FƏLSƏFƏ VƏ FƏLSƏFƏ TARİXİ
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ KONTEKSTDƏ
Müasir fəlsəfi düşüncənin mənimsənilməsi və inkişaf etdirilməsi üçün klassik fəlsəfi irsin nə dərəcədə önəmli olduğunu geniş izah etməyə ehtiyac yoxdur. Biz sadəcə bu məsələyə iki fərqli yanaşmanın mahiyyətini aydınlaşdırmağa çalışacağıq.
Birinci yanaşmanın əsasında fəlsəfənin keçdiyi tarixi inkişaf yolu haqqında, ayrı-ayrı filosofların həyat və yaradıcılığı haqqında məlumat vermək, onların hansı mövzularda və nə kimi əsərlər yazdığını sistemli şəkildə şərh etmək dayanır. Belə yanaşma fəlsəfi düşüncədən daha çox elmi-tarixi düşüncənin məhsuludur. Burada ideyalar qəliblərə salınmış şəkildə verilir və təsnif olunur. Fəlsəfi fikrin cərəyanlara bölünməsi və müxtəlif filosofların bu və ya digər cərəyana daxil edilməsi əslində şərti xarakter daşıyır. Artıq məlum ideyaların kiminsə tərəfindən təkrar edilməsi ona «filosofluq statusu» vermir. Bu mənada hər bir filosof tarixə özünün fərdi, təkrarolunmaz düşüncələri ilə və ya yaratdığı yeni sistemlə düşməlidir. Daha ciddi təsnifat zamanı «davamçılar» və «tərəfkeşlər» sıradan çıxır və yalnız ideya müəllifləri önə çəkilir.
İkinci yanaşma ideyaların sistemləşdirilməsinə əsaslanır. Burada hansı ideyanın nə vaxt və kim tərəfindən söylənməsi deyil, ideyanın özü önə çəkilir. Belə olduqda min il bundan əvvəl söylənmiş ideya ilə, yüz il bundan qabaqkı və ya ən müasir ideya eyni qrupa düşə bilər. Qədimdə irəli sürülmüş bir fikir, çağdaş tədqiqatçı tərəfindən yenidən canlandırılır və müasir fəlsəfi araşdırmaların strukturuna daxil edilir. Bu zaman tarixilik elə bir önəm daşımır, fəlsəfə tarixi elə fəlsəfənin özü olur.
Bəzən eyni bir ideya müxtəlif dövrlərdə, fərqli coğrafi məkanlarda müstəqil surətdə irəli sürülür və bu zaman tarixi ilkinlikdən daha çox məhz hansı ideyanın, hansı fəlsəfi fikrin sonrakı inkişaf prosesinə təsir göstərməsi daha önəmli olur. Daha doğrusu, hər hansı ideya yalnız dünya fəlsəfi fikrinin strukturuna daxil olarkən zaman oxunda bütöv proses kimi götürülən fəlsəfə tarixinin tərkib hissəsinə çevrilmiş olur. Lakin bu ümumbəşəri fəlsəfi yaradıcılıq prosesindən kənarda qalmış bir çox fərdi fəlsəfi sistemlər də vardır ki, fəlsəfə tarixinin əsas məqsədlərindən biri, zaman-zaman geriyə dönərək onları da bu ümumi prosesin kontekstinə daxil etməkdən ibarətdir. Bu axırıncı deyilənlər daha çox dərəcədə bir sıra orta əsr islam filosoflarının yaradıcılığına aiddir ki, onlar neçə əsrlər ərzində filosofların diqqət mərkəzindən kənarda qalsa da, öz dəyərini itirməmiş və onların bu gün də orijinal bir tədqiqat olaraq ümumi fəlsəfi prosesə qatılmasına böyük ehtiyac vardır.
Tarixi gedişatdan kənarda qalmış belə tədqiqatların üzə çıxarılması, müasir fəlsəfi dildə yenidən şərh olunması təkcə bu böyük filosofların xatirəsini əbədiləşdirmək və ya ədaləti bərpa etmək baxımından deyil, həm də müasir fəlsəfi fikrin inkişafına yeni impuls vermək baxımından önəm daşıyır. Belə ki, İbn Sina və Ş.Sührəvərdi kimi böyük mütəfəkkirlərin bir sıra ideyaları Q.Dekart, İ.Kant, E.Husserl və s. tərəfindən yenidən deyilibsə, bu heç də o demək deyildir ki, indi bizim vəzifəmiz tarixi ədaləti bərpa edərək onların xidmətlərini fəlsəfə tarixinə daxil etməkdən ibarət olmalıdır. Məsələ burasındadır ki, heç kim, heç kim tərəfindən tam təkrar olunmur. Ş.Sührəvərdinin dedikləri Kantda tamamilə başqa bir kontekstdə deyilir və başqa bir nəzəri sistemin tərkib hissəsi kimi təqdim olunur. Sührəvərdinin isə öz sistemi vardır və bu sistem çağdaş ideya müstəvisinə gətirildikdə tamamilə yeni məqamların üzə çıxmasına imkan açır. Yəni bizim vəzifəmiz heç də yalnız təsadüfdənmi, yaxud məqsədyönlü surətdəmi dünya fəlsəfi fikir tarixindən kənarda qalmış (saxlanmış) Şərq filosoflarına «bəraət qazandırmaq», onların haqqını özünə qaytarmaqdan ibarət olmayıb, həm də onların ideyalarını çağdaş problematika və terminologiya kontekstində yenidən canlandırmaq və müasir fəlsəfi axtarışların strukturuna daxil etməkdən ibarətdir. Nə vaxtsa söylənmiş fikirlərin, konsepsiyaların bu gün aktuallığını saxlayıb-saxlamadığı, fəlsəfi baxımdan dəyərini hələ də itirmədiyi ancaq bu zaman məlum olur. Əks-təqdirdə keçmiş təlimlər fəlsəfi baxımdan yox, ancaq tarixi baxımdan maraqlı ola bilər. Beləliklə min illər boyu yaranmış və «fəlsəfə tarixi» adı altında toplanmış müxtəlif ləlimlərin sinkretik toplusu bu günün elmi-fəlsəfi meyarları baxımından nəzərdən keçirilib diferensiallaşdıqda onların böyük bir qismi zamanın təsiri ilə köhnələrək məhz tarixə aid olsa da, bəlli bir qismi hələ də müasir fəlsəfi fikrin simasını müəyyən etməklə tarixə deyil, fəlsəfəyə aiddir.
Açıq demək lazımdır ki, Avropada və Rusiyada çıxan fəlsəfə tarixi dərslikləri əsasən Qərb fəlsəfəsini əhatə edir. Bunun da səbəblərindən biri odur ki, hətta böyük fəlsəfə klassiklərinin (Hegel, Feyerbax, Rassel və s.) fəlsəfə tarixinə dair mühazilərində və kitablarında əsasən Qərb fəlsəfəsi əhatə edilmişdir. Onlar bunu açıq deməkdən də çəkinmirlər ki, fəlsəfə elə Qərb fəlsəfəsindən ibarətdir. Avropa ölkələrinin fəlsəfə tarixi dərsliklərində adətən «ərəb fəlsəfəsi» adı ilə cəmi 2-3 səhifə material verilir.1
Hətta ayrıca orta əsrlər fəlsəfəsi adı altında çıxan kitablarda da çox vaxt orta əsr «islam» fəlsəfəsinə demək olar ki, yer verilmir. Məsələn, Avropada çox geniş yayılmış olan F.Ç.Koplstonun irihəcmli «Orta əsrlər fəlsəfəsi tarixi» kitabında2 islam fəlsəfəsinə cəmi 25 səhifə yer ayrılmışdır. Halbuki, həmin dövrdə Avropada fəlsəfə, hətta dini-fəlsəfi fikir məhz müsəlman filosoflarının təsiri ilə formalaşmışdır.
Görünür, tək-tək tədqiqatçıların səmimi etirafına baxmayaraq, bütövlükdə Qərb ictimai fikri (dərsliklərdə, ensiklopediyalarda aparılan və geniş kütlələrə, gənc nəslə təqdim olunan prioritet fikir) bundan ibarətdir ki, fəlsəfə elə Qərb fəlsəfəsidir; onu əvvəlcə qədim yunanlar yaratmış, müəyyən fasilədən sonra yenə də avropalılar davam etdirmişlər. Şərqdə isə fəlsəfənin əvəzinə həmişə mistika yayılmışdır.3 Qərb fəlsəfəsi və Şərq mistisizmi. Ənənəvi olaraq Şərqlə bağlanan və «Şərq müdrikliyi» kimi yayılan hikmət dünyası da nə isə fəlsəfədən fərqli bir şey kimi qəbul olunur. Təsadüfi deyildir ki, müsəlman filosofları və islam dünyasında yaranmış fəlsəfi cərəyanlar haqqında fəlsəfi kontekstdə, fəlsəfə tarixinə dair əsərlərdə deyil, daha çox dərəcədə şərqşünaslıq istiqamətindəki əsərlərdə bəhs olunur. Yəni Şərq, o cümlədən müsəlman dünyası hansı isə sahələrdə ixtisaslaşmış şəkildə yox, inteqrativ, hətta sinkretik şəkildə öyrənilir. Motiv isə, görünür, budur ki, Şərqdə heç ixtisaslaşma getməmiş, düşüncə özü sinkretik olmuşdur. «Şərq müdrikliyi» də nəzəri təfəkkür müstəvisində yox, əməli düşüncə, praktik ağıl müstəvisində nəzərdən keçirilir. Burada, əlbəttə, həqiqət də vardır. Müdriklik həyatla, əməli işlə sıx surətdə bağlıdır. Avropada Şərqin simvolları kimi tanınan Nizami, Mövlana, Sədi Şirazi, Hafiz və s. məhz həyat hikmətlərini tərənnüm edirdilər. Sufizmə də Qərbdə ən çox ona görə maraq vardır ki, burada mənəviyyat fəlsəfəsi həyat tərzi ilə birləşir. İslam özü bir dünyagörüşü olmaqla yanaşı, ilk növbədə müəyyən həyat tərzini, mənəvi prinsipləri ehtiva edir. Bütün bu məsələlər inteqrativ şəkildə – «şərqşünaslıq» (bəzən daha konkret – «islamşünaslıq») adı altında öyrənilir. Amma islam fəlsəfəsinə ümumbəşəri fəlsəfi inkişaf prosesinin aparıcı bir mərhələsi kimi yanaşılmır.
Bizim tədqiqatçılar isə fəlsəfənin inkişaf tarixində bizə məxsus səhifələrin də olduğunu daha çox tarixi aspektdə yada salır, müsəlman filosoflarının hansı ideyalarının müasir fəlsəfi fikrin formalaşmasında rol oynadığını və indi aktuallığını nə dərəcədə saxladığını araşdırmağı lazım bilmirlər. Bəli, islam fəlsəfəsi bir qayda olaraq orta əsrlərin timsalında yada salınır. Və bu zaman orta əsr (islam) fəlsəfəsi adlandırdığımız mərhələnin nə dərəcədə orijinal olduğunu, antik fəlsəfəyə nisbətdə nə dərəcədə müstəqil və yeni olduğunu araşdırmağa da bəzən ehtiyac duymuruq. Böyük fəxarətlə «Şərq renessansından» danışırıq. Amma fərqinə varmırıq ki, biz orta əsrlərdə müsəlman mütəfəkkirlərinin xidmətini ellin mədəniyyətinin (və fəlsəfəsinin) yenidən oyanışı, dirçəlişi kimi qəbul etməklə, əslində bir sıra Qərb tarixçilərinin iddialarını təsdiqləmiş olmuruqmu? Avropa renesansından sonra yeni Avropa mədəniyyəti (və fəlsəfəsi) yarandı. Bəs Şərq renessansından sonra nə yaranıb?
Renessans özü müstəqil bir zirvə, nəticə kimi götürülür. Halbuki, renessansdan məqsəd yeni bir tərəqqi üçün platforma, postament hazırlamaqdır. Digər tərəfdən, orta əsr müsəlman filosoflarının yeganə mənbəyi antik fəlsəfə və ya ellin mədəniyyəti olmamışdır. Burada Şərqin öz qədim fəlsəfi düşüncə ənənələri, zərdüştilik, hind-çin fəlsəfəsi və s.-dən də istifadə olunmuşdur. Ən başlıca xidmətlərdən biri isə, islam dünyagörüşünün fəlsəfi əsaslarının işlənib-hazırlanması olmuşdur. Əl-Qəzalinin bütün fəlsəfi yaradıcılığı bu məqsədə xidmət etmişdir və sonralar xristian sxolastları ən çox məhz onun ideyalarından bəhrələnmişlər. Antik fəlsəfi fikrin islam ehkamları ilə uzlaşdırılması əslində yeni mahiyyətli, hətta çox vaxt yeni məzmunlu fəlsəfi problemlərin, ideyaların ortaya çıxmasına səbəb olmuşdur. Məlum fəlsəfi nəzəriyyələr arasında ən çox yeni platonçuluğa meyl edilməsi də müsəlman filosoflarının antik fəlsəfi təlimlərə seçkili münasibət bəsləməsinin nəticəsi idi. Seçkili münasibət üçün isə əvvəlcə müəyyən meyarlar, məxsusi mövqe olmalıdır.
Qərb filofosları çox vaxt yunan fəlsəfəsi ilə özləri arasında körpü rolunu da bizə «çox görürlər». B.Rassel yazır: «Bütün Qərb fəlsəfəsi – yunan fəlsəfəsidir və bizi keçmişin böyük mütəfəkkirləri ilə bağlayan iplərin nə vaxtsa qırılmasını qəbul etmək olmaz».1
Təəssüf ki, ümumdünya sivilizasiyasında, ümumbəşəri fəlsəfi fikir tarixində bizim də payımız olduğunu iddia edə bilmək üçün ancaq orta əsr müsəlman filosoflarının və alimlərinin yaradıcılıqlarına istinad etməli oluruq. Amma çox vaxt bu «pay» da inkar olunur və ya nəzərdən qaçırılır. Görünür unuduruq ki, tarixi yazmaq haqqı da bu gün güclü olanların əlindədir. Əbu Turxan demişkən, «bu günü olmayan xalqın keçmişi də yoxdur». Özümüzün ümumbəşəri fəlsəfi fikir tarixində həmmüəllif statusumuzu təsdiqləmək üçün çağdaş fəlsəfi fikir səviyyəsində dayanan, dünya fəlsəfə ictimaiyyəti tərəfindən nüfuz sahibi kimi qəbul olunan filosoflara ehtiyacımız vardır. Əks təqdirdə biz ancaq bütün dünya üçün yazılmış fəlsəfə tarixinin dişarında, harada isə özümüz üçün əlavə bir tarix yazmaqla təskinlik tapmalı olacağıq. «Şərq fəlsəfəsi», «islam fəlsəfəsi» və s. bu tipli kitabların çoxalması və getdikcə həcmlərinin artması, harada nə yazılıbsa tərcümə olunub, köçürülüb, yeni imzalar altında nəşr olunması, görünür, bunun nəticəsidir ki, «Qərb öz tarixini yazır, biz də özümüzünkünü yazaq» mülahizəsi rəhbər tutulur. Halbuki, əsas məqsəd bunları özümüzə yox, bu gün dünya fəlsəfi fikrində aparıcı rol oynayan, müasir fəlsəfi fikrin simasını müəyyən edən Qərb tədqiqatçılarına isbat edə bilməkdir. Bunun üçün isə, bir tərəfdən, müqayisəli təhlil lazımdır: «həqiqət müqayisədə üzə çıxır». Digər tərəfdən, müqayisə aparmağa, tarixi keçmiş haqqında keçərli söz deməyə, yenidən ölçməyə, öz meyarından çıxış etməyə, artıq formalaşmış stereotipi dəyişməyə haqqı (nüfuzu) çatan, dünya fəlsəfə ictimaiyyəti tərəfindən qəbul olunan, «sayılan» çağdaş filosoflar lazımdır.
Tarix ilə müasirlik bir-birini tamamlayır. Dünya fəlsəfi fikrinin ön sıralarına çıxmaq, aktual fəlsəfi problemlərlə bağlı tədqiqat aparmaq, yaradıcı ideyalarla çıxış etmək üçün isə ümumbəşəri fəlsəfə tarixinin yenidən nəzərdən keçirilməsi, daha obyektiv mövqedən şərhi, tənqidi təhlili tələb olunur.
Bu gün, informasiya almaq imkanlarının çox geniş və yüksək olduğu bir şəraitdə qədim hind-çin fəlsəfi təlimlərindən tutmuş ən müasir tədqiqatlara qədər hərtərəfli məlumat bolluğu vardır və bunların dilimizə tərcüməsi, əlbəttə, yaxşı haldır. Lakin fəlsəfənin xüsusiyyəti bundan ibarətdir ki, burada məlumat bolluğu, tarixi təfərrüatlar deyil, pozitiv, yaşarlı fikirlərin önə çəkilməsi, mətnlərin tərcümələri deyil, ideyaların «tərcüməsi» önəmlidir. İdeyalar «tərcümə olunarkən», terminoloji fərqlər aradan qaldırılarkən, mətnlər ortaq məxrəcə gəlir və təkrarlanan hissələr atıldıqdan sonra ancaq yeni, orijinal ideyalar qalır. Bu proses fəlsəfi-tarixi reduksiya prosesidir. Fəlsəfə tarixi təkrarlardan, perspektivsiz kənaraçıxmalardan təmizləndikdən sonra müasir fəlsəfi fikir səviyyəsi ilə eyniləşmiş olur. Nəticədə bir çox keçmiş filosoflar müasirlərimizdən daha böyük səlahiyyətlə çağdaş fəlsəfənin yaradıcıları, müəllifləri olurlar.
Fəlsəfə üçün zaman və məkan lokallığı yoxdur. İlk baxışda nə qədər paradoksal görünsə də, əsas problemlərindən biri zaman və məkanın tədqiqi olan fəlsəfənin özü – fəlsəfi düşüncə zaman və məkanın fövqündə dayanır.
Aristotelin məşhur «poeziya fəlsəfəyə tarixdən daha yaxındır», daha dəqiqi «poeziya tarixdən daha fəlsəfi və daha ciddidir» fikri1 poeziyadakı fəlsəfəliyi ifadə etməkdən daha çox tarixdəki «fəlsəfəsizliyi» (anti-fəlsəfi mahiyyəti) ifadə edir. Belə ki, tarix və fəlsəfə insan təfəkkürünün diametral əks qütblərində qərar tutur və bütün digər düşüncə formaları bu iki qütb arasındakı spektrin müxtəlif məqamlarından ibarətdir.
Artıq baş vermiş hadisə ancaq tarixdə qala bilər. Mahiyyətlər, ideyalar isə əbədidir. Fəlsəfi təlimlərin də tarixdə qalması, yaxud tarixin sədlərini keçərək çağdaş fikir dünyasında aktuallığını saxlaması, bu təlimlərin nə dərəcədə həqiqi mahiyyətlər, ideyalar üzərində qurulmasından asılıdır. Başqa sözlə, fəlsəfi təlim həqiqətən fəlsəfidirsə o heç də tarixdə qalmayaraq həmişə müasir olur.
Məşhur fəlsəfə tarixçisi Kuno Fişer də diqqəti fəlsəfə ilə tarix arasındakı əksliyə yönəldir. O, «Fəlsəfə tarixi elm kimi» adlı əsərində fəlsəfə tarixinin hətta mümkünlüyünü belə şübhə altına alır: «Tarix və fəlsəfə anlayışları arasında belə bir əkslik vardır: tarix hadisələrin zamana görə varisliyi olmadan təsəvvür edilə bilməz, fəlsəfə isə həqiqətin dərki üzərində qurulur ki, həqiqət də ancaq şeylə tam uyğunluq halında olan təsəvvürdən ibarətdir. Burada iki imkan vardır: təsəvvür şeyə ya uyğundur, ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə varisliyini ifadə etmir və deməli onun tarixi də yoxdur».2
Əgər biz «fəlsəfə» anlayışını onun bütün tarix boyu keçdiyi təkamül kontekstində araşdırmalı olsaq, müxtəlif dövrlərdə müxtəlif lokal elmi-mədəni mühitlərdə bu anlayışın xeyli dərəcədə fərqli mənaları ifadə etdiyini və bu mənaların zaman oxunda düzülüşünün hansı isə ardıcıllığı, qanunauyğunluğu əks etdirmədiyini və beləliklə, müntəzəm təkamüldən danışmağın qeyri-mümkün olduğunu görərik.
Lakin bu fərqli anlamların geniş spektrində bütün dövrlərin və elmi-mədəni mühitlərin, bütün düşüncə tərzləri və elmi paradiqmaların sərhədlərini keçərək bu günə qədər gəlib çıxmış parlaq zirvələr vardır ki, onlar bu dəyişkənlikdə və müxtəliflikdə bir növ oriyentir rolunu oynamaqla fəlsəfi fikrin bir ana xətti olduğunu və əsrlərin öz arasında bu zirvələrdən keçən vahid ideya xətti ilə bağlandığını göstərir. Bu zirvələr böyük fəlsəfə klassiklərinin əsərləridir.
Piramidanın aşağısı nə qədər geniş sahəni əhatə etsə də, zirvəyə yaxınlaşdıqca müxtəliflik aradan götürülür və bütün böyük klassiklərin eyni problemlər ətrafında və əslində həm də eyni bir dildə yazdığı ortaya çıxır. Və ancaq zirvələrin müqayisəli təhlili fəlsəfi fikrin nisbi müstəqil bir inkişaf yolu keçdiyini sübut edir.
Fəlsəfənin əsas problematikasını və fəlsəfi fikrin mahiyyətini müəyyənləşdirmək üçün ən düzgün yol fəlsəfə tarixinin izlənməsi deyil, insan təfəkkürünün müasir mərhələdəki strukturunda onun nisbi yerinin təyin olunmasıdır. Başqa sözlə, fəlsəfənin özünəməxsusluğu elm, din, incəsənət, əxlaq, siyasət, hüquq və s. şüur formaları ilə müqayisədə müəyyənləşdirilməlidir. Və ancaq müasir baxımdan, məhz fəlsəfi fikir kimi dəyərləndirilməli olan sahənin meyarları ayırd edildikdən sonra əvvəlki tarixi mərhələlərdə həmin bu şüur formalarının qarşılıqlı nisbəti haqqında fikir yürütmək olar. Ancaq belə yanaşdıqda, məsələn, orta əsrlərdə fəlsəfəyə aid edilən bir mövzunun və ya əsərin müasir anlamda əslində ilahiyyata, yaxud elmə, siyasətşünaslığa aid olduğu aşkara çıxır.
(Müasir dövrdə fəlsəfi problem kimi qoyulan bir məsələnin tarix boyu hansı formalarda qoyulduğu və hansı kontekstlərdə öyrənildiyi də araşdırıla bilər.)
Beləliklə, fəlsəfənin mahiyyəti də, predmeti də, əsas problemləri də ilk növbədə onun keçdiyi tarixi inkişaf yolundan deyil, müasir insanın müasir düşüncə və fəaliyyət mexanizminin strukturundan intixab edilməlidir.
Tarix hadisələrin baş verdiyi dövrdə onların iştirakçısı və şahidləri tərəfindən qələmə alınmış səlnamələr, təsvirçi mətnlər, arxiv materialları əsasında sonrakı dövrlərdə yaradılan versiyalar və sistemli şərhlərdən yaranır.
Tarix elm və fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə tarixin arasında çox geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii təfəkkür də bura daxildir. Aristotelin yuxarıda iqtibas gətirdiyimiz «poeziya fəlsəfəyə tarixdən daha yaxındır» fikri də bu kontekstdə daha çox aydın olur.
Əvvəla, tarixçi mahiyyətləri yox, hadisələri təsvir edir.
İkincisi, tarixçi bilavasitə özünün deyil, başqalarının şahidliyi əsasında, müxtəlif mənbələrdən aldığı informasiyaların təhlili əsasında model qurur, şərh verir.
Üçüncüsü, tarixçi hər bir dövrdə hadisələrin mümkün gedişat variantları imkanlar içərisindən ancaq birinin, gerçəkləşmiş, həyata keçmiş variantın təsvirini verir. (İmkan mahiyyətə, gerçəklik isə hadisəyə uyğun gəlir).
Dördüncüsü, tarixçinin düşüncə tərzi, təfəkkür üslubu hadisələr dövründə yaşayan və onları təsvir edən şəxslərin düşüncə tərzi və təfəkkür üslubundan fərqli olduğundan tarix bəzənə-bəzənə, «düzənlənə-düzənlənə» gedir. Başqa sözlə, təfəkkürün inkişafı keçmişdə qalmış hadisələrin özünə təsir edə bilməsə də, təsvirinə, şərhinə təsir göstərir.
Fəlsəfə hadisələri deyil, mahiyyəti əks etdirdiyindən onun tədqiqat obyekti zaman-məkan müəyyənliyinə malik deyil. Keçmişdə deyilmiş fəlsəfi bir fikir, həm də müasir dövrə aid olmaq əzmindədir. Başqa sözlə, fəlsəfə klassiklərinin əsərləri bu gün yazıb-yaradan müasir filosofların əsərləri ilə eyni zamandan və eyni məkandan bəhs edir. Yəni, klassiklər müasir filosofların müasirləridir. Platonla, Fərabi ilə, Dekartla tanış olmaq üçün keçmişə, tarixin dərinliyinə yox, fəlsəfəyə, ideya dünyasının dərinliyinə baş vurmaq lazımdır.
Beləliklə, tarixdə müasir insan (tarixçi) keçmişi əks etdirdiyi halda, fəlsəfədə keçmiş insan (filosof) təkcə öz dövrünü yox, həm də müasirliyi əks etdirir.
Fəlsəfə tarixində isə müasir insan keçmiş insanın düşüncələrini təhlil edir. Eyni dövrdə yaşayanların müəyyən məsələlər haqqında düşüncələrini müqayisə etməklə yanaşı, həmin məsələlərə dair müasir informasiya bazasından və çağdaş düşüncədən də istifadə edir. Və çox vaxt zaman fərqi itir, keçmiş bir təlimin izahı üçün müasir tədqiqatçıya və müasir bir təlimin izahı üçün keçmiş tədqiqatçıya istinad edilir. Yaxud, iki keçmiş filosofun düşüncələri, aralarında neçə yüz il fərq olmasına baxmayaraq, məsələ problemlər üzrə qoyularkən və müqayisəli təhlil aparılarkən onlar eyni zaman müstəvisində nəzərdən keçirilirlər. (Hadisələr özü də, elə bil ki, təkrar olunur. «Yeni – yaxşı unudulmuş köhnədir»).
Fəlsəfədə kimin «köhnə», kimin daha müasir olması xronologiya ilə deyil, təlimlərin və terminologiyanın müasir fəlsəfəyə yaxınlıq dərəcəsi ilə müəyyən edilir. Təkcə bir faktı nəzərə almaq kifayətdir ki, R.Dekart İbn Sinadan 600 il sonra yaşasa da, onun fəlsəfədə (hətta riyaziyyatda da – Dekart koordinat sistemi adlanan məkan modelinin İbn Sina tərəfindən irəli sürlməsi faktı çox önəmlidir.1) Qərb dünyası üçün yeni sayılan bir sıra fikirləri sadəcə təkrardan ibarətdir, hətta bəzən geriyə doğru atılmış addımdır. İbn Sina ilə Dekart arasında, Sührəvərdi ilə Kant, hətta Husserl arasında parallellər bizim qarşımızda fəlsəfi fikir tarixinin tamamilə başqa bir mənzərəsini açmış olur.
Şərq fəlsəfəsi, xüsusən orta əsrlərdə islam dünyasında yaranan yeni fəlsəfi baxışlar nəzərə alındıqda Qərb fəlsəfi fikir tarixinə təzədən baxmaq lazım gəlir. Və zaman elə bil ki, altı əsr sürüşür. Təsadüfi deyildir ki, bu sətirlərin müəllifi Oksford Universitetində keçirilən Fenomenologiya üzrə III Dünya Konqresində məruzəsini məhz bu səbəbdən Sührəvərdi-Dekart-Husserl xronoloji ardıcıllığı ilə yox, Dekart-Sührəvərdi-Husserl ardıcıllığı ilə şərh etməli olmuş və Qərb filosoflarının diqqətini ideya tarixindəki məqsədyönlü (və ya təsadüfi) sürüşmələrə yönəltmişdir.2
Biz çox vaxt fikri xalis şəkildə götürərək onun hansı dövr düşüncəsinin məhsulu olmasını heç nəzərə də almırıq. (Amma gərək alınsın. Çünki düşüncə tərzləri müxtəlif olur).
Dövrün düşüncə tərzi dəyişsə də, görünür, dəyişiklik ən çox üst qatda gedir. Zəmanə dərin qatlara nüfuz edə bilmir. Zira, hadisələrdə müxtəliflik olduğu halda, mahiyyətlərdə eyniyyət və sabitlikdir.
Tarix zəruri və ya təsadüfi olmasının fərqinə varmadan artıq baş vermiş hadisələrdən bəhs edir.
Elm nisbi zəruri hadisələri, yəni müəyyən şərtlər daxilində baş verməli olan hadisələri, başqa sözlə səbəb-nəticə münasibətlərini öyrənir.
Fəlsəfə varlığın dəyişməyən qatlarını, dəyişkənlik görüntüsü arxasındakı sabitliyi öyrənir.
Bütün milli özünəməxsusluq imkanlarına baxmayaraq, fəlsəfə əsasən ümumbəşəri səciyyə daşıyır. Çünkü başlıca məqsəd insanları (insan qruplarını) bir-birindən fərqləndirməkdən daha çox, ümumiyyətlə insanı, onun mahiyyətini, həyatın mənasını, dünya ilə münasibətini araşdırmaqdır. İnsanların öz arasındakı fərq fəlsəfi tədqiqatın sonrakı, diferensiallaşmış pilləsində üzə çıxır. Özünü dərk etmək istəyən insan, əlbəttə, öz fərdi (və milli) xüsusiyyətlərini də dərk etməyə çalışır. Lakin o, əvvəlcə insan ümumisini, insan varlığının səciyyəsini dərk etmək məcburiyyətindədir. Həm də ancaq bu ümumiləşmə səviyyəsindəki düşüncələr və tədqiqatlar bütün bəşəriyyət miqyasında əlaqələndirilə və ortaq məxrəcə gətirilə bilər.
Məhz bu baxımdan Zərdüştün, Konfutsinin, Sokratın fikirləri ümumbəşəri səciyyə daşıdığı kimi Fərabinin, İbn Sinanın, Bəhmənyarın fəlsəfi tədqiqatları da ümumbəşəri məzmunludur. Bəzən fəlsəfə tarixi ayrı-ayrı xalqların fəlsəfi fikir tarixləri kimi (məsələn «qədim yunan fəlsəfəsi», «islam ölkələrində fəlsəfə», «klassik alman fəlsəfəsi» və s.) təsnif edilir. Lakin bunun heç bir elmi-metodolocu əsası yoxdur. Söhbət ancaq vahid ümumbəşəri fikir prosesinə hansı xalqın hansı dövrdə və nə kimi bir pay verməsindən, bu prosesdə nə dərəcədə fəal iştirakından gedə bilər ki, bu da «fəlsəfə tarixi»nin predmetinə aid olan məsələ deyil.
Fəlsəfə tarixi ümumbəşəri fəlsəfi fikrin vahid bir proses kimi inkişaf yolunu əks etdirir. Təbiidir ki, ilk fəlsəfə tarixçiləri də məhz filosofların özləri olmuşlar. Platonun «Dialoq»ları, Aristotelin «Metafizika»sı onaqədərki fəlsəfi fikir haqqında məlumat verən, onların məğzini əks etdirən əsas mənbələr hesab olunur. Hələ antik dövrdə bəzi filosoflar daha çox məhz fəlsəfə tarixi üzrə ixtisaslaşmışdılar. Buna ən gözəl misal Diogen Laertski sayıla bilər. Plutarx əsasən tarixçi olsa da, həm də fəlsəfə tarixçisi idi. Azərbaycanda da fəlsəfi fikir tarixinə dair məlumatlar lap çoxdan, hələ orta əsrlərdən qələmə alınmışdı. Nizami Gəncəvinin «İsgəndərnamə» əsəri (xüsusən «İqbalnamə») bir sıra mühüm ümumbəşəri fəlsəfi ideyalar və dünya xalqlarının bir çox böyük filosofları haqqında məlumat verilməsi baxımından da olduqca əhəmiyyətlidir. Əlbəttə, Nizami peşəkar fəlsəfə tarixçisi deyildi, lakin onu Azərbaycanda bu sahədə yazan və ən azı böyük maarifçilik missiyası yerinə yetirən ilk müəlliflərdən biri hesab etmək olar.
Nizami özünəməxsus dahiyanə bir fəhmlə fəlsəfə tarixinə bir tarix kimi deyil, məhz bir fəlsəfə kimi yanaşır. Belə ki, müxtəlif dövrlərdə fərqli ölkələrdə yaşamış böyük filosoflar tarixi və coğrafi sədləri aşaraq bir stol arxasında oturur, daha doğrusu, vahid hökmdarın dövrəsinə toplaşırlar. «Fikrin, ideyanın zamanı və məkanı yoxdur», – mövqeyindən çıxış edən Nizami məclisə tarixin qaranlıqlarında qalanları deyil, bütün zamanlar üçün nur mənbəyi olanları toplayır və özü də onlarla bir məclisdə əyləşir. Məclisə yeddi filosof çağırılmışdır. İkisi isə ev sahibləridir. Hökm sahibi, qılınc tutan İsgəndər və söz sahibi, qələm tutan Nizami. Əslində bütün deyilənlər Nizaminin öz fikir süzgəcindən keçib qələmə alınır. O, özündən əvvəl yaşayanların mövqeyini sonrakı zamanların bilikləri ilə zənginləşdirir və yeni arqumentlər əlavə edir. Məsələn, Falesin (Nizamidə «Valis») «hər şey sudan yaranmışdır» fikrini inkişaf etdirərək və təkmilləşdirərək digər aqreqat hallarının sudan necə törəyə biləyəcəyinin elmi-bədii tərənnümünü verir; su seyrələndə/ od və hava, qatılaşanda torpaq yaranır:
Mən də ərz eləyim: dünyaya təməl,
Məncə, su olmuşdur hər şeydən əvvəl.
Qızğın hərəkətdən və çaxnaşmadan,
O yerə çatdı ki, od oldu əyan.
İldırım buxardan ayırdı odu,
Bundan rütubətli hava doğuldu.
Suyun qatılığı getdikcə artdı,
Həmin qatılıq da yeri yaratdı.1
Daha sonra Nizami suyun ilkinliyini isbat etmək üçün «nütfə» ilə bağlı misal gətirir ki,2 bunun da «Qurani-Kərim»in təsiri ilə deyildiyinə şübhə yoxdur.3 Beləliklə, Falesin mövqeyi sonrakı dövrlərin biliklərindən də istifadə etməklə arqumentləşdirilir. Eyni sözləri Nizaminin, digər filosofların təlimlərinə münasibətilə bağlı da demək olar.
Bir şey şəksizdir ki, burada Nizaminin fəlsəfə tarixçisi kimi, yoxsa yaradıcı filosof kimimi çıxış etdiyini ayırmaq çox çətindir.
Fəlsəfə tarixi məsələləri Füzulinin də yaradıcılığında mühüm yer tutur. Füzuli də elmi-fəlsəfi əsərlərində təkcə müsəlman filosoflarının yaradıcılığına deyil, həm də qədim yunan filosoflarına müraciət etmiş və onlardan iqtibaslar gətirmişdir. Nizaminin «İqbalnamə»sində Falesin dilindən deyilən fikirlərə Füzulinin «Mətləül-Etiqad» əsərində də rast gəlirik: «İlk ünsür sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti olduğuna görə onun sıxlaşıb-bərkiməsindən yer (incələşməsindən) od və hava əmələ gəlmişdir. Göy isə odun tüstüsündən törənmişdir».4 Füzuli özü də bu fikrə tərəfdar çıxır və Qurani-Kərimin Hud surəsindən 7-ci ayəni misal gətirir: «Onun ərşi su üzərində idi».
Füzuli Pifaqordan, Heraklitdən, Demokritdən, Platondan da misallar gətirmiş və özünə doğma olan «varlığın səbəbi məhəbbətdir» (Heraklit) ideyasını önə çəkmişdir.
Füzuli yunan filosoflarından iqtibas gətirməklə kifayətlənmir, onları müəyyən bir ideyanın izahı üçün, məqsədyönlü surətdə yada salır. Məhəmməd peyğəmbərə istinadla söylədiyi və özünün də bütün yaradıcılığı boyu önə çəkdiyi «Tanrının ilk yaratdığı şey ağıldır» fikrini qədim yunan filosoflarının əsərlərində də arayaraq, bunu xüsusilə vurğulayır. Pifaqora istinadən əvvəlcə ağıl ilə ruhun, sonra digər şeylərin yaradıldığını iddia edir. Füzulinin mövqeyindən yanaşıldıqda Aristotel də fəal əqlin hər şeydən öncə olduğunu qəbul edir: «Ağıl öz mahiyyətini və səbəbiyyətini xatırlamış (kursiv mənimdir – S.X.) və bu xatırlamadan şeylər nəşət etmişdir».1
Diqqətlə yanaşıldıqda Füzuli yunan filosoflarının fikirlərinə müraciətdə çox vaxt sərbəstlik göstərir. Nizami kimi, o da yeri gələndə öz fikrini başqasının vasitəsi ilə deyir. Məsələn, yuxarıda Aristotelə istinadən dediyi fikirdə xatırlama aktı yaradıcılıq üçün əsas kimi verilir. Qədim Şərqin dualist mənbələrinə istinadla yazdığı fikirdə də ilk mənbə olan müdrik nur (Sührəvərdidə: Nur əl-Ənvər) özü haqqında düşünərkən bu düşüncədən varlığın iki əsası olan işıq və qaranlıq yaranmışdır.2 Daha sonra Heraklitə istinadən dediyi fikrə görə, İlk ünsürün təsəvvüründən ruh və əql yaranmışdır.3 Fəlsəfə tarixindən məlum olduğuna görə, iradə və təsəvvürün dünyanın əsası kimi götürülməsi Şopenhauerə məxsusdur. Maraqlıdır ki, Füzuli də eyni mövqedən çıxış edir; nəyi isə xatırlamaq, düşünmək, təsəvvür etmək onun yaranışı, hissi mövcudluğu üçün şərt olur. «Nəyinsə yaranması üçün onu istəmək, lap çox istəmək lazımdır» fikri İsa peyğəmbərdə də vardır.4 «İstəmək» isə bir tərəfdən, iradi akt olsa da, digər tərəfdən, sevgi, məhəbbətdir. «Varlığın səbəbi məhəbbətdir» qənaətinə Füzuli fikrin məhz yuxarıda göstərdiyimiz təkamül yolu ilə gəlib çıxmışdır.
Bəli, Füzuli də Nizami kimi, böyük fəlsəfə klassiklərinin fikirlərinə sərbəst yanaşır və onları öz ideya təkamülünə yol yoldaşı edir. Amma mahiyyətlər çox aydın ifadə olunur. Məsələn, Platonun təlimi belə izah edilir: «Aləm iki aləmdən ibarətdir: 1. Əql aləmi ki, əqli qəliblər və ruhani surətlər oradadır. 2. İçərisində cismani bədənlər və növə mənsub cisimlər olan və parlaq bir güzgü kimi əşyanın şəklini özündə əks etdirən duyğu (hiss) aləmi; belə ki, bu aləmdəki varlıqlar o aləmdəki varlıqların izləri (inikası)-dir».5
Göründüyü kimi, orta əsrlərdə Azərbaycanda fəlsəfə tarixinə dair ayrıca əsərlər yazılmasa da, bu mövzuya geniş yer verilmiş, əvvəlki filosofların yaradıcılığına hörmət və ehtiramla yanaşılmış, onların fikirləri yığcam şəkildə təqdim və şərh olunmuşdur. Sonralar M.F.Axundovun da öz yaradıcılığında fəlsəfə klassiklərinə müraciət etməsi, onlarla polemikaya girməsi Azərbaycanda fəlsəfi fikrin klassik ənənələr üzərində qurulmasından və onun peşəkar səviyyəsindən xəbər verir.
M.F.Axundov həm özü Cəlaləddin Rumi (Mollayi-Rumi), David Yum, Con Stüart Mill kimi görkəmli filosoflar haqqında ayrıca məqalələr yazmış, Mənsur Həllacın, Ə.Caminin, Spinozanın, Volterin və s. mövqelərinə münasibət bildirmiş, həm də ədəbi və fəlsəfi fikir tarixinin, tənqidi təhlilin əhəmiyyətini vurğulamaqla öz qələmdaşlarına bu sahədə çox yazmağı tövsiyə etmişdir: «…Yeni tərbiyə tapan gəncləri təşviq etmək üçün alimlərin, fazillərin, filosofların, həkimlərin, şair və ordu sərkərdələrinin ən məşhurlarının həyatını dəxi yaza bilərsən. Onların əsərlərindən, yazılarından və fikirlərindən parçalar, hünərlərinə dair misallar yazmalısan».1 Əlbəttə, M.F.Axundovun əsərlərinin məzmunu ilə əlaqədar, xüsusən onun şairlərə, nəzmlə yazılan fəlsəfələrə, Şərq düşüncə ənənələrinə münasibəti ilə əlaqədar mübahisə etmək olar, amma bizi indi maraqlandıran sadəcə keçmiş irsə müraciət, tənqidi təhlil ənənəsidir.
Əslində Azərbaycanın böyük yazıçı və filosoflarının klassik fəlsəfi irsə sayğılı münasibəti, fəlsəfə tarixinin önəmli məqamlarını öz təlimlərinə daxil etmələri, məşhur filosofları dönə-dönə yad etmələri Əbu Nəsr Fərabi, İbn Sina kimi böyük müsəlman filosoflarının qoyduğu ənənənin davamıdır. Fərabinin Platon və Aristotel təlimini necə geniş və anlaşıqlı şəkildə şərh etdiyini yada salmaq kifayətdir.
Yeni dövr filosoflarının da böyük bir qismi öz təlimlərini yaratmaqla bərabər fəlsəfə tarixinə müraciət etmişlər. Hegel, Feyerbax, B.Rassel, K.Yaspers kimi böyük filosofların fəlsəfə tarixini də sistemləşdirmək cəhdləri xüsusi diqqətəlayiqdir. Əlbəttə, Qərb filosoflarının «tarixçiliyində» Şərqə münasibətdə müəyyən unutqanlıq hallarına tez-tez rast gəlirik. Amma təbii ki, hərə ilk növbədə özünün daha yaxşı bildiyini önə çəkir.
Dostları ilə paylaş: |