35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni
sübutlar aşkar olunduqda;
35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər
nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında
cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.
35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan
təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu
Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat
zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını
əsaslandırsın.
35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axını icraatı təzələmək
üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.
35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən
əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda,
inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:
36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti
olan inzibati orqan;
36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın
qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;
36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya
hüquqi şəxslər.
36.2. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə
müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək
hüququna malikdirlər.
36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman
olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində
icraatda iştirakını təmin etməyə borcludur.
36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan
maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin
şəxslərin vəsaitinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.
36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik
olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata
cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də
etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.
36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq
edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik
qaydasında keçməsinə yol verilmir.
Maddə 37. İnzibati icraatda nümayəndəlik
37.1. Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və
yaxud nümayəndə vasitəsi ilə təmsil oluna bilər.
37.2. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil
olunmaq hüququndan məhrum etmir.
37.3. Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi
şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna
malikdir.
37.4. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki
şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər. Qanuni
nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim
etməlidirlər.
37.5. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri
başqa şəxsə tapşıra bilərlər.
37.6. Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını vicdanla müdafiə etməyə
borcludur.
37.7. İnzibati orqan inzibati icraatda həmin orqanın rəhbəri, onun müavini və ya
həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsi ilə təmsil
olunur.
37.8. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla
bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.
Maddə 38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsi ilə təmsil olunmaq
hüququ
38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından
istifadə etmək hüququ vardır.
38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.
Maddə 39. Xərclər
39.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı xərclər müvafiq inzibati orqanın hesabına
ödənilir.
39.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı şəxsin və ya onu təmsil edən
nümayəndənin çəkdiyi xərclər, habelə nümayəndəlik haqqı maraqlı şəxsin hesabına
ödənilir.