Jan Batist molyer



Yüklə 342,87 Kb.
səhifə2/5
tarix25.06.2018
ölçüsü342,87 Kb.
#51343
1   2   3   4   5
ELİZA Xəstəliyə vuraram, amma həkim yalanın üstünü açar!
VALER Söz dediniz də! Bu həkimlər nə başa düşür axı?! Cəsarətli olun, istədiyiniz xəstəliyi uydurun: onlar hər şeyə inanacaqlar və hamısını izah edəcəklər.

IX gəliş
Eliza, Valer, Qarpaqon

QARPAQON (səhnənin dibində, öz-özünə). Allaha şükür, hər şey qaydasındadır.
VALER (Qarpaqonu görmədən). Nəhayət, axırıncı yolumuz var: qaçmaq! Birlikdə qaçıb hər şeydən xilas olarıq! Eliza, mənim gözəlim, əgər sizin sevginiz güclüdürsə... (Qarpaqonu görür). Bəli, qız atasına tabe olmalıdır. Adaxlı pisdir, yaxşıdır – bu onun işi deyil. Üstəlik cehizsizdirsə, daha bunu heç müzakirə eləmək lazım deyil. Nə verirlər, onu da al!
QARPAQON Əla! Afərin!
VALER Bağışlayın, cənab, bir az qızışdım və cürət edib qızınızla bu cür danışdım.
QARPAQON Əksinə! Mən valeh oldum və qızımın üzərində tam hakimiyyəti sənə verirəm. (Elizaya). Bu hakimiyyətdən canını qurtara bilməyəcəksən. Sənin üzərində olan bütün ixtiyarımı mən Valerə verirəm və tələb edirəm ki, onun sözündən çıxmayasan.
VALER (Elizaya) İndi hünəriniz var, sözümdən çıxın.

Eliza gedir.


X gəliş
Qarpaqon, valer

VALER Mən onun dalınca gedim, cənab, gedim və nəsihətlərimə davam edim.
QARPAQON Sənə çox minnətdar olaram.
VALER Onunla gərək sərt rəftar edəsən.
QARPAQON Çox doğrudur. Hələ üstəlik...
VALER Narahat olmayın. Bu işin uğurla bitəcəyinə əminəm.
QARPAQON Əlbəttə! Buyur! Mən isə hələlik sizdən ayrılmalıyam.
VALER (Elizanın çıxdığı qapıya tərəf gedib, sanki Elizaya müraciət edərək). Bəli, pul dünyada hər şeydən vacibdir. Siz gərək Allahınıza şükür edəsiz ki, belə atanız var! O, həyata bələddir. Əgər evlənməyə cehizsiz qız təklif edilirsə, sabahını düşünmək lazım deyil. Cehizsiz sözünün özü – hər şey deməkdir. Yəni gözəl, gənc, əsil-nəcabətli, namuslu, ağıllı, həyalı – bu söz hər sözü əvəz edir. (Gedir.)
QARPAQON (tək) Yaxşı oğlandır! Hər kəlməsi bir qızıldır. Yaxşı ki, mənim belə nökərim var.

İkİncİ pərdə

I gəliş
Kleant, Lafleş

KLEANT Ay yaramaz! Harada itib-batmısan, axı sənə əmr eləmişdim ki...


