29
başladı, ona görə də səksəkəli səslə, ətəyindən yapışmaq istədiyi adamı çağıran bir avazla
dilləndi: – Mehdi, nəyi?.. Nəyi, Mehdi?.. – Katibin bilməyi vacibdir. O razı qalandan sonra
camaat nə deyəsidir? Nazlı dillənmədi, lakin Tosunun ürəyində bir acı soğan göyərdi: bir sözlə,
bir səslə yüzü birdirmi? Tosunun yadına Rəhim kişinin uzaq bir qohumu düşdü. Şəhərdə
zavodda işləyirdi, şəhərdə yaşayırdı. Uşaq vaxtı tramvayın yanınca yüyürmüşdü, yıxılmışdı,
tramvayın təkəri ayağının birini xırp kəsmişdi, ona görə əsgərliyə aparmamışdılar. Hərdən
Rəhim kişigilə gəlirdi. Deyirdi, ay əmi, maşallah, hind quşunu çoxaltmısınız, qapı-baca tutmur.
Rəhim kişi də hind quşlarını gözləri ilə yeyən qohumuna baxmaya-baxmaya and içirdi: «Rəhimi
yuyub qəbirə qoyasan ki, bizim bir fərə, bir xoruzumuz var, qalanı qonşularındır. Yoxsa bir
qanadlı nəmənədir?!» Qohumu gülürdü. Gülüşü elə bil beləcə deyinir, beləcə danışırdı: «Hansı
Rəhimi? Kənddə nə çox Rəhim!.. həm də, ay rəhmətliyin oğlu, biz görmüşük ki, az çoxun yanına
gedər, sənin bu bir cütün pirdir, nədir, qonşularınkı sizinkilərin başına yığışır?» Qohumu bu
danışan gülüşünü Rəhim kişiyə sarı ötürəndən sonra şaqqıldayardı, əlini-əlinə vurub uğunardı... –
Camaat bu bir adama bircə yaxşılığına onların hamısına pisliyin kimi baxsalar, burda, bu kənddə
nə xətir-hörmətin?
– Elə baxmazlar.
– Təki sən sarıdan ağızları əyilməsin, yaman kinli camaatdır. – Nazlı əlini Mehdinin
üzünə endirdi, üzündə gəzdirdi, sanki məxmər sığallayırdı. Əli od tutub yanırdı, lakin o, bu
yanda büzüşdü, səsi uçundu: – Elə qorxuram ki... Elə üşüyürəm ki... Tosu isə Rəhim kişinin
həyətindən qalxan taqqıltıya qulaq asırdı. Elə bil həmin gün idi, o qohum indi də gülürdü, indi də
uğunurdu, Tosu da, Rəhim kişinin uşaqları da çantalarını götürüb məktəbə yollanırdılar. Zəng
içəri vurulurdu. Hamı siniflərə doluşurdu. Müəllim içəri girən kimi ayağa qalxırdılar. O, adları
oxuyurdu. Uşaqların birini yazı taxtasının qabağına çağırırdı. Dərsi danışdırırdı. Uşaq
«bədəvilər» deyəndə müəllim onun sözünü kəsir, düzəliş verirdi: – Bədəvilər yox, dəbəvilər!
Düz de! – Dərs danışan da, oturanların hamısı da donuxub qalırdılar. Müəllimin üstünə hər
gözdən bir heyrət axırdı. Müəllim vecinə almırdı, israr edirdi:
– Düz de – dəbəvilər. Uşaq dillənmirdi. Müəllim hirslənirdi. – Eşitmədin? Onda heç kim
deyə bilmədi ki, müəllim, kitabda «bədəvilər» yazılıb, biz hamımız belə oxumuşuq, belə
öyrənmişik... Müəllim həmin uşağa «iki» yazdı, təzə dərsi söyləməyə başladı. Tosu indi
fikirləşirdi ki, o uşaqların hamısı böyüyəcək, ali savad alacaq, hərəsi bir müəllim olacaq, onların
dərs dediyi uşaqlar da öz müəllimlərinin sözünü çevirə bilməyəcəklər: böyüyün səhvini
tutmazlar! Böyüyün əyrisini düzəltməzlər. Böyüyün üzünə ağ olmazlar! O, ona görə böyükdür
ki, çoxundan ağıllıdır, çoxundan biliklidir... Nazlının nəfəsi dəyişmişdi. Qızdırmalı adam kimi
tövşəyirdi. Yorğanı başına çəksə də, uçunduğu, titrədiyi bilinirdi. Durub eşiyə çıxdı. Aradan çox
keçdi, qayıtmadı. Mehdi də onun dalınca getdi. Onlar evə dönəndə otağa qəribə bir hava doldu.
Elə bil Mehdinin də, Nazlının da sinəsində nəsə oyanmışdı, nəsə baş qaldırmışdı, özü də bir canlı
kimi nəfəs almışdı, nəfəs vermişdi. Nəfəsi yanmışdı, nəfəsi boğulmuşdu. Bu yanan nəfəs, bu
boğulan nəfəs üstünə bircə çınqı düşən, korun-korun közərən, sönən qov qoxusu verirdi. Tosunu
boğdu bu hava. Tosunu darıxdırdı bu boğulan nəfəs. İndi də Tosu eşiyə çıxdı. Onun qayıtmasını
gözləyən olmadı. Hər çarpayıdan bir mışıltı qopdu. Otaqdakı ala-toranlıq sanki belə şirin yuxuya
həsrət qalmışdı, o da qaranlıqlaşdı, o da uyudu. Qaranlığın yuxusu dan sabahının qızartısı ilə
qaçanda, sübhün üfüqdəki qan rəngi otağın pəncərələrindən içəri süzüləndə Nazlı oyandı, eşiyə
yönəldi, Tosunu artırmadaca oturan gördü. İçini çəkdi: – Tosu bala?.. Tosunun gözlərinə qan
sağılmışdı. O gözlərdə necə diri fikrin ölüsü qalmışdı. O bəbəklərdə neçə xəstə xülyanın tabutu
götürülmüşdü. O baxışlarda neçə matəmin qara libası saxlanmışdı. Belə niyə? Nazlının bu evdə
qalmasının ona xeyirdən çox başqa nə ziyanı dəyə bilərdi? Nazlının səsi səksəndi. Bu dəfə ona
«bala» deyə bilmədi, sanki ayların, illərin doğması bircə gecənin içində ögeyləşmişdi. – Tosu?..
Tosu altdan yuxarı baxırdı. Hər gözü dolu qan çanağına oxşayırdı. Nazlıya elə gəldi ki, bu qan
çanaqları get-gedə böyüyür. Budur, hərəsi bir gölməçəyə döndü. Yenə böyüdü, dənizə döndü,
dalğalandı. Nazlı bu iki dənizin arasındakı bircə qayanın üstündə təkcə qaldı. Qan dənizinin qanlı
dalğaları döyür bu qayanı, yavaş-yavaş uçurur, dağıdır, udur bu qayanı. Budur, qan Nazlının
30
dizlərinə çıxdı. Bir qanlı dalğa onun başına sıçradı, onu qayanın üstündən silib apardı. Nazlı
bağırdı: – Mehdi!.. Mehdi elə bildi Nazlı ilan görüb, ya da onu ilan çalıb. Eyvana tələsə-tələsə
çıxdı. Qoltuq ağacını əlində hazır tutmuşdu. – Necə oldu? – Tosu naxoşlayıb, Mehdi. Tosunun
bir cüt qan çanağı indi də Mehdiyə dikildi. Bu baxışlar atanı dondurdu, atanın üstünə əli baltalı
qəssab kimi düşdü, çapdı, doğradı onu, kəndin itlərini çağırdı, atanı itlərə yem elədi. Mehdi
qorxdu, Tosuya yaxın gələ bilmədi. Sandı ki, dindirsə, toxunsa bu qan çanaqları töküləcək,
kəndin hər evinə bir qırmızı cığır uzanacaq, bu qırmızı cığır hər evə bir qara xəbər aparacaq.
Deyək ki, yalan gerçək oldu; atam əsgər dostunun arvadını qara günün əlindən belə aldı, belə
saxladı. Bu gün səhərin açılışı da əsəbi idi. Ağacların yarpaqları da, budaqları da çox dik
durmuşdu. Sübhün mehi onları tərpədə bilmirdi. Mehin özündə də bir sərtlik vardı, adamın
gözlərini üşüdür, gözlərini yaşadırdı. Köhlən də yalquzaq görmüş kimi kişnədi. Bu kişnərti
göylərə atıldı, göylərə ağ qalay çəkdi, qayaları səksəndirdi, dənizdə boğulub batan uşaqların
qayalarda qalmış səsi çağırışdı, onların «ana!» harayı kəndin üstündən aşıb dərələrə doldu.
* * *
O gün Tosunun atası iki cöngə kəsdirmişdi. Külfətin böyüklüyünə, balacalığına görə pay
bölmüşdü. Bəzi evlərin payına üç kilo bəzilərininkinə isə beş kilo ət düşürdü. Siyahı
tutdurmuşdu. Gələn qol çəkib öz payını götürürdü. İlin başına hələ xeyli qalsa da, cədvəl
yazdırmışdı, hər ailə başçısı anbardan taxıl alırdı. Hamı öz köhnə, yamaqlı paltarını ötən gecə
yumuş, ötən gecə qurutmuş, bu gün bu səhər geyinmişdi. Çünki noyabrın yeddisi idi, bayram
günü idi. Bu aclıqda, yalavaclıqda hamı sevinirdi. Çünki faşistləri qovurdular, hər gün kəndə bir
əsgərin, bir yaralının gəldi xəbəri yayılırdı. Dəyirmanda vurhavur idi; hamı bircə yoğurumluq
dən üyüdürdü. Hər həyətdə sac asılmışdı, yuxa bişirilirdi. Əllərində dürmək tutan uşaqların ağzı
ağarmışdı – dodaqları unlu-urvalı idi. Mehdi kəndin zurnaçılarını kolxoz həyətinin qabağına
çağırtdırmışdı. Əli dürməkli uşaqlar zurna səsinə hoppanışa-hoppanışa ora yüyürürdülər. Bəzi
həyətlərdən, doqqazlardan gülüş eşidilirdi. Bu kəndə bircə gün bayram olacaqdı. Bu kənd bircə
gün dərdi, ələmi unudacaqdı. Bircə gün sevinəcəkdi, bu bircə günün sevinci onları gözlədikləri
günlərə aparacaqdı. Oğlunun «qara kağızı» gələn anaların da bu gün qırışığı, büzüşüyü açılmışdı,
elə bil dərd çəkməkdən yorulmuşdular, elə bil keçmiş günlərə qayıtmışdılar: nə dava
başlanmışdı, nə davaya oğul-övlad getmişdi, nə də onların həsrəti, intizarı ürəklərdən bir qara
daş kimi asılmışdı. Nazlı da sevinirdi. O da yuxa yaymış, yuxa bişirmiş, löyünbəlöyün xörək
hazırlamışdı. Çay dəmləmişdi. Evi şirələmişdi, cəbhə xəbərləri ilə bayramqabağı mitinqlərlə,
məruzə və çıxışlarla dolu qəzetləri stolun üstünə döşəmişdi. Qabları, qaşıqları düzmüşdü.
Mehdinin yolunu gözləyirdi. Atırmadaca oturmuşdu. Tosu həyət qapısından içəri girəndə qalxdı.
– Tosu, sən acsan, gəl xörək çəkim, ye. O, elə bilmişdi ki, Tosu da uşaqlara qoşulub zurnaçıların
yanına gedib. Lakin Tosu heç yana getməmişdi, doqqazdakı daşın üstündəcə oturub ötüb–
keçənə tamaşa eləmişdi. Onların hərəsi Tosunun gözlərinə yığılan bir fikri çəkib aparmışdı,
hərəsi onun bəbəklərinə bir pərdə atıb getmişdi. Tosunun ürəyində ötüb-keçənlərin sayı qədər
hiss, duyğu dolanmışdı, çoxu da solğun, sarı, çoxunda da zəhər acılığı, ötəri üz şirinliyi, bircə
gün ömrü olan sevinc-yuvadan vaxtsız çıxan, bir də öz yuvasına çətin qayıdan pərvaz kimi,
uşaqların tez tutduğu, tez oynatdığı, qanadları hələ bərkiməmiş quş balası kimi...
– Yemirəm. Tosu dayanmadı, həyətin o başına çəkildi, bağçaya keçmək istədi. Nazlı onu
bir də çağırdı:
– Tosu! Dayandı. Lakin yönünü ona sarı çevirmədi. Arxadan söz gözlədi, səs gözlədi.
Nazlı gedib onun qolundan tutdu, evə sarı çəkildi. – Qurban olum, sənə, Tosu!.. Axı sən
yeməsən, mən də dilimə vurmaram. Tosu ayaqlarını yerə bərk dirədi, o yana dartındı, özü də
başını o tərəfə daha çox əydi, sanki Nazlı sarıdan nə bəla gəlsə, başına gələcəkdi, başını
qorumalı, başını salamat saxlamalıydı. Nazlı gördü ki, onu qaytarmağa gücü çatmayacaq,
qabağına keçdi, boynunu qucaqladı: – Dərdin alım, Tosu, belə eləyirsən ki, mən çıxım gedim?
Tosu başını qaldırmadı, mundardan, çirkabdan xilas olmağa çalışırmış kimi çabaladı. Nazlı onu
buraxmadı: