İnsan–Dünya, İnsan–Təbiət, İnsan–Cəmiyyət problemlərini ən ümumi şəkildə qoymur. Lakin bununla belə bədii ədəbiyyat üçün müəyyən ümumiləşdirmə (tipikləşdirmə) səciyyəvidir. Burada Aristotelin poeziya haqqında məşhur fikrini xatırlamamaq mümkün deyil“. ...Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir.”1
Lakin bədii ədəbiyyat, poeziya nümunələri ümumilik dərəcəsinə görə müxtəlifdir. Bədii əsər tarixdə olduğu kimi konkret bir hadisənin təfərrüatını, spesifikasını, təkrarlanmazlığını, unikallığını də əks etdirə bilər. Daha doğrusu, bədii əsər bunsuz mümkün deyil. Zira o, əslində yalnız təkcəni və ya yalnız ümumini deyil, təkcə, xüsusi və ümuminin vəhdətini əks etdirir. Dəqiq ünvanlı təbiət guşələrinin, konkret tarixi hadisələrin və ayrı-ayrı şəxsiyyətlərin bədii tərənnümünə həsr olunmuş əsərlər çox vaxt məhz fərdilikdən, təkrarlanmazlıqdan, özünəməxsusluqdan çıxış edir ki, bu da həmin əsərləri məhz tarixlə yaxınlaşdırır. Məsələn, Homerin poemaları, “Dədə Qorqud”, “Manas” və s. bəlkə də bədii nümunə olmaqdan daha çox tarixi informasiya mənbəyi kimi, həmin dövrün adət-ənənələri, həyat tərzi, təfəkkür üslubu və dil xüsusiyyətləri haqqında heç bir tarix kitabından ala bilməyəcəyimiz dərəcədə məlumat verən mədəni-mənəvi irs kimi qiymətlidir. Beləliklə, bəzi eposlar, tarixi poema və romanlar ictimai həyatın müəyyən bir dövrünü daha dolğun əks etdirməklə tarixi abidəyə çevrilir. Digər tərəfdən, bədii formada yazılmış fəlsəfi əsərlər də bədii əsər kimi deyil, məhz fəlsəfi baxımdan maraq doğurur. Məsələn, Lukretsi Karın “Şeylərin təbiəti haqqında” poeması, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisi...
Ədəbiyyat adı altında elə müxtəlif əsərlər palitrası əhatə olunur ki, burada ifrat konkretlik və təsvirçilikdən ifrat ümumiləşdirmə və mücərrədliyə qədər hər cür əsər tapmaq mümkündür. Bəli, poeziya tarixə nisbətən ümumi, fəlsəfəyə nisbətən xüsusidir. Bu iki qütb arasındakı geniş sahədə isə ümumilik dərəcəsinə görə bir-birindən ciddi surətdə fərqlənən müxtəlif əsərlər yerləşir. Onların bir qismi tarixə, digər qismi isə fəlsəfəyə yaxındır. İfrat hallar yuxarıda dediyimiz kimi nəzmlə yazılmış tarix və nəzmlə yazılmış fəlsəfədir. Bunların heç biri əslində poeziya deyil. Bunların heç biri elm də deyil. İstər elm, istərsə də bədii ədəbiyyat və incəsənət tarixdən fəlsəfəyə, hadisələr dünyasından mahiyyətlər dünyasına gedən yolun müxtəlif məntəqələridir. Daha doğrusu, söhbət eyni başlanğıcdan eyni sonluğa, nəticəyə aparan iki müxtəlif yoldan gedir. Bu yolların birini məntiq, digərini hiss şöləsi işıqlandırır, birində anlayışlar, digərində hissi obrazlar bələdçidir.
Bəzən bədii əsərlər sinkretik xarakter daşıyır və əsərin əsas qayəsinin, fəlsəfi konsepsiyanın açılışına aparan bu iki yolun birindən o birinə müvəqqəti keçidlər edilir. Məsələn, Nizaminin poemaları belə sinkretiklik baxımından səciyyəvidir. Nəzmlə yazılmış elmi ricətlər ümumi struktura daxil olur. Müəllif ümumi fəlsəfi konsepsiyanın açılışına gedən yolların hər ikisini işıqlandırmağa çalışır. “Xosrov və Şirin”də insani məhəbbətin ümumdünya cazibəsi kontekstində şərh olunması mənəvi və maddi dünyanın vahid qanunlara tabe olması, dünyanın vəhdəti və ahəngdarlığı, daxili tamlığı ideyasını ifadə edir. Beləliklə, sufi fəlsəfəsinin mühüm məqamlarından biri olan vəhdəti-vücud təlimi, təbiət qanunları ilə mənəviyyat qanunlarının eyniyyəti ideyası Nizami yaradıcılığında həm elm, həm poeziya və həm də fəlsəfi fikir vasitəsilə ifadə olunur. Nizaminin poemalarında ümumi fəlsəfi qayənin açılışına xidmət edən bədii təhkiyədən bir sıra kənaraçıxmalar, elmi şərhlər və bilavasitə fəlsəfi ricətlər vardır ki, bunlar mülki tarix, elm tarixi və fəlsəfə tarixi baxımından maraq doğurur və ilk baxışda ümumi kontekstdən kənara çıxır. Lakin diqqətlə yanaşıldıqda bu ricətlər təhkiyə ilə, süjetlə bilavasitə bağlı olmasa da, məhz ümumi fəlsəfi kontekstə uyğundur və bu baxımdan, əsərin daxili ahəngi və bütövlüyü pozulmur. Nizami əsərlərinin belə sinkretik, çoxmərtəbəli quruluşu bu poemaları müxtəlif tədqiqat sahələrinin obyektinə çevirir. Alim və mütəfəkkir Nizaminin elmi və fəlsəfi fikirlərini bilavasitə ifadə edən nisbi müstəqil parçalar, beytlər elm tarixçiləri və filosoflar tərəfindən tədqiq olunmaqdadır. Bu baxımdan, professor Camal Mustafayevin tədqiqatları xüsusi diqqətə layiqdir. Nizami poeziyasının mürəkkəb, sinkretik tərkibi alim Nizaminin, tarixçi Nizaminin, filosof Nizaminin və nəhayət, şair Nizaminin ayrı-ayrılıqda, hər bir sahənin öz tədqiqatçısı tərəfindən öyrənilməsinə imkan verir. Lakin Nizami əsərlərinin bir spesifik cəhəti də vardır ki, burada bədii ideya özü fəlsəfi ümumiləşmə səviyyəsinə qaldırılır, yəni bədiiliklə fəlsəfəlik vəhdət halında olduğundan təkcə filosof Nizaminin deyil, şair Nizaminin də filosoflar tərəfindən öyrənilməsinə ehtiyac yaranır.
Bu gün sintetik təfəkkür ancaq tarix, poeziya, elm və fəlsəfə üçün deyil, ədəbi tənqid və publisistika üçün də zəruridir.
Ədəbi tənqid bədii ədəbiyyatı izləməklə məhdudlaşmırsa, onun önündə getmək, ona yol göstərmək istəyirsə, onda gərək yalnız ədəbiyyatdan deyil, sosial-mənəvi gerçəkliyin məntiqi təhlilindən, elmi-fəlsəfi fikirdən də bəhrələnsin.
Müasir dövrdə sintetik təfəkkürün ədəbi tənqiddə təzahürü özünü tənqidin sintetik funksiyasında: obrazlı təfəkkürlə məntiqi təfəkkürü üzvi surətdə birləşdirmək imkanında tapmalıdır.
Lakin təəssüf ki, bu gün ədəbi tənqid sintetik təfəkkürə, fəlsəfi təhlilə deyil, publisistikaya meyl edir və ya publisistik düşüncə tərəfindən sadəcə sıxışdırılıb aradan çıxarılır.
Müstəqillik dövründə gerçəkliyin, ictimai həyatın bilavasitə inikası üçün şərait yarandığından publisistika sürətlə inkişaf etməkdədir. Lakin bu inkişaf əsasən ekstensiv xarakter daşıyır. O qədər “bakirə” mövzular var ki, publisistika mövzu meydanında at səyirdir. Lakin tez-tez atdan düşüb atlanır və ya bir yerdə fırlandığından heç bir sahədə dərinə nüfuz edə bilmir, mahiyyətləri aça bilmir. Ona görə də müasir publisistika çoxlu problemlərə toxunsa da, əsasən təsvirçi səciyyə daşıyır.
Yığılıb qalmış sosial, ekoloji, demoqrafik, mənəvi problemlərin əsil ciddi bədii həllini vermək xüsusi sənətkarlıq axtarışları tələb etdiyi kimi, onların elmi təhlili də o saat konkret nəticələrə gətirmir. Lakin ədəbi prosesin istiqaməti elədir ki, müasir dövr üçün səciyyəvi olan təsvirçilik meyli ciddi bədii və elmi axtarışlar müstəvisinə keçdikdə ədəbi tənqid də sintetik təfəkkür səviyyəsinə yüksəlmək imkanı əldə edəcəkdir.
* * *
Fəlsəfə elmlə müqayisədə milliliyi, sənətlə müqayisədə ümumbəşəriliyi ilə fərqlənir.
Milli fəlsəfi fikir dövlətçiliyin təməl daşlarından biridir. Özünü dərk etməyən xalqın Vətən idealı ola bilməz.
Torpaq, ərazi o zaman vətənə çevrilir ki, o milli ideyanın daşıyıcısı olsun.
Empirik bilik və ibtidai duyğu səviyyəsindəki vətəndaşlıq və vətən sevgisi dayanıqlı ola bilməz. İnsan xarici ölkələrə səfər edərkən şüurlu olaraq və ya təhtəlşüur səviyyəsində öz yetişdiyi mühitlə, artıq içində olanlarla yeni gördükləri arasında müqayisələr aparır. Müqayisə apara bilmək, özünü məhz öz ölkəsi timsalında fərqləndirə bilmək üçün, heç şübhəsiz, əvvəlcə milli Məni, Vətəni həm duyğu, həm də təfəkkür səviyyəsində tanımaq tələb olunur. Özündən (öz ölkəsindən) ayrılmaq, başqa diyar, başqa ölkə ilə tanışlıq duyğu səviyyəsində bir nisgil, vətən həsrəti yaradırsa, təfəkkür səviyyəsində özünə kənardan baxmaq şansı verməklə özünüdərk üçün obyektiv şərait yaratmış olur.
Əks halda doğma və yadı fərqləndirmək, sənə məxsus olanı başqalarına məxsus olandan ayırmaq mümkün olmaz. Təəssüf ki, əksər adamlar özünü (öz milli varlığını) ya heç fərqləndirə bilmir, ya da ancaq duyğu səviyyəsində fərqləndirir. Öz ölkəsi üçün darıxır, vətənini sevir, lakin bunun səbəbini dərk etmir. Öz vətəni, öz xalqı üçün nə isə etmək istəyir, lakin məhz nə etməli olduğunu bilmir. Əlbəttə, kimə isə elə gəlir ki, bilir; lakin bilmədiyini dərk etmək bildiyini zənn etməkdən yaxşıdır. Çünki müxtəlif adamların ayrı-ayrılıqda, öz ağlı ilə, öz vətən modeli əsasında gördüyü işlər, vahid bir istiqamətə yönəlməyərək, bir-birinin üzərinə toplanmaq əvəzinə, çox vaxt bir-birinə qarşı dayanır.
Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur. Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da vurmaq mümkündür. Vətənin, millətin nə ilə fərqləndiyini bilmədikdə, onun rasional simasını görmədikdə, onun mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur.
Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur. Və bunu hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Millətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası bütün millətlər deyil, milli intellektin səfərbər olunması sayəsində, milli filosoflar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlanmalı və geniş kütlələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dildə yox, elmi-kütləvi, fəlsəfi-publisistik, poetik dildə, bədii obrazlar vasitəsilə, ədəbiyyatın, sənətin, kütləvi informasiya vasitələrinin bütün mümkün imkanlarından istifadə etməklə!
Milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətlər, hətta sevgidən və millətçilik hisslərindən doğsa da son nəticədə ancaq ziyan gətirə bilər. Deyilənlər bədii ədəbiyyat və sənət sahələrindəki fəaliyyətə, habelə kütləvi informasiya vasitələrinin, KİV-in fəaliyyətinə də aiddir.
Biz bununla heç də insanları fəaliyyətsizliyə, milli duyğuların, vətənpərvərlik hissinin təsiri ilə atılan addımların məhdudlaşdırılmasına səsləmirik. Lakin əvvəlcə ölçmək lazımdır. Əvvəlcə düşünülmüş bir konsepsiya lazımdır. Əvvəlcə milli ideologiya lazımdır. Və bu milli ideologiyanın da əsasında milli fəlsəfi fikir dayanmalıdır.
Lakin həyat dayanıb gözləmir. İctimai proseslər hansı isə istiqamətlərdə baş alıb gedir və baş-başa gəlir. Eyni sevgidən doğan müxtəlif hərəkətlər qarşılaşaraq bir-birinin təsirini heçə endirir.
Vahid milli ideyanın təsir sahəsinə düşüb istiqamətləndirilə bilməyən, bir-biririni tamamlaya bilməyən, bir növ kortəbii proseslərə çevrilən fəaliyyət aktları özümüzün də xəbərimiz olmadan, qlobal miqyas kəsb etmiş başqa milli ideyaların ilk növbədə qloballaşma qaydalarının təsir dairələrinə düşərək lokal güc mərkəzləri yaradır.
Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində – milli fəlsəfi fikir zəminində formalaşır.
Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə həqiqi böyük ziyalılar estafeti öz əllərinə alır və milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadaraq və bir əmanət kimi yeni nəsillərə ötürürlər. Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə vaxtında birləşməyəndə bütün ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.
Müstəqillik və milli dövlətçilik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir subyektin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial; təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin.
Lakin kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqiyə xidmət etmir. Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün törədilən məqsədyönlü aksiyalardan biri idi. Lakin biz hələ də böyük dövlətlərin coğrafi-strateji planlarından doğan siyasi burulğandan çıxa bilmirik.
Bax, belə bir şəraitdə siyasi təbəddülatların fövqünə yüksəlməyə, fəaliyyətlərin ümummilli tərəqqi naminə yönəlməsinə böyük ehtiyac vardır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiyasının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mədəniyyətin tərəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən ziyalılarımız bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir konyukturaya uymadan bəşəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.
Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz ehtiyaclarına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klasik mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi heç də müqavimətsiz qarşılanmır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uyğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi düşüncənin özünü ümumbəşəri və milli dəyərlərin prioritetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiyyətlidir.
Etnik-milli təfəkkürdən milli dövlətçilik şüuruna gedən yol milli və ümumbəşərinin sintezindən keçir. «Milli» anlayışı iki fərqli məzmun yükünə malikdir. Birincisi, hər bir millət üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri, ikincisi, fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini ehtiva edir.
İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Və milliyyətindən asılı olmadan bütün insanlar üçün ümumi, zəruri olan cəhətlər vardır. «Etnik-milli» anlamı müxtəlif qrupların insanlarını fərqləndirən cəhətləri əhatə etdiyinə görə məzmunca kAsıbdır, solğundur. Sözün geniş mənasında «milli» anlamı isə hər bir insana məxsus zəruri şərtləri də əhatə etdiyindən, zəngin və daha tutumludur.
İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları, intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub saxlayırlar. Bunlar etnik-milli xüsusiyyətlərə aiddir. Milli dildən fərqli olaraq riyaziyyatın dili, kompüterin dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu dilləri bilən insanlar da millətlər kimi qruplaşıb öz aralarında ünsiyyətə girirlər.
Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik normaları yaranır və onlar hətta «etik» birliklərə nisbətən daha dayanıqlı ola bilərlər. Xüsusən, qloballaşma şəraitində internet və s.-nin açdığı məkan məhdudiyyətindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil ki, çalxalanıb yeni strukturlar kəsb etməsi olduqca əlamətdar proseslərdir və bunlara biganə qalmaq olmaz.
Bu yeni rakursdan baxdıqda «milli» anlayışının da yenidən dəyərləndirilməsinə, onun məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməlidir. Ona görə də, yenidən «fərdi Mən», «milli Mən» və «ümumbəşəri Mən» anlayışlarına qayıtmaq, «milli» anlamının mahiyyətinə də yenidən nəzər salmaq tələb olunur.
Milli fəlsəfi fikir dünyanın bir insanla münasibətini, bir insanın dünyaya şəxsi, fərdi münasibətini əks etdirməkdən fərqli olaraq milli Mənlə dünya arasındakı münasibəti ifadə edir. «Milli Mən» «fərdi Mən»dən və «ümumbəşəri Mən»dən fərqli olduğu kimi onun dünyaya münasibəti də fərqlidir.
Bəs dünya milli Mən prizmasından necə görünür?
Əlbəttə, əsl böyük fəlsəfə fərdi Mənlə dünya arasındakı münasibəti əks etdirir. Belə ki, fərdi Mən ümumbəşəri və milli Mənləri ehtiva etmək imkanına malik olduğundan, daha zəngindir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir. Ayrı-ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin ancaq müəyyən elementlərini ehtiva edir. Daha doğrusu, fərdi özünüdərkdə duyğu komponenti, intuitiv komponent, irrasional komponent daha böyük sahəni əhatə edir. Rasionallaşmış məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, fərdi şüur daha zəngin olsa da, daha çox qeyri-müəyyəndir və rasionallaşmış hissənin faizinə görə geri qalır. Ümumbəşəri şüur, ümumbəşəri özünüdərk əsrlər boyu insanların dünyaya münasibətinin rasionallaşmış ifadəsidir. Burada duyğudan, emosiyadan (xatirədən, nisgildən və s.) daha çox koqnitiv biliklər əhatə olunur. Lakin insanın dünya haqqındakı bilikləri müxtəlif iyerarxik pillələrdə təzahür edir. Fəlsəfə məhz ən ümumi biliklər əsasında, ən ümumi qanunların dərki sayəsində dünyanın ümumiləşmiş mənzərəsini yaratmağa çalışır.
Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq filosoflar dünyanı bir insan meyarı ilə, insan prizmasından, ümumbəşəri dəyərlər mövqeyindən dərk etməyə çalışır və dünyanın, insan–dünya münasibətlərinin müxtəlif modellərini, konsepsiyalarını hazırlayırlar.
Lakin insan öz milli və fərdi prizmalarından dünyaya münasibətini bildirirsə burada da ümumiləşdirmək üçün yararlı olan rasional biliklər toplanır. Hər bir fərdin öz dünyası olduğu kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin fəlsəfəsini yığıb, vahid ortaq məxrəcə gətirmək mümkün deyil. Daha doğrusu, fəlsəfənin özünə məxsus toplanma qaydaları vardır. Bu qaydalar elmi biliklərin toplanması və sənət əsərlərinin, bədii təəssuratların toplanmasından fərqlidir.
Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan, milli özünüdərk baryerini keçmiş olan tək-tək şəxsiyyətlərin – filosofların fəlsəfi konsepsiyalarından, bu konsepsiyaların şəbəkəsindən ibarət olur.
Əlbəttə, emosiyadan, hissiyatdan təəssüratın irrasional məqamlarından azad olmuş rasional biliklər toplusu fəlsəfi duyumun, insanın dünyaya münasibət mənzərəsinin tam təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssurat rasionallaşdıqca kasadlaşır, solğunlaşır və informasiyanın çox cüzi hissəsi saxlanılmış olur. Lakin idrak prosesi də elmi səviyyədə bununla səciyyələnir ki, burada birinci fokus məsafəsindəki rasional biliklər ayrı, ikinci fokus məsafəsindəki rasional biliklər ayrı və sair və s. yığılaraq sonradan toplana bilirlər. Və toplanmadan alınan mənzərə hər biri ayrılıqda solğun olan informasiyaları gücləndirir, yenidən mürəkkəb ierarxik bir strukturun rasional obrazı yaranır. Burada bir növ interferensiyaya uyğun tamamlama gedir.
Milli fəlsəfi fikir dedikdə, ilk növbədə, hər bir ölkənin görkəmli filosofları, onların əsərləri yada düşür. Belə bir fikir formalaşıb ki, müasir dövrdə milli fəlsəfi fikrin formalaşması və təbliği üçün əsas vəzifə fəlsəfə tariximizin öyrənilməsi və tədris edilməsidir. Bu məqsədlə Bəhmənyarın, Nizaminin, Ş.Sührəverdinin, Şəbüstərinin, Nəiminin, Nəsiminin, Fizulinin, nisbətən yeni dövrdə A.Bakıxanovun, M.F.Axundovun, Mirzə Kazım bəyin fəlsəfə əsərlərini və ya bədii yaradıcılıqlarındakı fəlsəfi fikirləri öyrənmək, nəşr etmək, yaymaq vəzifəsi ön plana çəkilir. Bizcə, bütün bunlar, əlbəttə, lazımdır. Lakin, ilk növbədə, məhz fəlsəfi fikir tariximizin öyrənilməsi baxımından.
Milli fəlsəfi fikrimizin tarixi aspektləri, qaynaqları öyrənilməli və yeni nəslə çatdırılmalıdır. Lakin təəssüflənməli haldır ki, çox vaxt bu qaynaqlar milli fəlsəfi fikirlə eyniləşdirilir, qarışıq salınır. Halbuki, müasir Azərbaycan fəlsəfi fikrinin bu qaynaqlarla əlaqəsi heç də həmişə adekvat deyil. İlk növbədə, ona görə ki, fəlsəfi fikir tarixi müasir milli fəlsəfəni müəyyən etmir, əksinə, fəlsəfə tarixində bizə aid olan, milli olan ünsürləri müəyyənləşdirmək üçün müasir milli fikirdən çıxış etmək lazımdır.
XX əsrdə Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin öyrənilməsi sahəsində xeyli iş görülmüşdür. Əsası Heydər Hüseynov tərəfindən qoyulan «Azərbaycan fəlsəfə tarixi» məktəbi bu gün də davam etməkdədir. Məhz Heydər Hüseynov ictimai-siyasi fikrin və klassik Azərbaycan ədəbiyyatının fəlsəfi prizmadan öyrənilməsinin əsasını qoymuş və «XIX əsrin Azərbaycan ictimai-siyasi fikir tarixi» adlı sanballı monoqrafiyasında fəlsəfi fikir tariximizi peşəkar səviyyədə tədqiq etmişdir. Sonralar professor Camal Mustafayev Nizami Gəncəvinin, professor Ənvər Əhmədov A.Bakıxanovun, akademik Fuad Qasımzadə M.Fizulinin, professor Şeydabəy Məmmədov M.F.Axundovun, Azərbaycan EA-nın müxbir üzvü Zakir Məmmədov Bəhmənyarın, Sührəvərdinin, professor Zümrüd Quluzadə Nəiminin, Nəsiminin, professor İzzət Rüstəmov Həsən bəy Zərdabinin fəlsəfi görüşlərini daha geniş araşdırmaqla Azərbaycan fəlsəfə tarixinin öyrənilməsində böyük xidmətlər göstərmişlər. Bu sahədə habelə Ə.Zəkuyevin, Z.Göyüşovun, Ş.Cəfərovun, S.Rzaquluzadənin və s. tədqiqatçılarımızın böyük əməyi olmuşdur.
Lakin ayrı-ayrılıqda bu və ya digər alimin, ictimai-siyasi fikir sahibinin, filosofun əsərlərinin şərhi bütövlükdə milli-fəlsəfi fikir haqqında təsəvvür yaratmır. Bu tədqiqatların toplusu da milli-fəlsəfi fikrin spesifikasını aydınlaşdırmaq üçün kifayət deyil. Ona görə ki, milli-fəlsəfi fikir ayrı-ayrı dövrlərdə yaşamış və milliyyətcə azərbaycanlı olan şəxslərin, onlar filosof olsalar belə, fiKirləri kimi başa düşülə bilməz. Əvvəla, orta əsrlərdə, ümumiyyətlə islam fəlsəfəsi daxili tamlığa malik bir sistem kimi yayılmışdır ki, o dövrün Azərbaycan fəlsəfi fikri də daha çox dərəcədə onun tərkib hissələrindən biridir.
Milli-fəlsəfi fikir müəllifin etnik-milli mənsubiyyətindən daha çox fəlsəfi konsepsiyanın milli düşüncə tərzinə adekvatlığı ilə səciyyələnir.
Milli-fəlsəfi fikir anlayışının məğzində millətin düşüncə tərzi, milli mentalitet, milli ideallar və bu ideallara çatmaq uğrunda mübarizənin ideya əsasları dayanır. Keçmişimizdən bizə miras qalmış ən böyük sərvət fəlsəfi traktatlardan öncə yeni nəslin özüdür. Müasir azərbaycanlı milli fəlsəfi fikrin genetik daşıyıcısıdır. Fəlsəfə elmdən fərqli olaraq heç də biliklər sistemi olmayıb, insanın dünyaya baxışının müəyyən üsulu, dünyanın modelləşdirilməsi, insanla dünya arasında, millətlə dünya arasında körpüdür.
Milli-fəlsəfi fikir milli ruhun nəzəri-konseptual şərhidir. Ən əsas məsələ milli ruhun özünün mövcudluğudur. Elə xalqlar vardır ki, onların nümayəndələri fəlsəfi traktatlar yazır, lakin onları səciyyələndirən, özəlləşdirən, fərqləndirən ruh yoxdur. Onlar çoxdan başqa ruhlara qatışıb, onların içində itib-batıblar. Başqasına qatılmaq, başqasında itmək heç də ilk baxışdan göründüyü kimi pis şey deyil. Bu, çoxlarının əqibətidir. Bütün kiçiklərin aqibətidir.
Bu böyük dünyada, böyük xalqların yaşadığı dünyada, böyük tarixlər yaradan və böyük nəzəriyyələr yaradan xalqlarla birgə yaşayıb onlara qatılmamaq, fərqli qalmaq asan məsələ deyildir.
Digər tərəfdən də, sual olunur ki, fərqlənmək lazımdırmı?
Son vaxtlar, xüsusilə müstəqillik əldə etdikdən sonra tez-tez sual olunur ki, «biz kimik?» və «bizim milli birliyimiz vardırmı?».
Müasir azərbaycanlı üçün kim ideal ola bilər? Bəhmənyar, Fizuli, yoxsa Koroğlu? Səməd Vurğun, Yusif Məmmədəliyev, yoxsa Həzi Aslanov? Əlbəttə, kimsə deyə bilər ki, müxtəlif sahələrdən olan adamları müqayisə etmək düzgün deyil. Haqlı fikirdir və bizim məqsədimiz heç də onları müqayisə etmək deyil. Əsas məsələ bundan ibarətdir ki, xalqın məhz hansı sahədən olan böyük şəxsiyyətlərə daha çox rəğbət bəsləməsi onun milli təfəkkürünün və duyğu dünyasının strukturunda hansı sahəyə meylin güclü olduğunu aşkar etməyə imkan verir. Məlik-Məmmədin, Dədə Qorqudun, Koroğlunun timsalında tərbiyə almış gənclik, Nizaminin, Füzulinin, Vaqifin timsalında tərbiyə almış gənclikdən nə ilə fərqlənir? Bəs bunlar vəhdətdə götürüldükdə necə? Bəs muğamatın, sazın təsiri nə dərəcədədir? Məhz belə bir təsir dairəsi ola bilsin ki, bizi bir ingilisdən, rusdan fərqləndirə bilər. Lakin onların da Şekspiri, Bayronu, yaxud Puşkini, Tolstoyu vardır. Onların da Robin Qudu, Kral Arturu, yaxud İvan Qroznısı, İlya Murometsi, Suvorovu vardır.
Önəmli olan odur ki, hər hansı millətin formalaşmasında fəlsəfənin, elmin, şerin-sənətinmi, yoxsa ticarətin, yaxud müharibələrinmi rolu böyük olmuşdur? Milli nağıllar, dastanlar, laylalar, mahnılar insanlara nəyi daha çox təlqin etmişdir? Sevgini, şəfqəti, yaxud cəsurluğu, qəhrəmanlığı, yoxsa tədbiri, hiyləni?
Hər bir millətin qəhrəmanlıq eposu da, sevgi dastanları da vardır, milli Həmzəsi də, milli Koroğlusu da vardır, satqını da, hiyləgəri də, qəhrəmanı da vardır. Lakin Həmzələri müdrik sayanlar kimdir, ona nifrət edənlər kimdir? Əsl sual bundan ibarətdir ki, milli şüurun strukturunda onların nisbi payı nə qədərdir? Fərdi millətçi şüurdan fərqli olaraq, statistik orta göstərici necədir?
Milli mentalitet də, milli şüur da, hətta milli-fəlsəfi fikir də bütün bu göstəricilərdən asılı olaraq formalaşır. Hər şey fərdi və sosial idealın yönümü ilə müəyyənləşir. Başqa cür ola da bilməz. Çünki həyatın mənasını arayan fəlsəfə bu mənanı milli idealın fövqündə tapa bilməz.
Digər tərəfdən, hər hansı bir xalqın keçmişini əks etdirən fəlsəfi fikir tarixi ilə həmin xalqın müasir düşüncə tərzi və milli idealı arasında tam bir uyğunsuzluq da ola bilər; müasir millətin öz tarixi sələflərinə nisbətən irəli getməsi, tənəzzülə uğraması, ya da başqa təsirlərə məruz qalması nəticəsində. Antik fəlsəfi fikri orta əsrlərdə yunanlar deyil, ərəblər, yeni dövrdə isə almanlar yaşatdılar. Deməli, fəlsəfi fikir nisbi müstəqilliyə malikdir və hər hansı bir xalqdan, millətdən ayrılaraq, başqaları tərəfindən əxz olunmaq və davam etdirilmək və hətta, sosial ideala, həyat normasına çevrilmək imkanına malikdir.
Müasir millətlərin istifadəsində olan təkcə öz yaratdıqları deyil. Bütün digər millətlərin həm elmi-fəlsəfi yaradıcılığı, həm də sivilizasiyanın inkişafına olan digər töhfələri ümumiyyətlə bəşəriyyətin istifadəsinə vermişdir. Ona görə də, tarix boyu ümumbəşəri fikir və mədəniyyət xəzinəsinə çox şey verib, indi onlar az faydalananlar olduğu kimi, tarixi keçmişdə xidmətləri az olmasına baxmayaraq, indi bu ümumi xəzinədən hamıdan çox faydalananlar da vardır.
Burada çox maraqlı bir məqamla rastlaşırıq. Milli mentalitetdə nəyə isə yiyələnməyə, mənimsəməyə, yoxsa verməyə, xidmət göstərməyə daha çox meyllilik bu məsələdə də, ümumxalq, ümummillət səviyyəsində özünü göstərir. Əl tutmaq, kömək etmək, xidmət göstərmək istəyənlər özlərinin indi nə qədər geridə qaldıqlarını unudaraq, yenə də başqalarına qarşı səxavət və qonaqpərvərlik nümayiş etdirməyə çalışırlar. Fərdi miqyasda həqiqətən çox gözəl olan bu keyfiyyət ümummilli miqyasda, xüsusən dövlətçilik mövqeyindən yanaşdıqda çox mənfi nəticələrə gətirir.
Halbuki, öyrənməyin, mənimsəməyin də öz texnologiyası var. Bu özü bir mədəniyyətdir və ona yiyələnmədən müasir qloballaşma şəraitində ancaq ziyan çəkmək olar.
Bəli, qloballaşma şəraitində milli-mənəvi dəyərlərimiz həqiqətən böyük təhlükələrlə üzləşir və milli-fəlsəfi fikrə istinad etmədən, milli ideologiyanın formalaşmasını təmin etmədən və milli-sosial özünüqoruma şüuru formalaşdırmadan bu təhlükədən xilas olmaq çox çətindir.
Müasir dövrdə bütün dünya xalqlarının fəlsəfi fikrinin strukturunda Qərb fəlsəfəsi üstün yer tutur. Qloballaşma, qərbləşmə heç də sadəcə olaraq Qərb texnikasının, Qərb investisiyasının ekspansiyası ilə məhdudlaşmayıb, həm də Qərb fəlsəfəsinin, siyasi düşüncə tərzinin təcavüzü ilə səciyyələnir. Bir əli ilə müasirlikdən, Qərbdən möhkəm-möhkəm yapışanlar o biri əlində Bəhmənyarın, Nəsiminin ideyalarını saxlamağa çalışırlar. Lakin həyat yolunu seçərkən fəaliyyət proqramını müəyyənləşdirərkən aktiv düşüncə tərzi olaraq məhz birinci əlindəkini seçməli olurlar. Çünki formaca və bəlkə həm də məzmunca arxaikləşmiş Şərq fəlsəfi fikri bizi əhatə edən texnogen dünyasında kara gəlmir. Biz o biri əlimizdəkini ancaq bir rəmz kimi, bir ekzotika kimi saxlayırıq.
Əgər saxlayırıqsa!?
Bəs çıxış yolu nədədir? Milli-mənəvi dəyərlərimizi bir rəmz edərək real proseslərə formal surətdə əlavə etmək, yoxsa milliliklə müasirliyin məzmun müstəvisində vəhdətinə nail olmaq?!
* * *
Poeziya da, şifahi xalq ədəbiyyatı da, mahnılarımız da, epik düşüncə və siyasi təfəkkür də – dillə sıx surətdə bağlıdır. Dil ümumiliyi həmin dildə yaradılmış mədəni sərvətlərin də ümumiliyinə, bədii-estetik düşüncənin də vəhdətinə səbəb olur. Təsadüfi deyildir ki, türk xalqları öz mədəniyyətləri, ədəbiyyatları ilə də sıx surətdə bağlıdırlar. Bir sıra hallarda eyni bədii-estetik abidələrə malikdirlər. “Dədə Qorqud”, “Koroğlu”, aşıq ədəbiyyatı və s. buna misal ola bilər.
Dil nə qədər böyük rol oynasa da, milli birliyin yeganə göstəricisi deyil. Burada təfəkkür tərzi, ictimai şüurun səviyyəsi, adət-ənənə, dini etiqad, həyat tərzi mədəni-mənəvi abidələrin, xüsusən yazılı ədəbiyyatın, fəlsəfi fikrin siyasi və iqtisadi təfəkkür mədəniyyətlərinin də nəzərə alınması lazımdır.
Coğrafi şərait, iqlim və relyeflə bağlı həyat tərzində özünü göstərən xüsusiyyətlər və bunlardan irəli gələn rituallar, mərasimlər, bayramlar və s. də az əhəmiyyətli deyil.
Əslində həyat tərzinin, zövqün, bədii-estetik, hətta mifik və fantastik düşüncənin, müqəddəslik duyğusunun, düşüncədə rasionallığın dərəcəsinin, kütləvi tədbirlərin, etnik xüsusiyyətlərin, ənənəvi geyimlərin, musiqilərin, rəqslərin – bütün bunların qərarlaşması, ənənəviləşməsi və ictimai şüurla vəhdəti ərazi ilə, iqlim şəraiti ilə, üstün təsərrüfat növləri ilə, texnoloji inkişaf səviyyəsi ilə də bağlıdır. Lakin coğrafi amil, ərazi də, etnogenez də milli müəyyənlik məsələsində əsas kimi götürülə bilməz. Ziya Göyalpın dediyi kimi, millilik müasir vəziyyətə görə və ilk növbədə kültür və mədəniyyət ümumiliyi əsasında təyin edilməlidir.1
Düşüncə tərzi, mənəvi mədəniyyət, əxlaqi normalar bütövlükdə nisbi müstəqilliyə malik olduğu üçün bir ərazidən başqa əraziyə keçdikdə insanlar əvvəlki maddi mühitin təsiri ilə formalaşmış mənəvi keyfiyyətləri, bayramları, ritualları və s. özləri ilə daşıyırlar ki, bu da maddi mühitlə mənəvi keyfiyyətlər arasında uyğunsuzluqlar yarada bilir.
Din coğrafi bölgələrdən asılı olmadan yayılır və hamı üçün eyni olan ehkamların, ayinlərin ümumiləşdirici rolu özünü göstərir. Şəriət də ərazidən asılı olmadan əsasən saxlanılır.
Dil də insanlar bir yerdən başqa yerə köçərkən o saat yaddan çıxmır və uzun bir dövr ərzində lokal mühitlərdə, ailələrdə saxlanmaqda davam edir. Başqa ölkəyə köçmüş insanlar üçün rəsmi dil, işlək dil dəyişsə də, ana dili məhz mədəni-mənəvi irsin açarı kimi qorunub saxlanılır.
Coğrafi məkan dəyişilir, siyasi məkan dəyişilir, vətəndaşlıq dəyişilir, ixtisas, təsərrüfat fəaliyyəti, rasional düşüncə, peşə vərdişləri və s. – bütün bunlar dəyişilir, mənəviyyat isə uzun müddət sabit qalır. İnsan yaşadığı yeni ictimai mühitin əxlaq normalarına, yeni meyarlara, ilk növbədə hüquq normalarına riayət etmək məcburiyyətində qalır. İctimai münasibətlərdə bir cür, özü ilə ünsiyyətdə isə başqa cür olur. Qürbət eldə beyinin tələbləri ilə qəlbin tələbləri, rasional düşüncə ilə hissiyyat arasında yaranan uyğunsuzluq, daxili mənəvi mühitlə, xarici ictimai mühitin tələbləri arasındakı mücadilə insanın tam xoşbəxt olmasına mane olur. İnsan özü ilə bir nisgil, vətən həsrəti daşıyır. Hüquqi-siyasi vətənlə milli-mənəvi vətən arasındakı fərq insanı ikiləşmək, özgələşmək təhlükəsi qarşısında qoyur. Lakin insan xarici ölkədə də yaşasa, əgər o, öz daxili mənəvi mühitini qoruyub saxlayıbsa, bu mühitin böyük miqyaslı proobrazı ilə – Böyük Vətənlə əlaqə saxlamaq, vətənə xidmət etmək imkanı bu faciəni kompensasiya etməyə, dəf etməyə şərait yaradır.
Dostları ilə paylaş: |