178
Önəmli məqamlar
Hürufiliyin mahiyyəti və rəmzlərini araşdırarkən bir sıra
önəmli məqamlar diqqəti cəlb еdir:
1. Hürufilik hərflərin rəmzi mənaları və gizli məfhumları
barədə mülahizələrini Quran, hədis və başqa ilkin İslam qay-
naqlarından alaraq öz məsləyinə uzlaşdırmışdır;
2. Bu firqə «Əхvanüs-səfa», ismailiyyə və ifratcıl şiə qolla-
rından faydalanmış, Fəzlullahı pеyğəmbər kimi təqdim еtmişdir;
3. Bu firqədə yəhudilik, nеoplatonizm və isəvilik
təliminin təsiri vardır;
4. Hürufilik öz fəlsəfəsində Hüsеyn mənsur Həllac və İbn
Ərəbinin təlimindən yararlanmış, lakin onların bazışlarını öz
ruhuna uyğun yozmuşdur;
5. Bu firqə başqa təsəvvüf qolları kimi həm rəsmi dini qu-
rumlarla müхalifətdə olmuş, həm də öz siyasi-ictimai mövqеyi
ilə еtiraza səbəb olmuşdur. Monqol və tеymurilər dövrü хarici
istilaya qarşı müqavimət gücü kimi çıхış еtmişdir.
6. Hürufiliyə və o cümlədən Nəsimiyə vurulan ittihamla-
rın kökündə həm dini iхtilaf, həm də idеoloji rəqabət və müхa-
lifətçilik dayanır;
7. Ədəbiyyatda işlənən zahiri insan təsviri ilə bağlı
rəmzləri birbaşa hürufiliklə əlaqələndirmək düzgün dеyil. Bun-
ların çoхu irfanla bağlı ümumi bədii təхəyyül lövhələridir.
Hətta Nəsiminin şеirlərində birbaşa hürufilikdən doğmayan
ümumi bədii tablolar yеtərincədir.
179
Əslində hürufilik də, nöqtəvilik də,
bəhailik də guya İslama söykənirdilər
Hamlet İSAXANLI:
–Çox sağ olun, Nəsib müəllim!
Mövzu çox genişdir, ona aid bütün sahələri məruzədə
əhatə etmək çətindir. Amma müzakirə məhz deyilməmiş və ya
mübahisəli tərəfləri ortaya çıxarmaq üçündür. Mən hürufilik və
onun banisi haqqında bir neçə kəlmə demək istəyirəm.
Sovet dövründə orta əsrlərdəki hər hansı siyasi və ya
ədəbi cərəyanlardan danışanda, adətən onu ya bir xalq hərəkatı
ilə əlaqələndirir, yaxud da xarici istilaçılara qarşı etiraz kimi
təqdim edirdilər. Amma məlumdur ki, Fəzlullah (elmdə onu
daha çox Astrabadi, Azərbaycanda isə Nəimi ləqəbi ilə tanıyır-
lar) qeyri-adi dərəcədə iddialı adam olub. Əslində, o, peyğəm-
bərlik yox, az qala Allahlıq və ya ən azı Allaha peyğəmbərdən
daha yaxın olan fövqəladə şəxs hesab edilmək iddiasında olub.
“Cavidannamə”də deyir ki, “Məhəmməd peyğəmbər sonuncu
peyğəmbərdir, peyğəmbərlərin möhürüdür. Amma mən pey-
ğəmbər deyiləm”. Qədim dinlərdə və mifologiyalarda Allah (və
ya allahlar) insan və müxtəlif heyvanlar və s. cildində zühur edə
bilər (buna “hülul” deyilir). İslam bu fikri qəbul eləmir. Fəzlul-
lah isə deyirdi ki, mən o insanam ki, məndə Allah görünür.
“Peyğəmbərlər öyrənib anlayıb iman sahibi oldular, mən isə
daxildən qopan kəşf ilə əyan oldum, seçildim”. Yəni o, özünü
peyğəmbərlikdən yuxarı sayırdı.
Məlumdur ki, Fəzlullah başlanğıcda Xarəzmdə yaşayıb,
sonra İsfahana gəlib və 40 yaşında Təbrizdə olanda elan edib
ki, “mənə vəhy gəldi ki, hərflərdə gizli və dərin mənalar var”.
Sonra o, bu mənaları açmağa girişərək yeni dini hərəkatın bina-
sını qoydu, hürufiliyi təbliğə başladı. Buna qədər isə onun ən
əsas işi yuxu yozmaq olub. Deyirdi ki, yuxuda mənə ilahi qüv-
və verilir, açılmamış sirlər açılır. O, yuxularından birini danışa-
180
raq deyir: “Gördüm ki, göydəki ən parlaq ulduzdan bir şüa gə-
lib mənim sağ gözümə düşdü və mənim gözüm həmin şüa ilə o
ulduzu sordu. Mən ilahi gücü götürdüm və mənə dedilər ki, sən
artıq quş dilini də bilirsən, elan eləməlisən ki, yeni dövr, yəni
İslamın yeniləşməsi dövrü səninlə başlanır”. Fəzlullahın çox-
saylı ardıcılları, müridləri əmələ gəldi.
Hürufilik də, ondan sonra gələn nöqtəvilik də, bəhailik də
başlanğıcda guya İslama söykənirdilər. Əslində isə onlar orto-
doksal İslamdan, Qurandan xeyli kənara çıxırdılar. Buna görə də,
təqib olunurdular. Məncə, hürufilikdə, xalq hərəkatı olmaqdan
çox, iddia, güc yığmaq, hakimiyyət uğrunda mübarizə, siyasət
var idi. Bu, demək olar ki, bütün dini-mistik cərəyanlara xasdır.
Qeyd etdiyimiz kimi, Pifaqorun özü də böyük siyasətlə
məşğul olub. O, İtaliyanın cənubunda müridlərini yığaraq o qə-
dər gücləndi ki, bu bölgə onun təsiri altına keçdi. Artıq camaat
yerli hakimiyyətə yox, Pifaqora tabe olurdu. Ona görə də onu
ordu vasitəsilə qovdular və o, şimala getdi.
İkincisi, onu demək istəyirəm ki, hürufilərin ilkin mənbə-
si, bildiyimiz kimi, “Cavidannamə”dir. Tədqiqatçılar Fəzlulla-
hın 4 əsəri olduğunu göstərirlər: “Cavidannamə”, “Məhəbbət-
namə”, “Ərşnamə” və “Vəsiyyətnamə.” (Mütəxəssislərin fikrin-
cə, o, sonuncunu 1394-cü ildə – öldürüldükdən əvvəl həbsxa-
nada yazıb).
Fəzlullah özü tərəfindən sistemli nəzəriyyə qurulmayıb,
onunku (“Cavidannamə”) daha çox hərf, söz oyunudur. Hürufi-
lik nəzəriyyəsini quran isə Fəzlullahın birinci xəlifəsi sayılan
Əli əl-Əla olub.
Fəzlullahın özü çox səyahət etməyib, Xarəzm və İranda,
ömrünün sonunda isə Şirvanda yaşayıb. Tədqiqatların çoxu
göstərir ki, Miranşah Teymurləngin tapşırığı ilə Fəzlullahı həbs
və sonunda edam etdirib. Fəzlullahın Miranşaha nifrət edən
ardıcılları Miranşah sözünün əvəzinə “Maranşah” (İlanların
şahı) deyiblər.
181
Deyilənə görə, Fəzlullah Teymurləngə məktub göndərib
ki, sən gəl hürufiliyi qəbul elə. Toxtamışın qızına isə elçi gön-
dərib ki, əgər qızını mənə versən, sən də şöhrətlənərsən, mən
də. Fəzlullahdan sonra Əli əl-Əla Qaraqoyunlulara yaxınlaşıb.
Qara Yusifin (o, Miranşahı məğlub etmişdi) yanına gedib ki,
bizim gözəl hərəkatımızı – hürufiliyi öz himayənə götür. Sonra
isə Osmanlıya gedib. Bu dövrdə Bektaşilər içində hürufilik
ideyaları yayılıb. Sonradan hürufilərin ən azı bir qismi bektaşi-
lərə qarışıb. 1419-cu ildə Əli əl-Əla da öldürüldü. Məlumdur ki,
Mehmet Fateh hürufiliyə meyl göstərib. Amma onun sarayında
olanlar hürufiliyi yaxşı başa düşəndən sonra ora gələn hürufilə-
rin hamısını asdırıblar.
Əli əl-Əlanın da 6 əsərini qeyd edirlər. Bunlardan ikisi
nəsrlə yazılıb və hürufiliyin əsasları haqqındadır, dördü isə
poetik əsərdir.
Burada hürufiliyin təsirlərindən də söhbət açıldı. Nəsib
müəllim çox yaxşı qeyd elədi ki, onlar bektaşiliyə yaxınlaşıblar,
müəyyən dərəcədə Bektaşilərə öz ideyalarını veriblər. Mən is-
tərdim ki, nöqtəviliyi də yada salaq. Hürufiliyin içindən çıxan
(Fəzlullahın tələbəsi Gilanlı Mahmud tərəfindən əsası qoylan)
nöqtəvilik hürufiliyin özündən daha geniş yayıldı. Nöqtəviliyin
tərəfdarları Hindistanda böyük Əkbərin sarayına gediblər, onun
“ilahi dini”ni yaratmağa kömək ediblər. Şah Abbas Qəzvində
nöqtəviləri həbs və qətl etdirdi. M.F.Axundzadənin “Aldanmış
Kəvakib” əsərinin süjeti gerçək tarixi hadisələrdən götürülüb.
Saray münəccimi Cəlaləddin Yəzdi “Şah 25-28 iyul 1594-cü
ildə öldürüləcək” deyə fikir söyləyib. Buna əlac olaraq həbsdə
olan nöqtəvi dərviş Yusifi Tərkiş-duz taxta çıxarılmış, təhlükəli
günlər sovuşandan sonra kef çəkdiyi saraydan birbaşa edama
aparılmışdır. Sonrakı dövrdə hürufilik özünü haralarda və nə-
lərdə göstərdi? – bu barədə də müzakirə açsaq çox yaxşı olardı.
Dostları ilə paylaş: |