inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola
bilməz.
15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş
sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan
səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması
16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli
olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli
gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid
olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini
tələb etməkdə haqlıdır.
Maddə 17. Mütənasiblik prinsipi
Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər
hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə
mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi
şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi
18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər
edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil
ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz .
18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədi ilə
uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.
Maddə 19. Mötəbərlik prezumpsiyası
19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər
tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta
yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin
və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb
olunması qadağandır.
19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu
hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin
müəyyən edilməsi üçün tədbirlər görür.
III Fəsil
Prosedur prinsiplər və təminatlar
Maddə 20. İnzibati orqana müraciət etmək hüququ
20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan
məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati
orqandan məlumat əldə etmək hüququ vardır.
20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun
səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə
müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı
21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat
barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun
iştirakını təmin etməlidir.
21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən
əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və
həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların
nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə
borcludur.
21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların
nümayəndələrini dinləməkdən imtina edə bilər:
21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul
edilməsi nəzərdə tutulduqda;
21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının
alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması
zərurəti yarandıqda;
21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin
buraxılmasına səbəb ola biləcəyi halda;
21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati
aktların və ya avtomatik qurğular vasitəsi ilə inzibati aktların qəbul edilməsi nəzərdə
tutulduqda;
21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul
edilməsi nəzərdə tutulduqda;
21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə
tutulduqda.
Maddə 22. İşə baxılmasında qərəzsizlik
22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirtməyə
borcludurlar.
22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.
Maddə 23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların
verilməsi
23.1. İnzibati orqan ərizə və ya vəsatətlərin verilməsində, ərizə və ya vəsatətdə
buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə
yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri
ona izah etməyə borcludur.
23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan
ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini
onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə
göndərməyə borcludur.
Maddə 24. İşin hallarının obyektiv araşdırılması
24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb
edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və
nəzərə alınmasından imtina edə bilməz.
24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın
xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən
müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi
sübutlarla bağlı deyildir.
24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə
əlavə sübutlar toplamağa borcludur.
24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş
və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması
və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ
25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat
zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla
bağlı məlumat almaq hüququna malikdirlər.
25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı
məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.
25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq
məlumatları verməlidir.
25.4. İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən
maraqlı şəxslərin ziyanına istifadə edə bilməz.
25.5. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün
təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan
maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün
qədər dolğun məlumat verməyə borcludur.
25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi
inzibati orqanda tanış ola bilərlər.
25.7. Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat
materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki
diplomatik nümayəndəliyində tanış ola bilərlər.
Dostları ilə paylaş: |