172
murdarlamasın. Bu əqidənin daşıyıcıları günəşi Ahuraməzdanın
gözü, bəziləri isə oğlu olduğunu qəbul edirdilər. Bu inamda olanlar
hətta Zərdüştün Ahuraməzdadan yarandığı fikrində idilər.
Zərdüştlik günəşin (odun) müqəddəsliyini əxz etmiş, oda inam
formalaşdırmışdır. Oda etiqad yarandıqdan sonra onun şərəfinə
şənliklər keçirilmişdir. Böyük ehtimalla demək olar ki, həmin
şənliklər od çərşənbəsi günlərində keçirilmişdir. Ancaq
Azərbaycanda və digər Şərq ölkələrində odla bağlı bir çox bayram
və mərasimlər olmuşdur. Mənbələrdə Sədə və Azər bayramlarının
nüfuzlu bir mərasim kimi qeyd olunduqları göstərilir. Azər bayramı
azər ayının (22 noyabr – 22 dekabr) doqquzunda qeyd edilirdi.
Həmin gün od bayramı adlanırdı. Azər sözünün mənasının od
olduğu daha çox vurğulanır. Ö.Xəyyam yazır ki, pəhləvi dilində
oda Azər deyirlər (31, 131).
Ə.Biruni də bu bayramın qışın başlanğıcında keçirildiyini
təsdiqləyir. Ə.Biruninin yazdığına görə, Azər bayramında evlərdə
od yandırılır. Ocaqlar çatılır, həmin vaxt Allaha daha çox dualar
edilirdi: Deyirlər ki, od hərarət verir, bitkiləri ziyanvericilərdən
qoruyur (31, 130).
Zərdüştlik dövründə Azər bayramından ciddi şəkildə faydala-
nılmışdır. Azər bayramının mərasimləri atəşgədədə keçirilirdi. Azər
bayramı qışa hazırlıq məqsədi daşıyırdı. Qışı qarşılamaq üçün od
yandırılmış, xüsusi mərasimlər keçirilmişdir. Havalar soyuyur.
Canlıların, xüsusən insanın oda zəruri ehtiyacı yaranır. Elə bu
zəruri ehtiyacın nəticəsidir ki, insanlar bu aya «od ayı» (Ö.Xəy-
yam) deyiblər. Odla əlaqədar keçirilən mərasimlərdən biri də Sədə
bayramı idi. Əgər Azər bayramı qışın başlanğıcında keçirilirdisə,
Sədə bayramı kiçik çillə girəndə qeyd olunurdu. Novruz sisteminin
tərkib hissələri olan bu mərasimlər bir-birini qanunauyğunluqlarla
tamamlayırdı. Bu od bayramlarının birincisi qışı qarşılamaq,
ikincisi isə yola salmaq üçün keçirilmişdir. Sədə bayramı ikinci od
bayramıdır. Sədə bayramı «Avesta» təqviminə görə, beş aylıq qış
fəslindən yüz gün keçəndən sonra qeyd edilirdi. Ə.Biruni bu
173
bayrama «şəbkəznə» də deyildiyini yazıbdır. Havalar bu vaxt çox
soyuq olduğundan adamın bədənini şaxta, soyuq kəsir. Biruni bu
bayramın kiçik çillənin girməsi ilə bağlı olduğunu da qeyd edibdir
(31, 131).
M.A.Dadaşzadə tədqiqatında Sədə bayramının mənşəyi ilə
bağlı İran mənbələrindən gətirdiyi məşhur bir əfsanəyə də yer
ayırır. Guya bir gün Huşəng onu müşayiət edən dəstə il bir dağın
yanından keçərkən qarşısına böyük bir ilan çıxmışdır. O, ilanı
öldürmək üçün bir daş atmışdır. Huşəngin atdığı daş ilana dəymir,
ayrı bir daşa dəyir, daşların bir-birinə dəyməsindən qığılcım
törəyir. Bu qığılcımdan törəmiş od dörd tərəfi yandırır. İlan da
yanmışdır. Deyilənə görə, Huşəng həmin günün od bayramı kimi
qeyd olunmasına qərar vermişdir .
Sədə bayramının tarixi qədimdir. Ə.Biruni bu bayramın
yaradıcısının Ərdəşir Babəkan olduğunu yazır. Bu bayramın od
çərşənbəsində keçirildiyi və Novruzun zirvə şənliklərinə hazırlıq
olduğu şübhəsizdir. Biruninin yazdığına görə, bu bayramda od
yandırır, ocağın başında qoz yeyilir, şərab içilir, şadlıq edilir.
Tonqallardan vəhşi heyvanları da sıçradırdılar (31, 133).
Od çərşənbəsində günəş və odla birbaşa bağlı olan inamlar,
inanclar və digər folklor nümunələri mövcud olmuş, bir-birindən
fərqlənən müxtəlif mərasimlər keçirilmişdir. «Qodu-qodu»
mərasimi mifik təfəkkürün birbaşa günəşlə bağlı olan ən qədim
məhsuludur. «Qodu-qodu» mərasimi yaranma və formalaşmasına
görə çox qədimdir. Adətən, uzun müddət havalar yağmurlu ke-
çəndə bu mərasimin keçirilməsinə ehtiyac duyulub. Bu mərasimdə
günəşə xitab olunur, onun çıxması, yer-yurdu istilətməsi, canlılara
hərarət gətirməsi arzulanır. Qodu günəşin ekvivalentidir. Qodudan
günəş istənilir:
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
174
Qodu burdan ötəndə,
Qırmızı gün gördünmü?
Yağ verin yağlamağa,
Bal verin ballamağa.
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa.
Xalqın empirik düşüncəsinin gerçəkliyi olan bu mətndə iki
vacib məsələ vurğulanır. Birincisi, Qodu günəşin təmsilçisi
olduğundan o, günəşi gətirməlidir. İkincisi, Qoduda qurdda olduğu
kimi iki xasiyyət birləşib. Qodu güləndə günəşi, ağlayanda yağışı
gətirir. Bu səbəbdən «Qodu-qodu» mərasimi yağış-yağmurun
kəsilməsini istəyəndə, yəni günəşi arzulayanda və yağışı istəyəndə.
«Günəş hər iki təbiət hadisəsinin – istinin də, soyuğun da, quraq-
lığın da, yağışın da yaradıcısıdır». Qodu günəş istəniləndə qırmızı,
yağış arzulananda göy rəngdə təmsil olunub. Qodunu yağıntı çox
olan vaxt qırmızı, quraqlıq dövründə yaşıl geyindiriblər. (M.Seyi-
dov «Bir qabartma haqqında», «Elm və həyat» jurnalı 1987, № 4,
səh. 17). «Qodu-qodu» mərasimi əski çağ düşüncəsinin məhsulu
olsa da, ancaq özünü günümüzə kimi qoruyub saxlamışdır. Onun
belə uzun ömürlü olması təsadüfi deyil. Qodu birbaşa günəşlə
bağlıdır. Qodunun xarakterindəki əkslik onun qurdla mənşə
yaxınlığından xəbər verir. Fikrimizcə, qodu sözü mənşəcə qurd
sözünün tarixi fonotik trasformasiyasıdır.
Burada onu da qeyd edək ki, Novruzla bağlı bir çox
mərasimlərdən fərqli olaraq, «qodu-qodu» törəni geniş coğrafiyada
yayılıb və əski düşüncənin məhsulu olsa da, bizim günlərə kimi
gəlib çıxıbdır. Bu mərasim Azərbaycanda XX əsrin 20-30-cu
illərinə qədər keçirilmişdir. «Qodu-qodu» mərasiminin iştirakçıları,
adətən, cavanlar olardılar. Qız-gəlinlər də bu mərasimdə iştirak
ediblər. Qodu rolu el-obanın cəld və çevik bir oğlan uşağına həvalə
olunardı. Onun əyninə nimdaş bir paltar geydirər, üst-başını,
Dostları ilə paylaş: |