176
lamaq üçün imkan yaradılmalıdır.
Təcrübə göstərir ki, eyni bir qrupun daxilində də
bir sıra hallarda fikir ayrılığı mövcud olur. Belə şagirdlərin dinlənilməsinə xüsusi
qayğı ilə yanaşmaq məqsədəuyğundur. Müzakirənin diskussiya səciyyəli olması,
şagirdlərin öz mülahizələrini əsaslandırmaları, fərqli fikirlərə dözümlü yanaşmaları
diqqət mərkəzində saxlanılır. Müzakirə boyu bələdçilik fəaliyyətini davam etdirən
müəllim fərdi çıxış və dialoqların məzmunlu olmasına, bütövlükdə şagirdlərin
fəaliyyətinə istiqamət verir. Onun əvvəlcədən hazırladığı suallar əsərin bir tam ha-
lında qavranılmasına, tədqiqat sualının aydınlaşdırılmasına əhəmiyyətli dərəcədə
təsir edir. Müəllimin istiqamətləndirici suallarına
nəticənin çıxarılması, ümumi-
ləşdirmənin aparılması mərhələsində də ehtiyac duyulur. Məhz həmin suallar, bu
mərhələyə qədər
yerinə yetirdikləri işlər, eşidib gördükləri, şəxsi təəssüratları şa-
girdlərdə belə bir qənaət möhkəmləndirir ki, hekayədə təsvir olunanlar həyat həqi-
qətləri ilə səsləşir. Körpəsi ilə birlikdə amansız düşmən, xüsusən də erməni yaraqlı-
sının cənginə keçən yaralı ana heç bir nicat yolu tapa bilməz. Erməni yaraqlısından
mərhəmət ummaq mənasızdır. Düşmənə yalvarmağı ağlına da gətirməyən ana öz
taleyi ilə barışmağa məcburdur. Özünü unudan, yaddan çıxaran yaralı ananın
düşüncələrinə yalnız körpəsinin taleyi hakim kəsilir. Özünü və südəmər körpəsini
labüd ölüm gözlədiyini anlayan ana var qüvvəsini toplayıb mənfur düşməndən qi-
sas almaqla, həm də öz ləyaqətini qoruyur.
Çıxarılmış nəticənin tədqiqat sualı və irəli sürülmüş fərziyyələrlə müqayisə
edilməsinə vaxt ayrılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə
verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri
üzrə cədvəllərdən
istifadə məqsədəuyğundur.
Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini
şagirdlərə xatırladır.
177
Mövzu: Qılman İlkin. “İntiqam” – 3 saat
İkinci saat: Təhlil üzrə iş
Standartlar
Təlim nəticələri
1.2.2.
Digər obrazların və müəllifin mühakimələrindən çıxış
etməklə hekayənin qəhrəmanlarını səciyyələndirir.
1.2.3.
Hekayənin təsir gücünün artmasında bədii təsvir və ifadə
vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4.
Hekayənin mövzusunu, ideya-bədii xüsusiyyətlərini şərh
edir, onlara əsaslandırılmış münasibət bildirir.
2.2.1.
Hekayə ilə bağlı müzakirələrdə mövzuya, problemə tənqidi
münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük
nümayiş etdirir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müza-
kirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə me-
yarlarından istifadə etməsi məqsədəuyğundur.
Motivasiya, problemin qoyuluşu. Motivasiyanın yaradılması üçün fərqli
yollardan istifadə etmək mümkündür. Bunlardan biri dərslikdəki “Düşünün”
başlıqlı sual (Müharibə zamanı silahlı düşmənlə qarşılaşan yaralı ana
və südəmər
körpənin beynəlxalq qanunlara görə, hansı hüquqları var?) əsasında diskussiyanın
aparılması ola bilər. Yaxud Qarabağ müharibəsinə həsr edilmiş filmdən kiçik bir
fraqmenti nümayiş etdirməklə müsahibə təşkil etmək, nəticədə tədqiqat sualını for-
malaşdırmaq mümkündür.
Tədqiqat sualı: Hekayəni “İntiqam” adlandırmaqda yazıçının başlıca məqsədi,
sizcə, nə olmuşdur?
Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması
üçün araşdırmaların aparılmasının vacib olduğu xatırladılır.
Tədqiqatın aparılması. Bunu fərqli təlim metodlarının, iş formalarının tətbiqi
ilə təşkil etmək mümkündür. Diskussiya, debat, problemin həlli və s. bu qəbildən-
dir. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın”
mətninə və “Araşdırın.
Fikirləşin. Cavab verin”
tapşırığına müraciət edilməsi məqsədəuyğundur.
Kiçik qruplarda iş formasını seçən müəllim şagirdlərin diqqətini, ilk növbədə,
“Əsərin təhlilinə hazırlaşın” mətninə cəlb edir. Müstəqil oxunun nəticəsi – mətnin
necə qavranıldığı yığcam müsahibə ilə aşkara çıxarıla bilər.
Müsahibə prosesində
mətndəki fikirlərin başa düşülməsi dərinləşdirilir.
“Araşdırın.
Fikirləşin. Cavab verin”
tapşırığındakı suallar (hər qrupa bir sual
ayırmaqla) şagirdlərə təqdim edilir. Tapşırıqların mahiyyəti, tələbləri, istifadə olun-
ması məqbul sayılan metod və iş formaları və s. barədə təlimatlandırma həyata ke-
çirilir. Tapşırıqda obrazların təhlilinə xüsusi diqqət yetirilmişdir. Bu, təsadüfi deyil-
dir. Hekayədəki obrazların təhlili ideyanın müəyyənləşdirilməsində əhəmiyyətli rol
oynayır. Xəzangül obrazı ilə bağlı suala hazırlanan cavablarda qəhrəmanın mətinli-
yi, vəhşiləşmiş düşmən qarşısında ləyaqətini qoruyub saxlaması ön plana çəkilir.
178
Tərk edilmiş kənddəki evində ermənilərin gəlişini vahimə içində gözləyən bu
köməksiz, yaralı qadını, ilk növbədə, körpəsinin taleyi narahat edir.
Hadisələrin
gedişi göstərir ki, bu qorxu əbəs deyilmiş.
Sarkis və Levon surətləri insanlığın düşməni olan müharibə caniləri kimi təhlil
olunur. Yazıçı bu obrazlar vasitəsilə erməni xislətini ustalıqla açıb göstərmişdir.
Onlar qan tökməyə, soyğunçuluğa həris olan, bütün insani sifətlərini itirmiş qatil-
lərdir. Nəticə etibarilə iki xalqı təmsil edən obrazların dünyagörüşü, mənəvi dəyər-
ləri arasında yerlə göy qədər fərq ortaya çıxır.
IX sinif şagirdləri
digər fənlərdən, müxtəlif mənbələrdən Qarabağ müharibəsi
ilə bağlı xeyli təsəvvür qazanmış olurlar. Bu, dərslikdə təklif edilmiş tapşırığın
(“Hekayədə təsvir olunanlar Qarabağ müharibəsinin həqiqətlərini əks etdirir” fikri-
ni doğru saymaq olarmı?”) səmərəli yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.
Məktəb təcrübəsindən məlumdur ki, şagirdlər mənfur qonşularımızın istər mühari-
bə dövründə, istərsə də müharibədən sonra törətdikləri iyrənc əməllər barədə çoxlu
faktla tanışdırlar. Hekayədə təsvir olunanları bildikləri həyati faktlarla müqayisə
edən şagirdlər əsərin reallıqdan qaynaqlandığını əsaslandırmaqda çətinlik çəkmir-
lər.
Məcazla bağlı tapşırıq əsərin bədii məziyyətlərini mətndən konkret nümunələr
gətirməklə aydınlaşdırmağı nəzərdə tutur. Şagirdlər məcazların
işləndiyi cümlələri
məcazsız işlətməklə müşahidə aparır, müqayisə əsasında dəyişikliyin əsərə nə ver-
diyini müəyyənləşdirirlər.
Əsərdəki başlıca fikrin – ideyanın aydınlaşdırılmasını tələb edən növbəti suala
cavabların hazırlanması əvvəlki işlərin hansı səviyyədə yerinə yetirilməsindən,
xüsusən məzmunun necə mənimsənilməsindən asılıdır.
Məlumat mübadiləsi mərhələsində təqdimatların dolğun olması qrupların bir-
birinin işinin nəticələri ilə ətraflı tanış olmalarına imkan yaradır. Müəllim təq-
dimatlarda sözçülüyə yer verilməməsi, faktların, fikirlərin təkrar olunmaması üçün
istiqamətləndirici suallardan istifadə edir. Bu mərhələdə müzakirə açılmasa da,
suallardan geniş istifadə olunur. Bu, qrupların bir-birinin işinin məzmunu ilə daha
ətraflı tanış olmalarına şərait yaradır. Təqdimatların, suallara verilən cavabların
əhatəli olması
müzakirənin səmərəli keçməsini təmin edən mühüm şərtlərdən biri
kimi özünü göstərir. Əvvəlki mərhələdə müşahidə edilən çatışmazlıqlar – birtərəfli,
yanlış mülahizələr, cavablarda pərakəndəlik və s. aradan qaldırılır. Bunların
yerinə
yetirilməsində müəllimin istiqamətləndirici sualları mühüm rol oynayır.
Müzakirədə söylənmiş fikirlər
nəticənin çıxarılması, ümumiləşdirmənin
aparılması mərhələsində ümumi bir ideya halına gətirilir. Şagirdlərdə belə bir
qənaət möhkəmlənir ki, yaralı ana erməni yaraqlısını öldürməklə qətlə yetirilən gü-
nahsız həmvətənlərimizin intiqamını alanlardan biri olur. Hekayə oxuculara belə
bir fikir təlqin edir ki, soydaşlarımızın qanı yerdə qalmayacaq, düşmən layiq oldu-
ğu cəzanı gec-tez alacaq. Yaralı ananın – Xəzangülün və körpəsinin – bu günahsız
qurbanların ruhu, faciəli taleyi də oxucunu intiqama, Vətən yaralarını unutmamağa,
qisasa səsləyir.
Çıxarılmış nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə-
sinə, tədqiqat sualı ilə necə səsləşməsinə ayrıca diqqət yetirilir.