İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

23 


oynada  danışan  kişinin  kələ-kötür  üzünə  baxdı.  Onun  hərəsi  bir  ildırım  kalafasında  gizlənən 

gözlərini  bayaqdan  da  görə  bilməmişdi.  O  gözlər  gündüzlər  də  çətin  görünürdü,  çünki  Rəhim 

kişinin  kotan-xış  sürülmüş  alnı  o  qədər  irəli  çıxmışdı  ki,  elə  bil  skelet  idi,  gözlərinin  giləsi 

çoxdan çürümüş, yuvası boş qalmışdı. Hamı deyirdi ki, atası şeytan Yusif də beləcə idi. Onun da 

gözlərini heç gündüz də görməzdin. O boyda gövdəyə baxanda elə bilərdin qabağında bir quruca 

kəllə dayanıb – ölü kəlləsidir, qəbirdən gətirilib, çəpər payasına taxılıb. Rəhim də elə bil atasıdır, 

bircə addım o yana durmayıb. O ata uşağının dili toyda olar, ürəyi yasda; üzü gündə olar, astarı 

kölgədə... hər  çəpərdən  bir çöp götürməsələr, dincələ bilməzlər. Allah da bunları  belə  yaradıb. 

Mehdinin indi əlacı olsaydı, ona dana kimi boyunlayıb  yıxardı, dizlərinin altına alardı, Nazlını 

çağırardı, lampanı lap yaxına gətirərdi, gözlərinin altından tutub aşağı üstündən də yapışıb yuxarı 

dartardı,  o  bəbəklərə  yaxşı-yaxşı  baxardı.  Ona  elə  gəlirdi  ki,  o  bəbəklərdə  ilan-əqrəb  yuvası 

tapar, iblis  ocağına rast  gələr, zəncirli  köpəklər  hürüşü eşidər. Görər ki,  o zəncirli  itlər gecələr 

hamının  iti  açılanda  bağlı  qalıb,  gündüzlər  buraxılıb,  hər  yerdən  ağzıqanlı  qayıdıb.  Görər  ki, 

şeytan  Yusifin  oğlunun  gözlərindəki  ilanlar  yayda  yatıb,  qışda,  heç  kimin  ağlına  ilan-çəyan 

gəlməyən vədələrdə evlərə sürünüb, bir ürəyin, bir qəlbin zəhərini, zəqqumunu neçə cana, qana 

yayıb.  Görür  ki,  kişinin  bəbəklərindəki  iblislər  məlakə  donu  geyinib,  qulfallahlanıb,  süfrələr, 

ocaqlar  başında  oturub,  neçə  xeyiri  şərə  döndərib,  neçə  dostu  dostdan,  neçə  qohumu  da 

qohumdan aralı salıb – şeytan Yusifin oğlunun bir çuvalına bir dən atıb taxılını artırmaq üçün, 

onun-bunun başını qatıb öz küpünün içinə bir qəpik-quruş artıq yığıb üzdə arıqlanmaq, ürəkdən 

yağlanmaq üçün, başlının başını gicəlləndirmək, gözlünün gözünə kül doldurmaq üçün...  

– Yekunlaşdıraq,  – sonra baxarıq... Ancaq işin əvvəlindən bilinir ki,  məhkəmədə cavab 

verəcəksən. – Mehdi əllərini yerə dayaq verib yaralı qılçasını qaldırdı, ağırlığını o biri qılçasının 

üstünə salıb qoltuq ağaclarına dirənə-dirənə durdu.  

–  Xalq  sənə  etibar  eləmişdi,  gərək  düz  işləyəydin.  –  Evə  yenəldi.  –  Belə  gündə 

varlanmağa çalışanın cəzası ağır olmalıdır.  

–  Dayanıb  geri  baxdı,  şeytan  Yusifin  oğlu  oturduğu  yerdən  tərpənməmişdi.  –  Get  yat, 

hələ işin axırına çox var. Şeytan Yusifin oğlu qaqqıldadı: – Mən yaxşı yatacam, amma sən çimir 

eləyə  bilməyəcəksən,  a  Mehdi.  Köhnə  zibillərinin  üstünü  açmaq  mənim  bu  yassar  boynuma. 

Araya dava düşdü, getdin, o kökdə qayıtdın ki, adamın köhnə palan içi tökməyə ürəyindən var 

gəlmədi, demə, yabının yağırını daha çox çapmaq lazımmış. Rəhim kişi qalxdı, qaraltısı həyətdə 

boğanağa döndü, qeybə çəkildi. Hələ də qapı ağzından çəkilməmiş Nazlıya elə gəldi ki, həyətdə 

qara  bir  boşluq  qalıb,  Mehdi  bu  boşluğa  batıb,  çəkə  bilmir,  həm  də  bu  boşluq  onların  evi  ilə 

həyətin,  dünyanın  arasındadır,  onun  özü  də  bu  boşluqdan  adlayıb  o  yana  keçə  bilməyəcək. 

Titrədi: – O nə danışırdı, Mehdi? – Nazlının səsində bir sarı yarpaq uçuntusu vardı. Bu yarpaq 

«mən öz budağımdan doğrudanmı qopacam, mən doğrudanmı çürüyəcəm, torpaqlara hopacam, 

deyirdi. Elə bil bu səs Mehdidən soruşurdu: «Min ağız şirinliyi ilə deyilən həyat budurmu? Yüz 

könül toxluğu ilə söyləyən insanlıq beləmi olur?» – Qoca sarsaqlayıb. – Mehdi Nazlını qorxudan 

qara boşluqdan eyvana çıxdı. - Elə bilir ki, onun indilərdə çömçə doldurduğu qazana o vaxtlar 

mən də barmaq batırmışam. Rəhim kişinin qaqqıltısı Tosunu oyatmışdı. Onun aynanın qabağında 

durub çölə baxdığından Nazlının xəbəri yox idi. O, şeytan Yusifin oğlunun da, atasının da son 

sözlərini eşitmişdi. Elə bilmişdi ki, uzaqda başlanıb atasını da uzaqlara aparan, tayqanad eləyib 

buraxan dava indi lap yaxına, onların qapısının ağzına gəlib, Tosunun son ümidini, son pənahını 

da  əlindən  həmişəlik  alacaq.  O  da  eyvana  çıxdı.  Mehdidən  o  da  soruşdu:  –  Nə  deyirdi,  nəyə 

gəlmişdi,  ata?  Mehdi  qoltuq  ağacının  birini  qoltuğu  altında  sıxdı,  əlini  qaldırıb  oğlunun 

çiynindən  aşırdı,  Tosunu  özünə  sarı  çəkdi,  sinəsinə  yapışdırdı.  Pıçıldadı:  –  Yeddi  paranın  yeri 

göynəyir, neynəsin? Dadanan qudurandan pis olar. Bu da elə... Şeytan Yusifin oğlunun bir seli 

var,  qabağından  qaçdın,  səni  itirib-batırana  kimi  qovacaq,  elə  ki  sinəni  verdin,  öz  daşını  öz 

başına  qaytardın,  dizlərini  yerə  qoyub  ilan  dili  çıxaracaq.  Çöllərdən  kotan  səsi  gəldi.  Hansı 

kotanın təkərisə  yağsız idi,  oxuyurdu. Hərdən səsi  batırdı, bir də açılırdı. Bu neçə ildə kotanın 

mahnısı  Tosuya  heç  belə  xoş  gəlməmişdi.  Elə  bil  davadan  qabaqkı  illərin  gecəsi  idi.  Tosu  o 

illərin  çoxunu  görməmişdi,  lap  azını  görmüşdü,  o  da  yadında  qalmamışdı,  o  illəri  anası 



 

24 


danışmışdı,  gözlərinin  qabağına  anası  yazmışdı  camaat  elə  qoçaqlaşmışdı  ki,  gecələr  də 

yatmırdılar.  Onlara:  «Gecə  də  işləyin»  –  deyən  yox  idi,  özləri  həvəslənmişdi.  İnsanın  əli-qolu 

özünə,  özününkülərə  açılanda  necə  yorulmaz  olarmış...  Kotanlar  cırhacır  işləyərdi,  elə  bilərdin 

sazdır, kotançılar da hərdən oxuyardılar, elə bilərdin aşıqdılar. Kotançıların səsləri də açılmışdı, 

özləri  də  yamanca  açılışmışdılar,  mahnıları,  qoşmaları  bulaq  suları  kimi  axardı,  bu  dərəyə 

tökülərdi. Səhər durub görərdik dərə şehlənib, elə bilərdik o şehlikdə yerimək, o şehləri tökmək 

günahdır,  hərəsi  kotançıların  bir  sözüdür  dəyməməliyik,  bir  gözüdür  toxunmamalıyıq,  gün 

çıxacaq, bu sözləri, bu gözləri öz telləri ilə götürəcək, göylərdə gəzdirəcək, göylərdə saxlayacaq, 

payızda, yazda xeyir-bərəkətə döndərib şumluqlara yağdıracaq... O gecələrdə kotanın, kotançının 

səsi  dənizə  axardı,  dənizdə  çimərdi,  qayalara  qonardı  səhər  durub  görərdik  ki,  qayalar  tərlidir, 

qayalar  çil-çildir.  Gün  çıxanda  qayalarda  neçə  rəng  parıltı  görərdik.  Parıltılar  titrəşərdi,  elə 

bilərdik  qayaların  toyudur,  qayalar  oynaşır...  Gün  ötəndə  qayalar  qapqara  qaralardı,  qarılar 

deyərdilər ki, gün qayaların bəzək-düzəyini də göylərə çəkdi,  yazda o yaşıllığı, o allığı çöllərə, 

düzlərə  paylayacaq,  soğan  zəmilərə  yayacaq,  qaraqılçıq  sünbüllərə  dolduracaq,  zəmilər 

biçildikcə,  dərz  tayaları  döyüldükcə,  taxıl  tığları  anbarlara  daşındıqca  qurtarmayacaq,  ocaqlar-

bucaqlar dolacaq, çuvallar dəyirmanlarda yan-yana söykənəcək... Camaat yaman aclıq çəkmişdi, 

yaman qıtlıq görmüşdü. Tosu yenicə uzandı, yata bilmədi, yuxusu qaçmışdı, kotanların səsi ona, 

anasının  o  vədə  söylədiklərini  danışmışdı.  Bu  nağıl  onu  çöllərə,  qayalara  aparmışdı.  Tosu  bu 

günün payızından çıxıb o günlərin baharına getmişdi, gəzirdi o nağıl yazında, gözləri ilə doyurdu 

o  ana  əfsanəsində  onun  eşikdə  gəzinən,  çay-çörək  hazırlayan  Nazlının  gediş-gəlişindən  xəbəri 

yox  idi.  Atasının  qoltuq  ağacının  birini  atıb  biri  ilə  gəzdiyini,  Nazlının  sevinib  ağladığını 

görmürdü. Yəhər doqqazda kişnəyəndə kotanın səsi, Tosunun  «gördüyü günlər» qeybə çəkildi. 

O, eşiyə  yüyürdü. Cilovu mehtərin əlində olan kəhər oynaqlayırdı. Mehdi bircə qoltuq ağacına 

dirənə-dirənə ata sarı gedirdi. Nazlı gözlərində gəlmə-gəlmə yaş gülümsəyirdi...  

* * *  

Boz  atlı  bir  kişinin  kəndə  hər  səhər  gəldiyini,  hər  axşamüstü  getdiyini  hamı  görürdü. 



Atdan idarənin qabağında düşürdü, atını idarənin o yanındakı biçənəkliyə hörükləyirdi, idarəyə 

girir,  gün  batana  kimi  çölə  çıxmırdı.  Deyirdilər,  Rəhim  kişi  gətirdib,  adı  Lələşdir,  kolxozun 

haqq-hesabını yoxlayır. Çox kəmfürsət adamdır, o, çox ağacları baltalayıb, çox ağacları yanı üstə 

yıxıb.  Baltası  korkəsməzdir,  kəsdiyini  tez  kəsmir,  qıncıq-qıncıq  eləyir,  ayaq  üstəcə  qurudur, 

sonra  yıxır. Onu kolxozlara hər xırda-para işlərdən ötrü göndərmirlər, elə ki, məsləhət bildilər, 

demək,  gərən  çox  hündürdür,  dam  sökülməlidir,  ev  yıxılmalıdır.  Lələş  bir  adamın  da  evinə 

gedən, xörəyinə barmaq batıran, çörəyinə əl uzadan deyil. Həmişə özü ilə əl boydaca çörək, bircə 

çimdik şor, bircə dənə də baş soğan gətirər, günorta yeyər. Allah heç kimin qapısını bu Lələşə 

tanıtmasın,  Əzrayıl  kimi  şeydir,  getdiyi  yerdən  boş  qayıtmır,  gərək  kiminsə  boğazını  kəndirə 

keçirsin.  «Mehdinin dövrünü»  yüz dəfə  ələk-vələk eləsə də ortaya bir şey  çıxarda bilməyəcək; 

Mehdi də suyu üfürə-üfürə içəndir, gen körpüdən keçəndir, adamca ayaq qoyan deyil. Deyəsən 

bu quyuya gen qazanın, dərin qazanın özü düşəcək. Cəhənnəmə gedən özünə yoldaş axtaran təki, 

şeytan  Yusifin  oğlu  da  baxıb  gördü  ki,  ətəyi  ələ  keçib,  o  da  Mehdini  ətəklədi,  amma  havayı 

şeydir, nə qədər bərk yapışsa da, əli boşda qalacaq, özü ilə heç nə aparmayacaq, təkcə gedəcək. 

Camaatın ağzı  fal  imiş. Bir axşam Rəhim kişi Mehdigilin həyətinə gəldi,  quru  yerdəcə oturdu. 

Mehdi  eyvanda  çay  içirdi.  Nazlı  buxarıda  hədik  bişirirdi.  Tosu  aynanın  qabağında  dəftər-kitab 

açmışdı,  dərsə  hazırlaşırdı.  Onların  hamısını,  elə  bil,  bir  qara  yel  vurdu.  Nazlı  qaşıq  əlindəcə 

quruyub  qaldı:  «Görəsən,  bu  bayquş  yenə  nəyə  gəlib?  Görəsən,  yenə  nə  ulayacaq?»  Mehdinin 

mis kasaya süzüb, üfürüb soyuda-soyuda içdiyi çay öz-özünə buza döndü, kişinin qolu qalxmadı: 

«İndi  nə  şər-şəbədə  ilə  gəlmisən,  a  şeytan  Yusifin  oğlu?  Mənim  evimi  yıxmaq  istədin,  amma 

altında  özün  qaldın.  İndi  də  gəlmisən  ki,  sənə  kömək  eləyim?  Suyu  elə  bulandırmamısan  mən 

durulda  biləm.  Lələşi  tələb  eləyib  gətirəndə  başına  vurmadınmı  üzü  aşlı,  altı  daşlı  xörəyin 

tapılacaq?  Elə  bilirdin  hansı  qanununsa  çəpərini  mən  də  basmışam  izim  qalıb,  sənin  boğazın 

keçən çatıya mənim boğazım da keçəcək, mən çalışıb-çabalayıb  çatını qıracam, sənin də canın 

qurtaracaq?..»  İçəri  tərəfdən  aynanın  qabağına  qoyulan  lampanın  qabağını  kəsməyib  yanpörtü 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə