63
araq içib özünə cəsarət gətirmiş, üst paltarlarını soyunub
hazırlaşmışdı. Aliyə kambuzu qıfıllayıb öz kayutuna sabun,
dəsmal, kisə üçün gedəndə Saləddin yüyürüb hamama girdi.
Paltarını soyunub lümələkləyərək qoltuğunun altına aldı,
skamyanın altına pərçimlənib gizləndi. Skamyanın qılçaları
gödək idi, o özünü ora zorla yerləşdirdi. Qorxu, səbirsizlik, dərin
həyəcan onu titrədirdi. Ürəyi elə döyünürdü ki, elə bil sinəsində
dördnala atlı çapırdı. Qulaqları da ağır eşidirdi. Orada müxtəlif
küyültülər, gurultular bir-birinə qarışmışdı. O
özünü elə itirmişdi
ki, bu sarsıntı burulğanlarının qopardığı uğultudan qapı
cəftəsinin çıqqıltısını güclə eşitdi. «Aliyə gəldi». O
bunu necə də
əzabla düşündü. Saləddin Aliyənin gəldiyini yəqin etmək üçün
sakit nəfəs almağa, ürəyinin döyüntülərini azaltmağa çalışdı.
Lakin təlatüm, qasırğa o qədər güclü idi ki, kiçik qayıq şaxta
nəfəsli dalğaların qucağında sarsılmaya bilməzdi... Saləddinin
ürəyi daha da bərk çırpındı. Elə titrədi ki, az qala sümükləri
ətindən çıxacaqdı. O özünü son dəfə ələ almağa çalışdı,
bacarmadı. Arağın verdiyi bayaqkı cəsarət əriyib yox olmuşdu.
Dəhşət Saləddini büsbütün xırpalayıb əsir almışdı. Aliyə ovçu
nəfəsi duymuş ahu kimi ürkmüşdü, döyükürdü. Şkafı da
qorxular, səksəkələr içində açıb təmiz paltarlarını ora qoymuşdu.
Hamamda kim ola bilərdi? Axı, şkafdan başqa harada gizlənmək
olardı? Nə üçün də gizlənsinlər? Bu cür vəhşilik Aliyənin ağlına
sığışmadı. Ona elə gəldi ki, qonşu kayutda yaşayan şturman
qorxulu yuxu gördüyü üçün sayıqlayır. Aliyə xələtinin
düymələrini açmaq istəyəndə boğuq bir xırıltı eşitdi. Bu səsdən
onun gözləri böyüdü, əlləri yaxasına ilişib qaldı. Aliyə qapıya
sarı çevrildi, cəftəni açıb yenə də bağladı, qapının dalında bir,
iki dəqiqə hərəkətsiz dayandı, sonra şkafdan paltarlarını götürüb,
əlini cəftəyə uzatdı, bir də geri çəkildi, qanrılıb geri baxdı,
tavandakı havatəmizləyici dəliyə diqqət yetirdi, öz qorxaqlığına
gülürmüş kimi dodaqları qaçdı, gözlərindən cansız bir kinayə
süzüldü. Aliyə vahimədən silkənib çıxmış bir kişi cəsarətilə
paltarlarını şkafın içinə tolazladı, alümin ləyəni qaynar su ilə