Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   23   24   25   26   27   28   29   30   ...   110

56 
 
palaz,  həsir,  cır-cındır,  yorğan-döşək  neft  gölündə  üzürdü.  Kişilər  şalvarlarını 
çırmalayıb, dallarında şələ, ayaqyalın neft içində qaçırdılar. 
Əhlikeflər  əhvalatı  kazinoda  eşidib  fayton  və  qazalaqlarda  fontana 
tamaşa eləməyə gəlirdilər. 
Qara dam və daxmaların çoxunu neft seli basıb zay etmişdi. 
Quyu birinci həftədə gündə 20 min tondan çox neft püskürmüşdü. 
Ziyan  çəkmiş  yüzlərlə  adam  məhkəməyə  müraciət  edib  neftxudadan 
zərər pulu iddia edirdilər. Əgər məhkəmə onların tələb etdikləri məbləğin onda 
birini  ödəməyi  qərara  alıb,  hökm  çıxarsaydı,  sahibkar  müflis  olardı. 
Neftxudanın  tutduğu  üç  vəkil  yuxularına  haram  qatıb  əldən-ayaqdan 
düşmüşdülər, iddiaçılardan əşyayi-dəlil və rəsmi sənəd tələb edirdilər. 
İş  axırda  gedib  mahal  məhkəməsinə  çıxdı,  məsələ  daha  da  qarışıq 
düşdü.  Camaata  dəyən  zərər  o  qədər  böyük  idi  ki,  heç  kəs  var-yoxu  əlindən 
çıxıb  quru  yurdda  qalmış,  dilənçi  gününə  düşmüş  fəqir-füqəranın  haqqını 
tapdalamağa  sürət edə  bilmirdi; lakin divan-dərə  xəsarət  məbləğini azaltmağa 
cəhd edirdi, zərərdidələr də  öz  növbəsində  iddianın  məbləğini  artırırdılar. 
Neftxuda  mühasirəyə  düşmüş  ayı  kimi  vurnuxurdu,  sudan  quru 
çıxmağa  cəhd  edirdi...  Mədən  çox  zəngin  idi,  amma  kimə  əl  açırdı,  heç  kəs 
borc vermirdi... 
Bir  səhər  süpürgəçi  kontora  gələndə  sahibkarın  özünü  tavandan 
asdığını gördü. 
Bu  fontan  nəticəsində  neftin  qiyməti  birə  dörd  azalmışdısa,  pudu  50 
qəpikdən  12  qəpiyə  düşmüşdüsə  də,  müştəri  tapılmırdı.  Xırda  mədənçilərin 
çoxu  müflis  olmuşdu.  Nəhəng  firmalar  qəsdən  nöyüt  çıxarmır,  xırda 
sahibkarların mədənlərinə yiyələnmək istəyirlər. 
Fontan  sahibi    özünü  asandan  sonra  zərər  çəkmiş  camaat  başını  
itirmişdi,  ölünü,  cənazəni  mühakimə etmək mümkün deyildi... 
Nobel  qardaşları  zərər  çəkənlərdən,  özü  də  həqiqi  zərərin,  onda  bir 
hissəsini  ödəmək şərtilə mədəni almağa razı oldular. 
O zaman ən ağır, ən çətin, ən qorxulu iş quyu qazmaq, neft çıxarmaq, 
bir də neft təmizləmək idi. Ölüm, həmişə bu peşə sahiblərinin başları  üstündə 
hərlənirdi.  Qabaqlar  dayaz  quyuları  külüng  və  bel  ilə  qazırdılar;  quyuların 
dərinliyi  az  idi,  zaman  keçdikcə  artdı,  əlli,  altmış,  daha  çox...  Zəhərli  qaz, 
yeraltı  sular,  palçıq  qazmaçıları  bərk  incidir,  adamları  əldən,  taqətdən  salırdı. 
Dərinə  getdikcə  hava  azalır,  zəhərli  qaz  artır,  iş  ağırlaşır,  yeraltı  su  təbəqələri 
açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr 
baş  verirdi.  Qəfildən  fontan  vuranda  qazmaçının  heç  cəsədi  də  tapılmırdı. 
Sevimli yazıçımız Abdulla Şaiq «Məktub yetişmədi» hekayəsində qazmaçıların 
acınacaqlı,  başdan-başa  əziyyət,  məşəqqətli  həyatını,  facianə  ölümünü  mahir, 
realist qələmlə təsvir etmişdir. 


57 
 
400-600 metr dərinlikdəki neft təbəqəsini texniki üsulla iki ilə, üç ilə 
qazıb başa çatdırırdılar. Qəza baş verdikdə, iş günü podratçıya çox baha tamam 
olurdu,  quyuya  düşmüş  baltanı,  ilişib  qalmış  avadanlığı  çıxarmaq  o  qədər  də 
asan deyildi; aylarla əlləşirdilər; başqa dəstədən dəvət edilən təcrübəli ustaların 
belə, çox vaxt əllərindən heç nə gəlmirdi; hər şey yerin altında, dərin quyuda - 
göz  görmür,  əl  çatmır;  bütün  cəhdlər  hədər  gedirdi.  Belə  günlərdə  usta  və 
fəhlələrə podratçı maaşın ancaq yarısını ödəyirdi. Avadanlıq və cihazlar ibtidai 
idi,  Ustaların  müşahidə  qabiliyyəti  və  sənətkarlığı,  duyğuları  yeganə  həlledici 
vasitə  idi.  Təcrübəli  qazmaçının  qulaqları  alətin  səsindən,  tərpənməsindən 
süxurlar, təbəqələr barədə nəticə çıxarırdı. 
Podratçılar  texnikanı,  yeniliyi  sevmirdilər.  Onların  fikrincə  ölçü 
cihazları  boş  şeydir,  yer  haqqındakı  geologiya  elmi  nağıldır,  guya  hər  şey 
ustadan  asılıdır;  vərdiş,  sayıqlıq  lazımdır.  Xurafata  da  inam  çox  idi:  düşənbə 
günü yeni əməliyyata başlamırdılar, usta və fəhlələrin ayağı düşüb-düşməməyi, 
xoş,  ya  da  bəd  qədəm  olmasına  yaman  fikir  verirdilər.  Tək  səbr  gətirəni 
döyürdülər... 
Neft  çıxardanların  -  dartayçıların  işi  qazmaçılarınkından  heç  də  asan 
deyildi.  On  iki  saat  ərzində  bir  saniyə  belə  dincəlmir,  ağır  jelonkanı  qaldırıb 
nefti  boşaldır,  təzədən  quyuya  sallayırdı.  Səs-küydən  qulaq  kar  olur,  beyin 
kütləşirdi.  Dartayçı  jelonkanın  üst  şkvaldan  çıxmasına  yol  verməməli  idi,  əks 
təqdirdə quyu iki-üç saat dayanırdı. Gecə növbəsində dartayçıların işi daha ağır 
olurdu.  Bir  balaca  ehtiyatsızlıq  eləcə,  fikrə  getsə,  mürgüləsə  qəza  baş  verərdi. 
Fikir və qorxudan dartayçılar tez qocalır, kar olur, əldən düşürdülər. 
-  Hər  iki  sənət  sahibi  çox  vaxt  qoldan,  qabırğadan,  beldən,  qıçdan 
şikəst  olurdu.  Dartayçıların  və  qazmaçıların  çoxu  iranlılar  idi.  Bu  peşə  güc, 
dözüm və səbr tələb edirdi. Ehtiyac isə insanı ən çətin işlərə vadar edir. İranlı 
fəhlələr  ağzını  açan  kimi  «həmşəri»  deyib  elə  kötəkləyirdilər  ki,  bir  də  sürət 
edib  dinə  bilmirdilər.  Boğaza  yığılıb  rəhm  və  haqqını  tələb  edəndə,  başını 
qaldıranda quyuya atırdılar. Balaxanıda dörd nəfər fəhlə əl ilə qazılan ayrı-ayrı 
quyuda uçan torpağın altında qalıb həlak olmuşdu. Pristava 100, okolodoçniyə 
50  manat,  konsul  katibinə  25  manat  xərclik  verib,  cinayəti  ört-basdır 
eləmişdilər. Belə hadisələr tez-tez baş verirdi. 
Mədənlərin  mənzərəsi  acınacaqlı  idi.  Dərə-təpə,  torpaq  küçələr 
üfunətli, çalalar peyinlə, mazutla dolmuşdu, göydən his yağırdı. Yağışda palçıq 
dizə  qalxır,  qışda  şaxta  olur,  yayda  od  yağır,  içməli  su  yox...  Xəzri  qopanda 
tozdan  göz-gözü  görmür,  şəhər  və  mədən  əhalisinin  çoxu  xəstələnirdi.  Xırda, 
rütubətli  zirzəmilər,  daxmalar,  birmərtəbəli  kazarmalar,  qara  damlar...  Bu  acı 
həyatı,  cəhənnəm  mühitini,  ağır  fəhlə  məişətinin  mənzərəsini  ilk  dəfə  Hüseyn 
Cavid «Bakı» şerində böyük ustalıqla, eyni zamanda ürək  ağrısı ilə, həzin bir 
kədərlə təsvir etmiş və ümidini gələcəyə bağlamışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə