174
Müşahidələr və təhlillər göstərir ki, Birinci və İkinci dünya müharibələrindən
sonra iqtisadi, siyasi və hərbi sahədə sürətli tərəqqiyə nail olan və müəyyən mənada
dünya dövlətləri sırasında liderə çevrilən ABŞ-ın inkişaf yolu 90-cı illərdə müstəqillik
qazanmış bir çox yeni dövlətlər üçün daha çox cəlbedici görünməkdədir. Həmin
dövlətlərin belə bir strategiya seçməsini onların bir tərəfdən SSRİ-nin varisi rolunu öz
üzərinə götürən Rusiyanın ənənəvi təsir dairəsindən çıxmaq, digər tərəfdən isə
beynəlxalq aləmlə inteqrasiya məsələlərində və daxili iqtisadi-siyasi problemlərin
həllində sabit iqtisadi və maliyyə gücünə malik olan ABŞ kimi superdövlətdən dəstək
almaq istəyi şərtləndirir. Amerika modelinin cəlbediciliyində inqilabi partlayışlarsız və
sıçrayışlarsız, demokratik yolla inkişaf edən ABŞ-ın uzun müddət, yəni "soyuq
müharibə" dövründə totalitar, qeyri-demokratik dövlət olan SSRİ ilə qarşıdurmada
əsas rəqib kimi çıxış edərək bu mübarizədən qalib çıxması faktı da mühüm rol
oynamışdır. Lakin XX əsrin sonunda dünya siyasətinin yeni güc mərkəzləri kimi
meydana çıxan Avropa və Asiya dövlətlərinin inkişaf modellərinin ABŞ modeli ilə
rəqabət mübarizəsindəki uğurları, habelə proqnozlaşdırılan üstünlükləri sonuncunun
cəlbediciliyinə müəyyən zərbə vurmuşdur.
Tarixi xronologiya baxımından iqtisadi-siyasi tərəqqinin və demokratik inkişafın
daha sınanmış forması kimi çıxış edən Avropa modeli 80-ci illərdən başlayaraq
yenidən müxtəlif regional mərkəzlər arasında qarşılıqlı münasibətlərin xarakterinə və
yönümünə mühüm təsir göstərə bilən geosiyasi faktorlardan birinə çevrilmişdir. Avropa
Birliyi ideyası altında regionun bütün dövlətlərinin vahid iqtisadi, siyasi məkanda
birləşməsi və onun dünya miqyasında yeni güc mərkəzinə çevrilməsi istiqamətində
atılan addımlar artıq öz real nəticələrini verir. 1990-cı ilin məlumatlarına görə, 344,6
milyon əhalisi olan Avropa Birliyi 5,53 trilyon dollar məbləğində əmtəə istehsal etmək
və xidmətlər göstərməklə ABŞ-ı xeyli ötüb keçmişdir (ABŞ-da bu rəqəm 5,47 trilyon
dollardır). Regional münaqişələrin həllində, insan hüquq və azadlıqlarının
qorunmasında Avropa Birliyi ölkələrinin rolunun səmərəliliyi də Avropa modelinin üstün
cəhətləri kimi diqqəti cəlb edir.
Yenicə meydana gəlmiş müstəqil dövlətlər üçün inkişafın Asiya modeli Avropa
və Amerika modellərindən heç də az əhəmiyyət kəsb etmir, hətta bir sıra
parametrlərinə görə onu ötüb keçməyə başlayır. Asiya modeli dedikdə, buraya hər
şeydən əvvəl, XX əsrin 50-ci illərindən başlayaraq iqtisadi inkişafın yüksək tempi ilə
xarakterizə olunan Avstraliya, Yeni Zelandiya və Cənub-Şərqi Asiya ölkələri -
Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Sinqapur, İndoneziya, Malayziya, Honkonq və
175
başqa ölkələrin yüksəliş konsepsiyası aid edilir. Bu modeli bəzən Asiya-Sakit okean
ölkələri modeli də adlandırırlar.
Asiya-Sakit okean ölkələri hazırda iqtisadi inkişaf tempinə görə ABŞ və
Avropa Birliyi ölkələrini xeyli üstələyir və iqtisadi qüdrətinə görə dünyanın əsas
mərkəzlərindən birinə çevrilməkdədir. Ekspertlərin fikrincə, hazırda dünya üzrə
ümumdaxili məhsulun yarıdan çoxu məhz bu region ölkələrinin payına düşür. Müasir
dünyada iqtisadi inkişafa görə ən dinamik hesab olunan bu ölkələrin qısa müddətdə
iqtisadi sahədəki möcüzələri təkcə azad bazar münasibətlərinin yox, həm də onların
düzgün sosial və iqtisadi seçimlərinin nəticəsidir. Cənub-Şərqi Asiya ölkələri Qərbin
bəzi inkişaf xüsusiyyətlərini əxz etsə də, özlərinin mühüm sosial və mədəni
ənənələrini də qoruyub saxlaya bilmişlər. Məhz bunun sayəsində onlar qlobal
rəqabətə davam gətirə bilmişlər.
Mühüm və ənənəvi hərbi-siyasi və iqtisadi güc mərkəzlərindən olan ABŞ,
Avropa Birliyi və Rusiyaya qarşı rəqabətdə Asiya-Sakit okean ölkələri öz aralarında
istər iqtisadi, istərsə də hərbi-siyasi təhlükəsizlik sahələrində birlik meyllərini getdikcə
gücləndirirlər. Onların sıx iqtisadi inteqrasiyası haqqında hazırlanan və həyata
keçirilməkdə olan möhtəşəm layihələr Avropa Birliyinə və Şimali Amerika azad ticarət
zonasına bir növ meydan oxuyur. Hazırda həmin regionun Tokio, Sinqapur, Honkonq,
Sidney və başqa şəhərləri dünyanın tanınmış maliyyə-iqtisadi mərkəzləri olan
London, Nyu-York və Paris şəhərlərinin mövqelərini getdikcə daha güclü surətdə
laxladır. Əvvəllər mənfi inkişaf simvoluna çevrilmiş "Asiya" termini hazırda daha çox
mütərəqqi mənada işlənməyə başlayır. Beləliklə, Qərb sivilizasiyası ilə rəqabətə
davam gətirə bilən güclü Asiya sivilizasiyası yenidən bərpa olunur.
Müasir dünyanın real güc mərkəzlərinin, regional və beynəlxalq münasibətlərin
hazırkı düzümünün nəzəri təhlili özünün xarici siyasət strategiyasını müəyyənləşdirən,
dövlətlərarası regional və beynəlxalq əlaqələrə qatılmaq istəyən hər bir müstəqil dövlət
üçün həyati əhəmiyyət kəsb edir. Çünki müstəqillik yolu seçmiş hər bir dövlətin dünya
ölkələri içərisində gələcək yeri və rolu onun hansı inkişaf modelini seçməsindən,
iqtisadi-siyasi və təhlükəsizlik meyllərini hansı beynəlxalq güc mərkəzinə
yönəltməsindən, hansı mərkəzlə əməkdaşlıq, tərəfdaşlıq, dostluq və nəhayət, strateji
müttəfiqlik əlaqələrini yaratmasından asılıdır. Müvafiq dövlətlə əlaqələr və
münasibətlər strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də sadalanan
amillər sisteminin təsiri altında baş verir.
176
Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji
mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün
sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb
dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, dünya birliyinə inteqrasiya
olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq istiqamətində Azərbaycan dövləti,
bir tərəfdən, dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini
müəyyənləşdirir, digər tərəfdən, beynəlxalq aləmdə qəbul edilmiş ölçülərə uyğun
olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə girir. Bu da tamamilə
təbiidir, çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi
onun dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və
inkişafını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir.
Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı
bir qütbə və yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini
mümkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı siyasi kurs seçilməsini şərtləndirir.
Çünki XX əsrin sonunda beynəlxalq aləmdə yaranmış geostrateji maraqların kəskin
rəqabəti, iqtisadi və hərbi-siyasi durum yenicə suverenlik əldə etmiş, hələ nisbətən zəif
olan ölkələrin müstəqil xarici siyasət yeritməsi sahəsində çoxsaylı problemlər ortaya
çıxarır. Dünyada öz ənənəvi təsir dairələri olan fövqəldövlətlər və dövlətlər birliyi yeni
müstəqillik əldə etmiş ölkələrin inkişaf modeli seçməsi, beynəlxalq aləmdə siyasi
oriyentasiyasını müəyyənləşdirməsi məsələsində yüksək həssaslıq nümayiş etdirirlər.
Bu, bir tərəfdən, gənc dövlətlərin xarici siyasət strategiyasının formalaşması
qarşısında xeyli çətinlik yaratsa da, digər tərəfdən onların müstəqil xarici siyasət
yeritməsi üçün əlverişli manevr imkanları açır. Hazırda dövlətlərarası münasibətləri
tənzimləyən əsas vasitə iqtisadi, hərbi-siyasi və ya ideoloji güc, qüvvə olsa da,
dünyada kütləvi qırğın silahlarına, o cümlədən atom bombasına malik olan ölkələrin
sayının artması təhlükəsi iri fövqəldövlətləri və dövlətlər birliyini bir növ siyasi
müvazinəti saxlamağa və qorumağa məcbur edir. Əsası hələ son orta əsrlərdə
qoyulmuş "siyasi müvazinət nəzəriyyəsinə" görə, müxtəlif maraqların qarşılıqlı
bağlılığı heç bir dövlətə başqaları üzərində mütləq şəkildə hegemonluq etməyə və
onlar üçün davranış qaydaları müəyyənləşdirməyə imkan vermir. Hərbi-siyasi və
iqtisadi sahədə baş verən keyfiyyət dəyişiklikləri region dövlətləri arasında milli
maraqlarla yanaşı daha ümumi əhəmiyyət kəsb edən region maraqlarını, qlobal
şəkildə isə bütün dünyada qayda-qanunun və əmin-amanlığın qorunub saxlanması
marağını formalaşdırır.
Dostları ilə paylaş: |