Jan Batist molyer



Yüklə 342,87 Kb.
səhifə4/5
tarix25.06.2018
ölçüsü342,87 Kb.
#51343
1   2   3   4   5

III gəliş


Kleant, Qarpaqon

QARPAQON Belə, oğlum, əgər unutsaq ki, o sənin gələcək ögey anandır, sənin özünün fikrincə o necədir?


KLEANT Mənim fikrimcə necədir?
QARPAQON Hə, danışığı, qaməti, gözəlliyi, ağlı necədir?
KLEANT Babatdır.
QARPAQON Elə bu?
KLEANT Açığını desəm, mən onu başqa cür təsəvvür edirdim. Danışığı ədalıdır, qaməti yöndəmsizdir, gözəlliyi orta, ağlı da ki, ən adi ağıldır. Elə bilməyin ki, atacan, mən sizi ona qarşı soyutmaq istəyirəm: ögey anam o olacaq, ya başqası – mənim üçün qətiyyən fərqi yoxdur.
QARPAQON Bəs bayaq sənin ona dediyin...
KLEANT Sizin adınızdan boş-boş nəzakətli sözlər deyirdim ki, xətriniz xoş olsun.
QARPAQON Yəni deyirsən, səndə ona qarşı heç bir meyl yoxdur?
KLEANT Məndə? Heç zərrə qədər də.
QARPAQON Çox təəssüf. Mənimsə ağlıma yaxşı fikir gəlmişdi. Ona baxarkən öz yaşım yadıma düşdü və düşündüm: belə gənc bir qızla evlənsəm, camaat mənə nə deyər? Və bu fikri başımdan atmağı qərara aldım. Amma artıq evlənmək təklifi etmişəm və ona sözlə bağlıyam, buna görə də, heyf, əgər ondan zəhlən getməsəydi, mənim yerimə sən onu alardın.
KLEANT Mən?
QARPAQON Sən.
KLEANT Evlənərdim?
QARPAQON Evlənərdin.
KLEANT Qulaq asın... Orası doğrudur ki, qız o qədər də mənim xoşuma gəlmir, amma əgər istəyirsizsə, atacan, sizin xətrinizə onunla evlənərəm.
QARPAQON Mənim xətrimə? Mən sən bildiyin qədər də düşüncəsiz deyiləm və səni məcbur etmək fikrində deyiləm.
KLEANT Sizə olan sevgimə görə, mən özüm özümü məcbur etməyə hazıram.
QARPAQON Yox-yox. Əgər meylin, sevgin yoxdursa, xoşbəxtlik də olmayacaq.
KLEANT Sevgi sonradan əmələ gələ bilər, atacan. Boş yerə demirlər ki: dözərlər – alışarlar.
QARPAQON Yox, kişi düşünmədən hərəkət etməz: nəticəsi çox kədərli olar, mən bu məsuliyyəti çiynimə götürmək istəmirəm. Əgər ona qarşı azacıq da olsa meylin olsaydı, sözüm yox: öz yerimə səni evləndirərdim, indi ki, o yoxdur, mən öz ilkin qərarımda qalıram və özüm onunla evlənirəm.
KLEANT Belə isə, ata, onda mən öz sirrimi daha sizdən gizlətməyəcəm! Həqiqəti olduğu kimi bilin. Mən onu, gəzintidə gördüyüm gündən bəri sevirəm: hələ onda sizin razılığınızı almaq istəyirdim, amma sizin niyyətinizi bilən kimi susdum, sizi acıqlandırmaqdan qorxdum.
QARPAQON Evlərində olmusan?
KLEANT Bəli, atacan.
QARPAQON Özü də bir dəfə yox, eləmi?
KLEANT Elədir, bir neçə dəfə.
QARPAQON Yaxşı da qəbul ediblər?
KLEANT Çox yaxşı. Amma onlar mənim kim olduğumu bilmirdilər, odur ki, Mariana məni burada görəndə özünü itirdi.
QARPAQON Ona eşq elan edib, evlənmək təklif etmişdin?
KLEANT Əlbəttə. Hətta anasına da eşitdirmişdim.
QARPAQON O buna necə baxdı?
KLEANT Çox yaxşı.
QARPAQON Bəs qızın sənə meyli var?
KLEANT Bəzi əlamətlərə görə deyə bilərəm ki, atacan, o mənə qarşı laqeyd deyil.
QARPAQON (öz-özünə). Çox gözəl. Mən elə bunu bilmək istəyirdim. (Bərkdən). Hə, indi, oğlum, gör sənə nə deyirəm: sən bu sevgini unutmalı, mənim nişanlımdan əl çəkməli və yaxın günlərdə sənin üçün seçdiyim qız ilə evlənməlisən.
KLEANT Mənə yaxşı kələk gəldiniz, atacan! İndi ki, belə oldu, onda siz də bilin: Marianadan əsla imtina etməyəcəm və onu heç vaxt sizə verməyəcəm: siz onun anasının razılığını almısız, mən isə, ola bilsin, başqa yol taparam.
QARPAQON Nəcə, avara? Sən cürət edib mənimlə rəqabət aparırsan?
KLEANT Siz mənimlə rəqabət aparırsız! Sizdən qabaq mən onunla tanış olmuşam.
QARPAQON Mən sənin atanam! Sən mənə hörmət etməlisən!
KLEANT Bu işdə ata, yaxud oğul – fərqi yoxdur: sevgi heç birini tanımaq istəmir.
QARPAQON İndi dəyənəyi götürərəm, onda tanıyarsan!
KLEANT Bütün hədə-qorxularınız əbəsdir.
QARPAQON Marianadan imtina edəcəksən?
KLEANT Heç vaxt!
QARPAQON Dəyənəyi verin!.. Dəyənək!

IV gəliş
Kleant, Qarpaqon, Jak



JAK Ey! Ey! Ey! Bu nə deməkdir, cənablar? Siz nə edirsiz?
KLEANT Tüpürüm ona!
JAK (Kleanta). Bir az asta olun, cənab!
QARPAQON Mən sənə öyrədərəm, ədəbsiz, mənimlə necə danışmaq lazımdır!
JAK (Qarpaqona). Cənab! Allah xətrinə!
KLEANT Dediyimdən dönən deyiləm!
JAK (Kleanta). Kimə? Doğma atanıza?
QARPAQON Burax məni!
JAK (Qarpaqona). Kimə? Doğma oğlunuza? O, mən deyiləm axı!
QARPAQON Jak! Bir fikirləş, gör hansımız haqlıyıq.
JAK Buyurun. (Kleanta). Bir az kənara durun.
QARPAQON Mən bir qız sevirəm və onunla evlənmək istəyirəm, bu yaramaz da onu sevir və mənim qadağan etməyimi saymayıb, o qızla evlənmək istəyir. Ədəbsizliyin dərəcəsinə bax!
JAK Yox! O düz eləmir.
QARPAQON Bu ki dəhşətdir! Oğul öz atası ilə rəqabətə girişib! O mənə hörmət etdiyinə görə, bütün pis niyyətlərindən imtina etməlidir!
JAK Haqlısız. Burada durun, mən onunla danışım! (Kleanta yaxınlaşır).
KLEANT İndi ki, o səni hakim seçib, qoy olsun, sən ya başqası – mənim üçün fərqi yoxdur. Hökmünü ver, Jak, mən hazıram.
JAK Bu mənə qarşı böyük mərhəmətdir.
KLEANT Mən bir qıza vurulmuşam, o da məni sevir və mənim təklifimi qəbul edir, atamın isə ağlına gəlib ki, bizi ayırsın və bu qızla özü evlənsin.
JAK Aydın oldu, o haqsızdır.
KLEANT Ayıb deyil bu yaşında evlənmək eşqinə düşüb? Heç ona da aşiq olmaq yaraşar? Qoy bu işi daha cavanlara həvalə eləsin.
JAK Siz düz deyirsiz. O zarafat edib. Qoy gedim ona bir-iki kəlmə söz deyim. (Qarpaqona). Oğlunuz siz deyən elə sərsəm də deyil, o fikrini dəyişdi. Görün mənə nə dedi: mən, deyir, bilirəm ki, atama hörmət eləməyə borcluyam, mən, deyir, özümü saxlaya bilmədim, qızışdım, artıq-əskik danışdım, deyir, mən onun əmrinə tabeyəm, təki o, mənimlə mehriban olsun və qızı mənim zövqümə uyğun seçsin.
QARPAQON A-ha! Onda, Jak, get ona de ki, bu şərtlərlə o mənə güvənə bilər. Ona icazə verirəm – Marianadan başqa, kimə istəsə evlənə bilər.
JAK Gözləyin! (Kleanta). Baxın, sizin atanız göründüyü qədər də düşüncəsiz deyil: o məni inandırdı ki, sizin qızışmağınız onu əsəbiləşdirib, sizin ziddinizə getmək heç fikrində belə yox imiş: mən, deyir, hər nə istəsə ona razıyam, təki, deyir, o özündən çıxmasın və mənə qarşı ehtiramlı olub, öz oğul itaətini, hörmətini məndən əsirgəməsin.
KLEANT Aha! Sən də onu inandır ki, Jak, əgər o Mariananı mənə verərsə, onda mən onun üçün ən itaətkar oğul olaram və artıq hər şeydə ona tabe olaram.
JAK (Qarpaqona) Vəssalam. O hər şeyə razıdır.
QARPAQON Çox yaxşı.
JAK (Kleanta). Biz qalib gəldik. Atanız vədinizlə razılaşdı.
KLEANT Şükür allaha!
JAK söhbətinizə davam edə bilərsiniz, cənablar. İndi işiniz yoluna düşdü, davanızın səbəbi də yalnız biri-birinizi başa düşməməyiniz idi.
KLEANT Əzizim Jak, bütün ömrüm boyu sənə minnətdar olacam.
JAK Boş şeydir, cənab.
QARPAQON sən məni sevindirdin, Jak, mükafata layiqsən. (Cibini eşələyir, Jak əlini uzadır, amma Qarpaqon burun dəsmalı çıxarır). Get! Mən bunu unutmaram, əmin ola bilərsən.
JAK Qarşınızda təzim edirəm. (Gedir.)

