29
digər daşlardan xüsusi sıxaclar vasitəsi ilə qoparılırdı. Мikrolitlər həndəsi formalı
olurdular. Мikrolitlər ox ucluğu və müxtəlif alətlərin hazırlanması üçün geniş
istifadə olunmuşdur. Мikrolit alətlərin hazırlanma texnikasının mənimsənilməsi
ox və kamanın ixtirası üçün də şərait yaratmışdır. Мezolit dövründə iti yerişli
heyvanları ovlamaq üçün ox və kaman misli olmayan bir ixtira idi. Ox və
kamanın yayılması ovçuluğun geniş inkişafına, insanların təsərrüfatında mühüm
irəliləyişlərə səbəb olmuşdur. Tədricən yığıcılıq və ovçuluq kimi mənimsəmə
təsərrüfatından istehsal təsərrüfatına- əkinçilik və maldarlığa keçidin əsası
qoyulmuşdur. Мezolit insanları özlərindən əvvəlki insanlara nisbətən ətraf
aləmdən daha çox faydalanmışlar. İlk dəfə olaraq heyvanların əhliləşdirilməsinə
başlanmış, əhliləşdirilmiş itlərdən ovçuluqda istifadə edilmişdir. Qobustanda
aparılan tədqiqatlar suiti və balıq ovunun mühüm yer tutduğunu göstərir.
Şəkil 17. Qobustan qaya təsvirləri
NEOLİT DÖVRÜ
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VII-VI minilliklərdə Мezolit dövrü
Neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin
30
müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, Neolitdə
bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır.
Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit
və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə
Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Anazağa, Firuz,
Böyükdağ), Naxçıvan Kültəpəsində, Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı
Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi
bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat
keçirdiyini göstərir. Yaşayış yerlərinin əkinçilik və maldarlıq üçün əlverişli
mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur.
Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə
olunan mikrolit lövhələr istehsal təsərrüfatının əsas sahələrindən biri olan
əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq
çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu
enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək
tərəfi istifadə nəticəsində cilalanmışdır. Sürtkəc və dən daşlarının tapılması,
nəinki dənli bitkilərin əkildiyini, həm də onların yaşayış yerlərində emal
edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar
olunması əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu, biçinçinin cəmiyyətdə
müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən
sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar
ağacların içərisinin oyulması ilə və ya qamışdan hazırlanmışdır.
Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən
ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə
ucları və qarpunlardan da istifadə olunmuşdur. Şübhəsiz ki, sahilboyu ərazidə
yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur.
Qobustan abidələrinin tədqiqində İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun,
F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur.
C.Rüstəmovun fikrinə görə, heyvanların bir çoxu Neolit dövründə əhliləş-
dirilmişdir. Heyvanların əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahə-
lərindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir.
Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxu-
culuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika
nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını və olduqca kobud
olduğunu göstərir.
Neolit dövründə əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpə-
ləmə və sıxma retuş bu dövrdə əmək alətlərinin hazırlanmasında mühüm rol
oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına
yiyələnmişlər ki, bu da təsərrüfatda və məişətdə mühüm yeniliklərə səbəb
olmuşdur. Daş alət əvvəlcə qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla
işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında
istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan
31
vermişdir. I Kültəpənin Neolit təbəqəsindən aşkar olunan tikinti qalıqları bu
dövrdə dördkünc formalı, yerüstü mənzillərin tikintisinin mənimsənildiyini
deməyə əsas verir. I Kültəpə evləri başlıca olaraq möhrədən tikilmişdir.
ENEOLİT DÖVRÜ
Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə edir. Bu dövrdə mis emalının
və metalişləmənin əsası qoyulmuşdur. Azərbaycanın mis yataqları ilə zəngin
olması və bu ərazidə mis külçəsinə rastlanması mis emalının erkən meydana
gəlməsi və inkişafı üçün şərait yaratmışdır. Eneolit dövründə iqtisadiyyatın
inkişafı əhali artımına səbəb olmuş, yaşayış üçün əlverişli olan yeni ərazilər
məskunlaşdırılmışdir.
Dostları ilə paylaş: |