59
Qızı qucmaq onu təslim etməkdir. Əmir Aliyənin üzünə
yoxlayıcı bir nəzərlə baxdı. Aliyə həmin dəqiqə: – Tez kürəklə.
– dedi – deyirlər bu xəzər yaman dəli dənizdir. Dəliliyi tutar,
qayıda bilmərik. Əmir, dizləri beldən yuxarı duran çəyirtkəyə
oxşar qayığın avar ayaqlarını suya sıxıb elə təkanlar verdi ki,
dəniz sürətlə geriyə axdı. – Əmir sənə ev veriblərmi?
– Şəhərdə?
– Hə şəhərdə.
– Kənddə evimə nə gəlib ki!
– Onu bilirəm; srağagün danışmısan, yadımdan çıxmayıb.
Axı, sən bir daha kənddə işləməyə, yaşamağa getməyəcəksən,
dənizçisən, sənin burada evin olmalıdır. Əmir qüssə ilə: –
Verməzlər. – dedi. – Niyə, nə səbəbə? Əmir göz qapaqlarını
endirdi, dodaqlarını açıb-yumdu, gülümsünərək udqundu,
nəhayyət tutulub açılan bir səslə bildirdi:
– Subaylara ev vermirlər.
– Niyə, subaylar adam kimi yaşamaq istəmirlər?!
– Nə bilim... Aliyənin nəzərləri Əmirin üzündə idi. Əmirin
sifətindəki qızartı, gözlərindəki həya, səsindəki həyəcan onun
ürəyini riqqətə gətirdi: «Səmimi oğlandır.»
– Əmir, bəs niyə evlənmirsən, özün də deyirsən ki, anam
qocadır? Əmir başını qaldırıb Aliyəyə baxdı. Onun gözlərində
məzlumlara məxsus bir ifadə vardı.
– Tez evlənənlə, tez nahar eləyən peşman olmaz. Əmirin
dodaqları, kirpikləri titrədi. Bu an onun gözlərində heç bir
parıltı, heç bir şəfəq yox idi. – Yaxşı qız tapa bilmirsən? Mənim
qəşəng bir rəfiqəm var, istəsən səni onunla tanış elərəm. Bir-
birinizi bəyənib-bəyənməməyiniz öz işinizdir. O qız ağıllıdır,
namusludur, əxlaqı təmizdir, evdardır; daha nə istəyirsən, oğlana
da bunlar lazımdır. Əmirin sifətinə dan qızartısı çökdü, canını
bir istilik bürüdü, alnını qaynar tər islatdı. Yaxşı məqam idi,
lakin Əmirin dili açılmadı. O mətanətini səfərbərliyə alıb
dillənənəcən qayıq «Donbas»a yaxınlaşdı. Başqa adam əldən
gedən belə bir fürsətə heyfsilənərdi, ancaq Əmir qətiyyən
60
təəssüflənmədi; əksinə sıxıntıdan tez qurtardığına sevindi. Onlar
«Donbas»da çox vaxt itirmədilər. Aliyəyə çimmək kastyumu və
beş qarpız alıb geriyə döndülər. Yol yarı olanacan heç nədən
söhbət açmadılar. Bu sükut, səssizlik Əmiri darıxdırmırdı. Onun
hisslərindəki gərginlik azalmış, beynindəki tutqunluq silinmiş,
zehni aydınlaşmışdı. Əvvəlki qızarıb-bozarma halları onun
varlığını tərk etmişdi. Sanki ona bir bəxtiyarlıq üz vermişdi. O
indi sərbəst idi, düşünüb-daşına bilirdi. «Mən bu yerdə
utanmamalıyam. – deyə, o cəsarətsizliyinin günahını
utancaqlığında görürdü. – Aliyəyə sözümü indi deməsəm,
könlümün xəzinəsini ona gəmidə aça bilməyəcəyəm. Bakıya
çatanda Qəzənfər də gələcək, amanımı qıracaq, onun təqibindən
imkan tapmayacağam.»
– Aliyə... Əmir ürəyindəki sözlərin dalını dilinə gətirə
bilmədi. Yenə hücum çəkən utancaqlıq sıxıb onun suyunu
çıxartdı. – Əmir nə deyəcəydin? Əmir nəinki cavab verməyə,
hətta Aliyənin üzünə baxmağa belə özündə bir cürət duymadı.
Aliyənin ikinci sualı onu bu işgəncədən azad etdi. – Demək
istəyirdin ki, çimək? Aliyə gülümsünürdü. Bu təbəssümün
mənası nə ola bilər? Bəlkə Aliyə onun həyəcanlarını anlayırdı.
