66
A l m a z. Ana, mənə elə gəlir ki, evin yanından sürüşən o kölgə bizim
otağımızdan çıxdı.
X a n ı m n a z. Yox, a balam, yoldan keçən olar. Mən heç görmədim də. Bir
də, ay balam, ola da bilər. Vallah, gecələr qorxudan gözümə yuxu getmir, kənd
içində min cür sözlər danışırlar. Daha gəlib sənə demirəm ki, qorxarsan.
A l m a z. Necə yəni qorxarsan? Nədən qorxacağam?
X a n ı m n a z. Ay balam, kənd içində hansı evə girirsən, hansı tayanın yanına
gedirsən, hamı sənin sözünü danışır, hərəsi bir söz deyir. Çənə-boğaz döyüşürlər.
Biri deyir: arvadları yoldan çıxardır. Biri deyir: kişiləri yoldan çıxardır. Qorxuram,
ayağının altını qazıyalar. Qulluqdan çıxardarlar səni, yenə qalarıq əvvəlki kimi elə-
belə. O, cəhənnəmə, ay balam, gerisindən qorxuram. Keçən il, deyir, buraya bir
aqronom gəlib çıxmışdı, bilmirəm nə deyir, nə demir, bir gecədə elə itirirlər ki,
indiyə kimi meyiti də tapılmır.
A l m a z. Kim?
X a n ı m n a z. Kim bilir. Sən bu şərbəşaran işlərə qoşulma. Necə Mirzə
Səməndər, sən də elə. Dərsini de, Allahına şükür elə. Onacigəzə bir söz yoxdur.
Başqa şeylər nəyinə lazım. Aşından ki, yeməyəcəksən, tüstüsündən niyə kor
olasan?
A l m a z. Ay ana, axı bu şərbəşaran iş sən nəyə deyirsən?
X a n ı m n a z. Budur, elə bu gördüyün işlər! Bu gün yenə bulaq başında
danışırdılar ki, bu günkü yığıncaqda Almaz Allahdan danışacaqdır ki, Allah
olmasın.
A l m a z. Sən, ana, heç qorxma. Mənim təkliflərim kəndlilərin öz xeyri
üçündür. Sən bəs bu gün bulaq başında görəydin, məni lap əldə gəzdirmək
istəyirdilər.
X a n ı m n a z. Ay balam, axı Mirzə Səməndər ki, qatışmır, nə olur?
A l m a z. Ay ana, axı bu bizim kəndimizdir, elimizdir. Belə, geridə qalıbdır ey,
geridə. Başa düşdün? Qoy bir mən onları başa salım, sən özün görərsən, əgər
sevinməsələr, mənə hər nə deyirsən, de.
Ş ə r i f ( bir uşaqla gəlir). Yeri, qardaşım, apar bu kağızı ver Baloğlana.
A l m a z. Şərif uşağı əldən saldı.
Ş ə r i f. Eybi yoxdur, canı bərkişər, təki Almaz xanım bizə buyruq buyursun.
Hə, Almaz xanım, yığıncağı təyin etdik. Özünüzü hazırlaşdırın.
67
A l m a z. Mən hazıram.
X a n ı m n a z. Ay balam, qurbanın olum, qorxuram, birdən uşaqcığazıma bir
zəfər toxundurmasınlar.
A l m a z. Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən.
Ş ə r i f. Siz, xala, savsim bespakoys olmayın, mən özüm buradayam. Hər bir
işi subutalni, dakumentalni düzəldərəm.
X a n ı m n a z. Allah atana rəhmət eləsin.
Ş ə r i f. Kəndlinin gərək çəmini biləsən. Çəmini ki, tapdın, vur qapazı başına,
al çörəyi əlindən, qurtardı getdi.
Bu aralıq küçədən gurultu qopur, orta yaşlı b i r k ə n d l i b i r q a d ı n ı n əlindən tutub
sürüyərək və bağıraraq gəlir!
B a l a r z a. Adə, Mirzə Səməndər, Mirzə Səməndər! Bəri gəl, köpək oğlunun
qızı. Mirzə Səməndər!
Ş ə r i f. Nə var, Kərbəlayı Balarza?
B a l a r z a. Bəri gəl görüm. Bu hansı zakunda yazılıbdır?
M i r z ə S ə m ə n d ə r ( bayıra çıxır). O, kimdir məni çağırırdı?
B a l a r z a. Mənəm çağıran, mən! Mən bir bilmək istəyirəm ki,
sizi bu kəndə nə üçün göndəriblər, hə?
M i r z ə S ə m ə n d ə r. Uşaqlara dərs demək üçün.
B a l a r z a. Rəhmət atova. Daha başqa bir işnən ki, rücunuz yoxdur?
M i r z ə S ə m ə n d ə r. Xeyr, əstəğfürullah.
B a l a r z a. Yaxşı, bu hansı zakunda yazılıb ki, əri kolxoz olmasın, arvadı
tovlayıb aparasan, hə? Zıqqıldama, köpək oğlunun qızı, sənin atovun kəllə
pambığını eşib tumanbağı toxutdurmasam, atam Hacı Turabdan xəbərim yoxdur.
M i r z ə S ə m ə n d ə r. Kərbəlayı Balarza, vallah, billah, mənim bu işdən heç
xəbərim yoxdur.
B a l a r z a. Xub, bəs bunu hansı haramzada eləyir? Kəndi çaxnaşdırır bir-
birinə. De görüm, itin balası, səni kim yazdı?
G ü l x a n ı m. Odur, o yazdı. Dedilər çit verəcəklər.
B a l a r z a. Qələt elədi onu deyən atasıynan, anasıynan, cəddəqrəbasıynan!
Ş ə r i f. Kərbəlayı Balarza, nə olub? Axı yaxşı deyil, burada zənən xaylağı var.
Sən bir spakoys ol, mən sənə işin əslini subutalni, dakumentalni danışım.
B a l a r z a. Yox, yox, o mənə desin görüm, hansı zakun ilə arvadı ərindən
ixtiyarsız kolxoz eləyir?
68
A l m a z. Balarza dayı, mən ki, sənin arvadını yaman bir yola aparmıram. Sən
bir yaxşı-yaxşı fikirləş. Bu onun öz faydasıdır. Həm oxuyacaq, həm də qazanca
çatacaqdır.
B a l a r z a. Sən apar qazancı öz rəhmətlik atovun, babovun və cəddi-
əqrəbovun qapısına cala.
X a n ı m n a z. Kərbəlayı Balarza, qurban olum sənə, uşağıma acıqlanma.
M i r z ə S ə m ə n d ə r. Uşağın canı çıxsın, dinc otursun. O gəlib ayran
içməyə, gəlməyib ara açmağa. Hökumət üçün əriştə doğrayır.
B a l a r z a. Mənim arvadıma dil verənin dilini boynunu sapından çıxardaram!
M i r z ə S ə m ə n d ə r. Neçə vaxtdır buradayam, görmüşsən məni belə işlərə
qarışam? Mənim borcum böyüklü-kiçikli hamıya hörmət eləməkdir. Nəyimə gərək
xalqın işinə qarışam. Müəllim babayam, dərsimi deyirəm, Allahıma şükür
eləyirəm.
A l m a z. Siz öz vətəndaşlıq borcunuzu bilmirsiniz.
M i r z ə S ə m ə n d ə r. A kişi, sən də çox qozqurtma ha! Sənin kimiləri çox
görmüşük. Vətəndaşlıq borcu. Meymun kimi atdanıb ortalığa, nə var ki, mən iş
bilmişəm.
İ b a d ( gəlir). Sən öləsən, bundan sonra gərək papağımızı basdıraq quma,
özümüz də ləçək bağlayaq. Bir qarış boyu ilə şəhəri əldən salıb, indi də gəlib bura
çıxıb. Dünyayi-aləmi salıb ləxləxəyə (İçəri girərək) Bura bax, burada kim vardır?
O itin qızı buraya gəlmişdir?
A l m a z. Hansı itin qızı?
İ b a d. And olsun Allahın birliyinə, mənim havam gələndə atamı da tanımıram.
Şəhəri əldən salmışsınız, indi də gəlib bizə əl uzadırsınız?
A l m a z. Siz məndən nə istəyirsiniz?
X a n ı m n a z. Ay balam, başına dönüm, danışma, gir evə. O birtəhərdir.
M i r z ə S ə m ə n d ə r. Yox, deməyin, forsuna dəyər.
İ b a d. Mənim qardaşım arvadı bura gəlmişdi, ya yox? Doğrusunu
deyin. Həzrət Abbas haqqı, qan beynimə vuranda, it kimi doğraram
onu.
A l m a z. Siz gedin, onun hara getmiş olduğunu onun özündən soruşun. Bir də,
bura gələndə nə olar?
İ b a d. Qoy buraya sənin kimi qısa tumanlar gəlsinlər. Mən sizdən soruşuram:
o buraya gəlmişdi, ya yox?
A l m a z. Mən bilmirəm.
Dostları ilə paylaş: |