6
düyü yayması bişirər, ət xörəyi yox! Mənə deyən gərək: ay
axmaq, öz kefin nə istəyir onu da bişir də. Gedib onları niyə
adam yerinə qoyursan ki, iştahı özgədə olanlar da sənə lağ
eləyir.» Aliyə küsüb kambuza gedən kimi onlar hırıldaşıb
ürəklərini boşaltdılar, kofeni içdilər, salondan çıxdılar, geri
boylandılar, sonra davamlı nəzərlərlə bir-birini süzüb
həmişəkindən fərqli olaraq xudahafisləşmədən, salamatlaşmadan
ayrıldılar. Əmir trapla aşağı -maşın şöbəsinə sürüşdü. Qəzənfər
isə yuxarı-şturman rubqasına yollandı. Vəziyyətin məcburiyyəti
olmasaydı heç biri bu gün işə çıxmaz, ürəkləri deyənə qulaq
asar, gözləri görəndən uzaqlaşmazdılar. Onların ikisini də Aliyə
ilə barışmaq arzusu deyil, nəsə ondan da şirin bir şey dala
dartırdı. 2. Günorta vaxtı idi. Qəzənfərlə Əmir növbəni təhvil
vermiş, çörək-xörək yeyib hər kəs öz çarpayısına uzanmışdı.
Onlar adətən işdən sonra ya yatır, ya kitab oxuyur, ya da qırmızı
guşədə nərd, şaxmat oynayırdılar. Lakin onlarda bu gün nəinki
əylənməyə, bir məşğuliyyət tapıb vaxt keçirməyə, hətta
işləməyə
də həvəs yox idi. Günortayacan da könülsüz işləmişdilər.
Gördükləri işlərdən özlərinin də xoşu gəlməmişdi. Həmişə od,
alov parçası kimi tərpənən cavanların indi ikisi də tənbəlləşmiş,
süstləşmişdilər. Onlar məhzun idilər. Gözləri yol çəkir, dinib-
danışmır, əllərini boyunları arxasında daraqlayıb dalğınlıqla
düşünürdülər. Gəminin ürək döyüntüləri sayılan mühərriklərin
gumbultusu onların üz əzələlərini, qollarının qom ətini,
üzərlərinə saldıqları mələfələri titrədir, çarpayını sirkələyib onun
ağırlıq düşmüş yayını cırıldadır. Gəmi azacıq ləngər
vurduğundan dairəvi illüminatorlardan içəri düşən günəş şüaları
qapının başı ilə ayağı arasında sürünür, dolanıb dövr edirdi.
Kambuz onların kayutu üzərindəki mərtəbə olduğundan
Aliyənin yuyub sivirmələri yığdığı çəngəl-bıçaqların cingiltisi,
qazanların danqıltısı, ayaqqabıların tık-tuku eşidilirdi. Onlara nə
kambuzdan gələn müxtəlif səslər, nə Aliyənin yerişi, nə də sağa,
sola burulan sükan çarxlarının çax-çuxu, iniltisi, fəryadı mane
olurdu. Onlar öz fikir-xəyal aləmlərində idilər. Onların ikisi də