Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   2   3   4   5   6   7   8   9   ...   101

 
 
11
Məhəmməd qoşdu bu dastanı deyim». Və yaxud da «Qaçaq İsa-
xan»  oxuyuruq:  «Dünyagörmüş  nənə-babalardan  çox  şey  götü-
rən,  bu  dastanı  yaradan  Zahid  Ələmpaşalı  illər  uzunu  zamanın 
çirkin  əməlləri  ilə  barışmadı,  öz  elinin-obasının  şənliklərində 
sevinib, yaslarında qəm çəkdi». Onu da əlavə edək ki, bu dastan-
lardakı  hadisələrin,  eləcə  də  qaçaq  hərəkatı  ilə  bağlı  olan  digər 
dastanların  hamısı  bu  və  ya  digər  dərəcədə  çarizmə,  sovetlər 
dönəmininin  ilkin  onilliklərində  baş  verənlərə  bağlanır.  Həmin 
zamanın  hadisəsi  kimi  dastanlaşır.  Və  dastan  ənənəsində  daha 
yaxın  zamanın  nümunələri  kimi  maraqlı  qənaətlərə  gəlməyə 
imkan yaradır.  
Burada  digər  məsələ  bizim  dünya  şöhrətli  «Koroğlu»  das-
tanımızla bağlı olanlardı. Belə ki, kitabda «Koroğlu» dastanının 
«Ağcaquzu  qolu»  verilmişdir.  Və  xüsusi  olaraq  vurğulanır  ki, 
«Aşıq  Aslan  Kosalının  ifasında üçüncü  variant».  Son dövrlərdə 
«Koroğlu» dastanı  ilə  bağlı  müxtəlif  səpkili  müsbət işlər görül-
mədədi.  Ancaq  bu  dastanla  əlaqədər  görülənlərin  sırasında  bir 
sıra  uğursuzluqlarla  səciyyələnən  işlər  də  var.  Necə  gəldi 
«Koroğlu»  adına  yozumlar,  təhlillər,  şərhlər  aparılır.  Bir  növ 
bunların mühüm bir hissəsi onun sarsıdılması, xalqın yaddaşında 
olanların  zədələnməsi,  sıradan  çıxarılması  məqsədi  daşıyır.  Bir 
qədər  dərinə  getdikdə  mənəvi  dəyərlərin  sındırılması  tendensi-
yasını  da  ortaya  qoyur.  Ancaq  unutmaq  olmaz  ki,  «Koroğlu» 
Azərbaycan  xalqının  şah  əsəridir.  Ondakı  hər  bir  epizod,  mətn, 
şeir  nümunələri  xalqın ürəyinin parçalarıdır.  Qiyməti  heç  nə  ilə 
ödənilməyənlərdi.  Folklorşünas  E.Məmmədli  müxtəlif  illərdə 
Borçalı  mahalının  ustad  sənətkarı  Aşıq  Aslan  Kosalıdan  «Kor-
oğlu dastanının Ağcaquzu qolu»nu yazıya alması təqdirəlayiqdir 
və bu tip işlər foklorşünaslıqda son dövrün ən uğurlu hadisəsidi. 
Və  belə  yazıya  almalara  bir  tarix  kimi  böyük  ehtiyacımız  var. 
Bunun dəyəri isə sabahlar üçün daha böyükdü.  
Kitabda  verilən  dastanların  mühüm  bir  hissəsi  məhəbbət 
dastanlarıdı.  «Cahangir-Mələksima»,  «İsmayıl  və  Qızyetər», 


 
 
12
«Yetim oğlu Məhəmməd», «Qul Əhməd», «Zərqam şah», «Piri-
Hürü»,  “Səlim  bəy”,  “Mehdi  bəy”,  «Sam  Şahzadə»  dastan 
ənənəsində  bizim  zəngin  şifahi  yaradıcılığımızı  bir  qədər  də 
zənginləşdirmişdi.  Onu  da  etiraf  edək  ki,  bu  dastanlar  mükəm-
məllik  baxımından  klassik  dastan  nümunələri  ilə  birləşir.  Bura-
dakı epik təhkiyyə, şeirlərin mükəmməlliyi, yüksək sənət nümu-
nəsi kimi  maraq doğurması,  dastan  formullarına  əməl olunması 
və  s.  məsələlər  aşıq  repertuarında  hələ  diqqət  yetirilməli  çox 
məsələlərin olmasını göstərir. Maraqlıdı ki, bu dastanların böyük 
əksəriyyətində  hadisələrin  başlanması  uzaq  şəhərlərlə  bağlanır. 
Qəhrəmanın  başına  gələnlər,  qarşılaşdıqları  çətinliklər,  baş 
verənlər  axıra  qədər  təhkiyə  hadisəsi  olmaqla  bitmir.  Açılmalı 
olanlar  bir  istiqamətdə  bunların  mahiyyəti  ilə  bağlananlardı. 
Rellıqlara  nə  dərəcədə  gedib  çıxması  hadisəsidi.  Çünki  bunlar 
bütünlükdə  bədii  düşüncənin  məhsulu  olmadan  əlavə,  xalqın 
tarixinə, keçmişinə bağlanmalarla da səciyyələnə bilər. Məsələn, 
«Cahangir-Mələksima»  dastanında  «Misir  şəhərinin  padşahı 
Ədil  şahın  övladı  olmurdu»,  «Zərqam  şah»  dastanında  «Sizə 
kimdən danışım, nədən söyləyim, Səmənğan şəhərindən və onun 
hökmdarı Xarəzm şahdan», «Sam Şahzadə» dastanında «Keçmiş 
zamanda Qəndilqala şəhərində ədalətli bir şah varmış. Bu şahın 
adına  Tərkiman  deyirlərmiş»  başlanğıcları  bir  formul  kimi 
özündə  heç  şübhəsiz  maraqlı  gizlinləri  ehtiva  edir.  Və  onu  da 
əlavə edək ki, bütünlükdə təsadüfi fakt kimi dastanlarımıza gəlib 
düşməmişdi.  Çünki  bu  dastanların  mühüm  bir  hissəsində  məhz 
toplandığı  regionla  bağlanmalar  da  var.  Məsələn,  «İsmayıl  və 
Qızyetər»  dastanında  «Sizə  hardan  söhbət  eliyək,  kimdən  söz 
açax,  keçənnərdə  Borçalı  mahalının  Faxralı  şenliyində  yaşayan 
İsmayıl  Oruc  oğlunnan».  Və  yaxud  da  «Piri-Hürü»  dastanında 
oxuyuruq:  «Ustadlar  belə  nağıl  eliyirlər  ki,  bir  vaxt  Gürcüstan 
diyarının  adı  «Başaçıx  olub».  Bütün  bunlar  və  bu  kimi  faktlar 
dastan  ənənəsini,  eləcə  də  məhəbbət  dastanlarımızda  yaşanan 
gizlinləri açmağa, haqqında bizləri düşünməyə səsləyir. Və daha 


 
 
13
ciddi  araşdırmaları  aktuallaşdırır.  Folklorşünas  E.Məmmədlinin 
topladığı dastanlar da bütün komponentləri ilə bunu gərəkli edir. 
Dastanların sonunda  verilən  informasiyalar göstərir ki,  E.Məm-
mədli uzun illərdi bu toplama işi ilə məşğul olmuşdu. Və onların 
bir  regiondan  –  Borçalıdan  toplanması  digər  regionlarda  da 
toplama  işinin  zəruriliyini  ortaya  qoyur.  Folklorşünaslığın  bu 
istiqəmətdə  düşünməsini  aktuallaşdırır.  Tiflis  məlum  olduğu 
kimi,  Qafqazın  mədəniyyət  mərkəzlərindən  olubdu.  On  doqqu-
zuncu  əsrdə  demək  olar  Tiflis  ədəbi,  mədəni  mühiti  Qafqazın 
düşünən beyni  idi.  Bu  məsələnin  bir tərəfidir  və  bu  istiqamətdə 
də  kifayət  qədər tədqiqatlar  aparılıbdı.  Ancaq  folklor  mühitinin 
öyrənilməsi sahəsində nə qədər işlər görülsə də E.Məmmədlinin 
bu  toplusu  hələ  görülməli  çox  işlərin  olmasından  xəbər  verir. 
Birmənalı olaraq etiraf edək ki, Borçalı türk xalqlarının ruhunun 
dolaşdığı,  mənəvi  dəyərlərinin  daha  çox  qorunduğu  ocaqlar-
dandı. Bu dəyərlər içərisində sazın yeri əlahiddəlikdi. Xalq min 
illikləri  sazla,  nəğməylə,  sözlə,  qara  zurnanın  sədaları  altında 
gəlmişdi.  Bir  növ  ilhamını  ondan  almışdı,  sevincini,  kədərini 
onunla ovundurmuşdu. Məclislərinin bəzəyinə çevrilmişdi. Xalq 
şairimiz O.Sarıvəlli «aşıq eldən alar öz nəfəsini» söyləyirdi. Elə 
Borçalı mühitinin ustadları da,  folklorşünas, aşıq yaradıcılığının 
bilicisi  Elxan  Məmmədli  də  öz  nəfəsini  eldən  almışdı.  Keçən 
əsrin  səksəninci  illərindən  bəri  ustadların  dilindən  yazıya 
aldıqlarını,  eldən  topladıqlarını  bu  gün  təzədən  kitab  kimi 
bağlayıb elə qaytarır. Fikrimizcə, el sevgisi, elə sevgi budur. 
 
Mahmud ALLAHMANLI  
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə