65
gözləri qarşısında bir neçə anlıq iki aləmin mübarizəsi getdi.
Axırda ismətlə qeyrətin naqafil oynaşı Aliyənin başını
Saləddinin çiyinlərindən qaldırdı. – Sən neynirsən! Saləddin onu
özünə sarı elə sıxdı ki, az qala Aliyənin beli ortadan üzüləcəkdi.
– Sənə qurban oluram... – Burax, əclaf! Aliyə Saləddini
boğazladı, onu boğub gücdən salmaq, belini məngənə qolların
arasından çıxarmaq istədi. Lakin Saləddin boynunu içinə qısdı,
çiyinlərinin hərəkətilə Aliyənin əllərini öz boğazından qopartdı.
– Məni öldür, öldür, ancaq mənim, mənim... – Əclaf!! Aliyə
yumruqlarının ikisini də Saləddinin başına küpədi. Bu qəzəbli
yumruqların heç bir əsəri olmadı. Aliyənin yumruqları elə bil
insan başına yox, qara daşa dəyirdi. – Burax! Aliyə çox dartındı.
Lakin bundan bir şey çıxmadı, çapalamaq onu Saləddinin
əlindən qurtarmadı. Aliyə fürsət tapıb dürtmələrini Saləddinin
qarnına vurmağa çalışdı. Ancaq yumruqlarına yol tapa bilmədi.
Saləddinin qolları onları qarın-qarına, sinə-sinəyə yapışdırmışdı.
Onun boynu isə Aliyənin əlinə gəlmirdi. Çünki o başını
Aliyənin sinəsinə qısmış, üzünü qızın zərbələrindən gizlətmişdi.
– Burax, deyirəm sənə heyvan! – Mən onsuz da biabır olacam.
Öləcəm, amma səni elə– belə buraxmayacam. Aliyə Saləddinin
sol qulağını ağzına aldı. Onun dişləri arasında sıxdıqca
Saləddinin qolları boşaldı, lakin açılmadı. Saləddin tez Aliyənin
sinəsinə əl atıb sıxdı ki, qız ağrıya dözməyib onun qulağını
buraxsın. Aliyə isə əksinə heç nəyə fikir vermir, bütün gücünü
dişlərinə toplayıb, Saləddinin qulağını yerindən qoparmağa
çalışırdı. Saləddin başından tələyə düşmüşdü. Qulağını hiddətli
qızın dişləri arasından çıxara bilməyəcəyini yəqin edəndən sonra
yalvarmağa başladı: – Qələt eləmişəm. Bir də... bir də... Offf...
Aliyə... Aliyə Saləddinin qulağını buraxmayaraq onu dişlərilə
darta-darta qapıya sarı gətirdi. Əlini cəftəyə uzatmaq istədi.
Qapı təkidlə döyüldü. Aliyə qapını açdı. Təyyarla növbətçi
şturmanı görcək ürəkləndi, Saləddinin qulağını buraxıb
hiddətindən hönkürdü, ləyəni qapıb qışqırdı: – Sənin qanını da
içsəm ürəyim soyumaz! Aliyənin əlindən çıxan ləyən Saləddinin
66
başına necə dəydisə o gic olmuş toyuq kimi hamamın içində
fırlana-fırlana qaldı, bayıra çıxa bilmədi. Aliyə ləyəni bir də
qapmaq, bir də atmaq istədi, lakin Təyyar qoymadı. O Aliyənin
qolundan tutub koridora çəkdi: – Sənin işin olmasın onun
cəzasını mən verəcəm.
– Mən verəcəm, mən, mən!! Onlar arxadan gələn səsə
çevrildilər, bu qasırğanı tanımağa macal tapmadılar. Əmir qartal
kimi şığıyıb özünü içəri saldı. (Əmirə Aliyənin qışqırtısını
eşidən növbətçi matros xəbər vermişdi.) Günahkar necə də
gücsüz, hünərsiz olarmış... Əmirin birinci yumruğu Saləddini
divara çırpdı. Təyyar tez özünü içəri atıb Əmirin əllərindən
yapışdı: – Ə nə iş görürsən?! Çıx cəhənnəm ol burdan! –
Öldürəcəm, öldürəcəm, – deyə Əmir əllərinin ikisini də
Saləddinin boğazına geyindirdi. Onu boğa-boğa karidora,
oradan da göyərtəyə sürüdü. – Dənizə atacam bu vicdansızı.
Təyyar onun qollarına sarmaşdı: – Ə, sənlə deyiləm!? Məni
adam hesab eləmirsən!? Böyük-kiçik tanımırsan!? Onu dənizə
atanda bəs, özün nə olacaqsan?! – Əl çək deyirəm sənə! Bunu
öldürməsəm... Əmir Saləddinin boynunun ardından və
qılçalarından tutub onu başından yuxarı qaldırmaq istədi.
