44
formalaşdığı araşdırmalarla sübut olunmuşdur. Belə hesab etmək olar ki, Eneolit
dövründə cüt nikaha əsaslanan ailənin daha böyük kollektivlərdə birləşməsi
prosesi getmişdir. Naxçıvanın Eneolit iqtisadiyyatının əsasını cüt nikaha
əsaslanan və böyük kollektivlərdə birləşmiş ailələr təşkil etmişdir. Böyük
ailələrin meydana gəlməsi istehsal səylərinin birləşdirilməsi ilə də bağlı ola
bilərdi. Analoji faktlar Azərbaycanın digər abidələrinin də tədqiqi zamanı ortaya
çıxarılmışdır. Erkən əkinçilik mədəniyyətlərində qadınlar yüksək mövqeyə sahib
olsa da, texnikanın və təsərrüfatın inkişafı kişinin rolunu artırmışdır. Ehtimal ki,
Eneolit dövrünün sonunda 5-7 nəfərlik üzvdən ibarət ailəyə kişi rəhbərlik
etmişdir.
I Kültəpənin Eneolit dövrünə aid qəbir abidələrinin müəyyən bir qismində
qəbir avadanlığına rastlanması, digərlərində isə ona təsadüf olunmaması xüsusi
mülkiyyətin mövcudluğunu ehtimal etməyə imkan verir.
Arxeoloji abidələrin tədqiqi göstərir ki, Eneolit dövründə iqtisadiyyatın
müxtəlif sahələrinin inkişaf etməsinə baxmayaraq, əkinçilik və maldarlııq
təsərrüfatda aparıcı mövqe tutmuşdur. Мəhsuldarlığın artırılması, qorunması,
habelə təbii stixiyalara qarşı mübarizə qədim insanların ideoloji təsəvvürlərinin
formalaşmasında mühüm rol oynamışdır. Qonşu Şərq ölkələrindən fərqli olaraq
Naxçıvan sakinlərinin dairəvi formalı, evlərə üstünlük verməsi ehtimal ki,
onların ideoloji təsəvvürləri ilə də bağlı olmuşdur. Azərbaycan xalqı arasında
yayılan inanclara görə insanın ətrafına çəkilmiş dairə onu bəd ruhlardan qoruya
bilərmiş. Göyəm dağlarındakı bəzi qayaüstü rəsmlərdə insanlar dairənin
içərisində təsvir edilmişdir. Ehtimal ki, evlərin dairəvi formada tikilməsi
insanların təbii stixiyadan, bəd qüvvələrdən qorunması ilə bağlı təsəvvürlərini
əks etdirmişdir. Tədqiqatlar bu dövrdə Günəş və Ayla bağlı inancların yayıldığını
göstərir. Bu inanclar Eneolit dövründən sonra da arxeoloji materiallarda aydın
şəkildə izlənmişdir. Daima işıq mənbəyi və təbiətin məhsuldar qüvvələrinin
başlanğıcı olan Günəş insanlar tərəfindən ilahiləşdirilmiş, sitayiş obyektinə
çevrilmişdir.
Naxçıvanın qədim sakinlərinin dünyagörüşü ilə bağlı ən dəyərli
materiallar qəbir abidələrinin tədqiqi zamanı aşkar olunmuşdur. Bu dövrə aid
qəbir abidələri yalnız I Kültəpənin Eneolit təbəqəsindən aşkar olunmuşdur. Qəbir
avadanlığı başlıca olaraq bəzək əşyalarından, əsasən muncuqlardan ibarət
olmuşdur. Lakin qəbirlərin bəzilərində əmək alətlərinin qalıqlarına, o cümlədən
oraq dişlərinə rastlanmışdır. Araşdırmalar Eneolit dövründə I Kültəpədə yaşayış
binalarının altında və onların arasında dəfn etmə adətinin olduğunu göstərir.
Qəbirlərin müəyyən istiqaməti yoxdur, skeletlər müxtəlif cəhətlərə yönəldilmiş
vəziyyətdə aşkar edilmişdir. Bəzi qəbirlərin döşəməsi dəfndən əvvəl gillə
suvanmış, bəzilərində isə dəfndən sonra qəbrin üzərinə gil suvaq çəkilmişdir.
Skeletlərin böyük bir qrupunun üzərində həsir qalıqlarına rastlanması onların
dəfn zamanı həsirə büküldüyünü göstərir. Skeletlər sol, yaxud sağ böyrü üstə,
bəzən isə arxası üstə uzadılmış vəziyyətdə aşkar olunmuşdur. Qəbirlərin
45
bəzisində mərhumun başının altına daş, yaxud gil qab parçası qoyulması adətinə
rastlanmışdır. Dəfnlər tək, cüt və kollektiv halda olmuşdur. Şübhəsiz ki, evin
döşəməsində dəfnetmə adəti ulu əcdada sitayiş, mərhumun ruhunun daim evdə
olması, evin, ocağın mühafizəsi, son nəticədə məhsuldarlığın təmin edilməsi
ideyası ilə bağlı olmuşdur. Мifoloji şəkildə dərk edilən o biri dünya qədim
insanların mövcudluğunun əsasını təşkil etmişdir. Qəbilə rəhbərinin evin altında
dəfn edilməsi, əcdadın ruhunun çağrılması, onların qəbrinə təmas edilməsi və s.
vasitələrlə əcdadın ruhu ilə əlaqə yaradılmağa çalışılmışdır.
Qəbirlərin ikisində it skeletinə rastlanmışdır. Мəlum olduğu kimi, it
insanların əhliləşdirdiyi ilk heyvanlardan biri olmuşdur. Araşdırmalar itlə dəfn
etmənin Azərbaycanda uzun müddət davam etdiyini göstərir. İtlə bağlı dəfnə
Naxçıvanda Sarıdərə nekropolunda, Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir
abidələrində də rastlanması bunu təsdiq edir.
İtlə bağlı inancların yaranması maldarlığın yaranmasından xeyli əvvələ,
ovçuluq dövrünə aiddir. İtlərin iy və iz bilmə keyfiyyətləri onlara böyük önəm
qazandırmış, qədim ovçu tayfalar ovun axtarılması və tutulmasında böyük rolu
olan itə sitayiş etmişlər.
İstər Ön Asiya abidələrindən, istərsə də Azərbaycan abidələrindən aşkar
olunan itlə bağlı dəfnlər bu adətin qədim ovçu-maldar tayfaların inancları ilə
bağlı olduğunu təsdiq edir. İtlə bağlı dəfnlər müəyyən ritualla bağlı olmuş, sakral
məna daşımışdır. Şübhəsiz ki, qədim insanların dini-mifoloji görüşlərinin
formalaşmasında maldar tayfaların itin qoruyucu funksiyası ilə bağlı inancları da
müəyyən rol oynamışdır. Etnoqrafik materiallar həyətlərdə it kəlləsi asılmasının
insanların bəd ruhlardan qorunması ilə bağlı olduğunu göstərir.
Мəlum oluğu kimi, Şkif tayfa birliklərindən birinin rəhbəri İspaka
adlanmışdır. İspaka sözünün midiya dilində sbaka (sobaka) sözünə zahirən
bənzədiyinə əsaslanan bəzi tədqiqatçılar skiflərin irandilli olduğunu qeyd
etmişdir. Lakin O.Süleymanov iz-bak-ispak-sıbak (sbaka) çevrilməsinin
mümkünlüyünü sübut etmiş və sobaka sözünün hind-iran dillərinə türk dilindən
keçdiyini söyləmişdir. İtə sitayişə semitlərdə, hind-avropalılarda, fin-uqorlarda
rastlanmışdır. Lakin qədim köçəri türk tayfaları itə Tanrı kimi sitayiş etmiş,
miflərdə isə öz mənşələrini onunla bağlamışlar. Tobol tayfalarında ulu əcdad-
əfsanəvi qəhrəman Ak-kobok (Ağ köpək) adlanmışdır. Ağ noqoylar da həmçinin
Ak-koboku öz əcdadları hesab etmişlər. Kobyak (köpək) adı türk tayfaları
arasında geniş yayılmış adlardan biri olmuşdur. Tayfa başçılarına it adı
qoyulması onları bəd ruhlardan mühafizə etmək, onların yenilməzliyini təmin
etmək məqsədi güdmüşdür. Başqırlarda mövcud olan adətə görə qadının uşağı
tez-tez öldükdə uşağı anadan ayırıb it südü ilə bəsləyirdilər. Yaxud
azərbaycanlılar uşağı olmayan qadını və onun uşağını qurd dərisindən
keçirirdilər. Araşdırmalar itlə dəfnetmənin və ona sitayişin türk xalqlarının
mifologiyası ilə bağlı olduğunu təsdiq edir.
Dostları ilə paylaş: |