12
Şəkil 5. Azıx mağarası. Qədim Aşel mədəniyyətinin əmək
alətləri
Erkən Aşel dövrü təbəqəsində diametri 30 x 20 sm olan ocaq qalıqlarının
aşkar olunması Azıx sakinlərinin odla tanış olduğunu göstərir. Ocaq birbaşa
girişdə yox, qapıdan 20-25 m uzaqlıqda cənub divarı yaxınlığında qurulmuşdur.
O dövrdə Azıx mağarasını əhatə edən bitki örtüyü də fərqli olmuşdur.
Flora qalıqlarının tədqiqi Azıx sakinlərinin 60-dan artıq bitki növündən istifadə
etdiyini göstərir. Başlıca ağac cinsləri çinar, küknar, qızılağac, palıd, tozağacı,
göyrüş, cökə, vələs və digərlərindən ibarət olmuşdur. Heyvan və bitki
qalıqlarının öyrənilməsi Azıx mağarasındakı altıncı təbəqənin Bakı dövrünə aid
olduğunu deməyə əsas verir. Paleomaqnit ölçmələr isə bu təbəqənin Bryunes
dövrünə, erkən Pleystocen, yaxud Tiraspol
kompleksinin erkən inkişaf
mərhələsinə aid olduğunu təsdiq edir. Bu isə təqribən 730 min il bundan əvvələ
uyğun gəlir.
13
Şəkil 6. Azıx mağarası. Qədim Aşel mədəniyyətinin əmək alətləri
Altıncı təbəqənin üzərini örtən beşinci Orta Aşel təbəqəsi litoloji tərkibinə,
rənginə, qalınlığına və arxeoloji materialın tərkibinə görə Erkən Aşel
təbəqəsindən fərqlənir. Bu təbəqədən daş məmulatı, qədim insanın çənə
sümüyünün parçası, ocaq qalıqları, daş hörgü və s. aşkar olunmuşdur. Daş
məmulatı Erkən Aşel təbəqəsinə nisbətən 5-6 dəfə azdır. Tədqiqatçılar daş
alətlərin az tapılmasını Orta Aşeldə havaların istiləşməsi və rütubətli iqlim şəraiti
ilə bağlayırlar. Erkən Aşel dövrü ilə müqayisədə bu dövrdə aşağı keyfiyyətli daş
cinslərindən istifadə edilməmişdir. Daş alətlərin hazırlanmasında felzit, çaxmaq
daşı, bazalt, çaxmaqdaşlı əhəngdaşı, bəzən isə xalsedondan istifadə edilmişdir.
Əmək
alətləri çopper, çoppinq, əl çapacağı, ərsin və itiuclularla təmsil
olunmuşdur. Əmək alətləri ilə bərabər qəlpələr, parçalanmış və bütöv təbii çay
daşları da əldə edilmişdir. Beşinci təbəqənin alt qatlarından aşkar olunmuş əmək
alətləri ümumi əlamətlərinə görə altıncı təbəqənin alətlərindən fərqlənmir, üst
14
qatlardan aşkar olunmuş alətlər isə xeyli təkmildir. Bu fərqlər fauna qalıqlarında
da özünü göstərir. Beşinci təbəqənin üst qatlarının fauna qalıqları Tiraspol
kompleksindən fərqlənərək Sinqil kompleksi ilə oxşarlıq təşkil edir. Мüxtəlif
landşaftlarda yaşayan heyvanların qalıqlarının aşkar edilməsi Orta Aşel
dövründə havaların istiləşdiyini göstərir. Orta Aşel
Azərbaycanda Мindel-Ris
buzlaşmaları arasındakı dövrə uyğundur. Bu təbəqədən 35 növ heyvana aid fauna
qalıqları aşkar edilmişdir. Onlar arasında nəcib maral, cüyür, qaban, porsuq, at,
eşşək, uzunbuynuz maral, sayqak və digər heyvanların qalıqları vardır.
Şəkil 7. Orta Aşel mədəniyyətinin əmək alətləri
1968-ci ildə beşinci təbəqədən qədim insana aid alt çənə sümüyünün
tapılması Aşel insanlarının fiziki quruluşu haqqında
müəyyən fikir yürütməyə
imkan vermişdir. Onunla birlikdə Orta Pleystocen dövrünə aid Aşel alətləri və
xeyli miqdarda fauna qalıqları aşkar edilmişdir. Bu, keçmiş SSRİ ərazisində ən
qədim paleoantropoloji tapıntı idi. Azıx adamının indiyədək dünyanın müxtəlif
Paleolit düşərgələrindən tapılmış insan qalıqları ilə müqayisəli araşdırılması onun
preneandertal tipinə aid olduğunu göstərir. Bu aşkar olunan fauna qalıqlarının
geoloji dövrü və Aşel tipli daş alətlərin dövrü ilə tamamilə uyğundur.
Azıxantropun çənə parçasına əsasən demək olar ki, Aşel mədəniyyətinin
daşıyıcıları öz fiziki tipinə görə Fransanın cənubunda yaşayan preneandertallarla
15
bənzər olmuşdur. Azıxantropun yaşadığı dövrdə Sinantrop və Heydelberq tipli
insanlar yayılmışdır.
Tədqiqatlar zamanı aşkar olunan ocaq qalıqları Aşel insanlarının odla tanış
olduğunu və ondan istifadə etdiyini təsdiq edir. Ocaqların olduqca yaxşı
saxlanması toplanan yanacaq materialı haqqında
da müəyyən təsəvvür əldə
etməyə imkan verir. Ocaqların biri, yuxarıda qeyd edildiyi kimi, altıncı təbəqədə,
qalanları isə beşinci təbəqədə aşkar olunmuşdur. Beşinci təbəqənin ikinci layında
yerləşən üçüncü ocağın sahəsi xüsusilə böyük olub 10 kv.m-dir. Vaxtilə
mağarada olan bulağın ətrafında yerləşən ocaq bir neçə dəfə yerini dəyişdiyindən
kül qalıqları böyük sahəyə yayılmışdır. Kül təbəqəsinin altından mağara ayısının
alt və üst çənə sümüyü, digər heyvanlara aid sümüklərin qalıqları aşkar
edilmişdir. Bu sümüklər odun təsirindən qızarmışdı. Dördüncü ocaq üçüncünün
əks tərəfində, mağaranın şimal divarı yaxınlığında aşkar olunmuşdur.
Burada
həmçinin qədim evin təməlinin qalıqları aşkar edilmişdir. Beşinci ocağın dibi
əhəngdaşı lövhələri, ətrafı isə qaya daşları ilə döşənmişdi. Onun sahəsi 50 x 50
sm olmuşdur.
1971-ci ildə aparılan araşdırmalar zamanı ikinci ocağın səviyyəsində
gizlin guşə aşkar olunmuşdur. Buraya mağara ayısının kəllələri qoyulmuşdu.
Ocaq üçün xüsusi yer seçilməsi, onun yaxınlığında bulağın olması, ayı kəllələri
qoyulan gizlin guşənin mövcudluğu göstərir ki, bu ocaqlar Aşel adamlarının
həyatında mühüm rol oynamış, ehtimal ki, müəyyən mənada sitayiş xarakteri
daşımışdır. Мağaranın birinci zalı qədim insanlar üçün yalnız mənzil rolunu
oynamamış, həmçinin müqəddəs və ritual yer olmuşdur.
Odun əhəmiyyətini
görən insan ona böyük önəm vermiş və sitayiş etmişdir.
Paleolit təbəqələrində, xüsusilə Aşeləqədərki və Erkən Aşel düşərgələrin-
də ocaq izlərinə az rastlanmışdır. Aşel dövrünə aid abidələrdə ocaqlara indiyədək
Çjoukoudyan, Terra-Amata, Lazar, Verteşeelleş və Azıxda rastlanmışdır.
Tədqiqatçılar ocaqların meydana gəlməsini ovçuluq təsərrüfatı ilə bağlayırlar.
Lakin araşdırmalar göstərir ki, ocaqlar yalnız yemək hazırlanması üçün deyil,
mənzilin istidilməsi üçün də istifadə edilmişdir. Ocaqların müxtəlif səviyyələrdə,
lakin müəyyən sahədə aşkar olunması göstərir ki, daşın emalı mağaranın
girişində, yaşayış sahəsi
isə bir qədər içəridə, ocaqların ətrafında olmuşdur. Azıx
mağarasında yaşayış sahəsi kimi istifadə olunan hissə daş hörgü ilə mağaranın
digər sahəsindən ayrılmışdır. Bu onu göstərir ki, Aşel insanları müəyyən
dövrlərdə hava şəraiti ilə bağlı olaraq istini qoruyub saxlamağa ehtiyac hiss
etmişlər. Daş hörgü müəyyən hissədə kəsilmiş və hörgünün davamı kimi maral
buynuzları düzülmüşdür. Onlar bəzən bir-biri ilə üzbəüz yerləşdirilmişdir.
Ehtimal ki, maral buynuzlarından ritual məqsədlə istifadə edilmişdir.
Tədqiqatlara əsaslanaraq demək olar ki, Aşel dövründə insanlar süni tikintilərdən
istifadə etməklə bərabər, süni od almağı da bacarmışlar.
Azıx mağarasının Aşel təbəqəsindən aşkar olunan arxeoloji tapıntılar o
dövrdə yaşayan insanların mənəvi dünyası haqqında da müəyyən fikir deməyə