17
QAYĞI
Arzulara,
diləklərə
qar yağar,
Zülmət çökər yollara,
Günəş
əgər
Öz kəhrəba tellərini
Yamaclara, yallara
qayğı ilə sərməsə.
Bənövşələr
doğulmamış, ölə bilər
qasırğadan, çovğundan,
Yer kürəsi bezib, çıxar oxundan-
Bizdən qayğı görməsə.
Qayğıda sel gücü var,
Qayğıda el gücü var.
Bir damcı qayğı gərək-
gözlərindən
baxımsızlıq tökülən
çiçəklərə, güllərə.
Bir damcı qayğı ilə
Fikir buludlarından
Leysan yağdırmaq olar
Gecə-gündüz su deyib
haray çəkən çöllərə.
Qayğı-Günəş,
qayğı-ürək,
Qayğının özünə də bir azca qayğı gərək...
***
18
BU GÜN
Sözdən söz çıxaran düşmənlərimin
Bir sözü könlümü taladı bu gün.
Yaxşı ki didərgin düşənlərimin
Çoxunun məzarı qaladı bu gün.
Keçdi babaların qanı qanıma-
Özgələr yol saldı öz bostanıma.
Bir porsuq dadandı söz bostanıma,
Çəpərdə bir çaqqal uladı hərdən.
Nə ovlaya bildi, nə keçdi ovdan,
Sözlər balıq kimi çıxdı tilovdan.
Keçdi min atəşdən, oddan-alovdan,
Qəlbimi odlara qaladı hərdən.
Əvvəl eynəyini gözünə taxdı,
Min yol “ölçdü-biçdi”,
“düşündü”, “baxdı”.
Gördü kirpik ilə saldığım bağdı,
Zəhər tuluğuyla suladı hərdən.
Əkdiyim gülləri naqqaşla çəkdi,
Yerində bir topa kəndalaş əkdi.
Ölsəm də başımdan getməyəcəkdi-
Məni bir qudurmuş daladı hərdən.
Sözdən söz çıxaran düşmənlərimin
Bir sözü könlümü taladı bu gün.
Yaxşı ki didərgin düşənlərimin
Çoxunun məzarı qaladı bu gün.
19
VƏTƏN
Qayalara düşməyincə izlərim,
Daşlarında qalmayınca dizlərim,
Vətən! Səndən doymaz mənim gözlərim,
Elə belə ha dolanım, ha baxım.
Otlarında qızıl saçam bəlkə mən,
Güllərində zərrin tacam bəlkə mən,
Yaşıl sözlü bir ağacam bəlkə mən,
Öz əlimdir meyvəm, barım, yarpağım.
Qüdrətindən qüvvət alar hər sözüm,
İşıq olar, ülfət olar hər sözüm.
Vətən bizik, biz Vətənik, a gözüm,
A dünənim, a bu günüm, sabahım!
Çiçək olsam sinəsiyəm bu yurda,
Çisək olsam enəsiyəm bu yurda.
Ölsəm, ölüb dönəsiyəm bu yurda,
Məndən sonra heykəlimdir torpağım.
***
20
ATA
Dilimdə ən şirin, sözüm, söhbətim,
İnancım, güvəncim, pənahım ata.
Tükənmək bilməyən gücüm, qüvvətim,
Səngimək bilməyən ocağım ata.
Saralan qürubam, qaralan qaşam,
Yelkənsiz qayığam, yuvasız quşam.
Tufanlar içində azıb qalmışam,
Zülmət gecələrdə çırağım ata.
Ürəyim çırpınır fırtınalarda,
Sən ey son ümidim, hardasan, harda?
Gəl məni xilas et bu intizardan,
Sökülən dan yerim, sabahım ata.
Könlümün yuvası, yurdu da sənsən,
Mənim güvəndiyim ordu da sənsən.
Həyatın dörd şərti... dördü də sənsən
Odum, suyum, havam, torpağım ata.
Çəmənsən, üstündə şəbnəməm sənin,
Qəlbinə, ruhuna həmdəməm sənin.
Sənsən yaradanım. Bəndənəm sənin,
Allahdan aşağı Allahım, ata!
***
1991
21
ƏLLƏRİM
Qalxdımı, bayraq kimidir,
Havada süzür əllərim.
Vay ona ki əllərini
Əlimdən üzür əllərim.
Gah quş kimi qanad çalır,
Gah enir, gah da alçalır...
Gah su çəkir, gah ot çalır,
Gah da yer qazır əllərim.
Duymur daha, görmür daha,
Heç mənə əl vermir daha.
Ciblərimə girmir daha,
Cibimdən küsüb əllərim.
***
1979
GÜLLƏR AÇILDI
Bağımızın al-əlvan gülləri açılıbdı,
Bağımızın nəğməli dilləri açılıbdı.
***
2009
22
ÖZÜMDƏ BİR ŞAİR ÖLDÜRMÜŞƏM MƏN
Ömrümün yazını soldurmuşam mən,
Könlümün gülləri solmayıb hələ.
Özümdə bir şair öldürmüşəm mən,
O şair anadan olmayıb hələ.
***
2006
ŞAİR
Şair sözdə gəzər
Gözəl baxtını.
Söznən ürəklərdə
Saraylar yapar.
İtirə -itirə qızıl vaxtını
Qızıldan qiymətli
İncilər tapar.
***
2011
SALAM
Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.
Bir nəfəsə min ah çəkən,
Hər sözünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.
Dostları ilə paylaş: |