28
II
Oğlan qızın, qız oğlanın qisməti,
Gör nə gözəl pay böyüdür analar.
Özü bir gün görməsə də dünyada,
Gün böyüdür, ay böyüdür analar.
Elimizin ən şərəfli qadını,
Hər nemətdən uca tutar adını.
Söndürməkçün həsrətinin odunu,
Gözlərində çay böyüdür analar.
Dözüb durur intizarın içində,
Yuva qurur ahu-zarın içində.
Düşən qışın, yağan qarın içində
Yaz böyüdür, yay böyüdür analar.
Comərd olur comərdlərin önündə,
Saç yolmayır o dərdlərin önündə.
Alçalmayır namərdlərin önündə,
Qız böyüdür, toy böyüdür analar.
***
29
ANAMA MƏKTUB
Az-az görüşürük, ay ana, az-az,
Analar bu sirri bilməmiş olmaz-
Çoxları can atır şöhrətə, ada,
Şöhrət hər yetənin nəsibi olmur.
Təpədən dırnağa soyulmaqla da
Hamı şair olmur, Nəsimi olmur.
Canımda Füzuli yanğıları var,
Verə bilməmişəm imtahanımı.
Oxuya-oxuya qərib durnalar
Apardı qürbətə yarı canımı.
Bir yanıq bayatı qaldırıb yerdən,
Atar Kürə məni, Araza məni.
Yay kimi dartılıb cığırlar hərdən
Ox kimi tullayar harasa məni.
Durub seyr edərəm ağ buludları,
Nəsə pıçıldayar yağışlar mənə.
Bir xəzan əlimdən alar baharı,
Bir çiçək qaytarıb bağışlar mənə..
Az-az görüşürük, ay ana, az-az,
Analar bu sirri bilməmiş olmaz-
Uçub qanadında fikrin-xəyalın,
Təzə məna tapmaq, təzə söz demək,
Qırıb inadını bir dağ çayının,
Hər dəfə tərsinə üzmək kimiymiş.
Vallah şair olmaq,
Ayağı yalın
Süngülər ucunda gəzmək kimiymiş.
30
DÜNYA BELƏ QALMAZ
Niyə qara gəldi bu yaz,
Belə bayram olmaz, ana.
Sənin göz yaşın qurumaz
Mənim üzüm gülməz, ana.
Kim yandırdı yurdumuzu!
Bu sorğular yordu bizi.
Dərdli bilər dərdimizi,
Dərdsiz olan bilməz, ana.
Qara yellər əsib nədi,
Qapımızı kəsib nədi,
Bacılarım küsüb nədi,
Niyə bizə gəlməz, ana.
Ürəyim bir himə bənddi,
Özü boyda ahdı, dərddi.
Hara getsək evdir, kənddir,
Kəndimizdən olmaz, ana.
Tapılmazmı bu dünyada,
Ümid verən bir səs-səda!!
Hər şeyimiz azalsa da,
Dərdimiz azalmaz, ana.
Yanıb bağrım, sınıb qolum,
Açılmazmı bağlı yolum?!
Gəl ağlama qurban olum,
Dünya belə qalmaz, ana!
***
1992-ci il
31
SUMQAYIT
Yolum düşdü, qonaq qaldım ömürlük,
Anam oldu, bacım oldu Sumqayıt.
Mahnı kimi, nəğmə kimi, söz kimi
Ürəyimə axıb doldu Sumqayıt.
Dindi evlər kamanıyla, tarıyla,
Güldü şəhər əlvan naxışlarıyla.
Bir gözəlin odlu baxışlarıyla
Məni məndən yaman aldı Sumqayıt.
İlhamdırmı Xəzərini qaynadır,
Küləkdirmi ləpələri oynadır,
Küçələri elə bildim aynadır,
Nə tez belə yaşa doldu Sumqayıt.
Qurban olum torpağına, daşına,
Payızına, baharına, qışına.
Həkk olundu ürəyimin başına,
Həmişəlik orda qaldı Sumqayıt.
***
1963
32
BÖLGƏ ŞAİRİNDƏN ÖLKƏ ŞAİRİNƏ ƏRZİ -HAL
Salam xalq şairi, ölkə şairi,
Sənə güvənirəm, hayıma hay ver.
Gör necə yaşayır, bölgə şairi,
O görüm-baxımdan bizə də pay ver.
“Yox” deyib sındırma qol-qanadımı,
Axı kövrək olur söz adamları.
Məni on nəvəmin, beş övladımın
Yanında xəcalət eyləmə barı.
Bəsdir bölgələrdə yatıb qaldığım,
Bölgədə əllərim bir yana çatmır.
Dövlətdən aldığım, işdən aldığım
İynəyə çatanda, dərmana çatmır.
Nə əlim bekardır, nə işim işdir,
Aldığım məvacib qəpik-quruşdur.
Gedirəm, deyirlər: bu nə gedişdir,
Dururam, deyirlər: bu nə duruşdur.
Xərclərim, borclarım, çıxıbdır başa,
Toyları, vayları demirəm hələ.
Uşağa, böyüyə, dosta, sirdaşa
Tutulan payları demirəm hələ.
Kommunal xərclər də yaddan çıxıbdır,
Üst-üstə yığılıb, tığlanıb daha.
Ehtiyac ömrümü elə sıxıb ki,
Bəsirət gözlərim bağlanıb daha.
33
Şair ki şairlə verir əl -ələ,
Ulu tanrıya da bəlkə xoş gedir.
Bilirəm: dünyası olanlar belə
Dünyadan gedəndə əliboş gedir.
Kirayə ummuram gördüklərimdən,
Sadəcə olaraq səsimə hay ver.
Cənab Prezidentin verdiklərindən
Məsləhət olarsa, bizə də pay ver.
***
Yanvar, 2015
İNSAN İNSAN OLUNCA
Hər gün bu yer üzünə nə qədər insan gəlir,
İnsan olmaq özü də kiməsə asan gəlir.
Ancaq çoxu anlamır,
Çoxu başa düşmür ki,
İnsan insan olunca
Gözlərinə qan gəlir.
***
2007
HÜZN GÜNÜ
Millətin hüzn günü
Ömürdən uzun günü.
Azadlığın səssiz himni,
Qeyrətin həzin günü
***
2011
Dostları ilə paylaş: |