23
Əriyib sözə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.
***
2011
GÖRÜNMƏZ ULDUZ
Sənət kainatdır, sənət cahandır,
İstərəm mən onu anlayam, duyam.
Sənət dedikləri-bir asimandır,
Mən onun görünməz bir ulduzuyam.
Görünməz bir ulduz-
Görün nəyəm mən,
Min belə ulduzdan çıraq yaxşıdır.
Dadıma çatmayan çaydan, dənizdən
Dadıma yetişən bulaq yaxşıdır.
Bu ana torpaq da bilmir adımı,
Bəlkə heç yarpaq da bilmir adımı.
Kəndimin qızları tanımır məni,
Dilimin əzbəri tanımır məni.
Dəftərə min dəfə axsa da tərim,
Yaxşı tanımayır müəllimlərim...
Bəli, günahkaram, günahkaram mən,
Məgər yaşayıram məgər varam mən?!
Çayıma, gölümə tanınmamışam,
Düzümə, çölümə tanınmamışam.
Mən yaşda insan var, dünya tanıyır,
Mən heç sevgilimə tanınmamışam...
24
İldırım sürəti gərəkdir mənə,
Dərələrdən keçəm, dağlardan aşam.
Koroğlu cürəti gərəkdir mənə,
Tanınmış ölkəmdə tanınmamışam.
***
1964
KEÇƏR
Axıdıb alnından inci tər insan,
Yer ilə, göy ilə döyüşər insan.
Zamanı hər cürə dəyişər insan,
Yaxşını qoruyar, yamandan keçər.
Sözlərin çırağı, nuru- həqiqət,
Büllur göz yaşından duru-həqiqət.
Bir acı həqiqət, quru həqiqət
Min bərli-bəzəkli yalandan keçər.
Ucalmaq istədi qarğa inadı,
Çopur qayalarda köksü qanadı.
Bir qoca qartalın zəif qanadı
Dağ üçün min qatı dumandan keçər.
Bir ad-dilimizin ən xoş kəlməsi.
Bir səs-dünyamızın ən gözəl səsi.
Bir qərib gecədə yarın gəlməsi
Min bəlkədən keçər, gümandan keçər.
***
25
KƏNDƏ YOLUM DÜŞƏNDƏ
(Oğlu Nemət Veysəllinin toy tədarükünü tutmaq üçün
avtobusla Füzuli şəhərinə yola düşən bibim Nənəxanum
alışan avtobusun içində yanıb kül olmuşdur.)
Kəndə yolum düşəndə gözlərində gizli qəm,
Məni sorğuya tutar bir ana məhəbbəti:
“Ay Əşrəf, sən allah, tez-tez yuxu görürəm,
Nemətdən nə xəbər var?
Görürsənmi Neməti?...”
Kənd yeridir.... Evimiz ürəyimə yatmayır,
Dostlarının yanında sınmasın balam gərək.
Nə lazımsa almışam, təkcə üzük çatmayır,
Lap ömür bahasına olsa da alam gərək..
Dörd oğlunun gözündə dörd ildir ki, bitib qəm,
Dörd ildir ki, doyunca onlar yuxu da yatmır.
Dünən Neməti gördüm, dedi:
“Kənddən gəlmişəm,
Sanki anamdan sonra kəndin havası çatmır.
Onsuz evimizin də solub bəti-bənizi..”
Elə bil ki, quş idi, uçub getdi elindən.
Üç məclis var qabaqda, üç gözəl toy məclisi,
Hər dəfə bu toylarda xanəndənin dilindən
Özünü oda atar
“Bizə xələt gətirsin bəyimizin anası”
Hər dəfə bir xəbərsiz danışar xısın-xısın:
“Bəlkə xahiş eyləyək bəy anası oynasın.”
Bir sızıltı gizlincə yandırar dağı-daşı,
Toybaşı əlyandımda gəzər böyük qardaşı...
Daş dodaqlı bir sükut məclis boyu uzanar,
Eh, onun məşəqqəti hamımıza tanışdır-
Övladının yolunda bütün analar yanar,
Ancaq heç kəs onuntək
Yanıb kül olmamışdı.
26
AXIRDA
Anam vardı-yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi başıma,
Növbaharım qışa döndü axırda.
Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar.
Yanağında cığır salan, iz açan
Barmaqları xışa döndü axırda.
Mələklərtək səmalardan endi o,
Başımızda üzərliktək yandı o,
Hara getdim, yolum üstə qondu o,
Ağ xalatlı quşa döndü axırda.
Nəvələri gözü kimi sevərdi,
Gec görəndə ürəyini yeyərdi.
“Allah, məni daşa döndər”-deyərdi,
Mənim anam daşa döndü axırda.
***
2015
27
ANALAR
Beşiklər başında laylalar deyər,
Sevincdən don biçib geyər analar.
Körpələr nə zaman böyüyər deyə,
Günləri, ayları sayar analar.
Öpüb sığallayar gözlərimizi,
Min bir qayğı ilə böyüdər bizi.
Dilimiz söz tutar, sözlərimizi
Ellərdən ellərə yayar, analar.
Yolu duman tutsa, dağı qar alsa,
Aylı gecələri birdən qaralsa,
Başımız üstünü buludlar alsa,
Birinci hiss edər, duyar analar.
Kövrəldər bir kiçik söz ürəyini,
Xəzanlar bürüyər yaz ürəyini.
Çıxarıb köksündən öz ürəyini,
Yaramız üstünə qoyar analar.
O bütün qəlblərin dostu, yaxını,
Bu yerlər, bu göylər ona sığınır.
Oğul günahını, qız günahını,
Gözünün yaşıyla yuyar analar.
Dostları ilə paylaş: |