Saləddin məhəccərə sarmaşdı. Əmir onun belindən yapışıb irəli-
geri elə dartdı ki, məhəccərin çal-çarpaz dəmirləri əyildi.
Saləddin məhəccərə zəli kimi sarmaşmışdı, onun əllərini oradan
qoparmaq çətin idi. – Sən öləsən, polad olsan da səni
sındıracam! Əmirin yumruğu Saləddinin boynunun dalına
enəndə Təyyarın da şilləsi onun üzündə şappıldadı. Saləddin
bağırıb yıxıldı. Əmir isə Təyyarın üstünə qabardı. – Axmağın
hörmətsizliyinə bax! – Təyyar onu bir də vurmaq istədi. Lakin
Əmirin onu da əzişdirəcəyindən qorxub əlini saxladı. – Sən
mənim sözümdən çıxmazdın, niyə belə... Aliyə Əmirin
hiddətdən titrədiyini görüb onun önünə gəldi. Gözlər gözlərə
baxdı, qəlbin qəzəb təlatümü yatdı. Aliyə onun qoluna toxundu,
gülümsədi. Qış səmasında günəş göründü. – Gəl gedək,
döydüyümüz bəsdir. Əmir bu günəşin hərarətindən yumşalmaya
67
bilmədi. Onlar keçid körpüsü ilə gəminin arxasına tərəf gedəndə
orta tikintidən Təyyarın qəzəbli, ötkəm səsi gəlirdi. 9. Əmir
Təyyara demişdi: – Saləddini gəmidən qovmasan onu dənizə
atacam. Təyyar onun ağzından söz almaq üçün soruşmuşdu: –
Sənə neynəyib, ana-bacına sataşmayıb ki! Aliyə arvadın, ya da
nişanlın olsa bunun niyəsini xəbər almaram. Əlbəttə kişi öz
arvadının, nişanlısının namusunu çəkməlidir. Axı, sən Aliyə
üçün kimsən? Bunu öz-özündən soruşmusanmı? Aliyə göyçək
qızdır, Saləddin də sənin kimi bir balaca əylənmək istəyirmiş.
Bunun sənə nə dəxli! Hamı... Əmir çağırıb onun sözünü ağzında
qoymuşdu: – Mən Saləddin deyiləm, bildinmi! Sənə deyirəm
onu qov, qovmasan axırına çıxacam. – Sən əvvəllər belə
deyildin, indi yaşıma, vəzifəmə də hörmət qoymursan, üstümə
ayı kimi bağırırsan. Əmir öz ədəbsizliyini duymuş kimi səsini
alçaltmışdı: – Ərsizlərə gərək hamı sataşsın, yel əsib, qoz
töküb?! Təyyar gülmüş, açıq sorğuya keçmişdi: – Mən ölüm de
görüm danışıb-barışmısınız, yoxsa yerdən göydəki dan ulduzuna
baxırsan? Əmir inandırıcı halda söyləmişdi: – Sən öl heç bir
danışığımız-filanımız olmayıb. Bir qız gəlib düşüb bu
mədəniyyətsizlərin arasına gərək elə hərə bir dəfə sataşıb öz
vəhşiliyini bildirsin?! – Mən kərə deyirəm, sən kürə. Dünən
aranızda bir söz-gap, haqq-hesab oldu, olmadı? – Axı, nə ola
bilər, sən də çox qəribə söz danışırsan. – Belədirsə, niyə başqa
qızların da bədən gözətçiliyini eləmirsən? Əmir susub qızarmış,
ürəyinin gözlərində əks edən gizli sevdasını Təyyarın
nəzərlərindən yayındıra bilməmişdi: Aliyəni sevirəm. Axı, özgə
qızlardan deyil. – Onu bilirəm. Təyyarın bu sözü Əmirin tərini
dabanından çıxartdı. Bu danışıqdan sonra Təyyar radio ilə
hamını sıravilərin salonuna çağırmış, iclasda Saləddinin işdə
qalıb qalmaması məsələsini gəmi heyətinin müzakirəsinə
vermişdi. Hamı da Saləddinin gəmidən qovulmasını tələb
etmişdi. Yığıncağın qərarına əsasən Bakıya yan alan kimi
Saləddin gəmini tərk etdi. Qəzənfər, gəmi yan almamışdan
körpüyə gəlmişdi. Gəmi körpüyə bənd edilən kimi Təyyarın
Dostları ilə paylaş: |