172
Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il
sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə
qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə
güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı dövrdə imzalanmış çoxsaylı neft
kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirir, qarşılıqlı faydalı
əməkdaşlığın inkişafı üçün ortaq təmas nöqtələrinin geniş şəbəkəyə malik olduğunu
nümayiş etdirir.
1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın
nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı
beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik
illərində qazandığı ən mühüm nailiyyətlərindən biridir.
Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində "Böyük İpək yolu"nun
bərpası üzrə həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində
yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə
edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır.
Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-
Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın
dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki
iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar
çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur.
1992-ci ildən BMT, ATƏT və İKT-nin üzvü olan Azərbaycan Respublikası
həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş,
Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratmış, bu qurumlar
çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət
yeridir. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu
mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün
hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması
istiqamətində zəruri tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının 1994-cü ildən başlayaraq NATO-nun "Sülh
naminə tərəfdaşlıq" proqramı çərçivəsində fəaliyyəti dünyanın qabaqcıl ölkələri ilə
onun əlaqələrinin inkişafına mühüm zəmin yaratmışdır. 1998-ci il sentyabrın sonunda
NATO-nun baş katibi H.Solananın Azərbaycana səfəri ərəfəsində verdiyi müsahibədə
173
"Qafqaz regionunu NATO-nun birbaşa maraqları olan regionlar" sırasında qeyd etməsi
qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və regional təhlükəsizliyin qorunması
sahəsində Şimali Atlantika təşkilatı ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü
bir daha təsdiq etdi.
Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq
münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik
məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin şəkildə
yüksələrək həlledici əhəmiyyət kəsb etmişdir.
Qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan da daxil
olmaqla postsovet məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf
strategiyasını müəyyənləşdirərkən ciddi seçim qarşısında qaldılar: onlar ya əvvəlki
kimi sosialist ideologiyası və ictimai mülkiyyətə əsaslanan planlı iqtisadiyyat yolu ilə
fəaliyyətini davam etdirərək beynəlxalq aləmdə ideoloji, hərbi-siyasi qarşıdurmaya
yenidən şərait yaratmalı, ya da iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə
nail olmuş ölkələrin təcrübəsini əsas götürərək, bu təcrübəni yerli şəraitə
uyğunlaşdırmaqla xüsusi mülkiyyətə əsaslanan azad bazar iqtisadiyyatı yolunu
seçməli idilər. "Soyuq müharibə"də sosializm cəbhəsi üzərində parlaq qələbə çalan
kapitalizm dünyasının hərtərəfli üstünlükləri yeni yaranmış dövlətləri məhz ikinci yolu
seçməyə bir növ sövq etdi.
İkinci yolu seçməklə həmin dövlətlər yeni bir seçim problemi ilə üzləşdilər. Onlar
bu dəfə kapitalizm dünyası daxilindəki mövcud inkişaf modelləri üzrə, daha doğrusu,
tədqiqatçıların qeyd etdiyi kimi, hazırda dünya siyasətinin müəyyənləşməsində əsas
rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin inkişafı ilə bağlı Amerika, Avropa və
Asiya modelləri üzrə seçim zərurəti qarşısında qaldılar. Buna görə də, müstəqillik
əldə edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün dünyada
mövcud olan mürəkkəb beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli,
dünya siyasətinin güc mərkəzləri olan ABŞ, Rusiya, Avropa Birliyi, Cənub-Şərqi
Asiya ölkələri arasındakı mənafe və maraq çəkişmələrində özünün suverenliyini
qoruyub saxlamaq məqsədilə düşünülmüş xarici siyasət yeritməli idilər. Bu dövlətlər
qarşısında müasir dövrdə beynəlxalq aləmdə qəbul edilmiş və həyata keçirilən inkişaf
modellərinin, ilk növbədə Amerika, Avropa və Asiya modellərinin zəif və üstün
cəhətlərini diqqətlə araşdırmaq və bu zəmində ya onlardan birinə üstünlük vermək, ya
da ayrı-ayrı modellərin müəyyən cəhətlərini sintez edərək ölkənin spesifik şəraitinə
daha uyğun olan inkişaf yolunu seçmək vəzifəsi dururdu.