Məmurluq şərəfi



Yüklə 80,12 Kb.
tarix10.05.2018
ölçüsü80,12 Kb.
növüMühazirə


Məmurluq şərəfi

Biz hamımız xalqıq, hökumət də həmçinin.

(O. Bismark)
İdarəetmə institutunda “Kulturologiya”dan, yaxud “Davranış mədəniyyəti və dövlət qulluqçusunun işgüzar nüfuzu” kursundan mühazirə oxuyan professor vicdanlı və səriştəli məmur kadrlarının yetişməsini ölkənin gələcəyi üçün həyati vacib məsələ kimi vurğulayır. Ali təhsilini səbrsizliklə başa çatdırıb həyata atılan gənc kadr isə reallıqda başqa mənzərə ilə qarşılaşır. Nədən?
Konservatizmə meylli, modernizmə inamsız olan cəmiyyətimizdə maksimum ətalət və minimum dinamika ilə dövr edən ictimai rəy professorun zəruri atribut kimi önə çəkdiyi “məmur” terminini az qala, üzr istəyirəm, söyüş kimi qəbul edir. Şifahi nitqdən yazılı nitqədək, kütlədən kiv-lərədək hər fərqli çevrədə bu terminin nəinki əsil mənasını, hətta adi tərcüməsini belə bilməyənlər “məmura” qarşı anti-ehtiraslarla coşub-daşmadadır: “Məmurlar bu xalqın qanını sorur...”, “Məmurlardan yaxa qurtarmaq lazımdır...”, “Məmurlar cəzalandırılmalıdır...”, “Məmurlara niyə maaş verirlər...”, “Rüşvətxor, korrupsiyalaşmış, harınlamış məmurlar...”, “Məmurlar... məmurlar...”

Təəssüf, bəzən hətta dövlətçiliyə inam, sədaqət, sevgi bəsləyən savadlı adamlar da qəlbində “məmur zümrəsinə” nifrət yaşadır. Və fərqinə varmır ki...


...Yox, adamların məhz nəyin fərqinə varmadıqları barədə bir qədər sonra. Əvvəlcə belə sayğısızlığın kökləri və səbəbləri barədə.

Xronoloji ardıcıllıqla əski dövrlərin tarixi təcrübəsini göz önünə gətirsək görərik ki, yaddaşlarda keçmişdən miras qalan və beyinlərə yanlış təsəvvürlər yayan mənfi simvollar hələ çoxdur. Saxta qəhrəmanlar, məntiqsiz nağıllar, ziddiyyətli atalar sözləri, yanlış dini anlamlar, klassik irsdəki deformasiyalar...və o cümlədən, şüuraltı qatda kodlaşaraq yaşamaqda davam edən “miskin məmur” rəmzi.


***
...Ötən əsrin əvvəllərində çarizmə qarşı “son və qəti döyüşə” atılan entuziastlar yıxmaq istədikləri rejimin “çürüklüyü” qənaətini yaratmaq məqsədilə çar üsul-idarəsinə məxsus qulluqçuların fərsizliyi, gərəksizliyi, mənəviyyatsızlığı barədə miflər qoşur, köhnə işçilərin yeniləri ilə əvəzlənməsinin labüdlüyü ideyasını qabardırdılar. “Yeni dünya quracağını” bəyan edən propaqandanın özəyində alovlu mitinq mühazirələri ilə yanaşı, kütləvi şüurlara güclü təsir imkanları olan bədii ifadə vasitələri də səfərbərliyə alınırdı. “Köhnə dünyanın çürüklüyünü” göstərən yeni ədəbiyyat, rəssamlıq, radio, kino, teatr əsərləri çar məmurlarının gözdən salınmasına xidmət edirdi.

“Əyalət” respublikalarında da eyni proseslər gedirdi. Milli burjuaziyanın nümayəndələri siyahısına daxil edilən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məmurları da daxil olmaqla bütün əvvəlki hökumətlər, qədim şahlar, xaqanlar, sərkərdələr, ağalar, bəylər, xanlar, saray əyanları, dövlət adamları, qulluq sahibləri düşmən sinifin nümayəndələri kimi inkar edilir, təhqiramiz münasibət göstərilməklə tarixdən silinib “çıxarılırdı”...

İdarəetmə aparatlarına matrosların doluşduğu həmin xaotik dövrün təbliğatı kontekstində hakim ideologiyaya ən uğurla uyğunlaşan nümunələrdən biri də istedadlı rus yazıçısı Anton Çexovun indi artıq məşhur olan “Məmurun ölümü” (“Смерть чиновника”) əsəri idi. Həmin hekayə vaxtilə dilimizə çevrilərək dəfələrlə çap edilib, dərsliklərə salınıb, səhnələşdirilib, ekranda, efirdən yayınlanıb. Təmiz qəlbli, sadə insanlar bu “xırda çar məmurunun miskinliyinə” ləzzətlə gülə-gülə əylənir, ən zövqlüləri “böyük sənətə qovuşduq” deyə taledən razı halda “elitarcasına” həzz alırdılar. Səmimi inandıqları və ciddi-cəhdlə qoruduqları möhtərəm “yuxarılar” üçün isə idarəetmə rıçaqları Moskvada toplanmış bu “xoşbəxt əyalət respublikalarının” avam qalması daha sərfəli idi: qoy aşağılarda dövlətçilik şüuru yetişməsin, məmurluq institutu genişlənməsin, hərbçilər kimi dövlət qulluqçuları da inkişaf edib milli müstəqillik haqqını düşünməsinlər. Hər halda yarım əsrədək qazan belə qaynadı...

Dolayısı ilə, uzun illər ərzində “pis məmur” obrazının mükəmməl daşıyıcısı olan “Məmurun ölümü” sayaq məzəli rəvayətlər bir-neçə nəslin nümayəndəsinə tədris və təlqin olunmaqla yeni “sosialist mədəniyyəti” prinsipləri üzrə yetişdirilən sovet adamının şüuruna yeridildi. Belə transformasiya nəticəsində “Məmur”un sifəti dəyişərək “Çinovnik”in simasızlığını aldı.

Əslində “Məmur” kəlməsi ərəb dilində çox dərin məna kəsb edən işıqlı bir sözdür. VII-VIII əsrlərdə Ərəb istilasından sonra Azərbaycan dilinə daxil olan “Məmur”un ilkin mənası ərəbcə Lüğətdə – “əmr alan, bir işə təyin olunan”, yaxud “dövlət xidmətində olan” adam deməkdir. Onun başqa mənalarda işlənmə variantları da vardır; məsələn, “abad, tikintili” yer, “işlənmiş, əkilmiş” torpaq sahəsi, yaxud “əhalisi olan, camaatı çox olan yer”. Məcazi mənada isə məmur daha geniş – “aləm, kainat” mənasındadır. Bu sözün müəyyən kontekst daxilində hallandırılıb “məmuriyyət” deyilməsi - “bir şəxsə tapşırılan dövlət işi”, “xüsusi tapşırıqla harasa göndərilmək, ezam olunmaq” mənalarını verir.

Azərbaycanda bu söz min il beləcə şərəflə işləndikdən sonra nə yazıq ki, növbəti rus istilası özüylə yeni dəyərlər, yeni mənalar gətirəndə zərbələrdən biri də məmurluq institutuna dəydi. Sonralar “məmur”un ilkin mənası, dediyimiz səbəblərə görə, ümumiyyətlə təhrif edildi, deformasiyaya uğrayaraq həqarətli “Чиновник” (“çinovnik”) şəklinə salındı. Sovet dövrünün ən məşhur ensiklopedik mənbələrindən olan S.Ojeqovun İzahlı Lüğətində “Чиновник” sözünün açması belədir: “Çinovnik - burjua ölkələrində və inqilaba qədərki Rusiyada xidməti vəzifəsi, rütbəsi olan dövlət qulluqçusu, öz işini soyuq etinaslızlıqla, can yandırmadan, maraq göstərmədən, bürokratikcəsinə aparan adam”.


***
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan respublikamızda demokratik düzənə uyğun olaraq çox köklü, radikal siyasi, iqtisadi, hüquqi islahatlar getdi, sistem dəyişildi, həyatımıza gur axınla bir çox yeniliklər daxil oldu. Lakin bu prosesdə müxtəlif obyektiv və subyektiv səbəblər üzündən, mədəni-mənəvi, ədəbi-bədii sferalarda belə islahatlar arzuolunan miqyasda getmədi. Yeni rəmzlər, özəl anlayışlar, ümumbəşəri simvollar cəmiyyətə ləng daxil oldu, bir çox köhnə, deformasiyalı mədəni, mənəvi, ideoloji, təbliğati təsəvvürlər şüurlarda olduğu kimi də qaldı. Nəsilbə-nəsil estafetvari ötürülərək təhtəlşüur qatda uyuyan mənfi “məmur” obrazı da o cümlədən... Cəmiyyətə başqa informasiya təqdim edilmədiyindən, ətalət üzrə “Ojeqovçular” biganə, soyuq, maraqsız “məmur-çinovnik” simvolu ilə müasir məmur tipi arasında identifikasiya (oxşarlıq) aparıb, müstəqil dövlətimizin məmur kadrlarını da bildikləri köhnə biçimdə, - “sadə xalqa yabançı, onun maraqlarının əksinə gedən, daim xəlvəti əyri işlər görən vəzifə sahibi” kimi təqdim etdilər. Bizdəki yaradıcı naturalarda ənənəvi sarkastik lağ, şəbədə, istehza, hoqqa, qaravəlli ruhunun dominantlıq təşkil etdiyini də nəzərə alsaq, yazıq məmurun “qara gününü” tam təsəvvür edə bilərik...
***
İndi söhbətimizin əvvəlində yarımçıq saxladığımız fikrə qayıdaq:

...Bəli, təəssüf ki, nəinki amalı dövlətə, xalqa, ölkəyə patoloji sayğısızlıq üzərində köklənən zümrə, hətta dövlətçiliyə səmimi sevgi, sədaqət, hörmət bəsləyən bir çox adamlar da elementar bir həqiqətin fərqinə varmırlar ki, dövlətçiliyin tərkib hissələrindən və dirək dayaqlarından biri məhz həmin o qəzəblə yamanladıqları məmur ordusudur! Yəni dövlət deyilən anlayışı çiyinlərində daşıyan və onu real görüntülü edən zəhmətkeş insanlar – istehzayla “məmur” deyilən qulluqçulardan ibarət çox savadlı, abırlı, mədəni, səbrli və ləyaqətli adamlardır. Məmurluğun ləğvini istəmək – qoynunda yaşadığın dövlətin ləğvini istəmək kimi bir şeydir. Çünki yalnız ibtidai icma quruluşunda məmurlar yox idi, ona görə ki, dövlət də yox idi. Bu mənada dövlət məmurlarını yuxarıdan aşağı şit-şit süzüb hər addımda nalayiq ayamalarla başqaxıncı etmək, hörmətdən, nüfuzdan salmaq – elə dövlətin özünü diskreditə edib hörmətdən, nüfuzdan salmağa bərabərdir.

Qədim tarixə malik böyük, qüdrətli ölkələrin heç birində vətəndaşlar dövlət qulluqçularına bizdəki qədər həqarət etməzlər. Onlar ata-babadan belə hərəkətlərin həm hüquqi, həm mənəvi yasaq olduğunu bildiyi halda, bizim hələ dirçəliş yollarında olan gənc müstəqil respublikamızda çox adam bu zərurətin fərqinə varmır.

Hamının “fəhlə-kəndli” olduğu və bütün işlərin “politbürodan” idarə olunduğu keçmiş sovet imperiyasının vaxtlarında məmura mənfi münasibətin qalıb-qalmaması bizdən asılı deyildi. İndiki zamanda isə bu daha çox özümüzün müvafiq strukturlarımızın öz funksiyalarını nə qədər effektli, səriştəli icra edə bilməsindən asılıdır. İctimai, siyasi, humanitar, mədəni məkanlarda dövlətçilik amalına və dövlət atributlarına hörmətin vacibliyinə dair lazımi izahat, təbliğat, maarifçilik işlərinin aparılmasına, müstəqil dövlətçiliyimizin mənafeyinin qorunmasına, ictimai şüurda dövlət qulluğuna sevginin mütəmadi aşılanmasına hələ çox ehtiyac vardır.

Milli dövlət aparatının qanunvericilik və icra strukturlarının inkişaf dinamikasını qoruyub saxlamaq, dayanıqlı və davamlı hökumət modelini təmin etmək, hakimiyyət adlı işlək idarə mexanizmini yaşatmaq üçün millətin bacarıqlı alimi, siyasətçisi, sərkərdəsi, həkimi, mühəndisi, iqtisadçısı, müəllimi, sənətkarı, biznesmeni, kommersantı, bankiri, taciri və s. olduğu kimi, mütləq savadlı, səriştəli, təcrübəli məmur kadrları da olmalıdır.
Amerika, Fransa, Almaniya, İngiltərə, Çin, Yaponiya... Bütün güclü dövlətlərdə məmur nüfuzu uca tutulur. Və oturuşmuş dövləti olan heç bir məmləkətdə dövlət məmuru şoumen sənətçilər sayağı kiv-lərin şou-maqazin əyləncələrinə hədəf seçilmir, onların dalınca düşüb ovlamırlar. Hətta mental şüuru ilə bizə doğma olan və telekanalları bütün günü şou-proqramlar yayınlayan qardaş Türkiyədə də bu yoxdur, çünki türklərdə “dövlət məmuruna həqarət” ən ağır qəbahətlərdən sayılır. Türkiyə Cümhuriyyəti adına bağlı olan hər hansı irili-xırdalı dövlət qulluqçusunun şərəf-ləyaqəti həm xalq tərəfindən, həm də dövlət tərəfindən bayrağa olan münasibət qədər ciddiyyətlə qorunur. T.C.-in Konstitusiyasında təsbit olunmuş dövlətçilik prinsipləri qəti toxunulmazdır və onların müzakirəsi ümumiyyətlə yasaqdır. “İctimai sistemimizi bilərək və ya bilməyərək pozan kimsələrə imkan vermərik” - deyən uca Atatürk prinsiplərinə əsaslanan Türkiyə hökuməti, məlum olduğu kimi, 1951-ci ildə “ardıcıl olaraq Türkiyənin hökumət quruluşu və hökuməti idarə edənlər əleyhinə təbliğat kampaniyası apardığı üçün” şair Nazim Hikməti hətta vətəndaşlıqdan çıxartmışdır. Ümumiyyətlə, hər hansı dövlət məmuruna sayqı və diqqət - Türkiyə toplumunun Türkiyə dövlətinə olan ciddi münasibətindən, müstəqil Türkiyə Cümhuriyyətinə sevgisindən və ulu Atatürkün müdrik çağırışlarından qaynaqlanır. Təbii, burada minillikləri aşan tarixi dövlətçilik ənənələri, cilalanmış genetik faktorlarla yanaşı, heç şübhəsiz, müasir dövrün ideoloji təbliğat metodları da öz rolunu oynamışdır.

Bizdə də çox sevilən Türk filmlərinin birində əsas personaj adicə bələdiyyə “Çöpçü”südür (yəni dalandardır). Ancaq ona münasibətdə bir az cızığından çıxana dərhal qürurla: “Ee, sən dövlət məmuruna həqarətmi ediyorsun?!”- deyə təpinməsi kifayət edir ki, qarşısındakı şəxs dərhal özünü yığışdırsın, qanuna tabe olsun. Yəni filmlərə belə oynaq replikaların salınması ilk baxışda seyrçini əyləndirməklə yanaşı, həm də şüurlara o ideyanı təlqin edir ki, vəzifəsinin irili-xırdalığından asılı olmayaraq heç kəs iş başında olan, dövlət qulluğunda çalışan məmura mane olmamalı, onu əsassız olaraq işindən ayırmamalı, həqarət etməməlidir. Əksinə qulluq vəzifəsinin icrasında ona kömək göstərməli, yardımçı olmalıdır. Belə priyomlardan istifadə etməklə kütləvi şüurda dövlətin, dövlətçiliyin, dövlət qulluqçusunun nüfuzuna bu cür rəğbət oyatmaq, ona ehtiram, sayqı təlqin etmək çoxsaylı üsullardan biridir.


***
Bizdə isə daha çox terminoloji anlaşılmazlıq ucbatından kütlə qarşısına çıxıb “məmurlara” həqarət etmək, məmuru lağ obyektinə çevirmək, mütəmadi təhqirlərə məruz qoymaq populizmi dəbdədir. Xüsusən, demokratiya, aşkarlıq, mətbuat və söz azadlığının gətirdiyi geniş imkanlardan qədərincə və yetərincə yararlanıb maarifçilik sahəsində çox ciddi işlər görən hörmətli, nüfuzlu, obyektiv kiv orqanlarından fərqli olaraq, fürsətdən daha çox bəhrələnməyə çalışan bir sıra “ötkəm” elektron və digər kiv-lərin materiallarında baş alıb gedən subyektivizm əlamətləri, “cəsuranə” sayğısızlıq motivləri narahatlıq doğurmaya bilməz. Əlbəttə, millətin övladlarında cəsarətin olması yaxşıdır, hətta lazımdır, zəruridir. Amma gərək cəsarət qırmızılığa keçməsin. Məsələ ondadır ki, qalmaqal axtaran həmin “ötkəmlər” demokratiya, azad söz, plyuralizm adı altında bütün dövlət dəyərlərini, milli mənəvi-mədəni norma və prinsipləri darmadağın edir, cəmiyyəti uca ideallardan məhrum qoyaraq deqradasiya üçün münbit zəmin hazırlayırlar... Belə materiallarda məsul dövlət postunda çalışan yüksək vəzifəli, nüfuzlu, bacarıqlı, dövlətə, sədaqətli qulluqçulardan tutmuş sıravi məmurlaradək hamı bir sinif kimi ağına-bozuna baxmadan qəzəblə damğalanır. Addımbaşı məmurların geyimi, portfeli, şlyapası, maşını, evi, kabineti, kreslosu, baxışı, duruşu lağ obyektinə çevrilir. Heç bir mədəni davranış, ünsiyyət, əxlaq, etika çərçivəsi gözləmədən, ən elementar hüquqi prinsiplərə məhəl qoymadan yalnız dövlət qulluğunda çalışaraq hökumətdən maaş aldığı üçün adamların belə nadancasına aşağılanması - dövlətin özünə də, xalqa da, demokratiyaya da hörmətsizlikdir.

Biz ölkəmizdə müstəqil dövlətçilik ənənlərinin möhkəmlənməsini istəyiriksə - məmurlara bu cür total həqarətə son qoyulmalıdır. Əgər idarəetmənin hansısa bəndində zəiflik, boşluq varsa, hamılıqla məhz onu aradan qaldırmağa çalışmalıyıq, nəinki bütün idarəetmə sistemini tarana məruz qoyub darmadağın etmək. Dövlətimizin mənafeyini heç bir siyasi, iqtisadi, korporativ marağa qurban vermək olmaz. Dövlət qulluğunda çalışan adamların qiymətləndirilməsi gələcəyimiz üçün vacibdir. Çünki müdriklər demişkən, “dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir” (Uinston Çörçill).


***

Budur, artıq opponentlərin etirazları eşidilir: “Bəs filankəs?..Bəs o?.. Bəs bu?..”

Doğrudur. Hardasa hansısa qulluqçunun öz işini yarıtmaz qurduğunu, köhnə metodlarla çalışdığını, məsul vəzifə tapşırılmış hansısa bir məmurun insanların problemlərinə az maraq göstərdiyini, şikayətlərə və şikayətçilərə məhəl qoymadığını, ədalətsizlik hallarına reaksiya vermədiyini və s. istisna etmirik. Belə məsuliyyətsiz, təmənnalı, yaxud süründürməçi məmurların olması mümkündür və var. Şəxsi, maddi maraqları naminə qanunları tapdalayan məmurların mövcudluğu və onların Azərbaycan dövlətçiliyinə, demokratik islahatlara, iqtisadi inkişafa maneə yaratdığı da faktdır. Onlarla mübarizə haqlıdır.

Ancaq dediyimiz odur ki, məsələyə yanaşma prinsipi kommunarçılıqdan fərqlənməlidir. Bir “xalq düşməni”nə görə bütün nəsli-kökü sürgün etmək prinsipi səhvdir. Bir bacarıqsız, mədəniyyətsiz, acgöz işçiyə, başçıya görə idarənin bütün sıravi əməkdaşlarını silib atmaq olmaz. Həyatda belə prinsip yoxdur. Hər adam - özünə cavabdehdir, hər cəza - konkret cinayətə görədir. Razılaşaq ki, qulluqda neqativ hallar tək bizdə yox, bütün dünyada var. Və hər yerdə konkret əmələ görə konkret də günahkarlar cəzalandırılır. Heç yerdə adamlara topasına “oğru, quldur, qaçaq, vicdansız, qansız, imansızlar” deyilmir. Hələ Alman dövlətinin qüdrətlənməsi üçün böyük xidmətlər göstərmiş kansler Otto Bismarkın yaşadığı keçmiş dövrlərdən bu yana məsələlərə yanaşma prinsipi belə olub: “Hər tapşırılmış işə görə bir, yalnız bir nəfər məsuliyyət daşımalıdır.” Bizdə də məmurlardan söz açarkən məhz bu cür ünvanlılıq prinsipinin əsas götürülməsi daha ədalətli və daha obyektiv olardı (əlbəttə, danışan adam ədalətli və obyektiv olmaq istəyirsə!).

Eləcə də “Mənim məlumat almaq hüququm var” - deyə əlində mikrofon tutmuş müxbirin hansısa yüksək vəzifəli dövlət adamının arxasınca qaça-qaça onu təqib etməsi, hətta məmurun qarşısını (qapısını) kəsərək onu mütləq danışdırmaq, çəkmək istəməsi – gözəl görünmür. Bu, həm məmurun hüququnun pozulmasıdır, həm də müxbirin özünün qeyri-korrektli duruma düşməsi. Heç bir ölkədə fərqli funksiyalar daşıyan məmurla-müxbir ünsiyyəti bizdəki qədər “qaynayıb-qarışmır.” Hər yerdə protokol qaydasında mətbuat nümayəndələri ilə rəsmi dövlət adamları arasında, heç kimin xətrinə dəyməyən - arakəsmələr qoyulur, lentlər çəkilir, distansiya saxlanılır. Yəni hər şeyin öz həddi, yeri, vaxtı, məqamı var.

Yaxud əlində qələm iddialı poz alaraq dövlət yetkilisindən “Filan iş niyə filan oldu” - deyə israrla hesabat tələb edən xəbər əməkdaşı davamlı dirənişləri ilə kənardan heç də etik çərçivədə görünmür. Axı məmur da – insandır. Hər an düyməsi burulmağa hazır robot deyil!

Bütün demokratik ölkələrdə vətəndaşların informasiya almaq hüququ olduğu kimi, susmaq, danışmamaq hüququ olanlar da var (hətta cinayətkarın da). Bizdə də bu humanist hüququ tanıtmaq şəxsiyyət azadlığının bir forması kimi zəruridir. Əgər qanunda belə boşluq varsa, onu aradan qaldırıb bu hüququ qanun çərçivəsində cəmiyyətə tanıtmaq lazımdır. Ola bilməz ki, səbəbsiz yerə hansısa məmur bildiyi rəsmi informasiyanı vermək istəməsin. Hər konkret halın mütləq öz konkret səbəbləri var və bunu başa düşmək lazımdır.

Bəzənsə dövlət idarələrində çalışan məmurlar dövlətin mənafeyi naminə daxili prosedurlara, xidmət fəaliyyətinə aid olan, yaxud informasiya təhlükəsizliyi baxımından kütləviləşməsi məqbul sayılmayan hansısa məlumatın kənara sızmasına imkan vermək istəmirlər (bu da qeyri-adi hal deyil və bütün dünyada normadır). Ancaq mütləq yüksək rütbəli məmurdan konfidensial informasiyaları almağa çalışan bəziləri sanki “şəffaflıq” adı altında dövlət mexanizminin bütün iç həyatını, vətənin bütün olaylarını açıb-tökməkdə maraqlıdırlar (1991-93-cü illərdə hərbi informasiyaların açılıb-töküldüyü kimi). Belə “konfidensial sazişə” girməyən namuslu məmur isə dərhal ictimaiyyətə, beynəlxalq qurumlara mənfi obrazda təqdim edilir, tənqidə və təhqirə məruz qalır. Bu da şantajın bir yoludur. Ümummilli liderimiz Heydər Əliyevin müdrik sözləri yada düşür: “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.” Vətənpərvər olmaq bütün xalqlarda uca dəyərləndirilən keyfiyyətdir: “Əsil insanın vəzifəsinin yarısı vətənə, digər yarısı isə xalqa xidmət etməkdən ibarətdir.” (Viktor Hüqo)

Bəzən də elə olur ki, hansısa tədbirin işıqlandırılması üçün dəvət olunan kiv nümayəndəsi həmin tədbirdən reportaj hazırlamaq əvəzinə, bir də görürsən foyedə özü üçün “xüsusi önəm” kəsb edən hansısa vəzifəli məmurla tamam başqa mövzuda eksklüziv intervünü ictimaiyyətə təqdim etdi, işıqlandırmalı olduğu tədbir isə yaddan çıxdı...

Sadalanan bütün anomal hallar həm vətəndaşlıq borcuna, həm dövlətçilik mövqeyinə, həm də peşə etikasına uyğun gəlməyən hallardır. İctimai qurumlarla, kiv-lərlə sıx təmasda işləyən əlaqədar strukturlar və təbii ki, kiv rəhbərləri belə məqamlara diqqətdi artırmalıdırlar.


***

Əlbəttə, demokratik quruluş heç kəsi tənqiddən kənar zonaya aid etmir və səhvi olan vəzifəli şəxs tənqid edilməlidir. Bu başa düşüləndir. Ancaq təhqir etmək olmaz. Kimsənin şəxsiyyətinə toxunmaq, şəxsi işlərinə, ailə məsələlərinə əl uzatmaq olmaz. Ümumiləşdirmə apararaq ürəyində kimisə nəzərdə tutub bütün məmurları çirkaba batırmaq olmaz. Ümumiyyətlə, hansı peşə sahibləri olur-olsun, total həqarət yolverilməzdir. Təəssüf ki, bəzən hətta oğrunu, qulduru, casusu, cinayətkarı, vətən xainini, ermənini, təxribatçını, dələduzu qoruyur, onların insan haqları olduğunu deyib müdafiəsinə qalxırlar, ancaq dövlətə qulluq edən məmura belə “müdafiəçilərdən” yalnız həqarət payı düşür.

Halbuki ökəmizdə yüzlərlə icra strukturu, nazirlik, komitə, şirkət, konsern, agentlik, cəmiyyət, idarə və dövlət təşkilatları mövcuddur. Və onların hər birində rəhbər vəzifəlilərdən başqa yüzlərlə, minlərlə irili-xırdalı, müxtəlif ranqlı inzibati və yardımçı vəzifələr daşıyan məmur personalı çalışır. Bəzi kiv-lərdə isə dövlət qurumlarının hansınınsa yalnız birinci şəxsindən nəyə görəsə narazı qalan müxbir (aparıcı, çıxışçı, şərhçi) dərhal bütün məmurları istisnasız olaraq dəlilsiz-sübutsuz, kobud ifadələrlə yamanlamağa başlayır. Hətta: “kül başınıza, boğazınızda qalsın, haramınız olsun, nökərlər...” və s. kimi kobud ifadələrlə hamıya rüşvətxor, talançı, bivec və s. deyir, bütün məmurlara təhqiramiz ittihamnamələr oxuyur...

Ancaq dəvəni qatırın quyruğuna bağlamaq olmaz axı?! İnsanlar hamısı bir deyil. Lap ola bilsin ki, hardasa maskalanmış, müstəqil dövlətçiliyimizi qəbul edə bilməyən, vətənə xəyanət timsalı olaraq hansısa xarici qüvvələrə yarınan, hər görüşəndə əldən-ayaqdan gedən, pulunun qarşısında əyilən, özünü itirən... məmur da var. Amma idarəetmə aparatlarında belələri çox ola bilməz! İşçilərin mütləq əksəriyyəti namuslu, vicdanlı, vətənpərvər, dövlətinə, xalqına, əqidəsinə sədaqətli adamlardır... Bir rayonda süründürməçi məmur varsa, o biri rayondakı vicdanlı məmur neyləsin? O idarədə yeyinti olubsa, bu idarədəkinin təqsiri nədir? Elə dəhlizin o başında kimsə tənbəllik edirsə, dəhlizin bu başında qan-tər içində çalışan işçinin nə günahı?! Populyar televizionçu dililə desək, bir obyektdən reportyor zay material çəkib gətiribsə, səliqə ilə studiyada əyləşib öz mətnini oxuyan diktor neyləsin?! Axı cin ayrı, şeytan ayrı...

Bəli, bütün bunların fərqinə varanda məmurlara ünvanlanan təhqiramiz ümumiləşdirmələr - həm də guya mənafeyini qoruduğun dövlətin imicinə zərbədir. Çünki əgər nişana alınıb (sifarişlə, sifarişsiz) “vurulan” hansısa “rüşvətxor, talançı, satqın, bacarıqsız” və s. əlahiddə keyfiyyətlərə malik məmur bir, beş, on, on beş, əlli, yüz nəfərdirsə, müstəqil Azərbaycan Respublikasının dövlət aparatlarında çalışan qulluqçular, irili-xırdalı “məmur” adı daşıyaraq maaşdan-maaşa öz halal zəhməti ilə yaşayıb vəzifə borcunu vicdanla yerinə yetirən, xalqa və dövlətə sədaqətlə xidmət edən, evinə, ailəsinə halal çörək aparan məmurlar - minlərlədir. Bəli, minlərlə!

Və əgər həmin ümumiləşdirilmiş məntiqlə bütün məmurları həqiqətən deyilən kimi neqativ adamlar təsəvvür etsək, o zaman bəs bu dövlət necə ayaqda durur?! Müstəqil respublika necə yaşayır, necə inkişaf edir? 8 milyonluq xalqa kim xidmət edir? Qanunlar, qərarlar, fərman və sərəncamlar necə hazırlanır, dövlət proqpamları, layihələr harda tərtib edilir, kimlər icra edir? Ölkənin iqtisadiyyatı, sənaye sahələri, rabitə, energetika, qaz, neft idarələri necə çalışır, emal harda gedir? Təyyarələr, gəmilər, qatarlar, avtobuslar necə olur ki, dəqiq cədvəl üzrə işləyir? Hər il dövlət büdcəsi necə artıb yüz min dollardan indiki iki milyard dollara çatır? Alimlərə, müəllimlərə, həkimlərə, mühəndislərə maaşları, əlillərə, qocalara pensiyaları, müavinətləri hardan verirlər? Dara düşən, evini sel aparan, zəlzələdən ziyan çəkən, ehtiyacı olan vətəndaşları yardımla kim təmin edir? Bir milyon qaçqın və məcburi köçkünün əzab-əziyyətlərini kimlər çəkir, qayğısına qalır, onlar üçün evləri, qəsəbələri kim tikir? İki milyonluq nəhəng paytaxtın, yüzlərlə şəhər, rayonun, qəsəbə və kəndlərin infrastrukturunu kim qurur, kim inkişaf etdirir, kommunal xidmətlərini, təmir işlərini kim təşkil edir? Nəhayət, dövlət məmurlarının ardıcıl və mütəmadi təhqir edildikləri həmin “demokratik” mətbuat harda, necə, nəylə çap olunur, tele-radio verilişləri kimlərin sayəsində fasiləsiz efirə çıxır?..

Bax, ölkənin həyatı ilə bağlı bütün bu işləri və saymaqla bitib-tükənməyən yüzlərlə belə böyük, kiçik işləri kim təşkil edir, kim idarə edir, kim tənzimləyir, kim nəzarətdə saxlayır? Olmaya hər şey xaotik baş verir, həyat öz-özünə axıb gedir? Biz ki vakuumda yaşamırıq!


...Respublika üzrə çoxsaylı qulluqçu ordusunun əməyi sayəsində başa gələn bütün bu gündəlik proseslərin məcmusuna dövlət həyatı deyilir. Dövlət həyatı isə dövlət aparatı tərəfindən tənzimlənir və idarə olunur. Dövləti və onun aparatını - dövlət başçısı nəzarətdə saxlayır, idarə edir, müvafiq strukturlara icrası zəruri olan dövlət əhəmiyyətli tapşırıqlar, göstərişlər verir. İerarxiya qaydasında dövlətin və hökumətin rəhbər şəxsləri tərəfindən nəzarətə götürülən həmin göstəriş və tapşırıqlar zəncirvari proseslə müvafiq strukturlara paylanır. Hər gün dövlət qulluğunda çalışan yüzlərlə, minlərlə, on minlərlə adam (son statistikaya görə ölkəmizdə təkcə dövlət idarələrinin mərkəzi aparatlarında 26 min qulluqçu var) öz iş yerində subordinasiya qaydasında həmin tapşırıqların özünə aid hissəsini icra edir, “əmrə baxan” (məmur) postu tutmaqla bu və ya digər dərəcədə dövlətin idarə olunmasında iştirak edir, ölkə həyatının davamlılığı və inkişafı naminə çalışır...
***
Yalnız terminoloji vərdişlər ucbatından vətənin günahsız məmurlarını da günahı olanlara qatıb mütəmadi təhqirlərə məruz qoyan vətəndaşlarımızın diqqətinə məlumat üçün onu yetirək ki, son illər Azərbaycanda dövlət qulluğu keçən şəxslərin hüquqi statusunun və sosial durumunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, bu sahədə qanunvericilik bazasına əhəmiyyətli əlavələr edilmişdir. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə respublikamızda ilk dəfə olaraq "Dövlət qulluğu haqqında" Qanun hazırlanaraq qəbul edilmişdir. Qanunun əsas məqsədi - dövlət qulluğunun Vətənə və millətə xidmət vasitəsi olduğunu ön plana çəkmək, dövlət qulluqçusunun səciyyəvi xüsusiyyətlərini, dövlət qulluqçusunun əməyinin dəyərləndirildiyini, hüquqi müdafiəsinin təşkil edildiyini əyani göstərməkdir. "İnzibati və yardımçı vəzifələrin Təsnifat toplusu"nun təsdiq edilməsi isə dövlət qulluğunun təşkilində daha bir mühüm mərhələ olmuşdur. İndi müstəqil dövlətimizin möhkəmlənib inkişaf etməsi naminə dövlət qulluğunda çalışanlar üçün, özünü bu çətin və şərəfli işə həsr edənlər və yeni gələn gənc nəsillər üçün hər cür şərait yaradılıb. Sadəcə ictimaiyyət arasında onları ruhdan salacaq addımları atmamaq lazımdır. Bilmək lazımdır ki, artıq bizim ölkəmizdə də: “Hökumət millətdir və millət hökumətdir. Artıq hökumət və hökumət nümayəndələri özlərinin millətdən ayrı olmadıqlarını və millətin əfəndi olduğunu tamamilə anlamışlar” (Atatürk). Odur ki daha bizdə də “Dövlət xalqın işi olmalıdır” (H.Əliyev).
Respublikamızda dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyən “Dövlət qulluğu haqqında” Qanunun əsas müddəalarına nəzər saldıqda şərəfli məmur fəaliyyətinin ölkə həyatı üçün nə qədər əhəmiyyət daşıdığı aydın görünür. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında çalışan qulluqçulara şamil edilir. Təbii ki, bütün digər sahələrdə olduğu kimi, dövlət qulluğunun da öz prinsipləri mövcuddur ki, bunlardan ən başlıcası qanunçuluğa riayətdir. Yəni öz hərəkətlərinin qanuniliyi üçün cavabdeh olan dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən yalnız Konstitusiyanı, qanunları və onlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar.

Bu kontekstdən çıxış edərək xatırladaq ki, vaxtilə bünövrəsini qoyduğu müasir dövlətçilik ənənələrinin davamlılığını və uzunömürlülüyünü təmin etmək məqsədilə müdrik dövlət xadimi Heydər Əliyev uzaqgörənliklə yeni Qanuna belə bir maddə də əlavə etmişdir ki, siyasi partiyaların və ictimai birliklərin qərarları dövlət qulluqçularına aid deyildir. Yəni yüksək vəzifə tutan rəhbər işçilərin dəyişməsi, əvvəllər olduğu kimi, avtomatik idarənin digər orta və aşağı vəzifəli məmur kadrlarının da dəyişilməsinə, bununla da idarəçilik mexanizminin işində pozuntuların yaranmasına, təcrübəli işçilərin qulluqdan kənarlaşdırılmasına, aparatdaxili sağlam ənənələrin itməsinə səbəb olmamalıdır. Siyasiləşən cəmiyyətdə dövlətin mənafeyi baxımından bu məqamın əhəmiyyəti böyükdür.

Azərbaycanda ilk dəfə dövlət qulluğuna daxil olan vətəndaş artıq bu Qanunda nəzərdə tutulmuş qaydada and içir. Andın məzmunu belədir: “Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm!”

Hər bir konkret situasiyada konkret məmurun bu anda nə dərəcədə sədaqətli olmasına ictimai nəzarət isə artıq normal bir demokratik prosedurdur.


Təbii ki, dövlət idarəçiliyi və dövlət qulluğu barədə danışarkən kadrlarla iş diqqət mərkəzinə çəkilir. Yaxın keçmişimizdən bizə tanış olan əski sovetlər dönəmində bu işin necə qurulduğu hamının yadındadır (yeri gəlmişkən, ABŞ-ın sabiq prezidenti Harri Trumenin belə bir maraqlı fikri var ki, onsuz da “hər hansı bir səmərəli idarəetməni diqqətlə nəzərdən keçirsən, görəcəksən ki, bu, diktaturadır”). Sovetlər vaxtı Leninin məşhur partiyalılıq prinsipi və Stalinin “Hər şeyi kadrlar həll edir” konsepsiyası üzərində qurulmuş idarəçilik aparatı həqiqətən ciddi mexanizmə malik idi. Belə ki, rejimin tələblərinə uyğun şərtlər daxilində lazımi kadrların seçilib, yerləşdirilməsi və tərbiyə olunması dövlət quruculuğunun əsas şərtlərindən sayılırdı (hərçənd sonralar digərləri kimi məhz bu prinsip və şərtlərin də pozulması hakimiyyətin süqutuna gətirdi). Ancaq quruluşundan və ideolojisindən asılı olmayaraq, istənilən dövlət üçün kadrlarla iş, onların seçilib-yerləşdirilməsi, düzgün təyinatı hakimiyyətin saxlanması, möhkəmləndirilməsi və effektli fəaliyyəti üçün vacib mərhələdir. Hakimiyyət modelindən asılı olmayaraq bütün dövlət aparatlarında kadrların düzgün seçilib yerləşdirilməsi üçün obyektiv elmi təhlillərə əsaslanan ciddi mexanizm olmalıdır.

Bütün böyük hakimiyyət ustaları dövlət quruculuğu məsələlərində idarəetmə aparatının məmur kadrları ilə iş kimi incə məsələyə xüsusi həssaslıqla yanaşmışlar. Məsələn, öz dahi həmyerlisi yazıçı-filosof F.Volterin “Dövləti pul, maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəiflədər” – fikrinin sanki davamı olaraq Fransa prezidenti Şarl de Qoll dövlət idarəçiliyində mədəniyyət amilini önə çəkirdi: “Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Məsələn, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli görürük.” İngilis iqtisadçısı və siyasətçisi Con Stüart Mill də təxminən eyni ideyanı vurğulayırdı: “Dövlətin ləyaqət və məziyyəti son nəticədə onu təşkil edən şəxsiyyətlərin ləyaqət və məziyyətindən asılıdır.” Bu məsələyə müdrik şəxsiyyət, zəngin idarəçilik təcrübəsinə malik Azərbaycan Prezidenti Heydər Əliyevin də münasibəti ibrətamizdir. O deyirdi: “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.”

Ümummilli liderimiz bütün fəaliyyəti dövründə kadrlarla işə xüsusi diqqətlə yanaşmışdır. “Kadr yetişdirmək böyük vaxt, böyük zəhmət tələb edir” – deyən Heydər Əliyevin idarəetmə məktəbini keçmiş bir çox yüksək vəzifəli vicdanlı məmur kadrlarının xidməti bioqrafiyasına, həyat yoluna nəzər saldıqda onların vətən və xalq naminə dövlət qulluğunda nə qədər gərgin və səmərəli yol keçdiklərinin, öz sahələri üzrə bacarıqlı, səriştəli mütəxəssis kimi yetişmək üçün ciddi çalışdıqlarının, zəngin təcrübə, bilik topladıqlarının şahidi oluruq (açıq, bəzən belə yetkin dövlət məmurunu ömründə bir ağac əkməmiş, heç vaxt ictimai faydalı bir iş görməmiş hansısa kəmfürsətin istehzalı ədayla “məmur, məmur” deyə haqsız yerə tənqid etməsi, onun reputasiyasına ziyan gətirən təhqiramiz yollara əl atması, lağa qoyması, hətta hədə-qorxu gəlməsi - təəssüf doğurur...)

Müasir dövrdə kadrlarla işin yeni nəzəri-hüquqi bazasını yaratmaq məqsədilə respublikamızda bir sıra rəsmi sənədlər qəbul edilmişdir. Əlbəttə, müxtəlif ölkələrdə yerli şəraitdən asılı olaraq bu məsələnin müəyyən özəllikləri olsa da, demək olar ki hər yerdə dövlət qulluqçularına, məsul kadrlara yanaşmada əsas meyar - onların dövlətə sədaqəti, peşəkarlığı, səriştəliliyi, mənəvi-əxlaqi keyfiyyətləridir. Bütün dünyada qəbul olunmuş həqiqətdir ki, dövlət qulluğunda çalışmaq – bir çox parametrlər üzrə (mənəvi, mədəni, əxlaqi, hətta zahiri, vizual baxımdan) dövləti, xalqı təmsil etmək və cəmiyyətin, insanların qulluğunda durmaq deməkdir. Odur ki, belə yüksək missiya həvalə edilmiş insanlara hər yerdə böyük tələblərlə yanaşı, böyük hörmət də var.

Nəhayət, qeyd edək ki, vəzifələrə təyinatlar zamanı kadrların müasir idarəçilik texnologiyasını mənimsəməsini, müasir təfəkkürlə düşünməsini və işləməsini daim nəzərə alan ümummilli liderimizin idarəçilik məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu kadr siyasətinin nəticəsidir ki, son günlər cəmiyyətin həyəcanla izlədiyi məşhur “Qara kəmər” əməliyyatı bütün ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır, ölkədə hakimiyyətin gücünə və respublikanın bacarıqlı əllər tərəfindən idarə olunduğuna inamı daha da artırır.

İstərdik bir çoxları unutmasın ki, bütün bu uğurlu işləri görən adamlar da dövlət məmurlarıdır!..


Bir sözlə, kənardan çox cəlbedici təsir bağışlayan, hətta bəzi naşılarda “asan qazanc” yeri kimi həsəd doğuran, çox vaxtsa haqsız yerə tənqid atəşinə tutulan, ardıcıl təhqirlərə məruz qalan məmurluq - mürəkkəb və spesifik fəaliyyət növüdür. Bu işin məsuliyyətini dərk etmək, çiyinlərində daşımaq, şərtlərinə tablaşmaq heç də asan deyil və daim “normalaşdırılmamış” ciddi iş rejimində, yüksək gərginlik çərçivəsində vicdanla, səmərəli, vətən, dövlət, xalq naminə çalışmaq üçün xüsusi bacarıq, fərdi keyfiyyətlər, səriştə, peşəkarlıq, üstəlik də xüsusi dözüm tələb olunur. İstər fiziki, istərsə də mənəvi...
***

Beləliklə, keçmiş dövrün konseptual ideoloji məxəzlərində məmurluq institutuna həqarətin səbəbləri barədə artıq müəyyən təsəvvürlər olduğu halda, düşünürük ki, əgər dilimizdə “məmur” (“çinovnik”) sözü tarixin gərdişində belə mənfi çalar və təsəvvürlərlə yüklənmiş halda qalıbsa, - onda bəlkə çağdaş dövrə uyğun başqa çıxış yolları axtarmaq lazımdır? Məsələn, dilçi-alimlərimiz, filoloqlarımız bu sözü əvəz edəcək yeni bir termin fikirləşib ictimai dövriyyəyə buraxa bilərlər. Elə bir termin ki, o vicdanlı və şərəfli dövlət qulluqçusunu “miskin məmur” imicindən ayırsın. Adamların hamısını bir qazana qatmasın...

Mövzunun aktuallığını nəzərə alaraq, istərdik hörmətli oxucularımız da məqalədə toxunulan məsələlər ətrafında mülahizələrini bildirsinlər, müstəqil dövlətçiliyimizin taleyi ilə bağlı problemə dair elm və mədəniyyət xadimləri, deputatlar, siyasətçilər, pedaqoqlar, jurnalistlər, ümumən bütün ziyalılar öz fikir və düşüncələrini desin, arzu və təkliflərini yazsınlar. Axı, bu dövlət hamımızındır!..
Yekun sözü:

Dövləti sevirsinizsə, onun əmrində müntəzir duran məmurlarına da hörmətlə yanaşın. Məmurluq həm şərəfli, həm də çətin peşədir. Xalq özünün güclü dövləti ilə, dövlət isə - özünün yetkin məmur kadrları ilə daha qürurludur.
---------------------------------------------------------




Akif ƏLİ,

Nazirlər Kabinetinin

Mətbuat Xidmətinin rəhbəri,

Dövlət qulluğunun Baş müşaviri


18 aprel 2005






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə