__________________________________________
157
Yurdəkil Yıqıtgüdən: Sayın cümhur başqanım, bizi qəbul
etdiyiniz üçün minnətdarlığımı söyləyirəm. Yeni iliniz mübarək
olsun, deyirəm. İcazənizlə, sayın cümhur başqanı Süleyman
Dəmirəlin sizə göndərdiyi məktubu təqdim etmək istəyirəm.
Sayın cümhur başqanı Dəmirəl sizin böyük səylərinizlə
gerçəkləşdirdiyimiz bu böyük anlaşmanın hərəkətə gətirilməsi
üçün hansı işlərin görülməsi barədə fikirlərini bəyan edir. Ona
görə də bu məktubu sizə təqdim etməyi tapşırdı.
Biz bu gün sizin nümayəndələrinizlə görüşdük. Qarşıdakı
günlərdə Gürcüstan nümayəndələrini də çağıraraq hamımız bir
araya gəlib məsələləri müzakirə etmək istəyirik. Təbii ki, işi
sürətləndirmək bizim vəzifəmizdir. Sizin səylərinizlə anlaşma
imzalandı deyə rahat otursaq bu bizə yaraşmaz. Bu sazişin
sürətlə gerçəkləşməsi üçün həm Türkiyədə, həm də
Azərbaycanda siyasi iradə olduğunu da bilirik. Ona görə də
bizim vəzifəmiz sizin də göstərişləriniz əsasında bu işi ən qısa
zamanda gerçəkləşdirmək üçün lazımi addımlar atmaqdan ibarət
olacaqdır.
Heydər Əliyev: Şübhəsiz. Mən öz fikrimi dedim. Əziz
dostum, qardaşım cümhur başqanı Süleyman Dəmirəlin
məktubunu da diqqətlə oxuyacağam. Güman edirəm, o da
burada eyni fikirləri yazıbdır. Mən də eyni fikirdəyəm. Amma
unutmaq lazım deyil ki, biz bu anlaşmanı imzalamışıq, lakin bu
anlaşmanın əleyhinə olan dairələrdə, yəni dövlətlərdə hələ indi
də belə fikirlər var ki, bunu həyata keçirmək mümkün
olmayacaqdır. Guya başqa alternativ şeylər təklif edəcəklər.
Belə fikirlər dolaşır, siz onu bilin. Ona görə də biz vaxtı
itirməməliyik. Biz – dövlət başçıları, hökumət başçıları öz
borcumuzu yerinə yetirmişik. İndi iş sizin əlinizdədir - yəni
sizin, bizim, Gürcüstanın.
Bizim bu işlə məşğul olan adamlarımız mənim qəti əmrimi
alıblar ki, bununla ciddi məşğul olsunlar və vaxtı itirməsinlər.
__________________________________________
158
Amma gərək hamı - həm Azərbaycan, həm Gürcüstan, həm də
Türkiyə bu işə eyni sürətlə yanaşsın. Vaxtı itirmək lazım
deyildir. Mənim başqa fikrim ola bilməz. Hesab edirəm ki, biz
artıq əməli işə başlamalıyıq.
Yurdəkil Yıqıtgüdən: Sayın cümhur başqanım, biz buraya
gəlməzdən öncə Gürcüstana səfər etdik. Cənab Şevardnadzeyə
də cümhur başqanımızın məktubunu verdik. Biz az sonra
bununla bağlı aldığımız məlumatı da, icazə versəniz, sizə
bildirmək istəyirik. Bu məsələdə cümhur başkanı Dəmirəlin
fikirləri də eynən sizin fikrinizlə səsləşir. Hörmətli
Şevardnadzenin fikri də bu cürdür. Hesab edirik ki, bu
anlaşmanın əleyhinə olanlar yeni güc toplayıb layihəyə qarşı
bəzi fikirləri yaymağa çalışacaqlar.
Heydər Əliyev: Bəli, bəli. Mətbuatda məqalələr yazırlar,
fikirlər söyləyirlər. Bəziləri elə fikir yaradırlar ki, bu, real deyil,
bu işi görə, yəni boru xəttini tikə bilməyəcəklər. Bəziləri yenə
də deyir ki, kəməri tikə bilməyəcəklər, ona görə ki, o qədər neft
yoxdur. Şübhəsiz ki, bu fikirlər bütün məsələlərə mənfi təsir
edir. Ancaq neft də var, boru xəttini də tikəcəyik. Amma bunu
nə qədər tez başlasaq, bu işin qarşısını almaq istəyənlərin ağzını
o qədər tez yumacağıq. Yummaq lazımdır!
__________________________________________
159
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
On dörd əsrə yaxındır ki, ilahi hikmətlər xəzinəsi Qurani-
Kərimin insanlara nazil edildiyi Ramazan ayında bu əvəzsiz
nemətə görə minnətdarlıq islam aləminin ayrılmaz hissəsi olan
Azərbaycanda da oruc tutmaq, namaz qılmaq, dualar etməklə
bildirilir. Ramazan ayı günlərində müsəlmanlarımız müqəddəs
amallar uğrunda fədakarlıq göstərməyə, öz borc və vəzifələrini
yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirirlər. İslamın bu
mübarək ayı həm də cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi
birliyin möhkəmləndirilməsi işinə xidmət edən gözəl bir
fürsətdir.
Ramazan ayının başa çatması ilə onun sınağından ləyaqətlə
çıxmış hər bir müsəlmanın bu gün bayram etməyə, öz müqəddəs
borcunu yerinə yetirməkdən doğan sevinc və fərəh hisslərini
bildirməyə tam haqqı vardır. Respublikamızın müsəlmanları bu
bayram günlərində Allaha inam, vətənə və xalqa sədaqətlərini
bir daha nümayiş etdirir, cəmiyyətdə mehribanlıq və qardaşlıq
tellərinin möhkəmləndirilməsi üçün daha böyük əzmkarlıq
göstərirlər.
Həyatdan getmiş yaxınların, xalqımızın qəhrəman oğul və
qızlarının - Azsrbaycanın azadlığı, müstəqilliyi və ərazi
bütövlüyünün müdafiəsi uğrunda öz canlarını vermiş şəhidlərin
xatirələrini bu əziz bayram günlərində yad etmək gözəl bir
ənənəyə çevrilmişdir. Öz adlarını xalqımızın qəhrəmanlıq sal-
__________________________________________
160
naməsinə həmişəlik yazmış şəhidlərimizin hamısına rəhmət,
onların ailələrinə və qohum-əqrəbalarına səbr diləyirəm.
Əminəm ki, şəhidlərimizin həyatı bahasına əldə edilmiş
müstəqilliyimiz daha da möhkəmlənəcək və dönməz olacaq,
respublikamız həqiqi demokratik dövlət quruculuğu, sosial-
iqtisadi inkişaf yollarında yeni böyük uğurlar qazanacaq,
xalqımız xoşbəxt, firavan həyata qovuşacaqdır.
İnanıram ki, ölkəmizdə sülhün və əmin-amanlığın tam
bərqərar olacağı, işğal edilmiş torpaqlarımızın azad ediləcəyi,
qaçqın və köçkün düşmüş soydaşlarımızın öz ev-eşiklərinə
qayıdacaqları gün uzaqda deyildir.
Xalqımızın bu amallarının gerçəkləşməsi naminə hamınızı
daha böyuk əzmkarlıq, qətiyyat və həmrəylik nümayiş
etdirməyə çağırıram.
Ulu Tanrıdan sizə möhkəm cansağlığı, xoş bayram əhval-
ruhiyyəsi, doğma Azərbaycanımızın tərəqqisi yolundakı
işlərinizdə böyük uğurlar arzulayıram.
Qoy bu əziz günlərdə etdiyiniz bütün pak niyyətlər
gerçəkləşsin!
Bayramınız mübarək olsun!
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 yanvar 2000-ci il
Dostları ilə paylaş: |