12
Nəbilərin,
allahların,
kralların,
şahların
Ölümünə qərar yazırıq!
Nəbi sözünün peyğəmbər mənası verdiyini o zaman bilirdim, ya
yox – doğrusu bu yadımda deyil. Allahların ölümünə qərar vermək
mənə qəribə gəlirdi, amma o zaman bu məsələni tam hiss etdiyimi də
düşünmürəm. Sən demə nənəm şeiri-səsimi eşidirmiş. Çox pərt ol-
muşdu, “o nədir oxuyursan, Allaha, peyğəmbərə də elə deyərlərmi?”.
Mən şairin kim olduğunu dedim, şairi təriflədim. Nənəm “nə olsun
ki, yaxşı şairdir, özünü-sözünü bilsin, küfr danışmasın, Allahla, pey-
ğəmbərlə işi olmasın” dedi. Mən, əlbəttə o zaman bilməyərəkdən ne-
cə günah işlətdiyimi tam anlamamışdım, etiraf edirəm ki, vəziyyət-
dən necə çıxdığım da tam yadımda deyil. İndi, bu sətirləri yazarkən,
nənəmin o mələk surətindən üzr istəməkdən və “eeh” deyə nəhayətsiz
bir kədərlə içimi çəkməkdən başqa çarəm qalmır.
Sonralar din və onun tarixini öyrənməyə cəhd etdim. Ali mək-
təbdə “elmi ateizm” dərsi də keçdik; əlbəttə ki, bu dərsdən də mənə
qalan din və onun tarixi haqqında fikirlər oldu. Qur`anı oxudum.
Digər dini, tarixi, fəlsəfi fikirlərlə, əsərlərlə tanış oldum. Dəqiq elm-
lərdən fərqli olaraq təsdiq-oluna-bilməyən və təkzib-oluna-bilməyən
ideya və nəzəriyyələrlə rastlaşdım. Bu dərkedilməzliyin fəlsəfədə
araşdırma mövzusu olduğunu bildim (İ. Kant) və bu problem üzrə
formal (riyazi) məntiqdə alınmış məşhur natamamlıq teoremləri ilə
tanış oldum (K. Gödel). Bir elm adamı, riyaziyyatçı və təbiətşünas
kimi, tarix və mənəviyyat fəlsəfəsini dərk etmək istəyən bir insan
kimi öz mövqeyim əmələ gəldi. Vətən, dil və mədəniyyətlə yanaşı
dinin də kimliyimizi müəyyən edən mühüm ünsür olduğunu anladım,
dini öz şəxsimdə sitayiş və ibadətlə deyil, kimlik və mədəniyyətlə
bağlı gördüm.
٭ ٭ ٭
13
Dinin əsasında müşahidə-edilə-bilməyən fövqəlgüclərə sitayiş
dayanır. Din öz prinsipləri, ənənəsi, mənəvi dəyərləri (yaxşı və pis,
xeyir və şər), müqəddəsləri olan inanc və ibadət sistemidir. Din kai-
nat, həyat, ölüm, yaradılış, ölümdənsonrakı həyat haqqında, əxlaq,
davranış və yaşayış normaları haqqında təsəvvürlər küllisidir. Mü-
qəddəslik və ilahilik dinin mühüm atributlarıdır, onlar din kənarında
az gözə çarpan, özünə xüsusi yer tapmayan cazibə qüvvələridir. Di-
nin yaranmasında və ilkin yayılmasında başqalarını ilhamlandıra,
ruhlandıra, arxasınca apara bilən, böyük təsir gücünə və müstəsna
keyfiyyətlərə malik xarizmatik rəhbərlər - peyğəmbər və onun layiqli
davamçıları əsas rol oynayır.
Yaxşı və pis nədir, onu kim müəyyən edir? Allahın nəyi yaxşı,
nəyi pis saydığı barədə müqəddəs kitablar söz deyir. Təəssüf ki, təş-
kilatlanmış dinin öz içində xeyir və mərhəmətin işə keçmədiyi, güc-
süz qaldığı hallar da çoxdur. Dildə sülhə və sevgiyə çağıran dinin ta-
rixində çox zorakılıqlar olmuşdur, elə müqəddəs dini kitabların özləri
də zorakılığı tam inkar etmirlər. Din tarixində dinlərarası savaşlar və
münaqişələrlə yanaşı qardaşın qardaşla qarşıdurması da az deyil. 16-
cı əsrdə Fransa və digər yerlərdə protestant-katolik, Bağdad xilafəti
dövründə (və təəssüf ki, bu gün də arası kəsilməmiş) şiə-sünni qarşı-
durması günahsız qanlar axmasına, böyük qırğınlara səbəb olub.
Yaxın zamanlara nəzər salsaq, M. Qandini, Ənvər Sadatı, Yitzhak
Rabini öz dindaşlarının qətlə yetirdiyi yada düşür.
Dini baxışlara görə əməllərində nisbətən azad olan insan öz
azadlığı zamanı sanki təkəbbürlü və özünüsevər olub, Allahı bir qə-
dər unudub günaha bata bilir. Allah bu nöqsanlarına görə insana və
ya günah işlətmiş bütöv xalqa müxtəlif şəkildə bəla göndərib cəza ve-
rə bilər. İnsan düşünməli, doğru yola qayıtmalıdır, bu halda o, bağış-
lanmaq ümidi ilə yaşaya bilər. İnsan birinci həyatı hesab olunan ana
bətnində günah işlətmək iqtidarında deyil. Deməli insanın əməlləri
onun ikinci, yəni fiziki həyatında baş verir, bu əməllərin əsil qiymə-
tini isə o, fiziki ölümdən sonrakı keçid dövrü (?!) bitdikdən sonra -
qiyamət günündə alacaq. Yəni insan öz azadlığından necə istifadə et-
diyinə görə axirətdə cavab verməli olacaq, əsl mükafatını və ya cəza-
14
sını alacaq. Hər halda, ölümsüzlük varsa, o, ölümdən sonra başlayır.
Insan öz əməlləri ilə tək həzzi, bu dünyadakı şöhrəti təmin etmir, sü-
rəkliliyi, ölümdən sonrakı həyatı da hazırlayır.
İnsan ölür. Deməli
Qalsa qalır əməli
Və əməldən hörülür
Dünyamızın təməli.
Din vəhyə, mütləq inanca və etiqada, “mənim sahəm, mənim
meydanım” olan təbiət elmləri isə müşahidəyə, təcrübəyə, ölçüyə,
məntiqə, rasional düşüncəyə, şübhəyə, sübuta əsaslanır. Dinə və in-
san təbiətinə, duyğular aləminə xas olan irrasionallığı da rasional dü-
şüncə ilə dərk etməyə çalışırıq. Ayrı yol hələ icad olunmayıb! Tamlıq
və bütövlük üçün rasionalla irrasionalın, məhdud olanla nəhayətsiz
olanın, sonlu ilə sonsuzun, müəyyən olanla qeyri-müəyyənliyin bir-
liyi zəruridir. Ruhi və cismani vəhdətin nəticəsidir həyat! Mahiyyətcə
subyektiv olana və ya subyektivizmi çox yüksək olana, bu halda irra-
sionala rasionalın, idrakın cığırları ilə yaxınlaşırıq. Yollar, cığırlar
çoxdur, irrasionalın istənilən qədər yaxınlığında sonsuz miqdarda ra-
sional olan var. Bu da öz növbəsində hər hansı ölçüsüzlüyün, irrasio-
nallığın və sonsuzluğun birqiymətli şəkildə dəyərləndirilməsini, ob-
yektiv tam anlaşılmasını mümkünsüz edir. Yaradılış, başlanğıc kimi
məsələlər idrakı zora salır. Nədir başlanğıc? Başlanğıcdan əvvəl nə
olub? – ağıllı da, dəli də bu sualları verəcək...
Başlanğıc olubsa, söylə, o nədir,
Öncə kainatdır, ya düşüncədir?
Məhdud ağlımızla əbədiyyəti
Dərk edə bilmirik, iş çox incədir.
Rasional yolla müşahidə-oluna-bilməyən fövqəlqüdrətə sitayiş
üzərində kök atan və vəhylə gəlmiş sayılan dinin bir çox təməl müd-
dəalarını rasional düşüncə ilə dərk etmək cəhdi ciddi problemlərlə
Dostları ilə paylaş: |