LAFLEŞ Elədir ki var, cənab, mən də, nə olur-olsun, sizi burada gözləmək fikrindəydim, amma sizin atanız mərdiməzar adamdır: boynumun ardından vurub çölə qovdu, az qala əzişdirəcəkdi.
KLEANT İşimiz nə yerdədir? Vəziyyət bizi tələsməyə vadar edir! Atam – mənim rəqibim imiş.
LAFLEŞ Atanız aşiq olub?
KLEANT Bəli. Mən bu barədə eşidəndə, həyacanımı ondan çətinliklə gizlədə bildim.
LAFLEŞ Bu nə dəlilikdir? Bişmiş toyuğun gülməyi gələr. Yoxsa onu şeytan yolundan çıxarıb? Yazıq camaatı ələ salıb nədir? Heç ona da aşiq olmaq yaraşar?
KLEANT Görünür mənim günahlarım üzündəndir, yoxsa belə şey ağlına gəlməzdi.
LAFLEŞ Bəs ürəyinizi niyə ona açmadınız?
KLEANT Onu şübhəyə salmaq istəmədim, yoxsa bu nikahı pozmaq mənə çətin başa gələr. Yaxşı, de görüm cavab nə oldu?
LAFLEŞ Vallah, cənab, borc almaq xalis bəladır: sələmçilərin caynağına keçdinsə, başına it oyunu açacaqlar – biri elə siz!
KLEANT Demək, vermədilər?
LAFLEŞ Yox, niyə? Bizim Simon elə dəllaldır ki, tayı-bərabəri yoxdur. Deyir, sizin üçün, cənab, özünü oda yaxır, məni inandırır ki, sizi bir dəfə görməklə valeh olub.
KLEANT De görüm, on beş min frank verəcək, ya yox?
LAFLEŞ Bəli, verəcək, amma o halda ki, gərək onun bəzi şərtlərinə razı olasız.
KLEANT Səni borc verənin yanına göndərdi?
LAFLEŞ Nə danışırsız? belə də iş görmək olar? O adam sizdən də bərk gizlənir. İş elə gizlin görülür ki, heç təsəvvürünüzə belə gəlməz. O, heç bir vəchlə öz adını demək istəmir, bu gün sizinlə onu başqa bir evdə görüşdürəcəklər, öz varınız və ailə vəziyyətiniz haqda özünüz danışarsız. Əlbəttə, atanızın kim olduğunu bilən kimi, işlər düzələr.
KLEANT Üstəlik mənim əmlakım anamdan qalanlardır, onu əlimdən almaq olmaz.
LAFLEŞ Onun şərti belədir: bu şərtləri özü Simona diktə edib ki, Simon da onları, danışıqdan əvvəl sizə göstərsin. “Borc verən özünü yetərincə təmin olunmuş hesab edirsə və borc alan həddi-buluğa çatıbsa, kifayət qədər möhkəm, mötəbər və hər cür yasaqlardan azad, təmiz əmlaka malik olan ailədəndirsə, bu müqavilə borc verən adamın seçdiyi mötəbər notariusun yanında təsdiq ediləcəkdir, müqavilənin bütün qanuni tələblərə uyğun olması xüsusilə borc verən üçün vacibdir”...
KLEANT Bunun əleyhinə heç bir söz demək olmaz.
LAFLEŞ “Borc verən, ən xırda vicdan əzabından belə qaçaraq, borcdan yalnız beş faiz götürmək istəyir”...
KLEANT Beş faiz! Bu nə yaxşı adam imiş! Çox mərhəmətli insandır! Qabağında diz çökməyinə dəyər!
LAFLEŞ Sən saydığını say! “Lakin borc verən, tələb edilən pula malik olmadığından, borc istəyəni təmin etmək üçün bu məbləği iyirmi faizlə başqasından almağa məcburdur və bu iyirmi faiz – aydındır ki – borc alan tərəfindən ödənilməlidir, çünki adı yuxarıda qeyd edilmiş borc verən bu borcu yalnız bir kömək olaraq alıb ona verir.”
KLEANT Ay səni, lənətə gəlmiş! Bu ki, cuhuddur. Haramzadanın biri! Elə çıxır ki, o, borcu iyirmi beş faizdən verir!
LAFLEŞ Elədir ki, var. Mən də sizə elə bunu deyirdim. Düşünün, daşının – götürəsiz, yoxsa yox...
KLEANT Düşünməli nə var? Mənə pul lazımdır - istər-istəməz razı olmalıyam.
LAFLEŞ Mən də belə dedim.
KLEANT Yenə bir şərt-filan var? Nədir?
LAFLEŞ Boş şeydir. “Borc verən tələb olunan on beş min frankın yalnız on iki minini nəğd olaraq verə biləcək. Yerdə qalan üç minini isə borc alan, müxtəlif növ şeylər şəklində alacaq. Bu şeylər borc verən tərəfindən aşağıdakı siyahıda, mümkün olduqca ucuz və insaflı qiymətlərlə göstərilmişdir...”
KLEANT Bu nə deməkdir?
LAFLEŞ Siyahıya qulaq asın. “Bir: dörd ayaqlı çarpayı, döşək və çox incə toxunmuş krujevası olan mələfə; altı ədəd stul və zeytun rəngli sırınmış yorğan – astarı maviyə çalan qırmızı xaradan çəkilib. Bunların hamısı tamamilə yararlıdır. İki: solmuş qızılgül rəngində sarjadan tikilmiş, ipək saçaqlı, uzun yataq pərdəsi”.
KLEANT Bunu mən neynirəm? Nəyimə lazımdır?
LAFLEŞ Səbr edin. “Üç: iki məşuqun sevgi macərasını təsvir edən naxışlı toxunma divar örtüyü. Dörd: qoz ağacından qayrılmış, on iki burma ayaqları olan açılan masa; əlavə olaraq altı ədəd kətil...”
KLEANT Bu zəhrimar mənim nəyimə lazımdır axı!
LAFLEŞ Hövsələniz olsun: “Beş: sədəflə bəzənmiş üç iri çaplı tüfəng, üstündə üç dənə dəstək. altı: daşınan kərpic soba, üstündə iki kolba və üç distillə cihazı – bu avadanlıq həvəskar araqçəkənlər üçün çox faydalıdır”.
KLEANT Tfu, lənətə gəlmiş!
LAFLEŞ Qəzəblənməyin! “Yeddi: bolonya udu, simlərinin, demək olar ki, hamısı yerindədir. Səkkiz: bilyard, şahmat oyunu üçün taxta, həmçinin “qusek” – bu, yenidən dəbə düşmüş qədim yunan oyunudur, sadalananların hamısı bekarçılıq anlarında vaxtı xoş keçirmək üçün olduqca yararlıdır. Doqquz: kərtənkələ müqəvvası, çox da böyük deyil, içinə saman doldurulub, bunu bəzək kimi qonaq otağının tavanından asmaq olar. Bütün bu yuxarıda göstərilənlər həqiqətdə dörd min beş yüz livrdən baha ikən, borc verən lütfkarlıq göstərib onları bir min eküyə satmağa hazırdır.”
KLEANT Hazırlığı gözünə girsin, qaniçən alçaq! Belə şey harda görünüb? Bu dəhşətli faizlər azmış kimi, üstəlik üç min livr əvəzində bu zir-zibili mənə sırımaq istəyir! Onları satsam mənə heç iki yüz ekü verən olmaz... Bununla belə razı olmalıyam: bu quldur, bıçağı boğazıma dirəyib, nəfəs almağa imkan vermir.
LAFLEŞ Qəzəbinizi boğun, cənab – borca girmək, baha alıb, ucuz satmaq, gələcək hesabına dolanmaq – bu iflasa aparan yoldur. Panurqu xatırlayın!
KLEANT Yaxşı, səncə mən indi nə etməliyəm? Gör atalarımız, lənətə gəlmiş xəsisliklərilə bizi nə yerə çatdırırlar! Onların ölümünü arzulamağımız gərək ki, bundan sonra təəccüb doğurmasın.
LAFLEŞ Düzü, atanızın simicliyi müqəddəsi də yolundan çıxarar. Allaha şükür ki, mənim fırıldaq işlərlə aram yoxdur, əgər bir tanışım oğurluğa qurşanmaq istəyirsə, mən artıq ondan uzaq gəzirəm. Dar ağacı iyi verən fırıldaq mənlik deyil. Amma sizin atanızın əməllərinə baxanda, əlim gicişir, niyəsə onu soymaq istəyirəm, düşünürəm bununla mən savab iş görmüş olaram.
KLEANT Ver o siyahıya bir də baxım...

II gəliş
Kleant, Lafleş (səhnənin iç tərəfindədirlər), Qarpaqon, Simon

SİMON Bəli, cənab, bu gənc oğlanın pula ehtiyacı var, vəziyyəti elədir ki, sizin bütün şərtlərinizə əvvəlcədən razıdır.
QARPAQON Bu işin təhlükəsiz olduğuna əminsiz, Simon? Dediyiniz adamın adı, əmlakı, ailə vəziyyəti sizə məlumdur?
SİMON Yox. Onun haqqında çox az bilirəm – məni ona təsadüfən nişan veriblər, sizə isə, şübhəsiz ki, hər şeyi danışacaq, onun adamı məni inandırdı ki, siz ondan tamamilə razı qalacaqsız. Bircə onu bilirəm ki, varlı ailədəndir, anası ölüb, atasının uzağı səkkiz aydan sonra öləcəyini gözləyir, lazım gəlsə bu barədə zəmanət də yazıb verə bilər.
QARPAQON Bütün bunlar ciddi işə oxşayır. Yaxınlarını sev və mərhəmət et nəsihəti, Simon, tələb edir ki, ona əlimizdən gələn köməyi edək.
SİMON Şübhəsiz.
LAFLEŞ (Simonu tanıyaraq yavaşcadan Kleanta). Bu nədir? Bizim Simon sizin atanızla danışır.
KLEANT (eyni səslə). Yoxsa Simon mənim kim olduğumu bilib? Bəlkə məni sən satmısan?
SİMON (Kleanta və Lafleşə). Vay-vay-vay! Siz çox tələsmisiz. Sizə kim deyib ki, bura gələsiz? (Qarpaqona). Onların buraya gəlməsində mən təqsirkar deyiləm, cənab, adınızı və yaşadığınız yeri onlara mən deməmişəm. Amma bu o qədər də böyük bəla deyil. Onlar bu sirri saxlayacaqlar - siz isə lap elə indicə onlarla danışıqlara başlaya bilərsiz.
QARPAQON Necə?!
SİMON (Kleantı göstərərək). Haqqında danışdığım və sizdən on beş min livr borc almaq istəyən gənc budur.
QARPAQON Avara! Demək bu çirkin yola düşən sən imişsən?
KLEANT Atacan! Demək bu biabırçı işləri görən siz imişsiz?

Simon qaçır, Lafleş isə gizlənir.

III gəliş

Kleant, Qarpaqon

QARPAQON Deməli, borca girib müflis olmaq istəyən utanmaz sənsən?!
KLEANT Deməli, rüsvayçı sələmçiliklə daha da varlanmaq istəyən sizsiz?
QARPAQON Bundan sonra mənim gözümə görünməyə cəsarət də edirsən?
KLEANT Bundan sonra hörmətli adamların gözünə görünməyə cürət də edirsiz?
QARPAQON Belə bir israfçılıq dərəcəsinə çatmaq, ödənilməsi mümkün olmayan borclara girmək, ata-ananın qan-tər içində qazandıqlarını vicdansızcasına göyə sovurmaq - sən heç utanmırsan?!
KLEANT Özünü bu cür müqavilələrlə biabır etmək, varlanmaq xətrinə ad-sanını qurban vermək, sələmçilikdə ən qəddar soyğunçuları belə geridə qoymaq – bundan heç utanmırsız?
QARPAQON Gözüm görməsin səni, yaramaz! Rədd ol gözümün qabağından!
KLEANT Sizcə kimin günahı daha çoxdur: ehtiyac içində olduğundan yüksək faizlə borc alanın, yoxsa pulu başından aşmasına baxmayaraq, onu soyğunçuluqla qazananın?
QARPAQON İtil deyirəm sənə! Məni hövsələdən çıxarma!
Kleant gedir.
Şər deməsən xeyir gəlməz, bu mənə bir xəbərdarlıqdır. İndi gərək onun bir addımını belə gözdən qoymayım.

IV gəliş
Qarpaqon, Frozina

FROZİNA cənab...
QARPAQON Gözlə! İndi qayıdıb səninlə söhbət edərəm. (öz-özünə). İndi pulları yoxlamağın əsl vaxtıdır! (Gedir.)

V gəliş
Frozina, Lafleş

LAFLEŞ (Frozinanı görməyərək). Bu nə macəradır! Görünür onun bir ambar zir-zibili var, çünkü siyahıda bizə məlum heç bir şey yox idi.
FROZİNA Ah! Lafleş, bu sənsən? Sən hara, bura hara?
LAFLEŞ O! Bu ki Frozinadır! Niyə gəlmisən?
FROZİNA Niyə nədir? İş düzüb-qoşmağa, camaata qulluq göstərirəm, öz xırda bacarıqlarımı özümün və camaatın xoşbəxtliyinə sərf edirəm. Özün yaxşı bilirsən ki, bu işlər olmasa dünyada yaşamaq çox çətin olar. Mənim kimilərin dolanacağı bir zirəklikdən, bir də biclikdən çıxır.
LAFLEŞ Yoxsa bu evin sahibilə bir işin var?
FROZİNA Bəs necə? Onun işini yoluna qoymuşam. İndi də mükafatımı gözləyirəm.
LAFLEŞ Ondan? Çətin... Ondan bir şey qopara bilsən sənə qoçaq deyərəm! Deyim ki, biləsən, burada pulun qiyməti çox bahadır.
FROZİNA Belə bir qulluğa görə xəsis də səxavətə gələr.
LAFLEŞ Gözlə! Sən, görünür, cənab Qarpaqonu hələ tanımırsan. Cənab Qarpaqon insanlar arasında ən qeyri-insani bir məxluqdur, o, günahlı insan deyil – onun özü başdan-ayağa günahdır. Dünyada elə bir xidmət, elə bir yaxşılıq yoxdur ki, onun pul kisəsini açdıra bilsin. Nə qədər istəyirsən tərifləsin, hörmət, iltifat göstərsin, dostluq eləsin, amma sözdə; pul sözü ortaya çıxan kimi ağzı yumulur. Dili şirindir, qəlbi irin. Danışanda qılığa girir, yaltaqlanır, işə gələndə – üzü bərk olur, ürəyi daş. Onun “vermək” sözündən zəhləsi gedir və heç vaxt “verərəm” demir, mütləq “borc verərəm” deyir.
FROZİNA Allah, sən saxla! Lafleş, gəl sən mənə adamlardan pul sağmağın yollarını öyrətmə, onların ən incə tellərindən xəbərdaram! Kimi desən yumşalda bilərəm, qəlbinə girərəm, bir zəif damarını belə diqqətsiz buraxmaram.
LAFLEŞ Heç biri burada keçməz. Sən onun ürəyini pul tərəfdən yumşalt, mən də baxım! Bu adam qatı bir kafirdir. Gözünün qabağında gəbərsən, yerindən qımıldanmaz. Bir sözlə, pul onun üçün şərəfdən, namusdan, ad və sandan qiymətlidir. Pul istəyənin yalnız sifəti bəs edir ki, qıc olsun. Ondan pul istəmək – yarasına duz səpmək, ürəyini deşmək, içalatını çəkib çıxarmaq deməkdir və əgər... Gəlir! Əlvida!

Gedir.


VI gəliş
Frozina , Qarpaqon

QARPAQON (öz-özünə). Hər şey qaydasındadır. (bərkdən). Hə, nə var, Frozina?


FROZİNA Əla görünürsüz, o saat bilinir ki, tamamilə sağlamsız.
QARPAQON Kim? Mən?
FROZİNA Bəli, mən hələ heç vaxt sizi bu qədər şux və qıvraq görməmişdim.
QARPAQON Doğrudan?
FROZİNA Düşünürəm, ömrünüzdə hələ indiki qədər dəliqanlı olmamısız: iyirmi beş yaşlı elə oğlanlar var ki, sizin yanınızda qocadırlar.
QARPAQON Bununla belə, Frozina, mənim artıq altmış yaşım var.
FROZİNA Nə olsun? Altmış yaş! Yaman da çoxdur! Bu ki, çiçəklənmə dövrüdür - əsl kişi yaşıdır.
QARPAQON Bəlkə də. Amma yenə də yaşımın üstündən bir iyirmi yaş tullaya bilsəydim, pis olmazdı.
FROZİNA Yaxşı görək! Sizin buna ehtiyacınız yoxdur, siz elə belə də yüz il yaşayacaqsız.
QARPAQON Sən belə düşünürsən?
FROZİNA Mütləq. Bütün əlamətləriniz bunu deyir. Bir belə durun görüm! Deyirəm də: iki qaşınızın ortasındakı bu qırış, uzun ömür yaşayacağınızı deyir.
QARPAQON Yəni sənin bundan başın çıxır?
FROZİNA Başın çıxır da sözdü? Ovcunuzu verin... Aman tanrım, heç sonu görünmür.
QARPAQON Nəyin?
FROZİNA Görürsüzmü, bu xətt haraya qədər uzanır?
QARPAQON Nə olsun ki?
FROZİNA İstəyirsiz - inanın, istəyirsiz yox, mən yüz dedim, iyirmi də əlavə edin.
QARPAQON Yalan deyirsən!
FROZİNA Nə gizlədim, siz ölməyəcəksiz. Siz hələ uşaqlarınızı da, nəvələrinizi də basdıracaqsız.
QARPAQON Çox yaxşı! İşimiz nə yerdədi?
FROZİNA Soruşmağına dəyməz. Heç görmüsüz ki, boynuma götürdüyüm işi yerinə yetirməyim? Elçilik işində isə mənə tamamilə arxayın olun. Dünyada elə toy ola bilməz ki, mən onu tez əmələ gətirməyim. Hətta birdən ağlıma gəlsə, türk sultanını Venesiya respublikası ilə evləndirə də bilərəm. Bizimsə işimiz, əlbəttə ki, daha asandır. Ana da, qız da məni yaxşı tanıyırlar, sizin haqqınızda onlara bir aləm söz danışmışam. Mariananı bir neçə dəfə küçədə, pəncərə arxasında gördüyünüzü qarının qulağına pıçıldamışam. Başa salmışam ki, niyyətiniz nədir.
QARPAQON Yaxşı, bəs o nə cavab verib?
FROZİNA Sevindi. Mən sizin elə bu axşan kəbin kəsdirəcəyinizi və gəlinin də, sözsüz, buraya gəlməli olduğunu ona deyəndə, dərhal razı oldu, qızını da mənə tapşırdı.
QARPAQON Frozina, mən bu gün cənab Anselmi şam yeməyinə dəvət etməli oldum, deyirəm, biryolluq elə Mariananı da qonaq etsəydik, pis olmazdı...
FROZİNA Şübhəsiz. Nahardan sonra qızınızla tanış olmağa gələcək, sonra yarmarkaya getmək istəyir, oradan isə şam yeməyinə gələr.
QARPAQON Yarmarkaya qızım da onunla bir yerdə gedəcək. Mən öz karetamı onlara borc verə bilərəm.
FROZİNA Çox gözəl!
QARPAQON Bəs cehiz barədə anası ilə söhbət etdiz, Frozina? Sən ona dedin ki, bu məsələ üçün o heç olmasa bir şey uydurmalı, bir hiylə, bir kələklə ortaya bir şey çıxartmalıdır? Axı, doğrudan da, olmaz ki, qız boş-boşuna əli ətəyindən uzun ərə getsin.
FROZİNA Necə yəni əli ətəyindən uzun? Axı o sizə on iki min livr illik gəlir gətirəcək?
QARPAQON On iki min livr illik gəlir?!
FROZİNA Ən azı. Əvvəla qız kasıbçılıq içində böyüdüyündən, yeməyə qənaət eləməyə alışıb: bir az salat, azacıq süd, bir dilim pendir və alma tox olması üçün bəs edir. Ərköyün xanımların öyrəşdiyi cürbəcür bahalı yeməklərə, qəlyanaltılara, pirojna və şirniyyatlara pul xərcləməyəcəksiz. İldə üç min frank qabağa düşəcəksiz. Üstəlik təmiz geyinməyi çox sevir, amma bəzək-düzəklə heç arası yoxdur. Deməli, başqa qadınların həvəs göstərdikləri nə bəzəkli paltarlar, nə qiymətli daş-qaşlar, nə də dəbdəbəli ev əşyaları lazım olmayacaq. Bu isə sizə ildə dörd min livrdən çox qazanc gətirəcək. Nəhayət, heç bir qumar oyunu ilə arası yoxdur. Gəlin, indi bizim xanım və qızlara baxaq. Onlardan birini tanıyıram – qonşuluğumuzda yaşayır, bu il iyirmi min pul uduzub. Biz bunun dörddə birini götürək və sayaq görək nə qədər qazanacaqsız. Demək, qumar oyunu beş min, bəzək-düzək dörd min – bu oldu doqquz min, üstəgəl yeməyi üç min... düppədüz on iki min frank.
QARPAQON Əlbəttə ki, bu pis deyil, amma mən burada, əsas şeyi görmürəm – qazancı.
FROZİNA Lütfən deyin görüm, əgər arvad özüylə sadəlik, mülayimlik gətirirsə, bəzənmirsə, israfçı, qumarbaz deyilsə, məgər bu əsas qazanc deyil?
QARPAQON Sən deyirsən ki, o filan-filan şeylərə pul xərcləməyəcək və bu da onun cehizidir. Bu ki, cehiz deyil, sadəcə məni ələ salmaqdır! Almadığım bir şeyə görə mən qəbz verə bilmərəm axı. Sən elə bir şey ver ki, mən onu əlimdə tuta bilim!
FROZİNA Canım, tutacaqsız! Mənə dedilər ki, haradasa mülkləri var: o da sizə çatacaq!
QARPAQON Bunu yoxlamaq lazımdır. Məni bir şey də narahat edir, Frozina. Bilirsən ki, Mariana cavandır, cavan da ki, cavana meyl göstərir. Qorxuram o, öz qoca ərini bəyənməyib evdə yeni qaydalar yaradar, sonra da mənim atam yanar...
FROZİNA Eh, siz onu çox az tanıyırsız! Bu işdə də o başqalarına oxşamayıb. Görün, sizə nə deyirəm, cavanlardan zəndeyi-zəhləsi gedir, onunku qocalardı.
QARPAQON Qocalar?
FROZİNA Hə, hə. Siz bircə onun dediklərini eşidərdiz! Südəmərləri, deyir, görəndə ürəyim bulanır, amma elə ki, mötəbər bir saqqalı olan qoca görürəm, ağlım başımdan çıxır. Nə qədər qoca olsa, bir o qədər onunçün yaxşıdır, odur ki, siz yaşınızı ondan gizlətməyin. Altmış yaşlı kişilərin dəlisidir. Dörd ay bundan əvvəl az qala ərə gedəcəkdi, amma nişanlısı, - əlli altı yaşım var, - deyib kəbini eynəksiz imzalamaq istəyən kimi iş pozuldu.
QARPAQON Təkcə buna görə?
FROZİNA Təkcə buna görə. Deyir, əlli altı yaş mənim üçün azdır, bir də burun, deyir, əgər üstündə eynək yoxdursa, nə burundur?!
QARPAQON İşə bax! Bu qədər yaşamışam, hələ birinci dəfədir, belə şey eşidirəm.
FROZİNA Hələ bu nədir ki! Siz bir onun otağını görəydiz. Divarlardan nə cür şəkillər asılıb! Siz elə bilirsiz Adonislər və Parislər, Apollonlar və Kupidonlardır?! Xeyr, səhv edirsiz! Saturn və çar Priam, ağsaçlı Nestor, bir də o... adı nə idi... zəifləmiş qoca Anxiz, oğlu onu öz çiynində gəzdirir.
QARPAQON Heyran oldum! Bunu heç ağlıma da gətirməzdim. Mən çox şadam ki, onun belə zövqü var. Əslində, elə mən də qadın olsaydım, uşaq-muşağı sevməzdim.
FROZİNA Əlbəttə! Axı onlarda sevməli nə var, yaramazlardır hamısı? Kimin bu burnufırtıqlı bədxərclərə gözü düşər? Onların nəyini bəyənirlər, bilmirəm.
QARPAQON Nəyə görə qadınlar onları bu qədər sevirlər, ağlıma sığışdıra bilmirəm.
FROZİNA Sarsaqdılar, ona görə. Məgər sağlam düşüncəli qız da gəncliyə şirniklənər? Qəşəng oğlanlar! Məgər onlar da kişidir? Onların nəyini sevəsən?
QARPAQON Elə mən də hər gün bunu deyirəm. Səsləri xoruz səsi, bığları pişik bığı, saçları parik, şalvarları düşür, qarınları çöldə... Tfu!
FROZİNA Sizə isə təkcə baxmaq adama zövq verir! Baxan kimi deyirsən, əsl kişi budur! Üst-baş, geyim-keçim! Paltarı qadınların ürəyinə od salır!
QARPAQON Demək, sənin fikrincə mən pis deyiləm, hə?
FROZİNA Bəs necə! Bircə şəklinizi çəkmək qalır. Bir dönün, xahiş edirəm... Əladı! Gəzişin... Qamətiniz incə, qıvraq; yerişiniz sərbəst; heç bir xəstəlik də hiss olunmur.
QARPAQON Çox şükür ki, sən deyən elə xəstəliyim yoxdur, amma tez-tez təngnəfəs oluram, bir də hərdən öskürəyim tutur.
FROZİNA Boş şeydir. Töyşümək sizə yaraşır, öskürəndə isə daha xoş görünürsüz.
QARPAQON Sən mənə bir de görüm: Mariana məni heç görməyib? Ötəri də olsa.
FROZİNA Heç. Amma sizin haqqınızda çoxlu söhbətlər etmişik. Mən sizi yetərincə təsvir və tərif eləmişəm: belə əri, demişəm, gündüz çıraqla da axtarsan tapa bilməzsən.
QARPAQON Afərin! Çox sağ ol!
FROZİNA Sizə, cənab, balaca bir işim düşüb. Məhkəmədə davam var, onu uduza bilərəm - pulum çatmır.
Qarpaqon qaş-qabağını sallayır.
Siz mərhəmət etsəydiz, mən bu işi asanlıqla uda bilərdim... Heç ağlınıza da gətirməzsiz ki, o, sizi görməyə nə qədər şad olacaq.
Qarpaqon yenə də şən görünür.
Ax, onun elə xoşuna gələcəksiz ki. Sizin köhnə dəbli boyunluğunuz onu, bilmirsiz, nə hala salacaq! Bu qaytanlı şalvarı isə hələ demirəm: sevincindən dəli olacaq! Qaytanlı şalvar geymiş adaxlı! Ağzının suyu axacaq!
QARPAQON Danış! Danış!
FROZİNA Vallah, cənab, bu dava mənim taleyimi həll edəcək.
Qarpaqon qaş-qabağını sallayır.
Onu uduzsam, tamamilə müflis olacam. Mənə nə qədər pul lazımdır ki... Görəydiz, sizdən danışanda, qız necə bir sevinclə məni dinləyirdi!
Qarpaqon yenə şən görkəm alır.
Gözləri par-par parıldayırdı, mən də axı əlimdən gələni edirdim!.. Axırda qızı o dərəcəyə çatdırdım ki, dedi, bu saat ona ərə gedirəm, lap elə bu dəqiqə!
QARPAQON Mənə böyük yaxşılıq etdin, Frozina. Elə yaxşılıq ki, heç bilmirəm əvəzini necə çıxım.
FROZİNA Siz də əvəzində mənə yardım edin, cənab.
Qarpaqon qaş-qabağını sallayır.
Onda işlərim qaydasına düşər və sizə ömrümün axırına qədər duaçı olaram.
QARPAQON Salamat qal! Mən məktubları yazıb bitirməliyəm.
FROZİNA Cənab, and içirəm ki, məni böyük bir bəladan xilas etmiş olarsız.
QARPAQON Sizi yarmarkaya aparmaq üçün karetamı qoşdura bilərəm.
FROZİNA Vəziyyətim son dərəcə ağır olmasaydı, sizin baş-beyninizi aparmazdım.
QARPAQON Şam yeməyini isə tez sifariş edəcəm – yatarqarına yemək ziyandır.
FROZİNA Rədd etməyin, mərhəmətli olun!.. Ax, cənab! Əgər bilsəydiz, necə bir sevinc...
QARPAQON Dayan görüm! Məni çağırırlar. Görüşənə qədər! (Gedir.)
FROZİNA (tək). Ay səni, qoca köpək! Bu simicə heç nə təsir eləmir! Yox, heç vaxt! Əl çəkən deyiləm. Bura olmasın, başqa yer olsun, istədiyimi onsuz da qoparacam!

ÜÇÜNCÜ pərdə

I gəliş
Qarpaqon, Kleant, Eliza, Valer, Jak, Klod, Brendavuan, Lamerluş

QARPAQON Hamınız gəlin! Bu günə olan iş bölgülərinizi təyin edib əmrlərinizi verəcəm. Yaxın gəl, Klod! Başlayaq səndən.


Klodun əlində döşəmə şotkası var.
Sən artıq yaraq-yasağını götürmüsən, bu yaxşıdır. Sənin işin: çalışmalısan ki, hər yer tər-təmiz olsun, amma bacardıqca mebellə ehtiyatlı davran, onu siləndə çox sürtmə – korlayarsan. Bundan başqa, şam yeməyi vaxtı gözün şərab şüşələrində olmalıdır: əgər biri itsə, sınsa – maaşınla cavab verəcəksən.
JAK (öz-özünə). Bax bunu çox məharətlə düşünüb.
QARPAQON (Kloda). Get.

Klod gedir.


II gəliş
Qarpaqon, Kleant, Eliza, Valer, Jak, Brendavuan, Lamerluş

QARPAQON Brendavuan və Lamerluş! Siz qədəhləri yaxalayacaq və şərab verəcəksiz, amma nə vaxt vacib olsa, onda. Bəzi sarsaq xidmətçilərə oxşamayın, onlar qonağa zorla qədəh uzadıb yadına içmək salırlar, halbuki şərab bəlkə onun heç ağlına da gəlmirdi. Gözləyin, bir-iki dəfə xahiş eləsinlər, sonra verin. Bir də, masanın üstünə bolluca içməli su qoyun.
JAK (öz-özünə). Bəs necə! Axı təmiz şərab adamı tez sərxoş edir!
LAMERLUŞ Bu önlükləri çıxaracağıq, cənab?
QARPAQON Bəli, qonaqlar artıq toplaşmağa başlayanda. Amma baxın ha, paltarınıza ləkə salmayın.
BRENDAVUAN Sizə məlumdur ki, cənab, mənim kamzolumun qabağında iri yağ ləkəsi var.
LAMERLUŞ Mənim də şalvarımın dalı deşik-deşikdir, elə gündədir ki, cənab, ifadəmə görə üzr istəyirəm, arxam...


Yüklə 342,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə