Jan Batist molyer



Yüklə 342,87 Kb.
səhifə3/5
tarix25.06.2018
ölçüsü342,87 Kb.
#51343
1   2   3   4   5
QARPAQON (Lamerluşa). Kifayətdir! Qonaqlara qabaq tərəfini çevir, arxanı isə divara. (Brendavuana.) Sən isə bir əlinlə şərab payla, o birisi ilə şlyapanı bax, beləcə tut. (Brendavuana yağ ləkəsini şlyapa ilə necə örtməyi göstərir.)

Brendavuan və Lamerluş gedirlər.

III gəliş
Qarpaqon, Kleant, Eliza, Valer, Jak

QARPAQON Sən, Eliza, masanın yığışdırılmasına nəzarət edərsən – heç nə itib-batmamalıdır. Bu elə əsl qız məşğuliyyətidir. İndi isə get hazır ol ki, nişanlımı layiqincə qarşılayasan. Sonra da onunla yarmarkaya get. Eşidirsən, nə deyirəm?


ELİZA Eşidirəm, atacan. (Gedir.)

IV gəliş
Qarpaqon, Kleant, Valer, Jak

QARPAQON Sən isə, mənim qiymətsiz oğlum – bu günkü hadisəni sənə bağışladım – daha bax ha, qızın qabağında sir-sifət turşutmağı ağlına belə gətirməyəsən!
KLEANT Mən, atacan? Sir-sifətimi niyə turşutmalıyam ki?
QARPAQON Danışma! Mən yaxşı bilirəm, atalar ikinci dəfə evlənəndə, uşaqlar özlərini necə aparır, ögey analarına necə baxırlar. Əgər o hərəkətini tamamilə unutmağımı istəyirsənsə, bacardıqca nəzakətli və xoşsifət ol.
KLEANT Açığını desəm, atacan, onun mənim ögey anam olmasına heç də şad deyiləm – sizi nəyə görə aldadım! O ki qaldı nəzakətli və xoşsifət olmağıma, bundan arxayın ola biərsiz.
QARPAQON Çalış, lütfən.
KLEANT Razı qalacaqsız.
QARPAQON Ümidvaram.

Kleant gedir.

V gəliş
Qarpaqon,Valer, Jak

QARPAQON Sən mənə lazımsan, Valer. Bir bura gəl, Jak, indi də növbə sənə çatdı.


JAK Kiminlə danışmaq istəyirsiz, cənab, aşpazla, yoxsa faytonçu ilə? Mən axı bu evdə həm oyam, həm də o biri.
QARPAQON Aşpazla da, faytonçu ilə də.
JAK Bəs birinci hansı gəlsin?
QARPAQON Aşpaz.
JAK Bu dəqiqə. (faytonçu paltarını çıxarıb, aşpaz paltarında qalır).
QARPAQON Bu tamaşa nədən ötrüdür?
JAK Qulluğunuzda hazıram.
QARPAQON Bu gün, Jak, şam yeməyi veriləcək!
JAK (öz-özünə) Nə böyük möcüzə!
QARPAQON Əlindən gələr?
JAK Yaxşı pula əlbəttə!
QARPAQON Yerə girəsən! Yenə pul! Bunların bildiyi təkcə bir söz var: “Pul! Pul! Pul!” Elə yapışıblar ki, pul ver! Hamısı pul deyir! Pulsuz bir addım da atmırlar!
VALER Bu cavabdan axmağını hələ eşitməmişəm. Əcəb gözəldir: yaxşı pula yaxşı şam yeməyi hazırlamaq! Bundan asan nə var? Bunu axmaq da bacarar! Yox, əgər sən işinin ustasısansa, onda gəl gözəl şam yeməyindən danış, amma ucuz başa gəlsin.
JAK Gözəl şam yeməyi, amma ucuz başa gəlsin?
VALER Bəli.
JAK Cənab eşikağası, bəlkə bir zəhmət çəkib bunun sirrini bizə göstərəsiz? Gəlsənə, elə mənim də vəzifəmi öz əlinizə götürəsiz? Onsuz da bütün işləri öz əlinizə almısız.
QARPAQON Sus! Bizə nə lazım olacaq?
JAK Cənab eşikağası sizə ucuz başa gələn gözəl şam yeməyi hazırlayacaq!
QARPAQON Mən ondan soruşmuram, səndən soruşuram.
JAK Neçə adamlıq?
QARPAQON Səkkiz-on adam olacaq, amma səkkiz adamlıqdan artıq bişirmək lazım deyil. Səkkiz adam doyan yerdə on adam da doya bilər.
VALER Təbii.
JAK Demək, dörd dəfə süfrə dəyişiləcək. Beş cür qəlyanaltı, şorba, soyutma...
QARPAQON Cəhənnəm ol, lənətə gələsən! Bütün şəhəri yedirtmək istəyirsən, nədi?!
JAK Qovurma...
QARPAQON (əlilə onun ağzını qapayır). Vəhşi! Məni dilənçi vəziyyətinə salmaq istəyirsən?
JAK Bir dənə də yüngül yemək...
QARPAQON Daha nə?
VALER (Jaka). Deyəsən, doğrudan da, hamını çox yedirib gəbərtmək istəyirsən. Sənin ucbatından bu cənab qatilə çevriləcək. Səhhət qaydalarını oxu və həkimdən xəbər al, gör qarınqululuqdan zərərli nə ola bilər?
QARPAQON Qızıl kimi sözlər!
VALER Bax, dostum, yadında yaxşı saxla, bütün qohumlarına da öyrət ki, öz süfrəsinə çoxlu ət verən adam sorğu-sualsız qatildir. Əgər ev sahibi qonaqlarını sevirsə, gərək sadəliyə riayət eləsin. Hətta belə bir qədim kəlam da var: biz yaşamaq üçün yeyirik, yemək üçün yaşamırıq.
QARPAQON Gözəl kəlamdır! Gəl, Valer, gəl, üzündən öpüm. Ömrümdə belə ağıllı söz eşitməmişəm: biz yemək üçün yaşayırıq, yaşamaq üçün... Yox, deyəsən olmadı. Sən necə dedin?
VALER Biz yaşamaq üçün yeyirik, yemək üçün yaşamırıq.
QARPAQON (Jaka). Eşit! Gördün? (Valerə). Bu sözləri hansı müdrik söyləyib?
VALER Yadımda deyil.
QARPAQON Yadıma sal, bu sözləri qeyd edim. Onları qızıl hərflərlə zalın divarına həkk etdirəcəm, buxarının üstünə.
VALER Mütləq. Şam yeməyinə gəldikdə isə, izn verin bu işi öz boynuma götürüm – mən hamısını yerli-yerində düzüb-qoşacam.
QARPAQON Düz-qoş.
JAK Çox gözəl. Mənim işim asanlaşır.
QARPAQON (Valerə). Elə şeylər hazırlayın ki, adamı tez tutsun: qoyun qovurması, misal üçün, yağlı olsun, şabalıdlı paştet...
VALER Arxayın olun.
QARPAQON Sonra, Jak, karetanı təmizləmək lazımdır.
JAK üzr istəyirəm. Bu artıq faytonçuya aiddir. (faytonçu kaftanını geyir). Nə buyururduz?..
QARPAQON Karetanı təmizləyib, atları qoşmaq lazımdır – yarmarkaya gedəcəksən.
JAK Atları, cənab? Onlar heç yerlərindən tərpənməyəcəklər. Yalan deməyəcəm: onlar palçıqda yatırlar, yazıq heyvanların heç döşənəkləri yoxdur. Yemlənmələri də elədir ki, heç ata oxşamırlar – kölgələri qalıb.
QARPAQON Arıqlayıblar? Mən ki, onları heç çapmıram.
JAK Çapdız ya çapmadız, cənab, yem ki, hər gün verilməlidir. Bu yazıqlar hər cür işə gedərlər, təki tox olsunlar. Get-gedə arıqladıqlarını gördükcə, adamın ürəyi parçalanır. Mən axı atları sevirəm – onların dərdi mənə əzab verir. Nə qədər qəddar adam olmalısan ki, cənab, yaxınlarına yazığın gəlməsin.
QARPAQON Karetanı yarmarkaya kimi aparmaq o qədər də çətin iş deyil.
JAK Yox, cənab, mən buna ürək eləmirəm. qamçı vurmağa əlim gəlməz. Ayaqlarını sürüyə bilmirlər, istəyirsiz karetanı dartsınlar?
VALER Qonşu Pikardan xahiş edərəm, cənab, faytonçuluğu o edər, Jak isə, qoy, qalıb yemək hazırlasın.
JAK Yaxşı. İşdi, gəbərsələr, heç olmasa bilirəm ki, mənim günahımdan olmayacaq.
VALER Çox göydən gedirsən, Jak.
JAK Çox yaltaqlanırsan, eşikağası.
QARPAQON Sus!
JAK Mənim yaltaqlardan zəhləm gedir, cənab. Bunun isə iç üzü mənə çoxdan bəllidir. Eləhey çörəyin, şərabın, odunun, duzun, şamların hesabını aparır, hamısını da yalnız sizə yaltaqlanmaq, xoşunuza gəlmək üçün edir. Bu isə məni cinləndirir. Sizin haqqınızda danışılanları eşitmək isə, doğrusu, məni lap dilxor edir. Axı necə də olsa, atlardan sonra dünyada ən çox sizi sevirəm.
QARPAQON Bəs bilmək olarmı, Jak, mənim haqqımda nə danışırlar?
JAK Olar, cənab... əgər əmin olsam ki, siz hirslənməyəcəksiz.
QARPAQON Heç zərrə qədər də hirslənməyəcəm.
JAK Yox, hirslənəcəksiz! Mütləq hirslənəcəksiz!
QARPAQON Dedim ki, yox! Əksinə, mən razı qalacam, bunu bilmək mənim üçün çox maraqlıdır.
JAK İndi ki, özünüz istəyirsiz, cənab, onda sizə vicdanla deyim, bilin: hər yerdə sizi lağa qoyurlar, kim necə gəldi sizi ələ salır, ağ yuyub-qara sərirlər – xəsisliyiniz haqda gəzən lətifələrin sayı-hesabı yoxdur. Bəziləri deyir ki, siz xüsusi təqvim sifariş vermisiz, orada pəhriz günlərinin sayı lazım olduğundan iki dəfə artıq göstərilir ki, nökərləriniz tez-tez pəhriz saxlasınlar; başqaları deyir ki, sizin nökərləriniz nə bayramlarda hədiyyə alırlar, nə də düzgün maaş, çünki həmişə ilişməyə səbəb tapırsız. Biri danışır ki, siz bir dəfə qonşunun pişiyini məhkəməyə vermisiz ki, yeməyinizin artığını yeyib; başqa birisi danışır ki, sizi bir gecə, öz atınızın arpasını oğurlayanda tutublar və məndən qabaq işləyən faytonçu, qaranlıqda sizi yaxşıca budayıb – amma siz üstünü vurmamısız. Qısası, hara gedirsən, elə sizi söyürlər. Sizə bütün şəhər gülür; sizi hər tində lənətləyirlər, adınız da ki, hər yerdə acgöz, xəsis, simic, zıqqı!
QARPAQON (onu döyür). Sən də – sarsaq, alçaq, dələduz, ədəbsiz, səfeh, fırıldaqçı...
JAK Gördüz, məgər düz demirdim? Sizsə inanmırdız. Mən axı sizi xəbərdar elədim ki, həqiqəti desəm hirslənəcəksiz.
QARPAQON Sən əvvəlcə mənimlə danışmağın təhərini öyrən! (Gedir.)

VI gəliş
valer, Jak

VALER (gülərək). Zənnimcə, Jak, sənin səmimiliyinin haqqını pis ödəyirlər.
JAK Sənə qalmayıb, bambılı! Özünü elə göstərirsən, elə bil kiməsə lazımsan! Sənin özünü kötəkləyəndə gülərsən, məni isə lağa qoymaq lazım deyil.
VALER Əsəbiləşməyin, hörmətli Jak!
JAK (öz-özünə). Aha! Quyruğu əsdi! Gəl onu bir qorxuya salım! Əgər axmaq olub məndən qorxsa, onda bir az əzişdirərəm. (Bərkdən.) Sizə məsləhət görürəm, cənab dişağardan, yadda saxlayasız ki, mənim sizə qoşulub diş ağartmaq niyyətim yoxdur, səbrimi tükədərsiz, sizi başqa cür diş ağartmağa məcbur edərəm. (Valeri hədələyir və səhnənin iç tərəfinə qovur.)
VALER Yaxşı, yaxşı, sakit ol!
JAK Nə yaxşı? Nə sakit ol?! İndi sənə göstərərəm!
VALER Xahiş edirəm.
JAK Qanacaqsızın biri!
VALER Cənab Jak!
JAK “Cənab Jak” indi sənə göstərəcək. İndi dəyənəyi əlimə alıb, sənin bütün lovğalığını çırpıb tökdürəcəm.
VALER Necə? Dəyənəyi?! (Jakın üstünə gedir).
JAK Mən nə dedim ki...
VALER Cənab Jak, məsləhət görürəm yadda saxlayasız ki, mən sizi daha yaxşı əzişdirə bilərəm.
JAK Siz deyəndir!
VALER Dəyərsiz mətbəx kötüyü!
JAK Əlbəttə, razıyam!
VALER Sən hələ məni tanımırsan!
JAK bağışlayın...
VALER Bəs hanı sənin dəyənəyin?
JAK Mən zarafat edirdim.
VALER Sənin zarafatın xoşuma gəlmədi. (onu dəyənəklə döyür). Bir də belə zarafat eləmə. (Gedir.)
JAK (tək). Öz səmimiyyətimin ağrısıdı! Doğrunu danışmaq şox faydasız peşədir, tövbə edəsi oldum. Yenə ağam döysə dərd yarıdır, amma eşikağası... Bir dayan, mənə borc olsun.

VII gəliş


Jak, Mariana, Frozina

FROZİNA Jak, bilmirsən, ağanız evdədir ya yox?


JAK Evdədir, evdədir. Bunu məndən dəqiq kim bilə bilər?
FROZİNA Onda zəhmət olmasa ona de ki, gəlmişik.

Jak gedir.


VIII gəliş


Mariana, frozina

MARİANA Ah, Frozina, mən qəribə bir hiss keçirirəm! Başıma gələcək işlərdən qorxuram!


FROZİNA Axı niyə? Burada qorxulu nə var?
MARİANA Hələ soruşursan da! Özünü mənim yerimə qoy: öz ayağımla edam olunmağa gedirəm.
FROZİNA Mən çox aydın görürəm, Qarpaqon kimi bir edamla ölmək sizə o qədər də xoş deyil. Bir də bilirəm ki, mənə dediyiniz o cavan oğlan hələ də ağlınızdan çıxmır, məni aldada bilməzsiz.
MARİANA Səni heç aldatmaq da istəmirəm, Frozina. O, bizə gələndə özünü elə gözəl apardı ki, boynuma alıram, ona qarşı laqeyd qala bilmədim.
FROZİNA Heç bilirsiz o kimdir?
MARİANA Yox. Bircə bilirəm ki, onu sevməmək olmur. Əgər mənə seçmək ixtiyarı verilsəydi, əlbəttə bir dəqiqə belə düşünməzdim, amma məni başqasına getməyə məcbur edirlər, bu da mənim üçün bir işgəncədir.
FROZİNA Pərvərdigara! Bu cavanlar ürəyə girə bilirlər də! Bülbül kimi ötməkləri var, amma az qala hamısı lütdür, sizin üçün isə, qoca da olsa, varlı adama getmək daha əlverişlidir. Əlbəttə, burada sevgidən söhbət gedə bilməz, belə ərlə yaşamağın nə sevinci? Amma bu ki müvəqqətidir. İnanın, çox yaşayası deyil, o zaman istədiyiniz adamı seçərsiz: o adam da hər şeyin əvəzini qaytarar.
MARİANA Danışırsan da, Frozina! Xoşbəxtlik xəyallarına bax: kiminsə ölümünü gözləməliyəm! Birdən ölmədi!
FROZİNA Ağ eləməyin! Siz axı o şərtlə ərə gedirsiz ki, tezliklə dul qalacaqsız, bu şərt gərək kəbin müqaviləsində də qeyd olunsun. Əgər üç aydan sonra ölməsə, onda düşüyün biri olar. Bu da o!
MARİANA Ax, Frozina, nə eybəcərdir!

IX gəliş
Mariana, Frozina, Qarpaqon

QARPAQON (Marianaya). Sizi eynəkdə qarşıladığım üçün mənə acığınız tutmasın, gözəl qız. Bilirəm ki, gözəlliyiniz onsuz da göz qabağındadır, onu görməmək mümküm deyil və onu görmək üçün heç bir böyüdücü şüşəyə ehtiyac yoxdur. Lakin ulduzlara biz böyüdücü şüşələrlə baxırıq, mən də iddia və təsdiq edirəm ki, siz – ulduzsunuz, həm də necə bir ulduz! Bütün ulduzların içində - ən gözəli... Frozina! O susur və sanki məni görməyinə şad deyil!
FROZİNA Həyəcanlıdır, hələ özünə gəlməyib. Qızlar, ürəklərindəkini tez biruzə verməyə utanırlar.
QARPAQON Düz deyirsən. (Marianaya). əziz balam, icazə verin, qızımı sizə təqdim edim.

X gəliş
Mariana, Frozina , Qarpaqon, Eliza

MARİANA Sizə belə gec gəldiyim üçün, məni bağışlayın, xanım.
ELİZA Sizsə məni bağışlayın ki, sizi qabaqlamadım: bu mənim vəzifəm idi.
QARPAQON Görürsüz, qızım nə böyükdür? Alaq otu tez boy atar.
MARİANA (yavaşca Frozinaya). Nə idbar adamdır!
QARPAQON (Frozinaya). Bizim gözəl xanım nə deyir?
FROZİNA Sizə valeh olub.
QARPAQON Bu mənim üçün böyük şərəfdir, afət.
MARİANA (öz-özünə). İyrənc məxluqdur!
QARPAQON Mənim barəmdə olan tərifli fikrinizə görə sizə hədsiz minnətdaram!
MARİANA (öz-özünə). Səbr etməyə taqətim qalmayıb.

XI gəliş
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer, Brendavuan



QARPAQON Bu da mənim oğlumdur, gəlib ki, sizə öz ehtiramını bildirsin.
MARİANA (Frozinaya, astadan). Ah, Frozina, nə xoş təsadüf! Bu ki odur! Sənə dediyim oğlan!
FROZİNA (Marianaya, astadan). İşə bax! Nə qəribə təsadüf!
QARPAQON Görürəm, siz təəccüblənirsiz ki, mənim belə böyük uşaqlarım var, amma mən tezliklə hər ikisindən yaxamı qurtaracam.
KLEANT (Marianaya). Doğrusu, xanım, mən belə şey gözləmirdim. Atam öz niyyətini bildirəndə məni çox heyrətləndirdi.
MARİANA Elə mən də sizə eyni sözü deyə bilərəm. Bu gözlənilməz görüş məni sizdən az təəccübləndirmədi – bu görüşə heç hazır deyildim.
KLEANT Tamamilə aydındır ki, atam sizdən artığını seçə bilməzdi: sizi görmək –mənim üçün böyük səadətdir, amma deməzdim ki, onun bu hərəkəti məni sevindirdi . Mən şirin danışmağı bacarmıram və etiraf edirəm, sizə ögey ana demək istəməzdim. Bəzilərinə, yəqin ki, mənim sözlərim kobud görünəcək: lakin siz, – buna əminəm – mənim sözlərimi lazım olduğu kimi anlayacaqsız. Bu saat ürəyimdə nələr çəkdiyimi təsəvvür etmək sizə çətin olmaz: məni tanıdıqca, anlayacaqsız ki, mənimçün burada sevinməli bir şey yoxdur və mən özümə borc bilirəm ki, sizə, atamın icazəsi ilə bəyan edim: əgər bu kəbin məndən asılı olsaydı, heç vaxt baş tutmazdı!
QARPAQON Afərin, çox yaxşı danışdın!
MARİANA Mən də sizin kimi cavab verəcəm: siz məni ögey ana adlandırmaq istəmədiyiniz kimi, mən də sizi ögey oğlum adlandırmaq istəməzdim. Xahiş edirəm, məni narazılığınızın təqsirkarı hesab etməyin. Öz-özlüyümdə heç vaxt sizə bir pislik etməyə cürət etməzdim. Sizi inandırıram – üzərimdə başqasının hökmü olmasaydı – mən heç vaxt sizi bu nikahla məyus etməzdim.
QARPAQON Ona bu da azdır. Axmaq nitqə verilən axmaq cavab. Bu ədəbsizin günahından keçin, gözəl qız: gəncdir, axmaqdır, danışığını qanmır.
MARİANA İnanın, zərrə qədər də inciməmişəm. Əksinə, səmimi etirafına görə ona çox minnətdaram. Əgər o başqa cür danışsaydı, mən daha ona hörmət etməzdim.
QARPAQON Ona qarşı həddən artıq mərhəmətlisiz. Amma, vaxtı gələndə o da ağıllanacaq, hissləri də dəyişəcək.
KLEANT yox, atacan, mən heç vaxt dəyişilməyəcəm, – xahiş edirəm, xanım, mənə inanasız.
QARPAQON Belə də ağılsızlıq olar?! Dediyində durur!
KLEANT Bəs siz istəyirsiz, yalan danışım?
QARPAQON Yenə öz bildiyini deyir! Başqa şey haqqında danışmaq olmaz?
KLEANT Yaxşı. Başqa şeydən deyirsiz – başqa şeydən danışaq. İcazə verin, xanım, atamı əvəz edim və sizə deyim ki, ömrümdə sizdən qəşəng qıza rast gəlməmişəm, sizin xoşunuza gəlmək mənim üçün böyük xoşbəxtlikdir, sizin əriniz olmaq – elə böyük səadətdir ki, onu yer üzündə ən böyük sultanın taleyinə belə dəyişməzdim. Bəli, xanım, sizə malik olmaq mənim çoxdankı arzum, qürurumun son həddidir. Belə qələbə xatirinə hər şeyimi qurban verərdim, məni heç nə saxlaya bilməzdi.
QARPAQON bir az asta, qardaş, coşma!
KLEANT Mən bunu sizin adınızdan deyirəm.
QARPAQON Özümün, şükür Allaha, dilim var, mənə vəkil lazım deyil... Bizə kreslo verin!
FROZİNA Bəlkə yarmarkaya yollansaq daha yaxşı olar? Tez qayıdardıq – söhbətə də vaxt qalardı.
QARPAQON (Brendavuana). Karetanı qoşun!

XII gəliş


Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer

QARPAQON (Marianaya). Gəzinti qabağı sizi heç nəyə qonaq etmədiyim üçün üzr istəyirəm, gözəlim, unutdum.


KLEANT Mən artıq bunun qeydinə qalmışam, atacan: indi mandarin, portağal və mürəbbə gətirməlidirlər – sizin adınızdan sifariş etmişəm.
QARPAQON (Valerə, yavaşca). Valer!
VALER (eyni səslə). O dəli olub.
KLEANT Atacan, siz elə düşünürsüz, bu kifayət deyil? Belə isə, qonağımızdan üzr istəyirəm.
MARİANA Bunsuz da keçinmək olardı.
KLEANT Atamın üzüyündəki o heyrətamiz brilyant kimi qaşlardan heç görmüsüzmü, xanım?
MARİANA Çox parlaqdır!
KLEANT (üzüyü Qarpaqonun barmağından çıxarıb Marianaya uzadır). Yaxşı-yaxşı baxın.
MARİANA Qəribə brilyantdır! Gözəl parıltısı var. (Üzüyü qaytarmaq istəyir.)
KLEANT (Mariananın qarşısını kəsir). Yox-yox, xanım, o sizin zərif əlinizdə daha da çox işıq saçacaq. Atam onu sizə bağışlayır.
QARPAQON Mən? Bağışlayıram?
KLEANT Siz istəyirsiz ki, Mariana bu üzüyü sizdən bir sevgi nişanəsi kimi qəbul eləsin, düz demirəm, atacan,?
QARPAQON (Kleanta, yavaşca). Bu nə deməkdir?!
KLEANT (Marianaya). Soruşmaq artıqdır! Görürsüz, o mənə him-cim edir ki, sizi yola gətirim.
MARİANA Mən heç bir vəchlə...
KLEANT Vəssalam! Geri götürməyəcək.
QARPAQON (öz-özünə). Onunla mən nə edim axı?
MARİANA Bu olduqca...
KLEANT (üzüyü qaytarmağa qoymur). Yox-yox, siz onun xətrinə dəyərsiz.
MARİANA Xahiş edirəm!
KLEANT Qətiyyən!
QARPAQON (öz-özünə). Görüm səni belə!..
KLEANT Görürsüz? Görürsüz? Sizin imtina etməyiniz, onu dilxor elədi.
QARPAQON (Kleanta, yavaşca). Cani!
KLEANT (Marianaya) O, ümidsizliyə qərq olub.
QARPAQON (Kleanta, yavaşca, hədələyici). Qaniçən!
KLEANT Atacan! Məndə günah yoxdur! Mən Mariananı dilə tuturam ki, sizin hədiyyənizi qəbul eləsin, amma o razılaşmır.
QARPAQON (Kleanta, yavaşca, amma qəzəb içində). Qatil!
KLEANT Sizin üzünüzdən, xanım, atam məni danlayır.
QARPAQON (Kleanta, astadan, hədələyərək). Quldur!
KLEANT (Marianaya). Atam azarlamağa başlayır. Xahiş edirəm, xanım, rədd etməyin!
FROZİNA (Marianaya). Canım, niyə naz edirsiz? İndi ki, belə xahiş edirlər, götürün.
MARİANA (Qarpaqona). Sizi acıqlandırmamaqdan ötrü, bu üzüyü özümdə saxlayıram, – o vaxta qədər ki, qaytarmaq mümkün olsun.

XIII gəliş


Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer, Brendavuan

BRENDAVUAN (Qarpaqona). Bir nəfər sizi xəbər alır, cənab.


QARPAQON Ona de ki, məşğulam, qoy başqa vaxt gəlsin.
BRENDAVUAN Deyir ki, sizə pul gətirib. (Gedir.)

XIV gəliş


Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer.

QARPAQON (Marianaya). Xahiş edirəm məni bağışlayasınız, bu saat gəlirəm.


XV gəliş
Mariana, Frozina, Qarpaqon, Eliza, Kleant, Valer, Lamerluş

LAMERLUŞ (yüyürərək daxil olur, Qarpaqona toxunub, yerindən oynadır). Cənab!..
QARPAQON Ox, öldüm!
KLEANT Nədi, atacan, əzilmədiniz ki?
QARPAQON Bu qatil yəqin borclularımdan rüşvət alıb ki, mənim boynumu sındırsın.
VALER (Qarpaqona ). Özünüzə gəlin!
LAMERLUŞ Bağışlayın, cənab, mən səy göstərirdim...
QARPAQON Sənə nə lazımdır, quldur?
LAMERLUŞ Hər iki atın nalı düşüb.
QARPAQON Düşüb? Qoy nalbəndə aparsınlar.
KLEANT O vaxtacan isə, atacan, mən ev yiyəsi vəzifəsini öz üzərimə götürərəm, Mariananı bağa ötürüb, oraya yemək gətirmələrini də əmr edərəm.

Qarpaqon və Valerdən başqa hamı gedir.


XVI gəliş


Qarpaqon, valer

QARPAQON Valer! Get göz qoy, gör o necə qonaq edəcək, mümkün olan qədərini xilas elə və tacirə qaytar.


VALER Baş üstə . (Gedir.)
QARPAQON (tək). Oğul-bala! Məni talan etmək fikrindəsən?

Dördüncü pərdə

I gəliş
Kleant, Eliza, Mariana, Frozina

KLEANT Bura girək, bura daha əlverişlidir: heç kəs bizi pusmayacaq, sərbəst danışa bilərik.


ELİZA Bəli, Mariana, qardaşım mənə hər şeyi danışıb. Bu cür əngəllərin adamı necə məyus etdiyini, necə kədərləndirdiyini bilirəm və inanın ki, sizin işinizə mən də tam səmimiyyətlə qoşuluram.
MARİANA Sizin iştirakınız mənim üçün böyük təsəllidir. Mən elə bədbəxtəm ki, Eliza. Dostluğunuzu məndən əsirgəməyin.
FROZİNA Mənim zavallı uşaqlarım! Axı niyə mənə əvvəlcədən demədiz? Mən hər şeyi başqa cür döndərərdim, - sizi dərdə yox, sevincə qərq edərdim.
KLEANT Nə etmək olar? Görünür, mənim taleyim belə imiş. Nə qərara gəlirsiz, gözəl Mariana?
MARİANA Ah, mən nə qərara gələ bilərəm axı? Mənə bu asılı vəziyyətdə yalnız arzulamaq qalır.
KLEANT Təkcə arzulamaq! Daha heç nə? Heç mənə kömək də edə bilmirsiz? Öz təəssüfünüzü, xeyirxahlığınızı heç nə ilə göstərə bilmirsiz, sevginizi heç nə ilə sübut edə bilmirsiz?
MARİANA Bu sözlərinizə mən nə cavab verə bilərəm? Özünüzü mənim yerimə qoyun və fikirləşin, görün mən nə edə bilərəm. Düşünün, tapın, əmr edin – mən hər şeyə razıyam. Ümid edirəm, siz ağıllı olacaqsız və məndən ədəbsiz, nalayiq heç nə tələb etməyəcəksiz.
KLEANT Dərin təşəkkürümü bildirirəm! Fikirləş tap, əmr elə, hələ bir çalış ki, nə ədəb pozulmasın, nə də ləyaqət!
MARİANA Bəs mən nə edim? Tutalım, mən qız ləyaqətimə məhəl qoymadım, axı bundan başqa mənim bir övlad kimi də borcum var. Anam məni elə çox sevir ki, mən onun heç vaxt məyus olmasına yol vermərəm. Onun rəğbətini qazanmaq üçün əlinizdən gələni edin. Razıyam, ona hər şeyi deyin, ümumiyyətlə lazım bildiyiniz kimi hərəkət edin. O məndən xəbər alanda isə, əlbəttə, daha ondan heç nə gizlətməyəcəm.
KLEANT Frozina, mənim göyərçinim! Bizə kömək edərsən?
FROZİNA Bunu heç soruşmasanız da olar: mən bütün qəlbimlə kömək etməyə hazıram. Mən axı təbiətcə çox rəhmliyəm, ürəyim daş deyil axı, belə təmiz və alicənab sevgiyə rast gələndə həmişə yardım etməyə şadam. Görən, nə tədbir tökmək olar?
KLEANT Yaxşıca fikirləş.
MARİANA Bizə yol göstər.
ELİZA Nəyi dolaşdırmısansa, hamısını aç.
FROZİNA Çətindir. (Marianaya). sizin ananızı yola gətirmək məncə çətin olmaz, onun üçün nə fərqi var, ata əriniz olacaq, yoxsa oğul. (Kleanta) Dərd burasındadır ki, bu ata – sizin atanızdır.
KLEANT Haqlısan.
FROZİNA Dediyim budur ki, əgər onu rədd etsələr, acığından sizin də nikahınıza mane olar. Biz əgər işləri elə qursaq ki, özü rədd eləsin, - məncə bu daha yaxşı olar. (Marianaya). Bundan ötrü gərək siz onun gözündən düşəsiz.
KLEANT Doğrudur!
FROZİNA Özüm də bilirəm, doğrudur. Fikir yaxşıdır, bəs bunu necə həyata keçirmək olar?.. Dayan!.. Yaşlı, həm də mənim kimi bacarıqlı bir arvad tapsaq, onu bəzəyib ortaya salsaq pis olmaz, qoy özünü adlı-sanlı bir xanım yerinə, nə bilim, bir markiza, yaxud Aşağı Bretandan gəlmiş bir vikontessa yerinə qoysun, mən də sizin atanızı inandıra bilərəm ki, o olduqca varlıdır, hələ evlərini hesaba almıram, yüz min ekü təmiz kapitalı var, özü də dəli kimi ona aşiqdir, ona ərə getmək istəyir və bütün var-dövlətini kəbin kağızında onun adına yazmağa hazırdır. Əmin olun ki, atanız bunu diqqətsiz buraxmaz. (Marianaya). Sizi sevməyinə sevir, buna söz yoxdur, lakin pulu sizdən bir az çox sevir, o bu tələyə düşüb sizin nikahınıza razı olandan sonra, dərdimiz azalar: öz markizası ilə nə eləyir eləsin.
KLEANT Əla düşünülüb!
FROZİNA Hamısını özüm düzüb-qoşacam. Bir tanışım yadıma düşdü, ondan yaxşısını tapa bilmərik.
KLEANT Əgər işimiz baş tutsa, xəcalətindən bilmirsən necə çıxacam, Frozina! O vaxtacan isə, Mariana, ananızı yola gətirmək lazımdır. Bircə bu nikahı poza bilək! Bütün gücünüzü toplayın, onun sizə olan sevgisindən faydalanın, əlinizdən gələni edin, yalvarın, ağlayın, boynuna sarılın – bilirəm ki, davam gətirməyəcək.
MARİANA Əlimdən gələni edərəm, heç nəyi unutmaram.

II gəliş
Kleant, Eliza, Mariana, Frozina, Qarpaqon

QARPAQON (heç kəs onu görmür, öz-özünə). Paho, oğlum gələcək ögey anasının əlini öpür, gələcək ögey ana isə ona heç də müqavimət göstərmir. Burada bir fırıldaq olmaya?
ELİZA Budur, atam da gəldi!
QARPAQON Kareta hazırdır. İstəsəz, gedə bilərsiz.
KLEANT İndi ki, siz getmirsiz, atacan, mən onları ötürərəm.
QARPAQON Yox, sən qal. Onlar sənsiz də keçinərlər, mənə isə sən lazımsan.

Eliza, Mariana və Frozina gedirlər.



Yüklə 342,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə