get, utanma, dərdini soruş. O elə
böyükdür ki, xətrini istədiyi kiçiyin qayğı kölgəsində dincəlmək istəyər, nəvaziş günlərində
yatmaq istəyər. Tosu qalxdı. Keçid körpüsünün məhəccərindən tuta-tuta ağ yallı dəniz
köhlənlərinin kişnəyə-kişnəyə başqa göyərtəyə happanışından qaça-qaça dəhlizə girdi.
Ayaqlarının ucunda kapitanın qapısına yaxınlaşdı, şəhadət barmağını qatladı, qolunu qaldırdı,
lakin əlini yanına saldı. Yavaş-yavaş göyə qayıtdı. Dəhlizin o başında dayandı, bir də dala
döndü, ehmallıca addımladı. Həmin qapı ağzında bir də ayaq saxladı. Qolu yenə çətin qalxdı, əli
asan endi. Bu vaxt kimsə şturman budkasından içəri, dəhlizə, sallanan trapla gurultu sala-sala
enməyə başladı. O, artırmaların ikisini bir eləyə-eləyə düşəndə Tosu uclandı, nə qədər cəld
tərpənsə də, kapitan onu gördü. – Bu vaxt burda neynirsən? Tosu büzüşdü:
– Heç...
– Sözün vardı?
– Xeyr.
– Bəs... Kapitanın da sorğusu yarımçıq qaldı, çünki o özü də bilmədi ki, daha nə
soruşsun. Fikrini, sualını dürüstləşdirənə kimi Tosu eşiyə çıxdı. Dəniz ayqırlarının kişnəşdiyi,
gəmirişdiyi «meydanın» üstündən keçib öz kayutuna gəldi. Yenə də divana uzandı. Onu bir həya
istiliyi bürüdü. «Mən nə axmaq adamam!» – deyib yumruğunu alnına vurdu. Kapitan mənim
tayım – tuşumdu?! Gedim deyim: niyə bikefsən? «Aşına-aşına gedib çıxar təndir başına» mənim
kimisinə deyiblər. Üz görəndə astar da istəyirəm. – Acı-acı gülümsündü. Heç ağsaqqallar da
gedib öz tay-bərabərinin əhvalını mənim təki şəstlə xəbər ala bilmir, amma Allahın yumurtadan
dünən cırt eləyib çıxan Tosusuna bax!» Qapı döyüldü, o saat da açıldı. Kapitan içəri girdi. Tosu
dik sıçradı. Cavanşir divanda əyləşdi, Tosuya da yanında yer göstərib: «Otur!» – dedi. Tosu
əyləşdi ki, arxası divanın başaltısına yapışdı, bir-birinə sıxılmış dizləri ilə Cavanşirin qılçası
arasında bircə qarış yer qalsa da, başı xeyli uzaqda idi, əlləri boğuşurdu. – Ərkinazla indicə
danışdım. – Kapitanın gözlərində sanki təzə bir sabah açılırdı, üfüqün dan qızartısı çöhrəsinə
yayılmışdı, bəxtinin sifətindəki qaralığı əriyirdi, taleyinin üzündəki qırışlara dolub qalan zülməti
pərən-pərən düşməyə başlamışdı. Tosu bircə atımlıq, bircə tutumluq bir heyrətlə baxdı: dənizin
ortasından (sahillə necə danışmaq olar, özü də xəstəxana ilə)... Kapitan onun nə üçün
təəccübləndiyini duydu: – Tosu bala, – dedi, – bizim hava telefonunun əlində nədir ki!.. Lap
50
dünyanın o başıynan da danışmaq olar... Ülfət bacının özünü də çağırtdırdım. Kapitan telefonda
eşitdiyi «ahı» xatırladı. Telefon elə bil bir ana alqışını ürəyindən, köksündən çəkib gətirmişdi.
Cavanşirə elə gəlmişdi ki, bu min sözlü, min səsli bir nidaya telefonda qulaq asmır, bu, bir
görünməmiş quşdur, möcüzədir, təkcə onun gözlərinə görünür. Görür ki, bu quş müjdədir, topa
buludlarından ox təki keçir, uçuşunda azadlıq var, kandan məkana süzülür, kam yuvasından
nakam budağına şığıyır, o budağa qopacaq, o budağın da yazda tökülən yarpaqlarının yeri qışda
puçurlanacaq, qışda yaşıl yarpaqlar düzüm-düzüm olacaq, yarpaqlar nəğməyə dönəcək, bir ömür
oxunacaq bu nəğmə, susmayacaq bu nəğmə... – Beş-altı gündən sonra xəstəxanadan çıxacaq.
Kapitanın gözlərindəki o sabah yavaş-yavaş söndü, onun yerində qurub sarılığı qaldı. Tosuya elə
gəldi ki, kapitanla bu görünüşün ömrü bir neçə dəqiqə olmadı, bir sübhlə bir şər qarışanın arasını
tutdu, Şərqlə Qərbin intəhasız dərinliyini doldurdu, amma indi axşam düşəcək, yer layla çalacaq
bu qaranlığı, göy dünyanın bu qara parçasının üstünə ulduzlardan bəzək vuracaq, qaranlıq bu
hörməti, ehtiramı götürməyəcək, hiddətlənəcək, çovğun, tufan qalxacaq, dünyanın hər addımını
bir boğanacaq sökməyə, dağıtmağa başlayacaq. – Tosu, atana niyə məktub yazmamısan? Elə bil
o boğanağın biri bu sözlər idi, Tosunu göyə çəkmək istəyirdi. O, belə qəfil xəncər yarası
gözləmirdi. Belə qəfil ildırım, sel gözləmirdi. Xəncər ürəyinə saplandı, ildırım başına düşdü, sel
heysiz varlığını qayalara, daşlara çırpa-çırpa aparmağa başladı... Güdmülün oğlu da, Tosu da
imtahandan kəsilən günün axşamı nabələd küçələrdən keçə-keçə dəmiryol vağzalına yönəldilər.
Tosu kəndə getməyəcəkdi, Güdmülün oğlunu yola salacaqdı, özü isə oranın gözləmə salonunda
gecələyəcək. Səhər tezdən də məktəbin divarında oxuduğu elana görə Xəzər Gəmiçilik İdarəsinə
yollanacaq, göndəriş vərəqi alacaqdı... Gurultulu gur bir küçədə milisioner fiti hamını ayaq
saxlamağa məcbur etdi. Təkcə iki uşaq özünü səkillərdə, divarların dibində küt getmiş kündələrə
oxşar insan topalarına ata-ata gizləməyə, yayınmağa çalışırdı. «Onları tutun!» – nidalarını
eşitməyən yox idi. Uşaqların hərəsinin əlində bir kömbə çörək vardı. Çörəyi sinələrinə
sıxmışdılar, elə bil ürəkləri idi, ürəklərini qoruyurdular, ürəklərini götürüb qaçırdılar. Heç kim
tutmurdu, saxlamırdı onları, əksinə yol verir, təngənəfəs milis işçilərinə qəsdən mane olur,
milisionerləri öz «çaşqınlıqları», «bilməməzlikləri»lə ləngidirdilər. Uşağın biri özünü Tosunun
yanından həyətə saldı. Tosu qurcalandı, vurnuxdu, karıxmış halda izdihamın içində irəli, geri
yeridi, qorxdu ki, ondan soruşalar: «Sənin yanından hara getdi? Sən görməmiş olmazsan, düzünü
de!» Bir kömbə çörəkdən ötrü qan-ürək olan öz tay-tuşunun yerini necə deyəydi?! Bəlkə ata-
anasız, yetim qalmış bir sürü körpə uşağın böyük qardaşı idi, onlar «çörək!» deyib ağlaşırdılar?
Bu tutulsa, yaxalansa onların axırı hara çıxardı? Bir qapı bağlanmazdımı. Bir bölük körpənin
boğazına bıçaq çəkilməzdimi, başı kəsilməzdimi?! Tosu addımlarını yeyinlətdi ki, o yerdən çox
aralansın. Küçədə dayanan, yeriyən tamaşaçıların içində ondan yeyin gedən yox idi, gedişi
gözdən-qulaqdan uzaq olmağa çalışanın gedişinə oxşayırdı. Tosunu yaxaladılar... milis maşınına
mindirdilər. Onun andına inanmadılar. «Orda baxarıq, – dedilər, – hələ yoldaşının da ad-familini,
ünvanını söyləyəcəksən.» Elə həmin gecə də Tosunu buraxdılar. Güdmülün oğluna ağzı çatmadı.
Bəlkə də o Tosunun «tutulduğunu» aralıdan görmüşdü, qorxusundan yaxın gəlməmişdi, gedib
kənddə də demişdi ki, «ətəyi ələ keçdi, o yerdən çətin qurtarar.» Bəlkə də «mən onu şəhərdə
itirdim, ikimiz də bir gələsi idik, yəqin, xətadan uzaq olmadı» söyləmişdi. Allah bilir, bəlkə də
elə bir uydurma düzəltmişdi ki, Tosu yüz il fikirləşsə, tapa bilməzdi. Tosu indi gözlərini döyə-
döyə qalmışdı. Sözün düzünü kapitana necə desin? Bəs o, Tosunun öz atasının bir quruca kağızla
itirib-axtarmadığını kimdən eşitmişdi? Cavanşir gördü ki, Bosu bir asanın çətinliyi, dolaşığı
içində çırpınmaqda, bir yüngülün ağırlığı altında inləməkdədir, xırdalamağa başladı: – Neçə ay
imiş ki, atan səni axtarırmış. Yazmadığı nazirlik, soruşmadığı idarə, xəbər almadığı təşkilat
qalmayıb. Dünən ona yaxşı bir cavab yazdım, yola saldım. Yazdım ki, Tosudan nigaran olma,
Mehdi, Tosu mənim - Nazlının köhnə qonşusu Cavanşirin yanındadır. Nazlıgildə səninlə gecə
saat dördə qədər söhbət edən, sonra isə dənizə – gəmiyə yollanan Cavanşirin!.. Tosunu elə bil
paltarlı-palazlı qaynar qazana salıb çıxarmışdılar. Hiss edirdi ki, kürəkləri, başı buğlanır, canında
hələ də bir qızdırma havası gəzir. Kapitan onun danışası halda olmadığını görüb söhbətini
yarımçıq qoymadı: