94
Şəfəqlər yaya-yaya,
Əl tut qoca dünyaya.
Qonşudan gələn paya
Umud olma, ey Vətən.
Qoşulub hər axına,
Yadı qoyma yaxına.
Yağının silahına
Barıt olma, ey Vətən.
Ər olaq, igid olaq,
Bir olaq, vahid olaq.
Hamımız şəhid olaq,
Təki sən şəhid olma,
Şəhid olma, ey Vətən!
2010-2015
Vyazma, Sumqayıt
97
EHTİYAC
(“Toyda tamadayam”) silsiləsindən
Var-dövlət insanı ərşə qaldırar,
Səxavət şöhrəti başda tac eylər.
İnsanı zirvədən nəfsi saldırar,
Adama neyləsə ehtiyac eylər.
Bu el yollarımda məşəl yandırar,
Ən yaxın bildiyim yaxına gəlməz.
İndi hamımızı el dolandırar,
Eli dolandırmaq ağıla gəlməz.
Qayğılar qurd kimi ömrümü yeyər,
Sozalar qəlbimdə titrəyən o şam.
Hər səhər qapımı ehtiyac döyər,
Ehtiyac evimdə yatar hər axşam.
Sızlayar ürəyim hey korun-korun,
Elin sevincindən dərdi bol imiş.
Mən hardan biləydim-tutduğum yolun
Sonu sonsuzluğa gedən yol imiş.
Gərək qayalardan yol açam indi,
Dərdimi dərd bilən anam, bacım yox...
Bir yurd havasına möhtacam indi,
Təkcə ehtiyaca ehtiyacım yox...
Ən ağır dərdi də elnən təklərəm,
Mən eli hər şeydən üstün görmüşəm.
Hələ qarşıdadır görəcəklərim,
Hələ bu dünyada nə gün görmüşəm.
98
Hələ nəvələrin boyu qabaqda,
Tər-təzə güllərim gülçü gözləyir.
Hələ dörd oğlumun toyu qabaqda,
Hələ dörd gəlinim elçi gözləyir..
Mən gərək elimə xəbər yollayam,
Müqəddəs olanı atana lənət.
Bu yurdu, torpağı satana lənət!
Toyda tamadayam, vayda mollayam,
Ay məni qınayan, atana lənət!..
***
1997
99
SINDIRIR
Zəmanə çarmıxa çəkir insanı,
Yoxdursa əlində maya, sındırır.
Dolu ciblərimin boş vədəsində,
Dost da dəvət edir toya, sındırır.
Oturub baxıram gözü tox kimi,
Qəlbi ölü kimi, ruhu yox kimi.
Bir qız gah oynayır, süzür ox kimi,
Gah dönür dartılmış yaya, sındırır.
Çıxmışam zamandan, vaxtdan-ölmüşəm,
Yıxılıb bir yaşıl taxtdan, ölmüşəm.
Mən ölmüş onsuz da çoxdan ölmüşəm,
Bu qız heç salmır da saya, sındırır.
Şahmatım içimdə, nərdim içimdə,
Min bir oyun gedir gördüm içimdə.
Bir saray ucaldır dərdim içimdə,
Ehtiyac belimdə paya sındırır.
Nə çoxdur dünyada baş sındıranlar,
Olmaya adamı kaş sındıranlar.
Dünən öz başında daş sındıranlar
Bu gün başımızda qaya sındırır.
***
1997
100
ƏL ÇALIN
Yurdumuzun qız-gəlini,
Xınalasın öz əlini.
Gözəllərin gözəlini
Seçən oğlana əl çalın.
Tarçı dindirsin tarını,
Yar olan atmaz yarını.
Subaylığın hasarını
Keçən oğlana əl çalın.
Sevgisi gül butasımı,
Qəlbi sevgi adasımı.
Qaldırıb eşq badəsini,
İçən oğlana əl çalın.
Girib yarının qoluna,
Gül-çiçək səpin yoluna.
Bu ağ duvaqlı gəlinə,
Bu bəy oğlana əl çalın.
Bu canım-gözüm oğlana,
Bu boyu uzun oğlana,
Bu enli kürək oğlana,
Cavanşir, Babək oğlana,
Bu gələn Beyrək oğlana,
Bu bəy oğlana əl çalın!
***
1994
101
OYNAYIRIQ
Papaq gedib, oynayırıq.
Torpaq gedib, oynayırıq.
Bir də baxıb görürük ki,
Geydiyimiz protezdir,
Ayaq gedib, oynayırıq...
***
1993
AY BACI
(İstəkli oğlu Hafizin faciəli ölümündən sonra
bacım Gülaya oğlu Mahirin toyunda süst qalmışdı,
gözlərinin yaşını saxlaya bilmirdi)
Üzün gülsün, sınıq könlün şad olsun,
Qönçələnən gülün gəlir, ay bacı.
Ev-eşiyə əlin yatmır nə vaxtdır,
Ev qurmağa əlin gəlir, ay bacı.
Bu dünyanı tutub durmaq nağıldı,
Güvəndiyim dağlar uçub dağıldı.
Unut getsin-bayatıdı, ağıdı,
Laylay deyən dilin gəlir, ay bacı.
Gözlərinə tor gəlməsin qəhərdən,
Günbatandan günçıxana bax hərdən.
Görürsənmi neçə kənddən, şəhərdən,
Dağdan ağır elin gəlir, ay bacı.
Dostları ilə paylaş: |