Aliyənin çöhrəsindəki ifadələr Əmirə görə müəmma idi, o
hazırki vəziyyətdə gördüklərini mənalandıra bilməzdi.
– Gəminin yanında çimsək hamı bizə baxacaq. Aliyə
qısqanclıq hissinin Əmirə dedirtdiyi bu sözə güldü. Əmirə
haradansa bir ər cəsarəti gəldi. Aliyəyə ərki, qanunu ixtiyarı
çatan bir nişanlı qətiyyətilə dedi: – Düz deyirəm də! O
şorgözlərin gözünün qabağında niyə çiməsən!? Aliyənin gözləri
qəribə bir məna ilə parıldadı. O nəzərlərdə minnətdar qəlbin
çətin anlaşılan əhsəni görünürdü. – O qədər baxsınlar ki...
– Niyə axı, hər kəs özününkünə... Əmir avarları buraxıb
əllərini dizlərinin kündəsinə qoymuşdu. Avarlar sınmış quş
qanadları kimi qayığın yanları ilə sürünürdü. Onların üstünə
kölgə düşmüşdü. Göy üzündə süzən bir boz bulud Aliyə ilə
Əmiri gündən qoruyub onları müşayiət edirmiş kimi gəmiyə
61
doğru sürünürdü. Aliyə çətiri yığıb bu sərin kölgə içində sulara
baxan Əmiri seyr edirdi. O birdən Əmirə barmaq qıcadı. Əmir
onun hədəli barmağının hərəkətini dənizdə görüb itaətkar
nəzərlərini Aliyəyə çevirdi. – Çimək, amma... – Aliyə şəadət
barmağını öz burnunun qabağında oynatdı. – Yaxşımı? Əmir bu
işarədən, bu hədədən heç nə anlamadığından gözlərini döydü. –
Gözlərini yum. Əmir gözlərini qapayıb əllərilə üzünü örtdü. –
Yaman bicsən ha. Əllərini götür. Barmaqlarının arasından
baxmaq istəyirdin? Əmir əllərini yanına saldı, gözlərini
açmadan başını buladı: – Xeyir. – Mən deməyincə gözlərini
açma. Əmir başını sinəsinə endirib qaldırdı: – Baş üstə. Əmir
göz qapaqlarını bir-birinə elə sıxdı ki, onun gözləri ətrafında
dərin qırışlar əmələ gəldi. Aliyə danışa-danışa paltarını soyunub
çimmək kastyumunu geyinmişdi. Əmir isə ürək döyüntüsü ilə
onun dillənməsini gözləyirdi. O birdən qayığın titrədiyini hiss
etdi. Qayıq nə üçün titrəsin? Əmir, Aliyənin oğrun-oğrun
güldüyünü eşidəndə gözlərini açdı. Elə bu zaman Aliyə dənizə
atıldı, batıb çıxdı, kəhrəba qollarını at-ata üzüb Əmiri çağırdı: –
Gəl, çimək. Əmir alt paltarında çimməyə utandı, ayaqqabı və
corablarını çıxartdı, şalvarını, maykasını soyunmadan dənizə
cumdu. Dörd yüz manata aldığı təzə şalvarına heyfi gəlmədi.
Əmirin minlər və milyonlarla dörd yüzləri qurban olsun ona
doğru gələn səadətə, uğurlu təsadüf bəxş eləyən taleyin
xilaskarlığına, Aliyənin səmavi gözlərinə! 8. Yükünü Barja
boşaldıb yüngülləşmiş gəmi tam sürətlə geri qayıdırdı. Xəzərdən
gözlənilməz tənbəllik, o hələ də yatırdı. Göyün üzünü sıx qara
buludlar bürümüşdü. Dəniz göylərdən də qara, qaranlıq, dərin
görünürdü. Sanki gəmi qatran dənizində üzürdü. Gəminin arxa
tərəfinin yanlarındakı deşiklərdən dənizə axan, pərlərin vəlvələ
salıb şırıldatdığı suların səsi, mühərriklərin gombultusu
olmasaydı onun hərəkətdə olduğunu adam ağlına gətirməzdi.
Axşamdan az keçmişdi. Gündüzün üzücü yorğunluğundan sonra
çoxları yatmışdı. Tək-tük adam oyaq qalmışdı ki, onlar da paltar
ütüləyib, üzünü qırxır, hamamdan çıxıb kurilkada papiros
Dostları ilə paylaş: |