72
cəzası çəksin. Mən onu sözlə yox, hərəkət və davranışlarımla
əmin etməliyəm ki, Aliyəni sevməmişəm, sevmirəm,
sevməyəcəyəm də! Demək, söz vermək çox asandır, lap bir
büküm halva kimidir; işin çətinliyi ürəyi zorlamağı, qəlbi
susdurmağı bacarmaqdadır. Bu bir fərasət olmasa da adamdan
cəsarət, iradə tələb edir. Mən də ki, məhəbbət təlatümündə bu
xilaskarlıq məziyyətlərindən məhrumam. Demək, Aliyəni
görəndə həyəcanlarımı gizlədə bilməyib sarsılacam, bunu da
Əmir hiss edəcək. Mən də öz-özümə qəribə şeylər fikirləşirəm.
Hər deyilən sözə inanmaq olmaz. Qızla oğlanın bir dəfə
gəzməyə çıxması ilə iş bitmir ki! Lap on, iyirmi dəfə də
gəzərlər, ancaq arada ümumi söhbətdən başqa qeyri danışıq
olmaz. Qonşumuz Əlyəddinlə Solmazın dostluq macərasını
xatırlayıram. Düz üç il bacı-qardaş kimi gəzdilər. İndi
Əlyəddinin arvadı, Solmazın isə əri var, bir-birinə qarşı əvvəlki
səmimiyyəti hələ da davam etdirirlər. Solmazdan əri
şübhələnmədiyi, keçmiş günlərlə bağlı olan hadisələrə əl-dil
aparmadığı kimi, Əlyəddinin də arvadı ondan qısqanmır, onun
ağlına qara fikirlər gəlmir. Əmirlə Aliyənin bir dəfə qayığa
oturub dəniz üzərində iki saat fırlanması qırx, əlli
illik ömrü olan
ailə həyatının başlanğıcı, bünövrəsi sayıla bilərmi?! Qızla
oğlanın dostluğuna başqa cür baxırlar. Guya, dostluğun birinci
şərti həmcinslik məsələsidir. Mən belə mülahizələrin
ziddinəyəm. Məncə bu yanlış mühakimədir. Dostluqda ürəklər,
diləklər həyata baxışlar, əqidələr nəzərə alınmalıdır. Bəlkə
Əmirlə də Aliyə belə bir sədaqətli dost olacaqlar; bu ər-arvadlıq
deyil ki!»
– Ayaq üstə niyə yatırsan? Təyyarın səsi Qəzənfəri
səksəndirdi.
– Yoxsa, evə getmək istəyirdin?
– Bəli.
– Amma səfərdən yenə qalacağından qorxub getmək də
istəmirdin, hə? Qalmışdın belə: gedim, getməyim, hə?
– Elədir.