Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

 
202 
YUSİF  ZİNDANDAKILARA  XEYİRXAHLIQ 
GÖSTƏRİR,  ONLARIN  YUXUSUNU  YOZUR
ZİNDANDAN  APARILAN  İKİ  NƏFƏRƏ 
SİFARİŞ  VERİR,  ONLAR İSƏ BU  
SİFARİŞİ  UNUDUR 
 
Anadan doğulsa xoşbəxt bir nəfər, 
Səadət günəşi zülməti silər. 
Getsə tikanlığa dönər gülşənə, 
Gül ətri yayılar bağa, çəmənə. 
Keçsə bulud kimi susuz səhradan, 
Bəxtindən o səhra olar gülüstan. 
Düşsə külək kimi bağa güzarı, 
Hər gül çıraq olub bəzər gülzarı. 
Zindana düşsə də, könlü olar şad. 
Qılar məhbusları qüssədən azad. 
Oldu məhbusların gözündə zindan – 
Görüncə Yusifi, bir şən gülüstan. 
Onun sayəsində hamı şad oldu. 
Məhbuslar könlünə qüssə yad oldu. 
Zəncir boyunlarda iqbala döndü, 
Gündə ayaqlarda xalxala döndü. 
Bir məhbus yatağa düşsəydi əgər, 
Xəstəlik etsəydi onu xuncigər, 
Yusif oturan tək yatağı üstə, 
Dərhal sağalardı, durardı xəstə. 
Birinin narahat olsaydı yeri, 
Dadına çatardı onun tədbiri. 
Təsəlli verərdi açıq üz ilə, 
Dar zindan dönərdi geniş mənzilə. 
Bir fəqir olsaydı çörək möhtacı, 
Şirin ruzigarı keçsəydi acı, 
Varlılardan alıb qızıl bir açar
Darlıq qıfılını açardı naçar. 
 
203 
Dolaşıq yuxular görüb bir nəfər. 
Xəyal girdabına düşsəydi əgər, 
Yusif o yuxunu təbir edərdi, 
Məhbusu girdabdan geri çəkərdi. 
Şaha yaxın olan iki bəxtəvər, 
Saray xəlvətindən düşüb dərbədər. 
Zindanda Yusiflə həmdəm olmuşdu, 
Dərdinə, qəminə məhrəm olmuşdu. 
Bir gecə hərəsi gördü bir yuxu, 
Düşdü canlarına iztirab, qorxu. 
Bir yuxu verirdi müjdə nəcatdan, 
Bir yuxu deyirdi əl üz həyatdan. 
Yuxunu yozmaqdan aciz qalaraq, 
Onlar canlarını üzürdü ancaq. 
Elə ki Yusifə açdılar söhbət, 
Yozdu yuxuları sahibi-hikmət. 
Birini aparıb dara çəkdilər 
Biri şah yanında oldu mötəbər. 
Şahın hüzuruna gedən cavana, 
İzzətə, hörmətə yetən cavana, 
Yusif söylədi ki, ey nəcib insan, 
Şah ilə oturub durduğun zaman, 
Onun hüzurunda edəndə söhbət, 
Deyib danışmağa tapanda fürsət, 
Unutma, məni sal şahın yadına, 
Bu yaxşılıq çatar hər imdadına. 
Söylə ki, zindanda vardır bir qərib
Şahın ehsanından qalmış binəsib. 
Qoyma günahsıza etsinlər cəfa, 
Ədalət bu zülmü görməmiş rəva! 
O cavan, şah ilə həmməclis oldu, 
Qədəhi etibar meyiylə doldu. 
Yusifin sözünü çıxartdı yaddan, 
Keçdi neçə illər bu əhvalatdan. 


 
204 
Bəlalı zindanda necə bir məhbus, 
Yusif otururdu nəcatdan məyus! 
Bəli, hər o kəs ki, allahı sevər, 
Məşuqlar bəzminə o ziynət verər! 
Rahatlıq yolunu bağlar üzünə, 
Kimsədən gözləməz nəcat özünə! 
Göz dikər özünə hər kəsdən əvvəl, 
Açmaz bir kimsəyə yardım üçün əl! 
Tutsa ətəyindən bir kəsin əgər, 
Onu öz torunun əsiri edər! 
 
205 
MİSİR  PADŞAHI  GÖRDÜYÜ  YUXUNU  YOZMAQ 
ÜÇÜN  YUSİFİ  YANINA  ÇAĞIRIR  VƏ  ONUNLA 
MİSİR  ARVADLARI  ARASINDA  BAŞ  VERƏN 
MACƏRANI  YOXLAMAĞA  BAŞLAYIR 
 
Dünyada açarsız bir çox qıfıl var, 
Nə qədər axtarsan, tapmazsan açar. 
Düyünə düşəndə alimin işi, 
Fikri səmər verməz, artar təşvişi. 
Köməyinə çatmaz bir qüdrətli əl, 
Düyünü açmaqda qalar məəttəl. 
Bu zaman qeyb əli gətirər açar, 
Nəcat qapısını üzünə açar. 
Boş çıxdı Yusifin bütün felləri
Qırıldı qurduğu tədbir telləri, 
Yalnız bir allaha gətirdi pənah, 
Darda qalanlara arxadır allah! 
Bütün varlığını Yusif unutdu, 
Kərəm ətəyindən xaliqin tutdu. 
Misrin hökmdarı o ağıllı şah, 
Yeddi öküz gördü yuxuda nagah. 
Hamısı kök idi, hamısı şişman, 
Biri digərindən gözəl və cavan. 
Yeddi başqa öküz göründü bu dəm, 
Arıqlıqda sanki bir qamış qələm. 
Arıqlar köklərə hücum etdilər, 
Onları ot kimi yeyib getdilər. 
Yeddi yaşıl sünbül göründü bu an, 
Könül qüvvət aldı, göz işıq ondan. 
Yeddi quru sünbül onları tutdu, 
Şirəsini sorub, tamam qurutdu. 
Oyandı padişah yuxudan səhər, 
Dedi, yuxusunu yozsun alimlər. 
Dedilər, belə bir yuxu mahaldır, 


 
206 
Mənbəyi puç fikir, yersiz xəyaldır! 
Belə bir yuxunu yozmaq yaramaz, 
Əlac unutmaqdır, düşünsən bir az. 
O cavan Yusifi yadına saldı, 
Sirrinin üstündən pərdəni aldı. 
Dedi, zindanda var gözəl bir oğlan
Hər kəsin müşkülü həll olar ondan, 
Huşyardır,  hər cürə yuxunu yozar, 
Ancaq o, dənizdə incini tapar. 
İzin ver, bu sirri açaraq ona, 
Deyim, təbir desin şah yuxusuna. 
Dedi: – İcazəyə yoxdur ehtiyac, 
Kora iki gözdür ən yaxşı əlac. 
Mənim ağıl gözüm kordur o gündən 
Ki, belə bir sirri açmayıram mən. 
Yol alıb zindana getdi o cavan, 
Yusifə danışdı şah yuxusundan, 
Yusif ona dedi: – Öküzlə sünbül, 
Özü öz halının şahididir, bil! 
O arıq öküzlər, quru sünbüllər
Deyir ki, gələcək çox ağır illər. 
Əvvəlcə yeddi il yağış yağacaq, 
Torpaqdan bolluca məhsul doğacaq, 
Nazü-nemət ilə dolacaq aləm, 
Yeddi ilsə, qıtlıq olacaq aləm. 
Bütün nemətləri insan yeyəcək, 
Xalqlar ac qalaraq qara geyəcək. 
Yağış yağmayacaq qara buluddan, 
Çöldə olmayacaq nişanə otdan. 
Varlılar işrətdən əl çəkəcəklər, 
Yoxsullar aclıqdan can verəcəklər. 
Yusifdən bu sözü o şəxs eşitdi, 
Ədalətli şahın yanına getdi. 
Yusifin tökdüyü təbiri bilcək, 
 
207 
Açıldı sultanın qəlbi qönçə tək. 
Dedi: – Dur, özünü zindana yetir! 
Yusifin özünü buraya gətir! 
Elçi deyən sözlər olsa da şəkər
Daha xoşdur, özü söyləsə əgər! 
Bir söz ki deyəcək dilbərin özü, 
Niyə bir başqası desin o sözü? 
Təzədən o cavan zindana vardı, 
O nadir gövhərə müjdə apardı, 
Dedi: – Ey behiştin sərvi, tez ol, dur! 
Yürü, şah bağında yeni büsat qur! 
Yürü, camalınla o bağı bəzə, 
Güllər gül üzünə açsın tərtəzə! 
Dedi: – Mən bəs necə sevim o şahı 
Ki, o mənim kimi bir bigünahı, 
Zindanda qılmışdır illərlə məhbus? 
Onun kərəmindən olmuşam məyus! 
Şah əgər istəyir bu qəm evindən 
Qurtarım, əmr etsin mərhəmətindən, 
İlk dəfə üzümü görən gözəllər 
Ki, heyran qalaraq doğramış əllər, 
Yığışıb gəlsinlər hamı bir yerə, 
İşim aydın olsun mənim bir kərə. 
Desinlər, nə günah gördülər məndən, 
Nə üçün zindana salınmışam mən? 
Şah bilsin, nə sirrim var ürəyimdə, 
Xəyanət ləkəsi yox ətəyimdə. 
Xəyanət sayılır ən böyük günah
Xayinə həmişə düşməndir allah! 
Namusa xəyanət etməmişəm mən, 
Başım bəla çəkib sədaqətimdən. 
Məncə, lağım atıb, xəznə talayan, 
Yaxşıdır, namusa əl uzadandan. 
Elə ki, şah oldu işdən xəbərdar, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə