69
bitkilərin köklərində aşkar edilmişdir. Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona
görə simbiotik bakteriya koloniyalarına çoxhüceyrələrin xüsusi orqanları kimi baxmaq olar.
Sibir sidr şamı ilə, sidr ağaclarında yuva quran quşlar (sidrquşu, sitta quşu və kukşa) arasındakı mutualistik
əlaqələr mütləq olmasa da, olduqca zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq, yem toplamaq
instinktinə də malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır qatının və meşə töküntüsünün
altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, bu quşların
fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın meşə
döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının toxumlarını gizlətməsi də buna uyğun misaldır.
Şirəli meyvəsi olan bitkilərlə quşlar arasında da qarşılıqlı faydalı əlaqələr vardır, onlar bu bitkilərin
meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar.
Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq və
digər quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ ərazisində bu toxumların
yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m
2
sahəyə quşlar orta hesabla 12-15 ədəd ardıc
toxumu yayır. Cücərtilərin əmələ gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız heyvanları
axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın üzərinə çatdırır.
Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.) zəhərli olsa da, toxumları həm dadlı,
şirin, həm də parlaq qırmızı rəngə malik olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında böyük rol
oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifikasiya» edir, «səpinə» hazırlayır və
ərazilərdə yayırlar.
Bir çox qarışqaların da bitkilərlə mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları
özünə cəlb etmək qabiliyyəti vardır.
4.6. Neytralizm – biotik əlaqələrin bir forması olub iki növ bir ərazidə məskunlaşaraq (yaşayaraq) bir-
birlərinə nə müsbət, nə də mənfi təsirləri olmur. Neytralizmdə növlərin bir-birilə bilavasitə əlaqələri olmur, la-
kin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə sığın, yaxud fil ilə meymun bir meşədə
yaşasalar da, praktiki olaraq bir-biri ilə əlaqəsi olmur. Lakin uzunsürən quraqlığın təsirindən meşənin məhv
olması, yaxud zərərvericilərin kütləvi çoxalaraq ağacları «çılpaqlaşdırması» (yarpaqsızlaşdırması) eyni dərəcədə
olmasa da hər iki növə təsirini göstərir. Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil
olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.
4.7. Amensalizm. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsir göstərən növlərdən birinə birgə (bir yerdə)
yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır, nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə
əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü
kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin
ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və anti-
bioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə
məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Amensalizm su mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar suyun çiçəkləməsinə səbəb olur, bu-
nunla da su faunası, bəzən suvata (su içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri
də bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər maddələr hətta kiçik dozada da
zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanır.
4.8. Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə
rəqabət
adlanır. Y.Oduma (1975) görə rəqabət-eyni məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı təsiridir. Belə
növlər bir yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, sığınacaq yerini azaldır (daraldır). Rəqabət – eko-
loji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması ol-
duqca müxtəlif – birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə, eyni
ekoloji tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşırsa, əvvəl-axırı rəqiblərdən biri digərini sıxışdırıb
çıxarmalıdır. Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ Ç.Darvin tərəfindən qeyd
olunmuşdur. O, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda mübarizənin mühüm
tərkib hissəsi hesab etmişdir.
Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə digərinə nisbətən üstünlüyə malik olan,
yəni ətraf mühit şəraitinə daha çox uyğunlaşan növ qalib çıxır.
Qruplaşmanın daxilində müxtəlif növlər arasında ən çox qida (yem) uğrunda rəqabət gedir. Güclü qida
rəqabəti bütövlükdə biosenoz üçün sərfəli deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın
tərkibindən ya sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü zəiflətmişdir.
Qida rəqabətinin zəifləməsi mümkünlüyü daha çox rəqabətin həcm və gərginlik göstəriciləri ilə təyin olunur
(Şorıqin, 1952). Rəqabətin həcmi rəqiblər üçün ümumi qida növünün sayı ilə müəyyən olunur. Bu aspektdə
rəqabətin zəifləməsi bir və ya bir neçə rəqib növün qida spektrini genişləndirməklə – yem obyektlərinin yığınını
çoxaltmaqla rəqabəti nisbətən azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun həcmini azaltmaqla –
qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir.