AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
147
147
və şərt tarixi gerçəkliyin epik gerçəkliyə uyğunlaşdırılmasıdır. Əgər tarixi gerçəklik
konkret zaman və məkan daxilində baş vermiş hadisələrdən ibarətdirsə, epik
gerçəklikdə bu cür konkretlik axtarmaq çox çətindir və yaxud heç mümkün deyil.
Eposşünas B.N.Putilovun sözləri ilə desək, epik dünya real hadisələri və
insanları, ictimai münasibətləri və məişət mənzərələrini əhatə edən cəmiyyət
həyatından konkret tarixi epoxanı yox, xalqın öz keçmişi barədə ümumi təsəvvürlər
kompleksini modelləşdirir (11, 8). Epos söyləyicisi iki zaman tanıyır: öz zamanını
və epos qəhrəmanlarının zamanını. Real şəxsiyyət və real yer adlarının çəkilməsi
epos qəhrəmanlarının yaşadığı zamanı konkretləşdirə bilmir. İfaçı sənətkar epos
qəhrəmanlarının zamanını özünün yaşadığı zamandan tamamilə fərqli bir zaman
kimi təqdim edir. Bu zaman, söz yox ki, şərtiliklərlə dolu zamandır və epos
qəhrəmanlarının bir neçə əsri əhatə edən hadisələrlə əlaqələndirilməsi belə
şərtiliklərdəndir.
“Dədə Qorqud” eposunda əhvalatları danışan ozan epos qəhrəmanlarının
zamanını fərqləndirmək üçün “ol zamanda”, “Oğuz zamanında” və s. kimi məlum
ifadələr işlədir: “Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Duaları
müstəcəb olurdu” (1, 54). Ozanın “ol zamanda” dediyi zamanın “bu gün”dən fərqi
bəylərin duası ilə Allah-taalanın Baybörə bəyə oğul, Baybecan bəyə qız verməsində,
başqa sözlə desək, epos qəhrəmanlarının qeyri-adiliyində, ilahi aləmlə bağlı-
lığındadır. İlahi aləmlə bağlılığın ən mühüm əlamətini ozan yenilməz igidlikdə görür
və bu cür igidlikdən “ol zaman”ın ən vacib olayı kimi danışır: “Oğuz zamanında bir
yigit ki evlənsə, ox atardı. Oxu nə yerdə düşsə, anda gərdək dikərdi” (1, 57). Ozanın
“Oğuz zamanı” adlandırdığı zamanda ən adi toy-düyün detalları belə igidlik, qəh-
rəmanlıq mətləbini ifadə etməyə yönəlib. İstənilən yerdə yox, məhz oxun düşdüyü
yerdə təzəbəyin gərdəyinin qurulması, zamanın fərqləndirici əlamətləri sırasında
təqdim edilib. “Ol zaman”ın fərqləndirici əlamətləri sırasında ozan bəzən ilk baxışda
igidliyə-qəhrəmanlığa aid olmayan məsələlərə də toxunur: “Ol zamanda oğul ata
sözün iki eləməzdi. İki eyləsə, ol oğlanı qəbul eləməzlərdi” (1, 68).
Göründüyü kimi,
ozan burada “ol zaman”dakı ata-oğul münasibətlərindən söhbət açır. Amma mətnə
diqqət yetirdikdə aydın olur ki, ata-oğul münasibətlərindən söhbət açmaq dolayısı ilə
qəhrəmanlıqdan söhbət açmaq məqsədi daşıyır: Qazan xan qılınc çəkib qan
tökməkdə təcrübəsi olmayan oğlu Uruza qırx igidlə dağ başına çıxmağı və atasının
düşmənlə necə döyüşməsinə baxıb öyrənməyi məsləhət görür. Məsləhətə qulaq asıb
qırx yoldaşı ilə uca dağ başına çıxsa da, çox keçməmiş Uruz özünü saxlaya bilmir və
döyüşə atılmalı olur. Ata sözünü iki eləməyən oğulun qəflətən fikrindən daşınması
qorxmazlığı daha qabarıq ifadə etmək üçündür. Xatırlatdığımız epizodla ozan demək
istəyir ki, «ol zamanda» oğul ata sözündən yalnız ata-ana (geniş mənada el-oba)
qeyrətini çəkmək naminə çıxa bilərdi. Ozan «ol zaman»ın əsl bahadırlıq zamanı
olduğunu təzadlar yolu ilə çatdırmağa xüsusi maraq göstərir. Uruzun ata məsləhətinə
qulaq asıb-asmamağı əslində özünəməxsus təzad nümunəsidir və belə nümunələrə
dastanın bir çox başqa epizodlarında da rast gəlirik: «Ol zamanda Oğuz yigitlərinə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
148
148
nə qəza gəlsə, uyxudan gəlürdi. Qanturalının uyxusu gəldi, uyudu» (1, 84). «Yu-
xudan başa qəza gəlmək» deyəndə ozan heç şübhəsiz, Oğuz igidlərinin daş kimi
yatıb düşmən əlinə keçməsinə işarə edir. «Salur Qazanın dustaq olub oğlu Uruz
çıxardığı boy»da Qazan xan məhz yatıb yuxuya qalmaqla kafir əlinə keçir. Daş kimi
yatıb ayılmaq bilməmək, əlbəttə, hərəkətsizliyin ifadəsidir. Təsadüfi deyil ki, Oğuz
igidləri çox yatmağı «kiçik ölüm» adlandırırlar. Hərəkətsizlik – «kiçik ölüm»
igidliklə təzad yaradır. Amma bu təzadın alt qatında ozan, əslində, bahadırlığı vəsf
etmiş olur. Daş kimi yatıb saatlarla, hətta günlərlə yuxudan ayılmamaqda vəsf ondan
ibarətdir ki, ozan oğuz igidinin öz ev-eşiyində yatmasından yox, düşmənin iki
addımlığında yatmasından söhbət açır. Düşmənin iki addımlığında baş qoyub şirin-
şirin yatmaq isə, qeyd etdiyimiz kimi, düşməndən zərrə qədər qorxmamaq deməkdir
(7, 188). Uruzun ata sözünə axıracan sadiq qalmayıb döyüşə atılmaq əhvalatında
olduğu kimi, Qanturalının da düşmən sərhədi yaxınlığında yıxılıb yatması və Selcan
xatunun çağırışından sonra güc-bəla ilə yuxudan ayılması bahadırlığın özünəməxsus
lövhəsidir. Bu cür lövhələr Uruzların və Qanturalıların qeyri-adi bahadırlıq za-
manında yaşadıqlarını göstərməkdə az rol oynamır.
Qeyri-adi epik zaman digər eposlar kimi «Koroğlu» üçün də səciyyəvidir.
Koroğlu və onun dəlilərinin qeyri-adi bir zamanda yaşadığını daha qabarıq
göstərmək üçün aşıqlar «Koroğlunun qocalığı» qolundan məharətlə istifadə edirlər.
Qocalıqdan danışmaq, cavanlıqda yaşanan günləri xatırlatmağın bir üsuluna çevrilir.
Əslində, bu ənənə də «Dədə Qorqud»dan gəlir. Həmin eposda Qorqud Atanın yaşlı
bir qoca kimi təqdim edilməsi Oğuz igidlərinin at çapıb, qılınc oynatdığı ulu
keçmişə – kifayət qədər uzun bir zamana şahid şəxsin gözü ilə baxmaq imkanı
yaradır: «Dədəm Qorqut boy boyladı, soy soyladı, bu oğuznaməyi düzdü-qoşdu,
böylə dedi:
Anlar dəxi bu
dünyaya gəldi, keçdi,
Karvan kibi qondu, köçdü» (1, 44).
Birinci boyun sonundan götürdüyümüz bu parça göstərir ki, Dədə Qorqud həm
Bayındır xan və Dirsə xandan, həm də özünün ad verdiyi Buğacdan məhz keçmiş
zamanın qəhrəmanları kimi danışır:
İmdi qanı dedügim bəg ərənlər!?
Dünya mənim deyənlər!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı? (1, 74)
Boyların sonunda təkrar olunan bu fikir bir tərəfdən hər şeyin müvəqqəti
olduğunu, heç kimin dünyanı tutub qalmayacağını göstərmək üçündürsə, digər
tərəfdən indi – hər şeyin adiləşdiyi və ucuzlaşdığı bir dövrdə “bəy ərən”lərin
olmadığını təəssüflə bildirmək üçündür. Bizcə, Koroğlunun qocalığı da Dədə
Qorqudun qocalığına bənzər bir funksiya daşıyır. Qəhrəmanlıqla aşıqlığı özündə
birləşdirən Koroğlu qoca vaxtında sanki dönüb ozanlar ozanı Dədə Qorqud olur:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com