127
ÜRƏK ŞAİRİ
“Sən gərək qalaydın mən görən kimi”-
Ürəyi nisgillə dinir şairin.
Gülər gözlərində qəm görən kimi
Hər anı zülmətə dönür şairin.
Yazdığı sözləri barı tap, hərdən
Dərdli gözlərinə dərdi təp hərdən.
Ürəyi gör necə düşür təpərdən,
Gözləri gör necə sönür şairin.
Ağlayar ürəkdən, gülər ürəkdən,
Vəfasız adları silər ürəkdən.
Elə öləndə də ölər ürəkdən
Bu ürək şairi, könül şairi..
***
2010
128
MUZEYDİR MƏNİM ÜRƏYİM
Gün düşər, qarı əriməz-
Quzeydi mənim ürəyim.
Kaş bir az da bu dərdlərə
Dözəydi mənim ürəyim.
Yup-yumşaqdı ipək kimi,
Kövrəkdi kəpənək kimi.
Bir zamanlar çiçək kimi
Təzəydi mənim ürəyim.
Təbdən-təbə düşə-düşə,
Ağlamaqdır indi peşəm.
Dərddən sərgi düzəltmişəm –
Muzeydi mənim ürəyim.
***
129
YAŞ QIRXDAN ADLAYANDA
Yaş ki qırxdan adladı,
Ömür arxdan adladı...
Ömür pillələrindən
Dönüb baxarsan geri,
Saçlarına düşər dən,
Xatırlayarsan hərdən
Şəvə kimi telləri...
Bir tilsimli baxış da
sənə dünya bağışlar,
qəlbini odlayanda.
Yanarsan, yaxılarsan,
Sənə elə gələr ki,
Bərk getsən yıxılarsan,
əyrim-üyrüm yoxuşlar
dizini qatlayanda,
yaş qırxdan adlayanda.
Gecə ərşə çəkilər
Gözlərinin yuxusu,
Ürəyinə tökülər
Xeyirxahlıq duyğusu.
Unudub birdəfəlik
Yorğunluğu, dincliyi,
Görərsən ki, başlayıb
Gəncliyin qocalığı,
Qocalığın gəncliyi.
Qayğılar addım-addım
Gəzər ilikdə, qanda
Yaş qırxdan adlayanda.
130
Alın qırışlarından,
Kağızlara iz düşər.
Hər kəlmənin başında
Uşaqlıqdan söz düşər.
Axtararsan gəncliyi-
Yadına qarlı dağlar,
Tufanlı dəniz düşər.
Gah da ki varlığına
Alov düşər, köz düşər,
Kövrələrsən də hərdən.
Üç-üç, beş-beş qalxdığın
O hündür pillələrdən
Indi bir-bir düşərsən...
Təzədən cavanlaşar,
Təzədən gəncləşərsən,
Bir nazlı, bir ədalı
Gözəl gördüyün anda,
Yaş qırxdan adlayanda.
Bir əlin cavanlıqda,
Bir əlin qocalıqda.
Bir ayağın dünəndə,
Bir ayağın sabahda.
Düşünərsən mənalı
Ömür haqda, gün haqda.
İstəyərsən hər axşam
Neçə-neçə dahini
Oxuyub, salıb yada,
Hər ürəyi duyasan.
Bir nişanə qoyasan
Özün də bu cahanda.
Yaş qırxdan adlayanda..
Yaş qırxdan adlayanda
131
NEÇƏ Kİ GƏNC İDİM
Neçə ki gənc idim elə bilirdim
Fələyin özüynən döyüşə billəm.
Əsən küləklərin, coşan sellərin
Səmtini, yönünü dəyişə billəm..
İndi bir qocayam, torpaq müştəri,
Torpaq hər yetənə kəfənlik olmur.
Qalır bu dünyaya mənim işlərim,
Dünyanın işləri ta mənlik olmur.
***
2015
QORXUSU YOXDUR
Altmışım arxada qalıb haçandır,
Haçandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.
Günlər qanadlanıb uçur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.
Elə ki təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər: Səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.
132
Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözü qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.
Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur...
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.
***
2008
QOCANIN ÖMRÜ
Qarlı çağlarında barlı bağlara
Bürüncək ömrüymüş qocanın ömrü.
Xəyalım hey məni çəkir dağlara,
Ərincək ömrüymüş qocanın ömrü.
O ki kövrəklikdə bir himə bəndmiş,
Bağlı qapıları “Simsim”ə bəndmiş.
Nə sümükdən sümük, nə ətdən ətmiş,
Xəmirçək ömrüymüş qocanın ömrü.
Qəlbi yağmalanmış yurdu kimiymiş,
Qəddi bükcələnmiş dərdi kimiymiş.
Bir az da barama qurdu kimiymiş,
Hörümçək ömrüymüş qocanın ömrü.
133
Yanıb ömür adlı bir bağın üstə,
Əsib hər çiçəyin, yarpağın üstə.
Su deyib inləyən torpağın üstə,
Bir çiçək ömrüymüş qocanın ömrü.
Bu necə yaşayış, bu necə gündür –
Ovcu cadar-cadar, düyün-düyündür.
Keçmişi keçmişdir, indisi indi,
Gələcək ömrüymüş qocanın ömrü.
Qızarmış gözləri – qanın şəklimi,
Hər günün, saatın, anın şəklimi?
Zaman bir rəssamdır: “Mənim şəkilimi
Gəlim, çək” ömrüymüş qocanın ömrü.
***
18.08 2015
Dostları ilə paylaş: |