91
dədənin öyüdü» hekayəsini (247; təkrar nəşri: 248, 5-13)
və 1969-1972-ci illər arasında yazılmış «Şəhriyar» poves-
tini (249, 60-102) əhatə edir.
Yazıçının yaradıcılığında,
göründüyü kimi, keçən
əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəlində özünü
göstərən «Dədə Qorqud» motivlərindən məhz «mənəvi
istiqamətdə» istifadə olunması haqqında ədəbiyyatşünas
alim N.Ələkbərli yazır ki, müasir Azərbaycan nəsrində
«Kitabi-Dədə Qorqud» mövzusunda məhsuldar işləyən
nasirlərdən biri də Əhmədağa Muğanlıdır. Onun «Məclisə
Dədə Qorqud gəldi», «Qorqud Dədənin öyüdü» əfsanə-
hekayələrində «Kitabi-Dədə Qorqud» mənəvi ənənələrin-
dən (kursiv bizimdir - Y.İ.) bəhrələnən müəllif doğma
yurda bağlılıq, sevgiyə, dostluğa sədaqət və s. kimi əxlaqi
sifətləri (kursiv bizimdir - Y.İ.) ön plana çəkir. «Şəhriyar
əfsanəsi» povestində hadisələrin baş verdiyi məkan Muğan
olsa da, personaclar «Kitabi-Dədə Qorqud»dan tanıdığı-
mız obrazlardır. Ə.Muğanlının hələ çap olunmamış «İtiril-
miş dastanlar» roman-dastanında
hekayələr və povestdə
olduğu kimi xalqın qədim mənəviyyatını və əxlaqını, eləcə
də onun birliyini qorumaq ideyası durur. Əsərdə oğuzlar -
müsəlman, albanlar - xaçpərəst, suvarlar - atəşpərəst kimi
təsvir edilsələr də, dar ayaqda bir-birlərinin köməyinə
çatırlar. Romanda Bayındır xan - Oğuz xan kimi, Dədə
Qorqud bütün türklərin müqəddəs övliyası kimi təsvir olu-
nur. Yazıçı bu mövzuda ikiseriyalı bədii filmin ssenarisini
də yazmışdır (118, 15-16).
Ə.Muğanlının «Dədə Qorqud» motivləri mövzusun-
dakı yaradıcılığında tədqiqatçı Ş.Məmmədovun
diqqətini
müəllifin daha çox eposun dilinin obrazlar aləminə dərin-
dən nüfuz etməsi cəlb etmişdir. Alim göstərir ki, Ə.Mu-
ğanlı «Dədə Qorqud» boylarına, boylardakı obrazlı ifadə-
lərə eposun poetik sintaksisinə daha çox üz tutanlardandır.
Bu istifadə bir neçə baxımdan fərqlidir. Belə ki, müəllif
92
«Şəhriyar əfsanəsi» povestində Qədirlə Gözəlin toyuna
Dədə Qorqudu gətirir, onun oğuznamə qoşduğunu bədii
detal kimi əsərə daxil edir. Üstəlik povestin dilini təşkil
edən bir sıra ideomatik ifadələr, söz birləşmələri işlədir:
«Qılıncıma doğranayım! Öz oxuma sancılayım!», «Çal qı-
lıncın,... yetdik!», «yarımasın, yarçımasın...» və s. «Şəhri-
yar əfsanəsi» povestinin qəhrəmanları da - qızla oğlan ox
atır,
qurşaq tutur, at çapırlar; onlar da ox atır və ox düşən
yerdə gərdək qurur, dost gəlməsə, darda olan dost azadlığa
çıxmasa, gərdəyə girmirlər; Muğan elinin igidləri Dədə
Qorqud nəsihəti ilə basdıqlarını kəsmir, saza, sözə hörmət
qoyur, el ağsaqqalının sözünə əməl edirlər. Şəhriyar mələ-
yi Gözəl silahdaşları olan qızlara Qorqud qəhrəmanı kimi
müraciət edir: «Hey mənim qız qardaşlarım...» Bağır bas-
maq, baş əyib salam vermək, döyüş günü bir-birinə arxa
olmaq... kimi mənəvi-fiziki
mədəniyyət xüsusiyyətləri
həm «Dədə Qorqud», Həm də «Şəhriyar əfsanəsi» qəhrə-
manlarının xüsusiyyətləridir (241, 54).
Öncə qeyd edək ki, Ə.Muğanlının bu üç əsərini (iki
hekayə və bir povest) biri-biri ilə birləşdirən, onların «va-
hid» əsərin tərkib hissələri kimi qovuşduran bir forma-janr
xüsusiyyəti var. Yazıçı həm hekayələrini, həm də povesti
janr, forma, həcm keyfiyyətlərindən asılı olmayaraq bir
«əfsanə» kimi düşünmüşdür. Bu, diqqət cəlb edən mühüm
məsələdir. Ə.Muğanlı öz hekayələrini janr baxımından
«hekayə-əfsanə» hesab etmiş, povestini isə məzmun baxı-
mından «əfsanə» sözü ilə adlandırmışdır: «Şəhriyar əfsa-
nəsi». Bunun ciddi səbəbləri var. Fikrimizcə,
bu məsələ
yazıçının «Kitabi-Dədə Qorqud» motivlərinə müraciətdə
tapdığı bədii üsul, tarixlə («Dədə Qorqud» eposu) müasir-
liyi birləşdirməyin ədəbi-bədii üslubudur. Keçmiş, bu gün
və gələcəyin biri-birinə qovuşması rasional zaman anlayı-
şının mifik-irrasional zamanla əvəz olunması əfsanə janrı
üçün səciyyəvidir. Bu janrdan bəhs edən görkəmli
93
Azərbaycan alimlərinin çoxsaylı əsərlərində əfsanələrin
zamanları və məkanları, tarixi və müasirliyi mif, fantastika
aspektində birləşdirdiyini, yəni «möcüzəyə inam», «dünə-
ni və bugünü birləşdirmək», «əski inanclarla səsləşmək»,
«gerçəklik haqqında fantastik təsəvvürləri özündə əks
etdirmək», «bədii keyfiyyətə malik olmaq», «gerçəkliklə
fantaziyanı biri-birinə qovuşdurmaq», «dünyanı izah et-
mək», «tarixi həqiqəti müxtəlif şəkillərdə əks etdirmək»,
«gerçəkliyin hiperbolizmi (bədii şişirdilməsi)», «ekzote-
riklik - batini bilgilərlə bağlılıq», «gerçəkliyi
məkan-za-
manın təkrarlanmasında təqdim etmək», «gerçəkliyin
mənşəyini izaha iddia etmək» «dünyanı çevrilmələr kimi
təcəssüm etdirmək» və s. kimi keyfiyyətləri daşıdığını bu
janrın əsas xüsusiyyəti kimi göstərmişlər (1, 3; 259, 282;
305, 216; 306, 50; 275, 45; 279, 7; 281, 65; 282, 11; 350,
271; 109, 129; 356, 128; 322, 19-20; 133, 60; 134, 245;
135, 69; 148, 33; 211, 338 və s.). Ə.Muğanlı da həm
forma, həm də məzmun baxımından əfsanələrin janr poeti-
kasının sonsuz məkan-zaman hüdudlarından istifadə et-
məklə müasir düşüncəmizin dərinliklərində yaşayan «Də-
də Qorqud» arxetiplərini canlı mənəviyyat və ədəbiyyat
hadisəsinə çevirə bilmişdir.
Yazıçının «Dədə Qorqud» motivləri ilə bağlı əsər-
lərini nəzərdən keçirərkən bir cəhəti də müşahidə etmək
olur. Bu, da ondan ibarətdir ki, istər hekayələr, istərsə də
povest - üçü də sanki bir əsərin tərkib hissələridir. Bunu
onunla izah etmək olar ki, «Dədə Qorqud»
motivləri keçən
əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəlində Ə.Mu-
ğanlının düşüncəsini dərindən məşğul etmiş, bu motivlər
əvvəlcə hekayə-əfsanələr, daha sonra povest-əfsanə şəklin-
də öz bədii təcəssümünü tapmışdır. Bu cəhətdən, yazıçının
«Dədə Qorqud» motivləri əsasında yaradıcılığının əsas
keyfiyyətlərini özündə «Şəhriyar əfsanəsi» povesti bir-
ləşdirir.
94
«Şəhriyar əfsanəsi»ndən bəhs edən müəlliflər onu
«Dədə Qorqud» motivlərini əks etdirən əsər kimi səciyyə-
ləndirirlər. Lakin məsələnin bu cür qoyuluşu «Kitabi-Dədə
Qorqud» eposunun müasir Azərbaycan ədəbiyyatına
təsiri-
ni öyrənmək baxımından özünü doğruldur. Əslində isə bu
povest özündə iki ənənəni - «Kitabi-Dədə Qorqud» və
Avesta-Zərdüştilik ənənələrini əks etdirir. Bu, təhlil nəti-
cəsində üzə çıxan müşahidə deyil. Yazıçı əsərin məzmu-
nunu Azərbaycan xalqının qədim fəlsəfi-mifoloji, epik-
fəlsəfi görüşlərindən «yoğurmuşdur». Bu cəhət əsərin hər
bir səhifəsində, mətnin bütün poetik səviyyə və element-
lərində özünü açıq-aşkar göstərən məna xüsusiyyətidir.
Ə.Muğanlının povesti bu poetik-üslubi xüsusiyyətlə-
rinə görə daha çox görkəmli yazıçı Y.V.Çəmənzəminlinin
1934-cü ildə yazdığı «Qızlar bulağı» romanı ilə səsləşir.
Həmin roman Avesta-Zərdüştilik görüşlərinin motivləri
əsasında yazılmışdır. Ə.Muğanlının «Şəhriyar əfsanəsi»
povestində «Qızlar bulağı» romanının
üslubi-poetik təsiri
bir çox məqamlarda aydın müşahidə olunur.
«Dədə Qorqud» motivlərindən «mənəvi istiqamətdə»
istifadə «Şəhriyar əfsanəsi» povestini M.Rzaquluzadənin
povestləri ilə birləşdirən əsas keyfiyət olsa da, bir poetik-
üslubi fərq diqqəti ayrıca cəlb edir. M.Rzaquluzadənin po-
vestlərində dastanın əsasən iki boyunun («Bamsı Beyrək»
və «Buğac» boyları) süjet xətti əsas götürülmüşdür. Ə.Mu-
ğanlının povestində isə bu halı müşahidə etmirik. O, əsər-
də «Kitabi-Dədə Qorqud» eposu və Avesta-Zərdüştilik gö-
rüşlərinin ruhunu «mənəvi istiqamətdə» romantik-bədii
yolla qovuşdurmuşdur.
Ə.Muğanlının povestində tarixin romantik təqdimatı
müasir dövrün gerçəkliyi ilə maraqlı şəkildə birləşdirilir.
Belə ki, yazıçı povest-əfsanənin məzmununu Muğanda
(Biləsuvar rayonunda) hazırda mövcud olan qədim qala
yeri Şəhriyarla əlaqələndirir. Əsər bu «tarixi» detalla