37
yağlıymış, acısı necə şirinmiş... Tosunun nə üçün dillənməməyi elə bil kapitana bəlli imiş,
gülümsündü:
– Əvvəllər sevirdin, indi yox, eləmi? Tosu hər əlini bir dizinin üstünə qoyub şəkil
çəkdirən adam kimi oturmuşdu, başını tərpətdi. – Eybi yoxdur, yenə sevərsən. Eşitdiyimə görə
yetimsən, düzdürmü? Tosunun gözləri bərələ qaldı: kapitan bunu hardan bilirdi? – Ərkinaz dedi.
Tosu udqundu: – Axı, mən ona da... – Boğazı tutuldu, yenə açıldı: – Mən ona... – Boğazı bu dəfə
kilidləndi, nə qədər çalışdısa səsini gətirə bilmədi. Onu bu əzabdan kapitan qurtardı: – Yəqin
duyub. O, çox həssas qızdır. Hə, get bir ərizə gətir, kapitan fondundan sənə pul yazacam, Bakıya
çatanda alarsan. Tosu qıpqırmızı qızardı. Onu tər basdı. Başından buğ qalxdığını hiss etdi.
Kapitan pencər kimi sıxılan bu oğlanı öz kayutunda çox saxlayıb çox utandırmaq istəmədi: –
Bosman nə desə, sözünə bax, kapitan nastavnik gələndə imtahan verərsən, səni matros keçirərik,
ondan sonra... – Cavanşir gülümsündü, – öz aşının suyunu özün verərsən. – Qalxdı, əlini
Tosunun kürəyinə yatırtdı. Tosu da durdu. Kapitan onu, əli də kürəyində, qapının ağzına kimi
yola saldı. Tosu ayaq saxladı. Ürəyinə bir ərköyün söz gəldi. Bir istədi deməsin, amma o
kəlmələr Tosudan güclü çıxdı, kapitanın həlimliyi, mehribanlığı ilə yumşalan pilə inadını qırdı: –
Ələmdarla bir kayutda olmaq istəmirəm. Kapitan gülümsədi. – Baş üstə, düzələr. Bu saat
tapşıraram.
* * *
Tosuya ikinci mərtəbədə kayut vermişdilər. İki tərəfə açılan aynaları vardı. Qabaqdakı
aynadan baxanda baş göyərtə, gəminin ortası, keçid körpüsü, dor ağacları, yan aynadan baxanda
isə dəniz görünürdü. Bu kayut bir adamlıq idi. Deyirdilər ki, qonaq kayutudur. Bu kayutun
çarpayısı da, stol-stulu da, pərdələri də yaxşı idi; burada bir divan da, paltar şkafı da vardı. Onun
kayutuna hamıdan qabaq Ələmdar gəldi. Tosunu qucaqladı, sıxdı, bir dəfə fırlayıb yerə qoydu.
Kürəyinə bir yağlı şapalaq vurdu, qolunun birini dirsəkdən qatlayıb koğaya döndərdi, onun nazik
boynunu bu koğaya aldı, Tosunu gülə-gülə, şadlana-şadlana incitdi. Tosu bu saxta istəyin, bu
saxta mehribanlığın içində bir az da kinləndi, ürəyində, elə bildi təmiz ağ paltar geyinib, ona
mundar yapışır, bu mundarın ləkəsi onun əyin-başından çətin təmizlənəcək, çətin silinəcək.
Nəhayət, Tosunu buraxdı, özünü yumşaq divanın üstünə atdı. Ətli üzündəki gözləri işım-işım
işıldadı. Sonra bir əlini qaldırıb onun çiyninə şappıldatdı: – Məndən niyə gizlədirsən, a lotu?
Tosu mat qalmışdı, çünki bu Ələmdar o Ələmdar deyildi, şam olub Tosunun gözünün qabağında
yanmaq, yana-yana əriyib itmək istəyirdi. – Nəyi? – Kepnən qohumluğunu.
– Heç nəyim deyil. Ələmdar boğazını irəli uzadıb Tosunun qulağına pıçıldadı, sanki
tünlüyə düşmüşdülər, ikisinin bir sirri vardı, çox otursalar o gizli iş, əməl açılacaqdı, durub
aradan çıxmalı idilər: – Elə yox, de ki, heç nəyi deyiləm, axı o səndən çox böyükdür, yaş da,
vəzifədə də. Özünü kiçiklikdə , onu da həmişə böyüklükdə saxla. Böyük yolunu gözləməsən,
böyüyə bilməzsən. Hihildədi. Hər ovurduna elə bil bir alça almışdı, ovurdları qalxıb gözlərini
örtdü. Əlini irəli uzatdı. Tosu «üstünü gəlmədi», gülüşünü xıxırda-xıxırda yatırdan boğazı açıldı,
ağzından bir quş parıltısı uçdu. Alçalar aşağı sürüşdü, suya düşmüş qara muncuq təki parıldayan
gözləri güclə sevilən bir pərtliklə pərdələndi: – Üstünə diri ilan da salsalar, boynuna götürmə, o
kişinin şanına kəsir gətirir. Burda elə bic əlləm-qəlləmlər var ki... İllah da Ərkinaz...
Təkcə mən bilmişəm, mən də bu sirri özümlə gora aparacam. Nahaq söz necə ağır
olarmış. Tosu bu ağırlığın altından çıxmaq istədi: – Vallah, qohum-zad deyilik. Yetiməm, mənə
yazığı gəlir. Ələmdarın alçaları yenə qalxdı, gözlərini yenə örtdü. Gözlərini islaq muncuq
parıltısı bu dəfə qaçağan, oynağan bir fəxrlə dövrələndi: – Yeri düşəndə məndən də de. Axı, mən
dənizçilik məktəbini bitirmişəm. İstəsə, irəli çəkər. Mən də səni. Dünya belə qurulub, qardaş.
Kənd adamısan, bilirsən ki, arabanı kəl çəkir, çərgov da bərk ayaqda köməkdir. Gərək hamısını
saz saxlayasan ki, dara düşəndə göylərdən kömək ummayasan. Tosu quruyub qalmışdı. Bilmirdi
daha necə and içsin, onu necə inandırsın ki, kapitanı bu gəmidə görüb, bu gəmidə tanıyıb, onların
heç bir qohumluğu çatmır. Ələmdar qımışdı: – İcazə ver, bu divanına uzanıb, bir az dincəlim.
Böyüklərin yerində dincəlməyin ayrı ləzzəti var. Tosu dillənmədi. Ələmdar yaylı divanda
yırğalandı, özünü atıb-tutdu:
38
– Bəh... bəh... kef çəkəcəksən.
– Qalxıb oturdu, heyrətlə dilləndi: – Ə, bu Ərkinaz nə yaman bic imiş, ə!.. Ona özün
demisən? Tosunun canı boğazına yığılmışdı, qeyzlə səsləndi: – Heç nə deməmişəm!
– Özü gəlib dimdiyinə keçib, qorxma. Dalında da o boyda arxan, nə vecinə!.. Tosu daha
dözmədi, ayağa qalxdı. Araya boz bir sükut çökdü. Bu qeyzli, qəzəbli səssizlik Tosunun üz-
gözündə qaynadı, daşdı, kayutu doldurdu, Ələmdarı da bozartdı. Lakin Ələmdarın boz-bozaraq
sərtlikdə, bu şaxtalı havada üşüməyən, qılığını, qırımını itirməyən həlim səsi eşidildi: – Baş üstə,
Tosu... Baş üstə... Onun dönüşü, çevrilişi, qapıya sarı gedişi, qapıdan çıxışı da yumşaq oldu,
nəzakətli, ədəbli oldu, boz sükutun boz sərtliyinə atılan addımları da elə bil beşikdə yatan körpə
yanına yönələn ana yerişi idi, istəmirdi körpəsi vaxtsız oyansın, vaxtsız ağlasın, bir yuxu
kürlüyü, bir ərköyün dəcəlliyi vaxtlı yazın bir dünya ətrini, bir dünya təravətini dağıtsın, küskün
salsın. Tosunu bu gün yaman işlətmişdilər. Baş göyərtənin üçdə birinin rəngini, pasını
təmizləmişdi. Polad iskənə ilə fətir qalınlıqda rəngi qazıyıb qoparmaq, sonra da oranı polad
qaşovla qaşovlamaq, ağardıb parıldatmaq asan idimi?! Bütün günü dizləri üstə düşüb bütün
ağırlığını qollarına, bütün gücünü əllərinə yığa-yığa polad lövhələrin «gönünü» soymaq onu
xurd-xəşil eləmişdi. Qollarının, qıçlarının ağrısını, zoqqoltusunu itdən ayrılandan sonra hiss
etmişdi. Çarpayıya üzüqoylu necə düşmüşdüsə, eləcə də yatıb qalmışdı. Qapını döyüb şam
yeməyinə çağırıldığını da eşitməmişdi. Gecəyarı oyandı. Qalxıb işığı yandırdı. Stolun üstündə
bir nimçə aş, qaşıq, ikicə parça çörək, bir stəkan da kompot gördü. Bunları, yəqin ki, Ələmdar
gətirməmişdi, yemək-içməyin düzülüşündə qadın, qız səliqəsi vardı çünki qab-qaşığın altına
sığallı ağ kağız sərilmişdi. Tosuya elə gəldi ki, bunlar Ərkinazın qayğısıdır, lakin bu qayğıda
qəmli bir bayatı oxunur, əvvəlki istək yoxdur, əvvəlki şuxluq yoxdur, bu qəmli bayatı ömrü boyu
oxunacaq, hara getsə onunla gedəcək, getdiyi yerlərin göyləri də həmin bayatını gəzdirəcək,
həmin bayatını çağıracaq, ancaq bu bayatını təkcə Tosu eşidəcək. Bu bayatı Ərkinazın üzündə
həmişə hönkürəcək, gözlərində həmişə ağlayacaq, səsində, nəfəsində yetimlənəcək, bu bayatını
yayın istisi də üşüdəcək. Tosu bu bayatıdan qaçmaqmı istədi, dərdini, qəmini kayutda qoyub
gedənin özünü axtarıb tapmaqmı istədi, eşiyə çıxdı. Dəhlizdən orta göyərtəyə adladı. Məhəccərə
söykəndi. Göydə dükcə-dükcə buludlar vardı. Bu dükcələr lopa-lopa kösöv güllərinə, ulduzlar da
bu güllərin altından işarə qora, çınqıya oxşayırdı. Ay bu dükcələrin üstündən ağır-ağır keçirdi.
Dəniz uzaqlarda qapqara görünürdü, yaxında tala-tala işıqlanırdı. Gəmi getdikcə bu işıqlı
talaların biri itir, digəri peyda olurdu. Gəmi dənizə elə bil ütü çəkirdi. Dor ağacının başındakı bir
yaşıl, iki qırmızı işıq sanki göydən asılmışdı, görünməz bir əl onları göydə saxlaya-saxlaya gəmi
ilə bərabər irəli aparırdı. Meh dəydi, Tosunun qollarında uyuyan zoqqultular bir də oyandı.
Mühərriklərin məhəccərdə də çırpınan döyüntüsü bu sızıntıları bir az da artırdı. Tosu
üşürgələndi. Xəfə kayut, isti yataq onu özünə çəkdi. Geri dönmək istəyəndə kiminsə keçid
körpüsü ilə gəldiyini gördü. Tanıdı, Ərkinaz idi. Tosu tərpənmədi. Ərkinaz trapla yuxarı yanına
qalxdı. – Nə gec oyandın, Tosu? Aynadan baxırdım... Tosu yönünü ona sarı çevirdi. Ağ üzü
haləli gördü. Bu halə qara saçların qaranlığı ilə dövrələnmişdi, ağ sinəyə axmışdı, qırmızılığı
sezilməyən donunun qaralığından çıxa bilməmişdi. Gözlərinin alasında bir hiddət ağarırdı, ağ
üzün, ağ sinənin məlhəm haləsinə kin yayırdı. Tosuya elə gəldi ki, Ələmdar ona nəsə deyib, özü
də Tosudan deyib. Deyib ki, Tosu kapitanın qohumudur, sən də adamlıq eləyib onu «Üzən
şəhər»ə aparmısan, yedirib-içirmisən, o da gəlib çənəsini boş qoyub, ağzına gələni danışıb. Guya
orda kefə baxmısınız. Guya əmiş-qəmiş olmusunuz. Əşi, dili var, ağzı yoxdu sandığımız gədənin
söylədikləri bəyəm deyiləsidir deyəm?! Uzun həngamə!.. Tosu bu fikrinin gerçəkliyinə elə
inandı ki, Ərkinazın ağzını aramaq istəmədi, özünə, gücünə güvənən kişi kimi dilləndi: –
Ələmdarı sən tanımırsan?! Bu nə cavab idi? Bu sözün yeri idimi? Ərkinaz ona bir az da
yaxınlaşdı: – Ələmdarı? Tosu onun sözünü tez kəsdi:
– Qələt eləyir! – Sənə düz deməyiblər, Tosu. – Mənə heç kim heç nə deməyib, özüm başa
düşmüşəm. – Nəyi? Tosu ağlına gələni dilinə gətirə bilmədi. Ərkinazın gözlərində parıltı gördü.
Bu parıltılar süzüldü, gözlərindən üzüldü, yanaqları aşağı axdı. O ağlayırdı. Demək, Ələmdar
kapitana Tosunun fikirləşdiklərindən də pis danışmışdı. Kapitan da, yəqin ki, hər sözü Ərkinaza