V gəliş
Kleant, Qarpaqon

KLEANT Bağışlayın, atacan, qızışdığıma görə.
QARPAQON Eybi yoxdur!
KLEANT İnanın ki, mən çox peşmanam.
QARPAQON Mən isə çox şadam ki, ağıllanmısan.
KLEANT Siz çox mərhəmətlisiz, mənim təqsirimi belə tez unutduz.
QARPAQON Uşaqlar sözəbaxan olanda, onların təqsiri tez unudulur.
KLEANT Demək, mənim dəliliyimə zərrə qədər də acığınız qalmayıb?
QARPAQON Sən məni öz itaətkarlığın və ehtiramınla tərki-silah etdin.
KLEANT Atacan, söz verirəm ki, bu mərhəmətinizi ölüncəyə qədər unutmayacam.
QARPAQON Mən də sənə söz verirəm ki, sənin heç bir istəyini rədd etməyəcəm.
KLEANT Ax, atacan, sizdən artıq heç bir şey istəmirəm: siz böyük bir mərhəmət göstərib Mariananı mənə verdiz, artıq mənə nə lazımdır ki?
QARPAQON Nə?
KLEANT Atacan, deyirəm ki, sizdən çox razıyam, çünki siz lütf edib, Mariananı mənə verdiz. Daha mənə nə lazımdır ki?
QARPAQON Kim dedi ki, Mariananı sənə verdim?
KLEANT Siz, atacan.
QARPAQON Mən?
KLEANT Bəli.
QARPAQON Necə yəni! Sən axı söz verdin ki, ondan əl çəkəcəksən!
KLEANT Mən? Ondan əl çəkəcəyəm?
QARPAQON Əlbəttə!
KLEANT Heç vaxt!
QARPAQON Demək, fikrini dəyişməmisən?
KLEANT Əksinə, mən indi onu əvvəlkindən də çox düşünürəm.
QARPAQON Yaramaz! Yenə öz bildiyindi?
KLEANT Kişidə söz bir olar.
QARPAQON Onda özündən küs, sərsəri yaramaz!
KLEANT Əlinizdən gələni edin.
QARPAQON Gözümə görünməyi sənə qadağan eləyirəm!
KLEANT Öz işinizdir.
QARPAQON Səndən üz döndərirəm.
KLEANT Döndərin.
QARPAQON Sən daha mənim oğlum deyilsən!
KLEANT Qoy belə olsun!
QARPAQON Səni varislikdən məhrum edirəm!
KLEANT Hər şeydən məhrum edin!
QARPAQON Və səni lənətləyirəm!
KLEANT Birdən-birə bu qədər ata qayğısı...

Qarpaqon gedir.


VI gəliş
Kleant və Lafleş

LAFLEŞ (Əlində mücrü bağdan çıxır). Ax, cənab, nə yaxşı ki, buradasız! Tez arxamca gəlin.
KLEANT Nə olub?
LAFLEŞ Arxamca gəlin, bilərsiz! Bəxtimiz gətirdi.
KLEANT Nədə gətirdi?
LAFLEŞ Budur, bizim xoşbəxtliyimiz!
KLEANT Bu nədir belə?
LAFLEŞ Çoxdan bəri izlədiyim şey.
KLEANT Nədir axı bu?
LAFLEŞ Atanızın xəzinəsi – çırpışdırmışam.
KLEANT Necə bacardın?
LAFLEŞ Hər şeyi biləcəksiz. Qaçmaq lazımdır, o artıq qışqırır.

VII gəliş


Qarpaqon – tək.

QARPAQON (hələ bağda ikən qışqırır) Oğrular! Oğrular! (yüyürə-yüyürə içəri girir) Quldurlar! Qatillər! Aman pərvərdigara! Rəhmin gəlsin! Mən məhv oldum, öldürüldüm, başımı kəsdilər, pullarımı oğurladılar! Bunu kim edə bilər? O necə oldu? Hanı o? Hara gizlənib? Mən onu necə tapım? Hara qaçım? Qaçmaq lazım deyil bəlkə? Orada deyil ki? Burada deyil ki? Kimdir? Dayan! Pullarımı ver, zırrama!.. (Öz qolundan yapışıb özünü tutur). Ax, bu mənəm!.. Mən başımı itirmişəm – bilmirəm hardayam, kiməm, nə edirəm... Ox, zavallı pullarım, bədbəxt pulcığazlarım, ən əziz dostlarım, sizi əlimdən aldılar! Arxamı, dayağımı, təsəllimi, sevincimi əlimdən aldılar! Mənim üçün hər şey bitdi, bu dünyada daha nə işim var? Sizsiz mən yaşaya bilmərəm! Gözüm qaraldı, nəfəsim daraldı, ölürəm, öldüm, basdırdılar. Kim məni dirildəcək? Əziz pulcığazlarımı mənə kim qaytaracaq, ya da ki, yerini deyəcək? Hə? Nə?.. Heç kəs yoxdur. Oğru kim olur-olsun, axı o, mütləq güdməli idi, fürsət tapmalı idi, gör necə bir məqam seçib, deməli mən yaramaz oğlumla höcətləşəndə... Gedim, polis çağırım, qoy bütün evi istintaq eləsin... nökərləri, xidmətçiləri, oğlumu, qızımı, mənim özümü. Nə olub? Camaat toplaşıb! Elə hamısından şübhələnirəm, hər birini oğru görürəm!.. A? Onlar nə haqda danışırlar? Məni soyan oğru haqqında danışmırlar ki?.. Yuxarıdakı gurultu nədir? Görən, oğru deyil ki?.. Mənə yazığınız gəlsin, məni soyan haqda bir şey bilirsizsə, gizlətməyin, deyin! Bəlkə o, sizin aranızda gizlənib?.. Baxırlar, gülürlər... Demək, belə! Onların hamısı orada olub, hamısı da oğurlayıb! Tez komissarların, serjantların, polislərin, hakimlərin dalınca, döyün, asın, kəsin! Hamısını bir-bir asdıracam, yox əgər pulu tapmasam – özümü asacam!


Beşİncİ pərdə


I gəliş
Qarpaqon, komissar, mirzə.

KOMİSSAR İmkan verin, işə mən başlayım – mən öz peşəmi, allaha şükür, yaxşı bilirəm. Birinci gün deyil ki, oğurluqla məşğulam! İstərdim, dar ağacına göndərdiyim adamların sayı qədər pul kisələrim olaydı, içi dolu da min franklar.


QARPAQON Bütün hökumət adamları bu işə qoşulmalıdır. Əgər pulum tapılmasa, daha da yuxarılara gedəcəm.
KOMİSSAR ətraflı sorğu-sual və təhqiqat aparmaq lazımdır. Deyirsiz mücrüdə...
QARPAQON Düz on min pul var idi.
KOMİSSAR On min ekü?
QARPAQON On min ekü.
KOMİSSAR İrihəcmli oğurluqdur.
QARPAQON Belə bir cinayət üçün heç bir cəza kifayət deyil, və əgər o cəzasız qalsa, deməli, daha müqəddəs heç nəyimiz qalmayıb.
KOMİSSAR Bu məbləğ hansı pullardan ibarət idi?
QARPAQON Təptəzə luidor və pistollardan.
KOMİSSAR Bu oğurluqda kimdən şübhələnirsiz?
QARPAQON Hamıdan! Bütün şəhəri və şəhər ətrafını zindana, başqa cür də yox!
KOMİSSAR Mənə inanın: heç kəsi boş yerə narahat etmək lazım deyil, çalışmaq lazımdır ki, əlaltdan dəlillər toplanılsın, sonra isə tam ciddiyyətlə oğurlanmış pulunuzun axtarışına başlayarıq.

II gəliş
Qarpaqon, komissar, mirzə və Jak



JAK (səhnə arxasına müraciətlə). Mən indi qayıdıram, onu mənsiz kəsin, ayaqlarını ütün, qaynar suya salın və tavandan asın.
QARPAQON (Jaka) Kimi? Məni soyanı?
JAK Çoşqanı deyirəm, eşikağası göndərib: yeni üsulla bişiriləcək.
QARPAQON Söhbət ondan getmir. Bax bu cənab (komissarı göstərir) bəzi başqa şeylər haqda bilmək istəyir.
KOMİSSAR (Jaka). Qorxmayın, mən sizi incitmərəm, hər şey sakit bitəcək.
JAK Qonaqlardansız, cənab?
KOMİSSAR Siz, mənim əziz dostum, öz ağanızdan heç nə gizlətməməlisiniz.
JAK Arxayın olun, cənab, mən bütün məharətimi göstərəcəm, sizə elə qulluq edəcəm ki, razı qalacaqsız.
QARPAQON İş bunda deyil.
JAK Şam yeməyi istədiyim kimi çıxmasa, günah eşikağanızdadır: o öz qənaətcilliyi ilə mənim əl-qolumu bağlayıb.
QARPAQON Yaramaz! Sənin yeməyindən vacib işlərimiz var. Sən mənim oğurlanmış pullarımdan danış!
JAK Pullarınızı oğurlayıblar?
QARPAQON Bəli, quldur! Onları özümə qaytarmasan, səni də asacaqlar!
KOMİSSAR (Qarpaqona). Mənə baxın, niyə onun üstünə düşmüsüz? Üzündən görürəm ki, düzgün uşaqdır, onu türməyə salmaq lazım deyil, özü hamısını danışacaq. (Jaka) Bəli, dostum, əgər etiraf etsəniz, sizə pislik dəyməz, ağanız isə artıqlamasıyla mükafatınızı verəcək. Bu gün onun pulunu oğurlayıblar. Ola bilməz ki, bu barədə heç nə bilməyəsiz.
JAK (öz-özünə). Eşikağasının payını, bax, indi verəcəm! Bura işə girəndəndir sevimli hərif olub, ağamız ondan başqa heç kimlə məsləhətləşmir. Hələ dəyənəyi da heç yadımdan çıxmayıb.
QARPAQON Nə fikrə getdin?
KOMİSSAR (Qarpaqona). Ona dəyməyin. Bir az ürəklənib hamısını danışacaq. Bir də deyirəm: o düzgün uşaqdır.
JAK (Qarpaqona) Əgər həqiqəti bilmək istəyirsizsə, cənab, bu sizin eşikağanızdır.
QARPAQON Valer?
JAK Özüdür ki, var.
QARPAQON Bu qədər inandığım Valer?
JAK O, o! Məncə sizi o soyub.
QARPAQON Nəyə görə bu fikirdəsən?
JAK Nəyə görə?
QARPAQON Bəli, nəyə görə?
JAK Ona görə ki... Bu fikirdəyəm, vəssalam.
KOMİSSAR Bizə sübut lazımdır.
QARPAQON Sən onun pullar gizlədilən yer tərəfdə dolaşdığını görmüsən?
JAK görmüşəm, bəs necə... Pulunuz harada idi ki?
QARPAQON Bağda.
JAK Elədir ki, var! Onun bağda gəzib-dolaşdığını görmüşəm. Pul nədə idi?
QARPAQON Mücrüdə.
JAK Düzdür! Mən onda mücrü də görmüşəm.
QARPAQON Necə mücrüdür? İndi biləcəm, mənimkidir, ya yox.
JAK Necə?..
QARPAQON Hə.
JAK Belə də... mücrüyə oxşayır.
KOMİSSAR Şübhəsiz, söz yox, amma siz onu bizə təsvir edin.
JAK Böyük mücrüdür.
QARPAQON Mənimki balaca idi.
JAK Düzü, öz-özlüyündə balacadır. Mən böyük dedim - çünki, içindəki pul çoxdur.
KOMİSSAR Rəngi necədir?
JAK Rəngi?
KOMİSSAR Bəli.
JAK Rəngi... belə... necə deyim... birtəhər... Lap dilimin ucundadır…
QARPAQON Hə!
JAK Qırmızı deyil ki?
QARPAQON Yox, boz idi.
JAK Hə, hə, qırmızımtıl-boz. Elə bunu demək istəyirdim.
QARPAQON Heç şübhə yoxdur: bu odur. Yazın, cənab, onun ifadəsini yazın! İlahi! İndi kimə etibar edəsən? Bundan sonra heç kəsə əmin ola bilmərəm, hətta özüm-özümü soymayacağıma da əmin ola bilmərəm!
JAK (Qarpaqona). Özü də gəlir, cənab. Amma ona deməyin ki, mən satmışam.

III gəliş


Qarpaqon, komissar, mirzə, Jak, Valer

QARPAQON Bura gəl! Dünyada hələ görünməmiş ən iyrənc hərəkət, ən dəhşətli cinayət törətdiyini boynuna al.


VALER Nə buyurursuz, cənab?
QARPAQON Necə, yaramaz?! Belə bir cinayət törətdiyinə heç qızarmırsan da?
VALER Hansı cinayətdən danışırsız?
QARPAQON Hansı cinayətdən danışıram? Utanmaz! Guya bilmir söhbət nədən gedir! Boş yerə boynundan atma: işin üstü açılıb, mənə hər şey məlumdur. Xeyirxahlığımın əvəzi bu imiş, daha sözüm yoxdur! Qəsdən qılığıma girmişdin ki, başıma bu oyunu açasan!
VALER İndi ki, sizə hər şey məlumdur, cənab, mən heç nəyi danmayacam, heç nəyi də boynumdan atmayacam.
JAK (öz-özünə). O-ho! Düz dediyimi heç özüm də bilmirdim!
VALER Mən onsuz da boynuma almaq fikrində idim, bunun üçün münasib vaxt axtarırdım. İndi ki, artıq özünüz xəbər tutmusuz, onda xahiş edirəm acıqlanmayın və bu hərəkətimi doğrultmaq üçün nə deyəcəyimi dinləyin.
QARPAQON Nə doğrultmaq? Nəyini doğruldacaqsan, rəzil oğru?!
VALER Yox, cənab, mən bu sözə layiq deyiləm. Mən, əlbəttə, qarşınızda təqsirkaram, amma bu təqsiri, istəsəz, bağışlaya bilərsiz.
QARPAQON Necə yəni bağışlamaq? Belə bir cinayəti, belə bir qətli bağışlamaq?!
VALER Allah xətrinə, sakit olun! Əgər siz məni dinləsəz, görərsiz ki, cinayət o qədər də böyük deyil, sadəcə, sizə böyük görünür.
QARPAQON Cinayət böyük deyil, sadəcə, mənə böyük görünür! Buna görə səni asmaq da azdır! O, mənim daxilim, mənim qanım idi – bildin, yaramaz!
VALER Sizin qanınız, cənab, qətiyyən zərər çəkməyib, çəkə də bilməzdi. İşi asanca yoluna qoymaq olar.
QARPAQON Elə mən də ona çalışıram. Oğurladığını qaytar.
VALER Sizin namusunuz, cənab, tamamilə bərpa olunacaq!
QARPAQON İş namusda deyil. Yaxşısı budur de görüm səni buna kim vadar edib?
VALER Ax, cənab, siz hələ bir soruşursuz da?
QARPAQON Bəli, bəli, soruşuram!
VALER Məni buna vadar edən sevgi hissidir və bu – hər şeyi doğruldur.
QARPAQON Sevgi?
VALER Bəli, sevgi.
QARPAQON Sözüm yoxdur, əla sevgidir, əla sevgidir! Mənim luidorlarıma qarşı sevgi hissi!
VALER Yox, cənab, məni sizin var-dövlətiniz cəlb etməyib, məni valeh edən heç də o deyil: indidən bütün pullarınızdan imtina edirəm, yalnız artıq mənim olanı, qoyun, məndə qalsın.
QARPAQON Görməzsən! Sən dedin, mən də qoydum, gözlə! Məndən oğurladığını, qoyum, onda qalsın – belə də sırtıqlıq olar?!
VALER Siz buna oğurluq deyirsiz?
QARPAQON Yox, oğurluq deyilmiş! Özü də belə bir xəzinə!
VALER Bəli, doğrudur, xəzinədir, bütün xəzinələrinizin ən qiymətlisidir, amma onu mənə vermək – hələ onu itirmək demək deyil. Qarşınızda diz çöküb yalvarıram: bu qəşəng xəzinəni əlimdən almayın! Mərhəmətli olun, onu mənə verin!
QARPAQON Sən nə danışırsan? Başın xarab olub?
VALER Biz bir-birimizə söz vermişik, and içmişik ki, heç vaxt ayrılmayacağıq.
QARPAQON Sözə bax! Anda bax!
VALER Bəli, biz əbədi olaraq bir-birimizə bağlanmışıq!
QARPAQON Mən sizi bir-birinizdən ayıraram, heç narahat olmayın!
VALER Bizi yalnız ölüm ayıra bilər!
QARPAQON Gör pullarım onu necə ovsunlayıb!
VALER Mən sizə artıq dedim ki, cənab, bunu öz mənfəətimə görə eləməmişəm. sizin şübhələndiyiniz, mənim heç ağlıma da gəlməyib: məni buna nəcib hisslər vadar edib.
QARPAQON Eşidirsiz? Hələ deyəcək ki, mənim malımı mənimsəmək istəyinə səbəb – xristian mərhəmətidir. Amma onu da bil, cani, bil ki, quldur, mən tədbir görəcəm, qanun insafsızlığa yol verməyəcək.
VALER Siz istədiyiniz kimi edə bilərsiz, mən hər şeyə dözməyə hazıram, amma xahiş edirəm bir şeyə inanasız: əgər burada günah varsa, o da mənim günahımdır, qızınızın heç bir günahı yoxdur.
QARPAQON Fikirləşirəm! Əgər o da sənə kömək etsəydi, bu çox qəribə çıxardı! Amma gəl mətləbə keçək: de görüm, onu haraya gizlətmisən?
VALER Mən onu heç yerə gizlətməmişəm: o sizin öz evinizdədir.
QARPAQON (öz-özünə). Ax, mənim əziz mücrüm! (bərkdən). Deyirsən, evimdədir?
VALER Bəli, cənab.
QARPAQON De görüm, ona toxunmamısan ki?
VALER Mən? Toxunmamışam? Cənab, siz bizim hər ikimizi təhqir edirsiz! Mən ona ən təmiz və ən ehtiramlı duyğu bəsləmişən.
QARPAQON (öz-özünə). Mücrümə təmiz duyğu bəsləyibmiş!
VALER Mən ölərdim, amma onu heç bu haqda bir eyhamla belə təhqir etməzdim: bunun üçün o çox ağıllı və səxavətlidir.
QARPAQON (öz-özünə). Mənim mücrüm çox səxavətlidir!
VALER Aldığım yeganə zövq – ona tamaşa etmək olub. Onun gözəl gözlərindəki sevgini heç bir axmaq fikirlə təhqir etməmişəm!
QARPAQON (öz-özünə). Mənim mücrümün gözəl gözləri! O, mücrü haqqında elə danışır, elə bil sevgilisidir!
VALER Klod bütün işlərdən xəbərdardır, cənab, təsdiq edə bilər...
QARPAQON Necə! Bu işə mənim xidmətçim də bulaşıb?
VALER Bəli, cənab, o bizim andımıza şahid olub, və yalnız mənim niyyətimin təmiz olduğunu görəndən sonra, razı olub ki, qızınızı söz vermək üçün yola gətirsin.
QARPAQON A? (öz-özünə). Qorxusundan, deyəsən, dili açılmağa başlayır?! (Bərkdən). Sən qızımı niyə bu işə qatırsan?
VALER Mən deyirəm ki, onun utancaqlığına öz sevgimlə qalib gəlmək üçün çox çalışmalı oldum.
QARPAQON Kimin utacaqlığına?
VALER Qızınızın. Nikah kağızına qol çəkməyə yalnız dünən razı oldu.
QARPAQON Mənim qızım nikah kağızına qol çəkib?
VALER Bəli, mən də qol çəkmişəm.
QARPAQON İlahi! Yeni fəlakət!
JAK (komissara). Yazın, cənab, yazın!
QARPAQON Dərdim az idi! Bircə bu çatmırdı! (Komissara). Vəzifənizi icra edin, cənab, onun işini məhkəməyə verin – o, oğru və yoldançıxarandır.
JAK Oğru və yoldan çıxaran!
VALER Mən nə oyam, nə də o biri. Siz mənim kim olduğumu biləndə...

IV gəliş
Qarpaqon, komissar, mirzə, Jak, Valer, Eliza, Mariana, Frozina.

QARPAQON Ax, nankor övlad, yaramaz qız! Heç sözüm yoxdu, mənim öyüdlərimə yaxşı əməl elədin! Sən yoldan ötənin, oğrunun birinə izn verirsən ki, səni başdan çıxarsın, mənim razılığım olmadan ona söz verirsən! Amma ikinizin də oxu daşa dəyib! (Elizaya). Dörd divar arasında oturacaqsan. (Valerə). Səni isə, sırtıqlığına görə boğazından asacaqlar!
VALER Mənim işimə siz yox, hakim baxacaq, o isə məni əvvəlcə dinləyəcək.
QARPAQON Yox, mən düz demədim, səni boğazından yox, ayağından asacaqlar.
ELİZA (diz çökərək). Atacan, bu qədər amansız olmayın, yalvarıram! Öz ixtiyarınızdan bu qədər sui-istifadə etməyin! Qəzəbə qapılmayın, əvvəlcə hər şeyi soyuq başla düşünün! Təhqirlər yağdırdığınız adamı çalışın yaxından tanıyasız. O, heç də siz düşündüyünüz adam deyil. Siz biləndə ki, əgər o olmasaydı, mən çoxdan bu dünyada yox idim, mənə qarşı çox mərhəmətli olacaqsız. Bəli, atacan, mən suda batanda məni xilas edən o oldu, bu gün siz ona borclusuz ki, qızınızı itirmədiz – həmin o qızınızı...
QARPAQON Bütün bunların mənə dəxli yoxdur. Kaş o vaxt səni xilas etməyəydi ki, bu gün də bu cinayəti törətməyəydi.
ELİZA Atacan! Sizin valideyn məhəbbətinizə and verirəm...
QARPAQON Yox-yox! Heç eşitmək belə istəmirəm! Qoy, məhkəmədə cavab versin!
JAK (öz-özünə). Aldın payını?! Məni dəyənəklə döyənə bax!
FROZİNA (öz-özünə). Aləm qarışıb!

V gəliş
Qarpaqon, Komissar, Mirzə, Jak, Valer, Eliza, Mariana, Frozina, Anselm



ANSELM Nə olub, cənab Qarpaqon, çox həyəcanlısız...
QARPAQON Ax, cənab Anselm, qarşınızda duran dünyanın ən bədbəxt adamıdır! Sizinlə müqavilə imzalamaq istədiyim bir vaxtda başıma o qədər müsibət gəldi ki! Mənim hər şeyimi oğurladılar, var-dövlətimi, şərəfimi əlimdən aldılar. Bax bu cani, bu vəhşi ən müqəddəs hüquqlarıma təcavüz etdi, nökər sifətilə evimə soxuldu, pullarımı oğurladı, qızımı da yoldan çıxartdı.
VALER Heç kəs sizin pullarınız haqda düşünmür! Bəsdirin boş-boş danışdınız.
QARPAQON Bəli, onlar nişanlanıblar. Bu artıq birbaşa sizə aiddir, cənab Anselm: sizin müqəddəs borcunuz – onu məhkəməyə vermək, məhkəmə qaydası ilə təqib etmək və sizə vurduğu ləkənin intiqamını almaqdır.
ANSELM Mən güclə evlənən deyiləm. Başqasına verilmiş könül mənə lazım deyil, amma halınıza yandığımdan, sizin işinizə öz işim kimi yanaşmağa hazıram.
QARPAQON Komissar da buradadır, o, vicdanlı komissardır, heç bir şeyi diqqətsiz buraxmaz, vəzifə borcundan asılı hər nə var, yerinə yetirər. (valeri göstərərək komissara). Cənab! Onun haqqında şikayət aktını elə tərtib edin ki, bütün cinayətlərini əks etdirsin.
VALER Məgər sizin qızınızı sevmək cinayətdir? Nəyə görə nişanlanmışıq deyə cəza çəkməliyəm? Siz biləndə ki, mən kiməm...
QARPAQON Belə nağılları çox eşitmişəm. İndi çoxlu əsil-nəcabətli oğrular və fürsətdən istifadə edən yalançılar var ki, ağıllarına gələn ilk ad altında gizlənirlər, kifayətdir ki, bu ad məşhur olsun.

Yüklə 342,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə