160
İslam Konfransı Təşkilatı (İKT).
Müsəlman
dövlətlərinin cəmləşdiyi bu
subregional təşkilat 1969-cu ildə yaradılmış və hazırda dünyanın müxtəlif
regionlarından olan 58 müsəlman dövlətini öz tərkibində birləşdirir. Üzv ölkələrinin
iqtisadi potensialının yüksəldilməsi, dövlətlərarası əməkdaşlıq və həmrəyliyin
möhkəmləndirilməsində İKT-nin böyük rolu vardır. İKT-nin təşkilati strukturu Dövlət və
Hökumət Başçılarının Konfransı (üç ildə bir dəfə keçirilir) və xarici işlər nazirlərinin hər il
keçirilən konfransından ibarətdir. Bu tədbirlərdə üzv dövlətlər ətrafında yaranmış
beynəlxalq vəziyyət, ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi yolları, habelə islam
dininin inkişaf məsələləri müzakirə olunur. Ötən dövr ərzində təşkilat üzv dövlətlərin
beynəlxalq-siyasi vəziyyəti ilə bağlı yaranan problemlərə öz münasibətini bildirmiş, dini-
etnik münaqişələrin, mübahisəli ərazi məsələlərinin ədalətli həllini nəzərdə tutan
müvafiq addımlar atmışdır.
MÜASİR DÜNYA SİYASƏTİNİN FORMALAŞMASINDA BGHT-LƏRİN ROLU
Son on ildə beynəlxalq münasibətlər sistemində baş vermiş mühüm proseslər –
dünya siyasətinin transmilliləşməsi, demokratik transformasiya, qloballaşma və regional
inteqrasiya dövlətlərarası əlaqələrin həm mahiyyətinə, həm də tərkibinə ciddi
dəyişikliklər etmişdir. Beynəlxalq münasibətlərin subyektləri sırasına milli dövlətlər,
hökumətlərarası beynəlxalq qurumlarla yanaşı çoxsaylı qeyri-hökumət təşkilatları da
qoşulmuşlar. Hazirda dünyada on minə yaxın müxtəlif funksiyalı Beynəlxalq Qeyri-
Hökumət Təşkilatı (BQHT) vardır. Bu təşkilatlar transmilli əlaqələrin daha da
təkmilləşdirilməsi və bəzi sahələr üzrə milli dövlətlərin suveren hüquqlarının
məhdudlaşdırılması zərurətindən yaranmışdır. Müasir dünyada gedən qloballaşma
prosesləri isə BQHT-lərin sayının artmasına xüsusi təsir göstərmişdir.
BMT Baş Assambleyasının 23 may 1968-ci il qətnaməsinə görə hökumətlərarası
razılıq əsasında təsis olunmayan istənilən beynəlxalq təşkilatı BQHT hesab etmək olar.
BQHT-ni səciyyələndirən əsas cəhətlər onların fəaliyyətində kommersiya məqsədlərinin
olmaması və transmilli problemlər üzrə daha çox müstəqil fəaliyyət göstərmələridir.
BQHT qrupuna üzvləri hökumətlərdən və yaxud hökumət orqanlarından olan qarışıq
təşkilatlar da daxildir.
BQHT ilə hökumətlərarası təşkilatların qarşılıqlı fəaliyyəti və müasir dünyanın
ayrı-ayrı sahələr üzrə transmilli siyasətinin formalaşmasında onlardan ekspert kimi
istifadə edilməsi bu qurumların beynəlxalq münasibətlərə təsirini ciddi artırır.
Hökumətlərarası təşkilatlar müvafiq qərarlar qəbul edərkən, BQHT-nin informativ və
161
ekspert imkanlarından geniş istifadə edir. BQHT-nin qlobal və regional hökumətlərarası
təşkilatlarla əlaqələri son illər daha da dərinləşmişdir. Beynəlxalq ictimai rəyin
formalaşmasında BQHT-nin mühüm yer tutması dünya dövlətləri tərəfindən nəzərə
alınır. Tarixdən məlumdur ki, beynəlxalq aləmdə yaranmış vəziyyətlə əlaqədar BQHT-
lər müxtəlif vaxtlarda çoxsaylı tədbirlər həyata keçirmişlər. Məsələn, sovet qoşunlarının
Əfqanıstana daxil olmasına etiraz əlaməti kimi Beynəlxalq Olimpiya Komitəsi dünya
ölkələrini 1980-ci ildə Moskvada keçiriləcək olimpiya oyunlarını boykot etməyə
çağırmışdır.
Hazırda BQHT-lər dünya dövlətlərinin daxili və xarici siyasətində müasir
tələblərə uyğun yeniləşmələr və müəyyən düzəlişlər aparmasına mühüm təsir göstərir.
BQHT-nin beynəlxalq proseslərdə iştirakı BMT tərəfindən dəstəklənir və yüksək
qiymətləndirilir. BMT-nin Nizamnaməsinin 71-ci maddəsində təşkilatın İqtisadi və Sosial
Şurasının BQHT ilə birgə məsləhətlər aparması nəzərdə tutulur. Bu isə BQHT-lər və
BMT arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün lazımi imkanlar yaradır.
BQHT-lər sırasında son illərdə bütün dünyada geniş fəaliyyət göstərən və
“Sərhədsiz həkimlər” təşkilatı adlanan qurumu xüsusi vurğulamaq olar. Bu təşkilat
1971-ci ildə yaradılmış və əsas məqsədi hərbi əməliyyatlar zamanı, eləcə də dinc
şəraitdə əhaliyə tibbi yardım göstərməkdən ibarətdir. “Sərhədsiz həkimlər”i digər
beynəlxalq humanitar qurumlardan fərqləndirən əsas cəhət istənilən gərgin
vəziyyətlərdə onun fəaliyyətinin məhdudlaşdırılmasına yol verilməməsidir. Hərbi
əməliyyatlar zamanı və yaxud digər böhran vəziyyətində bəzən BQHT-lər üçün inzibati
və hüquqi məhdudiyyətlər ortaya çıxdığı halda, bunu “Sərhədsiz həkimlər” təşkilatına
aid etmək mümkün deyil. Hazırda bu təşkilat dünyanın 80-dən çox ölkəsinin əhalisinə
təcili tibbi yardım göstərir. Təşkilat yarandığı vaxtdan bu günə qədər çoxsaylı humanitar
əməliyyatlar həyata keçirmişdir. Dünyada insan hüquqlarının müdafiəsində də
“Sərhədsiz həkimlər” təşkilatının təsiri vardır.
Geniş fəaliyyəti ilə seçilən BQHT-lərdən biri də “Qrinpis” (“Yaşıl dünya”)
təşkilatıdır. Əsas məqsədi qlobal ekoloji problemləri həll etmək olan bu qurum 1969-cu
ilin oktyabrında ABŞ-ın Amçitka gölündə nüvə silahının sınaqdan keçirilməsinə etiraz
əlaməti kimi başlayan aksiyalar nəticəsində yaranmışdır. Həmin vaxt fəallar qrupunun
təşəbbüsü ilə on min insan ABŞ-ın bu addımına etiraz əlaməti olaraq Kanada-ABŞ
sərhədinə toplaşdı. 1971-ci ildə ABŞ-ın növbəti nüvə sınağını keçirməsi etiraz dalğasını
daha da gücləndirdi. “Qrinpis” adlanan fəallar qrupunun dörd ay davam edən etiraz
aksiyaları öz nəticəsini verdi və ABŞ nüvə sınaqlarını dayandırdığını bildirdi. Sonrakı